Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-92/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Sabirabad rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Sabirabad rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09.08.2021-ci il tarixli, 1(099)-406/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 25 sentyabr 2021ci il tarixdə, saat 14:30-da ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi telefon mağazasına müştəri qismində daxil olaraq orada vitrində satış üçün nəzərdə tutulan 180 manat dəyərində “Xiaomi” markalı, “Redmi Note 8” modelli, göy rəngli, 32 GB yaddaş tutumlu mobil telefonu guya almaqdan ötrü işlək vəziyyətdə olmasını yoxlamaq üçün götürmüş, bir müddət sonra telefonla birlikdə mağazadan qaçıb uzaqlaşarkən orada olan Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 onun arxasınca qaçıb onu tutaraq telefonu alan zaman o, bu şəxsi itələyib qaçmaq istəyərkən Zərərçəkmiş şəxs2 insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sol əlin arxa səthinin çapıqları ilə müşayiət edilən xəsarətlər yetirmiş, həmin vaxt hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanıldığına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı səbəblərə görə başa çatdıra bilməyərək soyğunçuluq etməyə cəhd etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi imkanı zəif olduğu üçün özgə əmlakını talayaraq pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 25.09.2021-ci il tarixdə, saat 14:30 radələrində içkili vəziyyətdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən telefon mağazalarından birinə daxil olmuşdur. Mağazada vitrində olan telefonlara baxaraq telefon almaq istədiyini bildirmiş və vitrində olan göy rəngli “Redmi Note 8” markalı telefonu götürərək qiymətini soruşmuş və onu 200 manata almağa razılaşmışdır. Sonra guya telefonu yoxlamaq adı ilə ona nömrə taxmış, eləcə də onun digər funksiyalarına baxmışdır. Daha sonra satıcının, adı ona Zaur kimi məlum olmuş şəxsin başının qarışıq olduğunu görüb qəfildən telefonla birlikdə mağazadan qaçmışdır. Arxadan telefonun geri qaytarılması ilə bağlı ona səslənildiyini eşitsə də, qaçmağa davam etmiş və yolun digər tərəfində yerləşən “Kontakt Home” mağazasının yaxınlığına çatanda arxasınca heç kimin gəlmədiyini görüb yeriməyə başlamışdır. Təxminən 10-15 addım getdikdən sonra anidən qolundan kimsə onu tutmuş. O da arxaya baxanda telefon mağazasında olan digər şəxsin, adı sonra ona məlum olan Zərərçəkmiş şəxs2 olduğunu görmüşdür. Oqtay onu saxlayaraq telefonu qaytarmağı tələb etmiş, o da telefonu ona verib getməsini istəsə də, sonuncu çıxıb getməyərək onun saxlamışdır. Oqtayın əlindən çıxaraq qaçmaq istəyən zaman sonuncu yerə yıxılmış və əli əzilmişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlib onu polis idarəsinə gətirmişlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən telefon dükanını icarə əsasında işlədir. Mağazada olan malların hamısı ona məxsusdur. 25.09.2021-ci il tarixdə, saat 14:30 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs mağazaya gələrək telefon almaq istədiyini bildirmiş və vitrində olan telefonlara baxdıqdan sonra “Xiaomi” markalı, “Redmi Note 8” modelli, göy rəngli, 32 GB yaddaş tutumlu telefonu bəyəndiyini və onu yoxlamaq istədiyini bildirmişdir. O da buna icazə vermişdir. Hüseyn telefonun qiymətini soruşmuş və 200 manata razılaşmışlar. Daha sonra Hüseyn telefona nömrə yerləşdirib təxminən 10-15 dəqiqə onu qurdalamışdır. Bu müddət ərzində onun başı qarışmış və elə bu zaman Hüseyn telefon ilə birlikdə mağazadan qaçmışdır. O da telefonun qaytarılmasını səsləsə də, Hüseyn buna məhəl qoymamış, mağazada olan dostu Zərərçəkmiş şəxs2 da cəld onun arxasınca qaçmışdır. Təxminən 5-10 dəqiqədən sonra Oqtayla telefon danışığı zamanı sonuncu bu şəxsi tutub polis əməkdaşlarına təhvil verdiyini, eyni zamanda özünün sol əl nahiyəsindən xəsarət aldığını demişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dostudur, sonuncu Moskva prospektində yerləşən telefon mağazasını işlədir. 25.09.2021-ci il tarixdə günorta vaxtı mağazada olarkən adı sonra ona Hüseyn kimi məlum olan bir nəfər şəxs içəri daxil olaraq telefon almaq istədiyini bildirmiş və vitrində olan telefonlara baxdıqdan sonra göy rəngli “Redmi Note 8” markalı telefonu yoxlamaq istədiyini söyləmişdir. Zaur da ona həmin telefonu vermiş, ondan isə telefonun pulunu almağı xahiş etmişdir. Hüseyn telefona nömrə yerləşdirərək onu qurdalamış, 10-15 dəqiqədən sonra isə telefonla birlikdə mağazadan qaçmışdır. Zaur onun arxasınca nə qədər səslənsə də, həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. Buna görə də o, onun arxasınca qaçmış və təxminən 5-10 dəqiqədən sonra “Kontakt Home” mağazasının yaxınlığında onu tutub mağazaya aparmaq istəmiş, lakin Hüseyn getmək istəmədiyini deyib telefonu verib qaçmaq istəyərək onu itələmiş, o da pilləkənlərdən yerə yıxılaraq sol əl nahiyəsindən xəsarət alsa da, onu buraxmamışdır. Bundan sonra yaxınlıqda olan polis əməkdaşları ora gəlib Hüseyni aparmışlar. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 25.09.2021-ci il tarixdə saat 07:00-dan saat 19:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində, “20 Yanvar” dairəsi adlı ərazidə iş yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olmuşlar. Həmin günü, saat 14:40 radələrində telefon mağazasında telefonun götürülüb qaçması barədə daxil olmuş məlumatla əlaqədar onlar “Kontakt Home” mağazasının qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Bu zaman orada olan digər şəxs də bildirmişdir ki, Hüseyn tərəfindən ona zor tətbiq olunub. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinə gətirib raportla təhvil vermişlər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19.10.2021-ci il tarixli, 9/7414 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd “Xiaomi” markalı, “Redmi Note 8” modelli mobil telefon aparatının istifadədə olduğu nəzərə alınaraq 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti təxminən 180,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.145-146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin 03.11.2021-ci il tarixli, 1022 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər sol əlin arxa səthinin çapıqları küt əşyanın (əşyaların) təsirindən 25.09.202-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur (İ cild, i.v.150-151); “Maddi sübutun tanınması haqqında” 27.09.2021-ci il tarixli qərarla 01 ədəd “Redmi Note 8” markalı, göy rəngli, 32 GB yaddaş tutumlu mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilmişdir (İ cild, i.v.115-116); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 90.10.2021-cu il tarixli arayışı və məhkəmə hökmünə görə Salahov X1 Ağır Cinayətlər Məhkəməsinin 09.08.2021-ci il tarixli, 1(099)- 406/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır (İ cild, i.v.125, 127-134); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25.09.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.112-114). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir (5-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərər çəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir (23-cü bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 25 sentyabr 2021-ci il tarixdə, saat 14:30-da ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi telefon mağazasına müştəri qismində daxil olaraq orada vitrində satış üçün nəzərdə tutulan 180 manat dəyərində “Xiaomi” markalı, “Redmi Note 8” modelli, göy rəngli, 32 GB yaddaş tutumlu mobil telefonu guya almaqdan ötrü işlək vəziyyətdə olmasını yoxlamaq üçün götürmüş, bir müddət sonra telefonla birlikdə mağazadan qaçıb uzaqlaşarkən orada olan Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 onun arxasınca qaçıb onu tutaraq telefonu alan zaman o, bu şəxsi itələyib qaçmaq istəyərkən Zərərçəkmiş şəxs2 insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sol əlin arxa səthinin çapıqları ilə müşayiət edilən xəsarətlər yetirmiş, həmin vaxt hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanıldığına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı səbəblərə görə başa çatdıra bilməyərək soyğunçuluq etməyə cəhd etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, hazırda da azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı və 63.3-cü maddələrənin tələblərini də nəzərə alır. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 66.4-cü maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə əlavə cəzaya münasibətdə tam, əsas cəzaya isə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd “Xiaomi” markalı, “Redmi Note 8” modelli, göy rəngli, 32 GB yaddaş tutumlu mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə uyğun olaraq tam, 05 il 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası isə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, onun üzərində qəti olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı, “Redmi Note 8” modelli, göy rəngli, 32 GB yaddaş tutumlu mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-92/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-92/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver