Məhkəmə qərarları › İş №1(006)-91/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-91/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-91/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 09:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Ekol» Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,510 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis idarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə saat 15:15-də ünvan 2 ünvanının qarşısında olan zaman saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,510 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanıldığı vaxtadək təxminən 4-5 il ərzində narkotik vasitə olan heroin istifadə etmiş və istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. O, narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında olan zaman zahirən tanıdığı, ancaq adını bilmədiyi qaraçı şəxs onu görüb yaxınlaşmış və ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, o da həmin şəxsə narkotik vasitə olan heroin istədiyini bildirmişdir. Həmin şəxs heroinin 1 (bir) bükümünü 10 (on) manata satdığını, o isə üzərində 7 (yeddi) manat pulunun olduğunu bildirmişdir. Həmin şəxs ilə 1 (bir) büküm heroinin qiymətini 7 (yeddi) manata razılaşdıqdan sonra narkotik vasitəni alıb oradan uzaqlaşmışdır. Həmin bükümü götürərək yaşadığı ünvan 5 ünvanına qayıtmışdır. O, narkotik vasitənin üzərindən az miqdarda istifadə etdikdən sonra bədənində ağrı hiss edən zaman istifadə etməsi üçün mütəmadi olaraq üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində üzərində narkotik vasitə ilə ünvan 2 ünvanın yaxınlığı ilə hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuşdurlar. Həmin şəxslərə şəxsiyyəti barədə məlumat verən zaman, həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və Nəsimi RPİ-yə dəvət etmişdirlər. Nəsimi RPİ-də axtarış zamanı ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra, o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Prima” markalı siqaret qutusunun içərisində olan 1 (ədəd) siqaret və 1 (ədəd) alışqan və şalvarın sol yan cibindən öz istifadəsi üçün aldığı 1 (bir) ədəd siqaretin kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitəni təqdim etmişdir. Bükümün içərisində nə olduğu ondan soruşulan zaman isə bükümün içərisindəki maddənin narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan, kimdən, nə məqsədlə əldə etdiyini soruşan zaman o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metrostansiyasının yaxınlığında üzdən tanıdığı adını bilmədiyi, kişi cinsindən olar qaraçıdan öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra isə narkotik vasitədən əlavə olaraq təqdim etdiyi şəxsi əşyalar ona geri qaytarılmışdır. O saxlanılan zaman və polis idarəsində olan zaman hər hansısa bir formada fiziki və ya psixi təsirə məruz qalmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 21 sentyabr 2023-cü il tarixdə Nəsimi RPİ-də xidməti vəzifəsini yerinə yetirən zaman “Nurlan” adlı şəxsin narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrup yaradılmışdır. “Təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” 21 sentyabr 2023-cü il tarixli qərar Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin qərarın qanuniliyinin yoxlanılması barədə məhkəmə qərarının olması barədə məlumatı yoxdur. Ümumiyyətlə, qərarın qanuniliyinin yoxlanılması barədə məhkəmə qərarı Nəsimi rayon Polis İdarəsinin dəftərxanasına təqdim edilir. “Nurlan” adlı şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə aparılmış müşahidələr zamanı “Nurlan”ın ünvan 2 ünvanının yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 21 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında olan zaman o və Nəsimi RPİ-nin NMB-niı əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Nəsimi RPİ-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nəsimi RPİyə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmetin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmiş və ya ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən tərtib edilmiş, Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Nəsimi RPİ-nin KTQ-nın ekspert mütəxəssisi Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 21 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir qutu istifadə edilmiş “Prima” markalı siqaret, bir ədəd sarı rəngli alışqan və şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə el arasında kakos deyilən “heroindir”. Həmçinin verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu “Nizami” metrostansiyası yaxınlığında üzdən tanıdığı adını bilmədiyi qaraçı oğlandan narkotik vasitə olan “heroini” 7 manata öz istifadəsi üçün orada aldığını və üzərində gəzdirdiyini qeyd etmişdir. Eyni zamanda ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə edir və narkotik maddələrin satışı ilə məşğul olmur. Daha sonra onun geyindiyi gödəkçəsinin ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi şalvarının ciblərinə, həmçinin ayaqqabılarına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Bundan sonra iştirakçılara həmin içərisində spesifik iyi olan, tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə oıyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən zaman və RPİdə olduğu zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən və RPİ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün video çəkliş müvəqqəti olaraq dayandırılmışdır. Baxış otaqda süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilmişdir. Tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ucadan oxunmuş, “tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatətiniz varmı” sualına iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və vəsatət olmadığını bildirmişlər. Protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 52-54). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 21 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4980 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №186” dairəvi möhür əksi olan, “Şübhəli şəxs. Təqsirləndirilən şəxs aşkar edilən 1 (bir) büküm narkotikə bənzər maddə; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd üzəri gümüşü rəngli bükümdə təmiz çəkisi 0,510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir (i/v 63-65). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanınma haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ilkin çəkisi 0,510 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,460 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 123). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 7000 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli tələbnamədən, Xəzər Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarından, Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-217/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-529/2021 nömrəli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 (iki) ay 21 (iyirmi bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(006)-429/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli Qərarına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-429/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır (i/v 106-107, 129-133). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 25-26). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 23 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 100-101). İş materiallarında olan “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmə barədə” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 102- 103). İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin rəis vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 27 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarı Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)- 91/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə Nəsimi rayon məhkəməsinə daxil olmuş 51/2-8205 saylı məktubdan və “axtarışda olan şəxsin yaxalanması barədə” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində ünvan 8 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-429/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs cəzası icra olunmamışdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)- 429/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ümumi təmiz çəkisi 0,510 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,460 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Ekol» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-505/2023 saylı 08 dekabr 2023-cü il tarixli qərara əsasən 12 dekabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi «Ekol» Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-429/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ümumi təmiz çəkisi 0,510 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,460 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Ekol» Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar