Məhkəmə qərarları › İş №1(006)-95/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-95/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-95/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxslər "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq və özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 avqust 2022-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən və vətəndaşların azad girib-çıxa bildiyi “Neptun” supermarketə müştəri qismində daxil olaraq orada olan supermarket işçilərinin və kənar şəxslərin hiss etmədikləri şəraitdə marketin spirtli içkilər satılan bölməsindəki vitirinindən 1 ədəd 400 manat dəyərində 1 litr ölçülü qablaşdırmada “Macallan 18” markalı və 1 ədəd 140 manat dəyərində 0,750 litr ölçülü qablaşdırmada “Chivas Regal 18” markalı spirtli içkiləri vahid niyyətlə gizli talamaqla zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən və vətəndaşların azad girib-çıxa bildiyi “Spar” marketə müştəri qismində daxil olaraq orada olan supermarket işçilərinin və kənar şəxslərin hiss etmədikləri şəraitdə marketin spirtli içkilər satılan bölməsindəki vitirinindən 1 ədəd 140 manat dəyərində 0,750 litr ölçülü qablaşdırmada “Chivas Regal 18” markalı spirtli içkini gizli talamaqla zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən və vətəndaşların azad girib-çıxa bildiyi “Spar” marketə müştəri qismində daxil olaraq orada olan supermarket işçilərinin və kənar şəxslərin hiss etmədikləri şəraitdə marketin spirtli içkilər satılan bölməsindəki vitirinindən hər birinin dəyəri 140 manat təşkil edən 280 manat dəyərində 2 ədəd 0,750 litr ölçülü qablaşdırmada “Chivas Regal 18” markalı spirtli içkini gizli talayıb marketi tərk etmək istədikdə marketin işçisi Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edilib saxlanılaraq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik maddələrdən istifadə etdiyinə görə bir sıra oğurluqlar etmişdir. Sonuncu dəfə 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenidən narkotik maddə istifadə etməyə başlamışdır. Buna görə də, maddi cəhətdən əziyyət çəkmişdir. 16 avqust 2022-ci il tarixdə saat 18 radələrində narkotik maddə almaq üçün pulu olmamışdır. Buna görə də, oğurluq etmək qərarına gəlmişdir. O, ünvan 3 ünvandan keçəndə “Neptun” supermarketin içərisinin sakitçilik olduğunu görmüşdür. Daha sonra müştəri kimi içəriyə daxil olmuşdur. İçki piştaxtaları olan tərəfə getmişdir. Piştaxtanın qarşısında durub içkilərə baxmışdır. Ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra 1 ədəd “Macallan” markalı və 1 ədəd “Chivas Regal” markalı içkiləri gizli olaraq götürüb qarın nahiyəsinə qoyaraq üzərində olan koftayla örtmüşdür. Daha sonra iti addımlarla marketi tərk etmişdir. O, marketdən çıxdıqdan sonra həmin içkiləri yaşadığı küçədə qarşısına çıxan tanımadığı bir şəxsə hər iki içkini birlikdə 140 manat müqabilində satmışdır. Bundan sonra isə yaşadığı ünvana getmişdir. Bundan başqa, 19 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Spar” adlı marketə müştəri qismində daxil olub həmin vaxt mühafizəçilərin və supermarketdə işləyən işçilərin başlarının qarışıq olmasından istifadə edib marketin spirtli içkilər satılan bölməsində piştaxtanın üzərindən 1 ədəd “Chivas Regal 18” adlı viski spirtli içkisini oğurlayaraq qarın nahiyəsinə qoyub həmin marketi tərk etmişdir. Həmin oğurladığı viskini eyni qaydada yaşadığı küçədə qarşısına çıxan tanımadığı bir şəxsə 50 manata satmışdır.Bundan başqa, o, 19 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Spar” adlı marketə müştəri qismində daxil olaraq həmin vaxt mühafizəçilərin və supermarketdə işləyən işçilərin başlarının qarışıq olmasından istifadə edib marketin spirtli içkilər satılan bölməsində piştaxtanın üzərindən 1 ədəd “Chivas Regal 18” adlı viski spirtli içkisini oğurlayaraq həmin marketi tərk etmişdir. O, oğurladığı viskini eyni qaydada yaşadığı küçədə qarşısına çıxan tanımadığı bir şəxsə 50 manata satmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə pulu olmadığına görə yenidən oğurluq etmək qərarına gəlmişdir. O, oğurluq etmiş olduğu “Spar” marketin qarşısına gəlmişdir. O, həmin marketə müştəri kimi daxil olaraq içki piştaxtasının qarşısına getmişdir. O, içkilərə baxdıqdan sonra 2 ədəd 0,750 litr ölçülü “Chivas Regal 18” markalı içkini qarın nahiyəsinə qoyaraq marketdən çıxmaq istəmişdir. Lakin, həmin marketin mühafizəsi təhlükəsizlik kamerasından onun oğurluq etdiyini görmüşdür. Bundan sonra mühafizəçi ona yaxınlaşaraq həmin içkini yerinə qoymağını bildirmişdir. O da içkini qarın nahiyəsindən çıxarıb yerinə qoymuşdur. Bundan sonra, marketin işçiləri polisə məlumat vermişlər. Polis əməkdaşları həmin ünvana gələrək oğurluq etdiyi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. O, şöbədə etdiyi oğurluqları səmimi etiraf etmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində iki azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 3 aya yaxın olmuşdur ki, Nəsimi rayonu 5-ci mikrorayon Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “SPAR” marketdə baş satıcı işləyir. 05 oktyabr 2022-ci il tarixdə saat 21:45 radələrində marketdə işdə olduğu zaman tanımadığı bir müştərinin marketdə satış məqsədilə piştaxta üzərində qoyulmuş 2 ədəd hər biri 160 manat dəyərində olan 0,750 litr ölçüdə “Chivas Regal 18” markalı viski içkilərini oğurlayıb qaçmaq istəyərkən tərəflərindən saxlanılmış və polis əməkdaşlarına təhvil verilmişdir. Qeyd etmişdir ki, müşahidə kameralarına baxan zaman həmin şəxsin 19 sentyabr 2022-ci il tarixdə də “Spar” marketdən 160 manat dəyərində olan 1 ədəd 0,750 litr ölçüdə Chivas Regal 18 markalı viski içkisini piştaxtadan oğurlayaraq qarın nahiyəsinə qoyub marketi tərk etməsini müşahidə etmişdir. Daha sonra zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək cəmiyyətə dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlunun ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən “Neptun” supermarketində müdir müavini işləyir. 16 avqust 2022-ci il tarixdə saat 19 radələrində işdə olarkən müşahidə kameralarına baxan zaman bir nəfər şəxsin supermarketə daxil olub içki şöbəsindən 1 ədəd 1 litr ölçüdə “Macallan 18” markalı və 1 ədəd 0,750 litr ölçüdə “Chivas Regal 18” markalı içkiləri qarnına qoyub, həmin içkilərin pulunu ödəmədən supermarketi tərk etməsini müşahidə etmişdir. O, dərhal Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. Bundan sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş vermiş hadisə nəticəsində supermarketdən 458 manat dəyərində 1 litr ölçüdə 1 ədəd “Maccalan 18” markalı və 1 ədəd 0,750 litr ölçüdə 180 manat dəyərində “Chival Regal 18” markalı spirtli içkilər oğurlanmış, supermarketə ümumilikdə 638 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək cəmiyyətə dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.38-39); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.89- 92); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanında yerləşən “Neptun” supermarketdir (i.v.4-5); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon Cavadxan küçəsi, 3005-ci məhəllə yerləşən “Spar” marketdir (i.v.14-16); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (i.v.56-58); - “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:14-də Nəsimi rayonu, 5-ci mikrorayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Spar” adlı marketdə Təqsirləndirilən şəxs satış məqsədi ilə piştaxta üzərinə qoyulmuş 1 şüşə viski içkisini götürərək qarın nahiyəsinə qoyması və marketi tərk etməsi müşahidə edilir. Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə videogörüntüyə baxış keçirilən zaman videogörüntüdə olan şəxsin özünün olduğunu bildirmişdir (i.v.21); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9035 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən viskilərin 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540 manat müəyyən edilir, o cümlədən 1 litr ölçülü qablaşdırmada 1 ədəd “Macallan” markalı viski – 400 manat, 0,750 litr ölçülü qablaşdırmada 1 ədəd “Chivas Regal 18” markalı viski – 140 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.106-107); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk sübut növü kimi tanınmışdır (i.v.112-124); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.95-96); - İş üzrə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, cəmiyyətə dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur; - İş üzrə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 oğlu tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, cəmiyyətə dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur; - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə eyni əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş hüquqi şəxslərlə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, zərər çəkmiş hüquqi şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş hüquqi şəxslərlə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, iki azyaşlı uşağının olmasını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 06 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd 0,750 litr ölçülü qablaşdırmada “Chivas Regal 18” markalı viskilərin zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd 0,750 litr ölçülü qablaşdırmada “Chivas Regal 18” markalı viskilərin zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar