Məhkəmə qərarları › İş №1(006)-96/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-96/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-96/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüstəmov Ələskər Mövlud oğlunun və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Rüstəmov Ələskər Mövlud oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Rüstəmov Ələskər Mövlud oğlunun Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş və xx xxxxxx 2019-cu il tarixdə Nəsimi rayon 59 saylı MKİS-ə (jek) aid olan **-JA-*** nömrə nişanlı zibil daşıyan yük avtomobili yaşadığı evin qapısında A.D.Qurbanov ev 42də, ona məxsus olan **-SH-*** nömrə nişanlı ağ rəngli “Hundaı Elantra minik” markalı avtomobilinə ciddi ziyan vurmuşdur. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Nəsimi Rayon Yol Polis əməkdaşı hadisə yerinə gəlmiş və hadisəni rəsmiləşdirmişlər. Yük avtomobilinin sürücüsünün təqsirli olduğu sübuta yetirilmiş, izahat alınmış və sürücü Natiq adlı şəxsə müvafiq qaydada cərimə yazılmışdır. Araşdırma zamanı yük avtomobilinin icbari sığortası olmadığı aşkar olunmuşdur. Yol Polis əməkdaşı yük avtomobilinin sürücüsü Natiq adlı şəxsə onun avtomobilinə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu izah etmişdir. Natiq adlı şəxs bununla razılaşmış, idarənin MKİS-in (jek) rəisi Ələskər Rüstəmovun kömək edəcəyini bildirmişdir. Sonra Natiq adlı şəxs X6 gedərkən “mənim sənin maşınına dəymiş ziyanı ödəməyə imkanım yoxdur, pulum yoxdu, gələrsən idarəyə MKİS-ə, Ələskər müəllim deyib məsələni həll edəcəyəm”. xx xxxxxx 2019-cu il tarixdə, saat 16:00 radələrində o, yaşadığı evin sahibəsi yəni, xalası Şahid ilə birlikdə 59 saylı MKİS-ə Ələskər Rüstəmovun qəbuluna getmişdir. O, 59 saylı MKİS-ə çatdıqda öz təhlükəsizliyini və haqsızlığa yol verilməməsi naminə telefonunda diktafonu aktiv etmiş və Ələskər Rüstəmov onları qəbul etmişdir. Söhbət zamanı onun dəymiş ziyana görə kimin cavabdeh olduğunu soruşduqda, “niyə icbari sığortası olmayan yük maşını hərəkətə buraxılıb, başqa maşına, əmlaka ziyan vurub” dedikdə Rüstəmov Ələskər Mövlud oğlu yüksək səslə aqressiv danışmağa və təhqirə keçməyə başlamışdır. Sonra o, öz şikayətini aidiyyətı orqanlara, prokurorluğa bildirəcəyini dedikdə, Rüstəmov Ələskər Mövlud oğlu özündən razı halda qışqıraraq kobud formada Get «Prokurora şikayət etmirsən onun böyüyünə elə!» demişdir. Sonra ayağa qalxaraq sanki duelə çağırırmış kimi üzərinə yerimiş, sonra onu oğurluqda ittiham etməyə başlamış və “sən orada niyə maşın saxlamışdın? Oğurluq edirdin?!” demişdir. O, özünü çox təhqir olunmuş hiss etmiş, orada ondan başqa 6-7 nəfər tanımadığı adam olmuşdur. Sonra işçilərinə göstəriş vermiş və özü harasa zəng edirmiş kimi əlində telefon “Polisə zəng edin! Deyin Dövləti söyür! Prezidenti söyür! Qoy gəlib aparsınlar bunu!” demişdir. Halbuki, o, yalnız avtomobil, sığorta və dəymiş ziyan barədə danışmışdır. Dövlətə və Cənab Prezidentə dərin hörmət və sayğı ilə yanaşmışdır. Sonra o, bu böhtandan özünü çox təhqir olunmuş hiss etmişdir. Ələskər Rüstəmovun bu hədələri və təhqiri onun şikayət etməyi və ona dəymiş ziyanı tələb etməyi olmuşdur. Orada 6-7 nəfər tanımadığı şəxslərin yanında ona belə bir ağır ittihamı, yalan olduğunu bilə-bilə onu Cənab Prezidentin adından istifadə edib şərləmək istəyən, böhtan atan bir nəfərlə söhbəti davam etdirmək istəməmiş və xalası Elmira adlı xanıma getməyi məsləhət görmüşdür. X1 “heyvan” adlandırmışdır. Sonra o, otaqdan çıxanda Ələskər Rüstəmov diktafona onun səsinin yazıldığını eşidib sakitləşmiş və polisə zəng etməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrini rəhbər tutaraq Rüstəmov Ələskər Mövlud oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs Rüstəmov Ələskər Mövlud oğlunun təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rüstəmov Ələskər Mövlud oğlu barəsində xüsusi ittiham qaydasında şikayət vermiş X3 qarşı cinayət törətmədiyini, onun dediklərinin şər və böhtan olduğunu bildirərək, xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Rüstəmov Ələskər Mövlud oğlunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin ümumiyyətlə heç bir cinayət əməlini törətməməsini, Cəmşid Axundovun qanunsuz və əsassız olaraq Ələskər Rüstəmovun işlədiyi quruma gəlməsini, yəni baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq müdafiə etdiyi şəxsin və onun işlədiyi qurumun məsuliyyət daşımamasını, həmçinin xüsusi ittihamçının qanunsuz olaraq səsyazma vasitəsindən istifadə etməsini bildirərək, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmuş, lakin qanunvericiliyin tələblərinə əməl olunmadan əldə olunmuş CD diskdəki səsyazmaya məhkəmə iclasında baxış keçirildi və müəyyən olundu ki, şikayətdə göstərilən təhqir və böhtan xarakterli ifadələr öz əksini tapmamışdır. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüstəmov Ələskər Mövlud oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüstəmov Ələskər Mövlud oğluna məhkəmə iclasları zamanı göstərilmiş 08 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Rüstəmov Ələskər Mövlud oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüstəmov Ələskər Mövlud oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar