Məhkəmə qərarları › İş №1(006)-92/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-92/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-92/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Saatlı şəhəri, Musabəyov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,381 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinin və Süleyman Rəhimov küçəsinin kəşisməsində olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,381 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 oktyabr 2023-cü il tarixdə gecə vaxtı evə gəlirdi. 3 nəfər onun qarşısını kəsib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu Polis Şöbəsinə gətirmişlər, üstünə baxış keçirmişlər, lakin heç nə çıxmamışdır. Sonra həmin polis əməkdaşları ona bildirmişlər ki, malı boynuna götürsün, onu müalicəyə göndərəcəklər, o, da boynuna götürmüşdür. Bundan sonra çəkiliş olub. O, hər şeyi etiraf etmiş və onu məhkəməyə gətirmişlər və barəsində həbs seçmişlər. O, elə bilirdi ki, əvvəlki kimi çöldən-çölə gedib gələcək. Sonra məhkəmə barəsində həbs seçdi. O, bildirmişdir ki, onun üstündə heçnə olmayıb, yalnız müalicə olunmağı üçün o, polislərin dediyi kimi etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, Orxan adlı şəxsdən şəxsi istifadəsi uçün 20 (iyirmi) manat müqabilində, 01 (bir) büküm narkotik vasitə olan heroin almışdır. Beləliklə də, xx.xx.2023cü il tarixdə saat təxminən 00:00 radələrində narkotik vasitənin təsiri gəldiyi üçün yaşadığı evdən çıxmışdır ki, dünən aldığı narkotik vasitəni istifadə etsin. Saat təxminən 00:20 radələrində küçədə polis əməkdaşları ilə qarşılaşmış, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və bu hərəkətləri polis əməkdaşlarını şübhələndirmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişdirlər, özunu təqdim etməyini istəmişdirlər və ondan nəyə görə həyəcanlı olduğunu soruşmuşdurlar, lakin onun həyəcanlanmağı, verdikləri suallara cavab verə bilməməyi, oradan uzaqlaşmağa cəhd etməyi polis əməkdaşlarını daha da şubhələndirmiş və ondan şəxsiyyət vəsiqəsini tələb etmişdirlər. O, adını polis əməkdaşlarına bildirmiş, lakin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan narkotik vasitə qəbul edibetməməyi, uzərində narkotik vasitə olub-olmamasmı soruşmuşdurlar. O isə narkotik vasitə qəbul etdiyini, üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün polis əməkdaşları onun polis əməkdaşları ilə birikdə Nəsimi rayonu polis idarəsinin 22-ci polis şöbəsinə getməyini xahiş etmişdirlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilmişdir. Polis əməkdaşları onu şöbəyə gətirdikdən inzibati binanın xidməti otaqların birinə tohqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilmiş, video çəkilişlə şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmişdir, o isə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır: ilk öncə geyindiyi qara rəngli uzunqol gödəkcənin ciblərinə, qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi qara rəngli şalvarının sağ, sol yan, arxa ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayağında olan qara rəngli ayaqqabılarını çıxarmağı tələb olunmuş və o, ayaqqabılarını çıxarıb silkələmiş, həmçinin ona ayağında olan corablarını çıxarıb çevirməsi tələb edilmiş və o, corablarını çıxararaq çevirmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan üst-başını səliqəyə salmağı tələb edilmişdir. Ondan təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməyi istənilmişdir. O, 01 ədəd bükümün içərisində olan kütlənin “heroin” adlanan narkotik vasitə olduğunu, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə Orxan adlı şəxsdən 20 (iyirmi) manata aldığını qeyd etmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm açılaraq içərisinə baxıldıqda tünd qəhvəyi rəngli toz şəkilli maddə olduğu aşkar edilmişdir. O, Orxan adlı şəxsdən 20 manata aldığını bildirdiyi və “heroin” adlandırdığı narkotik vasitədən satıb-satmamağı barədə soruşulduqda o, satmadığını, öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin ondan Orxan adlı şəxsin kimliyi, istifadəsində olan mobil nömrəsi və əlamətləri barədə nə deyə biləcəyi soruşulduqda o, Orxan adlı şəxsi tanımadığını, adını Orxan kimi bildiyini, Orxanın istifadəsində mobil telefonun olub-olmadığını bilmədiyini, həmçinin təxminən 30- 35 yaşlarında orta boylu, orta bədən quruluşlu, qarayanız olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçun zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan bükum zərfə qoyularaq möhürlənmiş, o və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə olan heroindən bədənində olan ağrılara görə istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və məşğul olmur. Onun narkotik vasitə əldə etməyi barədə heç kəsin məlumatı yoxdur. O, bu barədə heç kimə məlumat verməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təyziqə məruz qalmamışdır. Həmin şəxsi tanımır. Həmin şəxsın şəxsiyyəti və kim olması barədə məlumatı yoxdur, üzərindən aşkar edilmiş heroini 17 oktyabr 2023-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə əldə etmişdir. O, narkotik vasitə götürdüyü zaman ondan başqa heç kim olmamışdır. O, özü tək olmuşdur. Aldığı narkotik vasitədən istifadə etməmişdir, həmin heroindən sonra istifadə edəcəkmiş. O, başqa heç bir cinayət əməli törətməmişdir. O, ruhi dispanserdə qeydiyyatda deyildir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cu il tarixdə axşam radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində Nəsimi RPİ-nın 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olmuşdurlar. xx.xx.2023-cü il tarixdə saat 00:20-də Bakı şəhəri, Nəsimi rayonu Süleyman Rüstəm küçəsinin və Süleyman Rəhimov küçəsinin kəsişməsində olarkən bir nəfər şəxsin həyəcanlı olmasının və özünü şübhəli aparmasının şahidi olmuşdurlar. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxsin gözlərinin axması, həyəcanlanması onların şübhələrini daha da artırmışdır. Onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnmədilər. Bundan sonra onlar həmin şəxsdən özünü təqdim etməyini istəmişdirlər və ondan nəyə görə həyəcanlı olduğunu soruşmuşdurlar, lakin həmin şəxsin həyəcanlanmağı, verdikləri suallara cavab verə bilməməyi, oradan uzaqlaşmağa cəhd etməyi onları daha da şübhələndirmiş və həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdirlər. Həmin şəxs adını onlara bildirmiş, lakin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsdən narkotik vasitə qəbul edib-etməməyi, üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdurlar. Həmin şəxs isə narkotik vasitə qəbul etdiyini, üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün həmin şəxsə onlarla birlikdə Nəsimi rayonu polis idarəsinin 22-ci polis şöbəsinə yetməyini xahiş etmişdirlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilmişdir. Həmin şəxsin xx.xx.1989-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Saatlı şəhəri, Musabəyov küçəsi, 11-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonunda müxtəlif yerlərdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən həmin şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofan bukümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır ilk öncə geyindiyi qara rəngli uzunqol gödəkcənin ciblərinə, qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi qara rərgli şalvarının sağ, sol, yan, arxa ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər nansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayağında olan qara rəngli ayaqqabılarını çıxarmağı tələb olunmuş və Təqsirləndirilən şəxs Qoçoli oğlu ayaqqabılarını çıxarıb silkələmiş, həmçinin ayağında olan corablarını çıxarıb çevirməsi tələb edilmiş və Təqsirləndirilən şəxs corablarını çıxararaq çevirmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üst-başını səliqəyə salmağı tələb edilmişdir. Təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməyi istənilmişdir. Həmin 01 ədəd bükümün içərisində olan kütlənin “heroin adlanan narkotik vasitə olduğunu, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə Orxan adlı şəxsdən 20 (iyirmi) manata aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açılaraq içərisinə baxıldıqda tünd qəhvəyi rəngli toz şəkilli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs Orxan adlı şəxsdən 20 manata aldığını bildirdiyi və “heroin” adlandırdığı narkotik vasitədən satıb - satmamağı barədə soruşulduqda satmadığını, öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Orxan adlı şəxsin kimliyi, istifadəsində olan mobil nömrəsi və əlamətləri barədə nə deyə biləcəyi soruşulduqda Orxan adlı şəxsi tanımadığını, adını Orxan kimi bildiyini, Orxanın istifadəsində mobil telefonun olub-olmadığını bilmədiyini, həmçinin təxminən 30-35 yaşlarında orta boylu, orta bədən quruluşlu, qarayanız olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağ və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “190” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair şübhələri olsa da sonradan tərəflərindən aparılan əməliyyat tədbirləri ilə bu xüsusat öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin inzibatı binasına gətirilən zaman və Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:20-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20-21); şəxsi axtarış və götürmə aparılması haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 41-42); şəxsi axtarış və götürmə aparılması haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanı olmayan Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) xx.xx.1982-ci il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, ali təhsilli, Nəsimi Rayon Polis İdarəsinin baş inspektor kriminalisti vəzifəsində xidmət aparan, ünvan 4 ünvanında qeydiyyatda olan X3, 14 saylı vəkillər bürosunun vəkili X5 iştirakları ilə, ünvan 5 ünvanda yerləşən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoyaraq, narkotik vasitə olan “heroin”i “Kubinka” adlanan Orxan adlı şəxsdən 20 manata öz istifadəsi üçün aldığnı bildirmişdir. Daha sonra aşkar olunmuş 01 ədəd selofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “190” nömrəli möhürlə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 45-48); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əski olan, “vətəndaş Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin təmiz çəkisi – 0,381 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,331 qram (i.v. 53-56); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 69-70); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-506/2023 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 18 oktyabr 2023-cü il tarixdən, saat 00:20-dən hesablanması qərara alınmışdır (i.v. 89-93); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 100-101, 111-117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 126-127); sübutların qiymətləndirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/5515 nömrəli və məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7355 №-li rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,381 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,331 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona narkotik vasitə satmış şəxsin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə göndərilmişdir. (i.v. 128-134). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,381 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Saatlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüşdür. xx.xx.2023cü il tarixdə məhkum Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Daha sonra məhkum Təqsirləndirilən şəxs üzərində olan elektron nəzarət vasitəsini xx.xx.2023-cü il tarixdə qəsdən ayağından açaraq cəzanın icrasından boyun qaçırtmışdır. Məhkumun yerini müəyyən etmək mümkün olmadığından barəsində qanunvericiliyə uyğun tədbirlər görmək mümkün olmamışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Məhkəməsinin 7(055)-31/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə axtarış elan edilmişdir. Yuxarıdakılara əsasən məhkum Təqsirləndirilən şəxs məhkum olunduğu 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 23 gün hissəsi çəkilməmiş qalmaqdadır. Bununla da hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 04 ay 23 gün olduğundan, çəkilməmiş həmin cəza hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-169/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)- 169/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 4 (dörd) ay, 23 (iyirmi üç) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinəəsasən 8 (səkkiz) ay, 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,331 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar