Məhkəmə qərarları › İş №1(006)-94/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-94/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-94/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1998-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07.04.2021-ci il tarixdə saat 16:09-da ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “X18” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının sonuncu tərəfindən kilidlənməməsindən istifadə edib avtomobilin sağ qabaq qapısını açaraq salondan Zərərçəkmiş şəxs məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 01 ədəd 1000 manat dəyərində "Samsung S20 Plus” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1.005 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,129 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 01.10.2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:15-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə heroin 01 bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 07.04.2021-ci il tarixdə, saat 16 radələrində ünvan 5 ünvanının qarşısından keçərkən ağ rəngli, “Hyundai” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün, yəni adı sonradan ona bəlli olan Zərərçəkmiş şəxs avtomobildən aşağı düşərək yaxınlıqdakı mağazaya daxil olduğunu görmüşdür. Təxminən 5 dəqiqə gözlədikdən sonra Zərərçəkmiş şəxs geri qayıtmadığını gördükdə həmin avtomobilə yaxınlaşmış və avtomobilin ön sağ qapısını açaraq içəri daxil olmuşdur. Bir qədər axtarış apardıqdan sonra salonda “Samsung S20 plus” markalı mobil telefonun olduğunu görüb həmin telefonu götürmüş və dərhal da oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra isə telefonu söndürmüş və həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən mobil telefon mağazalarından birinə yaxınlaşmışdır. O, mağaza sahibinə telefonu göstərərək həmin telefonun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün 800 manata satmaq istədiyini bildirmişdir. Lakin mağaza sahibi ona 760 manat verə biləcəyini demiş, o da mağaza sahibinin təklifi ilə razılaşmışdır. O, mobil telefonu mağaza sahibinə təqdim edib 760 manat məbləğində pulu aldıqdan sonra mağazanı tərk edərək uzaqlaşmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 01.10.2021-ci il tarixdə, saat 17:15 radələrində ünvan 6 ünvanının yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib barəsində axtarış işi olması barədə məlumat vermişlər. Həmin vaxt polis əməkdaşları onun hərəkətlərindən şübhələnib üzərində narkotik vasitə olub-olmadığı barədə soruşmuşlar. O, könüllü şəkildə üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Polis əməkdaşları üzərində axtarış aparılması üçün onu polis bölməsinə dəvət etmişlər. O da onlara heç bir etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya olduğu halda könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən içərisində heroin olan 1 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bükümün içərisindəki maddənin nə olması barədə sual edildikdə, o həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni kimdən və hansı məqsədlə əldə etməsi sual edildikdə isə, o, həmin maddəni Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş maddə zərfə qoyularaq möhürləndikdən sonra onun üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli səmimi olaraq etiraf etməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X13 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs isə onun arvadıdır. Zərərçəkmiş şəxs 07.04.2021-ci il tarixdə, saat 16:00 radələrində ünvan 7 ünvanında yerləşən tikinti mağazasından alış-veriş etmək üçün mağazaya daxil olan zaman idarə etdiyi “Hyundai Santafe” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilini mağazanın qarşısında saxlamışdır. Təxminən 30 dəqiqə sonra geri qayıtdıqda avtomobilin qabaq qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, avtomobilin içərisinə nəzər yetirdikdə ona məxsus olan “Samsung S20+” markalı mobil telefonunun orada olmadığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs yaxınlıqda olan kameralar vasitəsilə qeydə alınmış görüntülərə baxan zaman tanımadığı bir nəfər şəxsin avtomobilə daxil olduğunu görmüş və dərhal DİN-nin “102” xidmətinə zəng edərək mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həmin mobil telefonu 2020-ci ilin mart ayında “Azadlıq” metrostansiyası yaxınlığında yerləşən "İrşad" mobil telefon mağazasından 2.500 manata kreditlə almışdır. Hal-hazırda təqsirləndirilən şəxsin anası tərəfindən dəymiş ziyan tam olaraq ödənildiyi üçün ona qarşı şikayətçi deyil və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs barəsində 01.06.2021-ci il tarixdən etibarən Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən axtarış elan olunmuşdur. 01.10.2021-ci il tarixdə, saat 17:15 radələrində əldə etdikləri əməliyyat məlumatı əsasında bölmənin əməliyyat müəvvəkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onun hərəkətlərindən şübhələnmiş və ondan üzərində narkotik və ya psixotrop maddə olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra onun üzərində axtarış keçirilməsi üçün polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. X14zadənin üzərində axtarış keçirilməzdən əvvəl üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni kimdən və hansı məqsədlə əldə etməsi sual edildikdə, o, 01 ədəd bükümdəki narkotik maddə olan heroini Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Nəsimi rayon Polis İdarəsinə mütəxəssis qismində dəvət edilmiş X10 və barəsində istintaq hərəkəti aparılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 01.10.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qalxaraq bildirmişdir ki, əynində olan tünd göy rəngli qısaqol gödəkcəsinin sağ yan cibində narkotik vasitə olan kakos var və o həmin narkotik vasitəni təqdim etmək istəyir. Bundan sonra o, masaya yaxınlaşaraq əlini ilkin olaraq əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibinə salaraq orada olan özünə məxsus 1 gümüşü rəngli falqaya bükülmüş spesifik iyə malik maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükümü açaraq bükümün içərisində olan maddənin ona aid olduğunu, təqdim etdiyi bükümün içərisində olan maddənin kakos olduğunu və İnşaatçılar metrostansiyasının yaxınlığında 10 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş və əlavə hər hansı qeyriqanuni əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi siqaretin şəffaf selofanına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və polis bölməsinin 188 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 48-53). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.10.2021-ci il tarixli, 6/4347 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 188” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. sözləri, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.129 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqatın dəyəri: 109,90 manat (i/v 59- 62). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2021-ci il tarixli, 9/866 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd Samsung S20 plus (+) markalı, 128 GB daxili yaddaşlı mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxmini 1.000 (min) manat müəyyən edilir. Tədqiqatın dəyəri: 50 manat (i/v 172-174). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 08.12.2021-ci il tarixli, 4951 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyaacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 243-244). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 08.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1ədəd bükümdə çəkisi 1,129 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi ekspertiza tədqiqatı nəticəsində 0,05 qramı istifadə edildikdən sonra qalıq qalan 1,079 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saxlanması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil veriləcəyinin nəzərə alınması, 01.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinin istintaq materiallarında saxlanılması, iş üzrə ünvan 7 ünvanının qarşısına baxış keçirilərkən 07.04.2021-ci il tarixdə baş verən hadisəni özündə əks etdirən 02 ədəd video görüntüdən ibarət olan 01 ədəd DVD diskin sübut növü kimi qəbul edilməsi və cinayət işinin istintaq materiallarında saxlanılması qərara alınmışdır (i/v 247-259). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (i/v 129-130). İş materiallarına əlavə olunmuş “axtarışda olan olan şəxsin yaxalanması haqqında” və “şübhəli şəxsin tutulması haqqında” protokollardan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.10.2021-ci il tarixli, 4(006)-421/2021 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 4, 22-23, 221-224). İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X8 27.01.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 01.10.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 159 (yüz əlli doqquz) manat 90 (doxsan) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ilkin çəkisi 1,129 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,079 qram olan narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə sübut növü kimi qəbul edilmiş oğurluq hadisəsini özündə əks etdirən 02 ədəd video görüntüdən ibarət olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə sübut növü kimi qəbul edilmiş narkotik vasitənin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-616/2021 saylı, 17.12.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28.12.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanaraq ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ilkin çəkisi 1,129 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,079 qram olan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə sübut növü kimi qəbul edilmiş oğurluq hadisəsini özündə əks etdirən 02 ədəd video görüntüdən ibarət olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə sübut növü kimi qəbul edilmiş narkotik vasitənin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 159 (yüz əlli doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar