Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-96/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi - Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,305 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:20-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanında yerləşən Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,305 qram təşkil edən kustar üsulla hazırlanmış, həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir və əvvəllər cinayət məcəlləsinin analoji maddəsi ilə məhkumluğu olmuşdur. O, istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlardan əldə edir. xx.xx.2023-cü il tarixdə saat 13:20-də ünvan 6 ünvanının qarşısında olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdi ona narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək Nəsimi Rayon Polis İdarəsinə dəvət etdilər. Polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirdikdən sonra təhqiqatçı tərəfindən ona hüquqları izah olundu və dövlət hesabına müdafiəçi təyin olundu, daha sonra müdafiəçi Qeybulla Cavadovun və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlandı, ilk öncə ona üzərində ola biləcək və qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmaması sual edildi və həmin əşyanı təqdim etməsi təklif edildi, bu zaman o, əynində olan şalvarın cibindən 01 ədəd polietilen sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoydu, sonra əynində olan paltarların ciblərinə və digər yerlərinə baxıldı və hər hansı bir əşya aşkar edilmədi. Sonra ayağında olan ayaqqabılarına baxıldı və heç bir əşya aşkar edilmədi. Daha sonra ona ayaqqabıları geyinməsini və üst başını səliqəyə salınması xahiş olundu. Sorğu-sual zamanı cibindən çıxararaq masanın üzərinə qoyduğu bükümün içərisində nə olması sual edildikdə o, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirdi və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Kubinka Dağlılar məhəlləsi” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 5 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etməsini bildirdi. Daha sonra üzərindən aşkar edilən 01 ədəd büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyuldu və Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bu proses videokamera vasitəsi ilə qeydə alınmışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsini daşıyır. Mahiyyəti üzrə isə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat qrupu yaradılmışdır və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid1 daxil edilmişdir. Daxil olmuş məlumatda “Ramiz” adlı şəxsin Nəsimi rayonu, B.Bağırova küçəsində narkotik vasitələri əldə etməsi, gəzdirməsi və istifadə etməsi göstərilmişdir. Həmin məlumat əsasında onlar xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvana yaxınlaşaraq özlərinə mövqe seçmişdirlər. Həmin gün saat 13:20-də bir nəfər şəxsin daxil olmuş məlumatda təsviri verilən “Ramiz” adlı şəxs ilə eyni əlamətlərinin olduğunu aşkar etdiklə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə həmin şəxsin özünü təqdim etməsini tələb etdikdə həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirdi, bu səbəbdən onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişdirlər. Polis şöbəsində olan zaman xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün təhqiqatçı tərəfindən müdafiəçi təyin edildi və ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə müdafiəçi X4 iştirakı ilə şəxsi axtarış və baxış keçirilməyə başlandı. Bundan sonra ona üzərində qeyri qanuni əşyanın olduğu halda təqdim etmək təklif edildikdə, o, əynində olan şalvarın cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoydu, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşyanın olubolmaması sual edildi, buna cavab olaraq Təqsirləndirilən şəxs üzərində başqa əşyanın olmamasını bildirdi, bundan sonra onun üzərinə təhqiqatçı tərəfindən baxış keçirildi lakin hər hansı digər əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxararaq masanın üzərinə qoyduğu bir ədəd bükümün içərisində nə olması sual edildi, buna cavab olaraq o, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin bükümü 05 manat qarşılığında Nəsimi rayonu, “Kubinka dağlılar məhəlləsi” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini bildirdi. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilən büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5087 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №186” dairəvi möhür əksləri olan, “26.09.23-cü il tarixdə vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm; Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 0,305 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,255 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli 6357 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,255 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-96/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-96/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver