Məhkəmə qərarları › İş №1(006)-96/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-96/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-96/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Pro bono” Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,670 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,260 qram çəkidə psixotrop maddə metamfetamini və 0,262 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir bükümdə həmin psixotrop maddə və bir bükümdə bu narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, istintaq dövründə müstəntiq tərəfindən kobud pozuntuya yol verilməklə cinayət işi üzrə ittiham aktı Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə elan edilmiş ittihamda hər iki epizod üzrə cinayətin törədilmə vaxtı, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyi vaxt öz əksini tapmamışdır. Eyni zamanda həmin nöqsanlara “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27.11.2021-ci il tarixli qərarda da yol verilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Müdafiəçi təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, iş üzrə məhkəmə baxışının təyin olunmasını xahiş etsə də, təqsirləndirilən şəxs dövlət ittihamçısının vəsatəti ilə razı olduğunu bildirdi. İş üzrə tərtib edilmiş ittiham aktından və işdə olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan cinayətin törədilmə vaxtı göstərilməmişdir. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, müstəntiq tərəfindən iş üzrə ittiham aktı Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadığından və bu pozuntu aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından həmin pozuntu aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə:  ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir (289.3.1-ci maddə);  ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir (289.4-cü maddə);  cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilir və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır (303.3.6-cı maddə);  məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir (299.1-cu maddə);  cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır (299.3.2-ci maddə);  məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır (306.1-ci maddə);  cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1-ci maddə) və cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2-ci maddə). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 25 yanvar 2022-ci il tarixdə bitir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli və Cinayət-Prosessual Məcəlləsinin 159cu maddəsinə müvafiq olaraq seçilmiş həbsin müddəti uzadılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu, 299-300-cü, 303-cü və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində uzadılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar