Məhkəmə qərarları › İş №1(006)-97/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-97/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-97/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Mingəçevir şəhəri, R.Rza küçəsi, ev 18, mənzil 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxx 2019cu il tarixdə, saat 10 radələrində ünvan 2 qonaq olarkən evdə olan şəxslərin yatmasından istifadə edib qonaq otağında televizorun qarşısında olan, X4 məxsus 900 manat dəyərində “iPhone X” markalı mobil telefonu oğurlayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildə X8 Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra Şahid1 ilə birlikdə ünvan 2 kirayədə yaşamışdır. Eyni zamanda onlarla birlikdə həmin ünvanda Sədəfin oğlu Şahid2 və gəlini Səbinə Əhmədli də yaşamışlar. Mehman 2016-cı ildə Səbinə ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. 2018-ci ilin sonlarında Sədəf öz adına gəlini Səbinə üçün “iPhone X” markalı mobil telefon almış, telefonun aylıq kreditlərini isə Səbinə ödəyirdi. xx xxx 2019-cu il tarixdə, axşam vaxtı onlar evdə olarkən o, yataq otağında uzanıb onurğa sümüyünün üzərində olan şişi müalicə etdirməyi düşünmüş, lakin bunun üçün maddi imkanı yox idi. Bu fikirlə səhərə kimi yata bilməmişdir. xx xxx 2019-cu il tarixdə, saat 10 radələrində həkimə getmək üçün fikirli halda evdən çıxmaq istəyərkən Səbinəyə məxsus “iPhone X” markalı mobil telefonun qonaq otağındakı televizorun yanında görmüşdür. Həmin vaxtı Sədəf, Səbinə və Mehman yatmışlar. O, mobil telefonu götürüb lombarda aparıb qoyaraq müalicə üçün pul götürmək, bir müddət sonra isə pul toplayıb lombarda verərək həmin telefonu geri götürmək qərarına gəlmişdir. Bu məqsədlə həmin telefonu sakitcə götürüb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 33 saylı ünvanda yerləşən lombarda aparmış, orada telefon 1.000 manat olaraq dəyərləndirilmiş və ona görə 800 manat pul verilmişdir. Daha sonra o, Mingəçevir şəhərinə gedib özünü həkimə göstərmişdir. xx xxx 2019-cu il tarixdə Sədəf onun atası Ağasəfə zəng vuraraq onunla danışmış və Səbinənin telefonunu oğurladığına görə onun barəsində polis şikayət etdiyini bildirmişdir. O isə Sədəfə telefonu oğurlamadığını və satmaq fikrində olmadığını, sadəcə əlacsız qaldığı üçün onu götürüb lombardda girov qoyaraq 800 manat pul aldığını söyləmişdir. Sədəf də ona pulu qaytarmasını və lombarddan da mobil telefonu geri götürməsini istəmişdir. xx.xx.2019-cu il tarixdə o, 800 manat pul düzəldib səhər saatlarında Mingəçevirdən Bakıya gedən sərnişin avtobusunun sürücüsünə verərək göndərmiş və Sədəfə zəng vurub həmin pulu götürməsini, lombarda gedərək pulu verib “iPhone X” markalı mobil telefonu geri alıb Səbinəyə qaytarmasını xahiş etmişdir. Törətdiyi əməldən peşmandır.Hazırda zərər çəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, onunla barışıq əldə olunmuşdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X6 ifadəsində göstərdi ki, 2016-cı ildə o, Şahid2la qeyri-rəsmi olaraq ailə həyatı qurduqdan sonra müxtəlif ünvanlarda, sonuncu olaraq isə ünvan 2 qayınanası Sədəflə birlikdə yaşamışlar. Sədəfin qohumu Təqsirləndirilən şəxs yaşadığı Mingəçevirdən Bakıya gələrək onların yaşadığı evdə qalmışdır. 2018-ci ilin dekabr ayında Sədəf öz adına kreditlə onun üçün “iPhone X" markalı mobil telefon almış, telefonun aylıq kreditlərini isə ödəmişdir. xx xxx 2019-cu il tarixdə, saat 22 radələrində evdə olarkən Orxan boş olan yataq otağına keçmiş, o, Mehman və Sədəf isə televizora baxmışlar. O, yatmamışdan əvvəl “iPhone X" markalı mobil telefonunu qonaq otağındakı televizorun yanında cərəyana qoşmuşdur. Növbəti gün saat 13 radələrində yuxudan oyanarkən həmin telefonun televizorun yanında olmadığını görmüşdür. Bununla bağlı Sədəfdən soruşduqda, sonuncu telefonu görmədiyini və götürmədiyini bildirmişdir. Evdə bir neçə yerə baxıb mobil telefonunu axtarsa da, tapa bilmədiyindən harasa düşdüyünü fikirləşib yerini müəyyən etmək üçün Sədəfə məxsus mobil telefon ilə öz mobil nömrəsinə zəng vurmuşdur. Bu zaman özünü lombardın işçisi kimi təqdim edən bir nəfər tanımadığı şəxs telefona cavab vermişdir. Həmin şəxs Orxanın mobil telefonu lombarda girov qoyaraq 800 manat pul götürdüyünü, lakin kodda olduğu üçün işləmədiyni bildirmiş, həmçinin ondan telefonun kodunu açması üçün Orxanı tapmasını xahiş etmişdir. Bu zaman ona Orxanın mobil telefonu oğurlayaraq aparıb lombarda girov qoyduğu və 800 manat pul götürdüyü məlum olmuşdur. Orxan mobil telefon işlətmədiyindən Sədəfdən mobil telefonunu geri qaytarması üçün onu tapmasını tələb etmiş, Sədəf isə Orxan evə gəldikdən sonra məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra o, Sədəflə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 33 saylı ünvanda yerləşən lombarda gedərək bu barədə maraqlanmış və orada işləyən Elvin adlı şəxs məsələnin doğruluğunu bir daha təsdiqləmişdir. Onlar evə qayıtdıqdan sonra saat 18:25 radələrinədək gözləmiş, lakin Orxanın gəlmədiyini görüb “102” xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. xx xxx 2019-cu il tarixdə, səhər saatlarında Sədəf Orxanın atası Ağasəf adlı şəxsə zəng vurub Orxanın harada olmasını soruşmuş, atası isə Orxanın onun yaşadığı Mingəçevir şəhərindəki evdə olduğunu deyib telefonu ona vermişdir. Sədəf Orxana onun “iPhone X” markalı mobil telefonunu oğurladığı üçün barəsində polisə şikayət etdiyini bildirmişdir. Orxan Sədəfə isə telefonu oğurlamadığını, sadəcə onlar evdə yatdıqları üçün deyə bilmədiyindən mobil telefonu götürüb lombarda apardığını və girov qoyub 800 manat pul götürdüyünü söyləmişdir. Sədəf də ona pulu qaytarıb lombaddan telefonu geri götürməsini tələb etmişdir. Orxan isə Sədəfə pulun üzərindən 270 manat xərclədiyini, üzərinə pul qoyub 800 manat pulu bir neçə günə onlara qaytaracağını bildirmişdir. Lakin bundan sonra Orxandan heç bir xəbər olmadığından xx xxx 2019-cu il tarixdə, saat 01 radələrində Mehmanla birlikdə Orxanın yaşadığı Mingəçevir şəhərinə getmiş, lakin Orxanla görüşə bilmədiyindən Bakıya qayıtmışlar. Həmin gün Orxan Sədəfə zəng vuraraq 800 manat pulu tam düzəltdiyini və Mingəçevirdən Bakıya gələn sərnişin avtobusu ilə göndərdiyini demişdir. Sədəf də avtovağzala gedərək pulu avtobusun sürücüsündən götürmüş və pulu lombarda berərək telefonu oradan götürmüşdür. Onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki,o,ünvan 2 oğlu Mehman və gəlini Səbinə ilə birlikdə yaşayır.2018-ci ilin dekabr ayından o, uzaq qohumu olan Təqsirləndirilən şəxslə birlikdə qeyri-rəsmi olaraq yaşamışdır.2019-cu ilin əvvəlində öz adına Səbinə üçün Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən telefon mağazasından “iPhone X” markalı mobil telefon almışdır. Lakin mobil telefonun aylıq kreditlərini Səbinə ödəyirdi. xx xxx 2019-cu il tarixdə, axşam saatlarında Orxan mənzilin boş olan yataq otağında yatmış, onlar isə digər otaqda televizora baxmışlar.Səbinə yatmamışdan əvvəl öz telefonunu qonaq otağındakı televizorun yanında cərəyana qoşmuşdur. xx xxx 2019-cu il tarixdə, saat 13 radələrində Səbinə yuxudan oyandıqdan sonra ondan mobil telefonunu görüb-görməməsini soruşmuş, o da bunu görmədiyini bildirmişdir.Bir qədər axtardıqdan sonra Səbinə öz mobil nömrəsinə onun telefonundan zəng vurmuş, bu zaman telefona özünü lombardın işçisi kimi təqdim edənbir nəfər şəxs cavab vermişdir. Həmin şəxsOrxanın mobil telefonu lombarda girov qoyaraq 800 manat pul götürdüyünü, lakin kodda olduğu üçün işləmədiyini bildirmiş, ondan da telefonun kodunu açması üçün Orxanı tapmasını xahiş etmişdir.Bu zaman onlara Orxanın Səbinəyə məxsus mobil telefonu oğurlayaraq aparıb lombarda girov qoyub 800 manat pul götürdüyü məlum olmuşdur. Orxan mobil telefon işlətmədiyindən Səbinə ondan Orxanı tapıb mobil telefonunu geri qaytarmasını istəmişdir. O da Səbinəyə bir az səbrli olmasını, Orxan evə gəldikdən sonra məsələni aydınlaşdıracağını bildirmişdir.Bundan sonra o, Səbinə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 33 saylı ünvanda yerləşən lombarda gedərək bu barədə maraqlanmış və Elvin adlı şəxs baş vermiş hadisəni bir daha təsdiqləmişdir.Onlar evə qayıtdıqdan sonra saat 18:25 radələrinədək gözləmiş, Səbinə Orxanın gəlmədiyini görüb “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. xx xxx 2019-cu il tarixdə səhər saatlarında o, Orxanın atası Ağasəfə zəng vuraraq onun orada olub-olmamasını soruşmuş, atası da Orxanın onun yaşadığı Mingəçevir şəhərindəki evdə olduğunu bildirib telefonu Orxana vermişdir.O, Orxana Səbinənin telefonunu oğurladığı üçün onun barəsində polisə şikayət etdiyinibildirmiş, Orxan isə telefonu oğurlamadığını, sadəcə onlar yatdığı üçün deyə bilmədiyindən mobil telefonu götürərək lombarda apardığını və girov qoyub 800 manat pul götürdüyünü demişdir.O da Orxana lombarddan telefonu geri götürüb Səbinəyə qaytarmasını tələb etmişdir. Orxan isə həmin pulun üzərindən 270 manat xərclədiyini, üzərinə pul qoyub 800 manat pulu bir neçə günə onlara qaytaracağını bildirmişdir. Bundan sonra Orxandan heç bir xəbər olmadığından xx xxx 2019-cu il tarixdə, saat 01 radələrində oğlu Mehman və gəlini Səbinə birlikdə onun yaşadığı Mingəçevir şəhərinə getmiş, lakin onunla görüşə bilmədiklərindən geri qayıtmışlar. Daha sonra həmin günü Orxan ona zəng vurub800 manat pulu düzəltdiyini və Mingəçevirdən Bakıya gələn avtobus ilə göndərdiyini, saat 15:30 radələrində avtovağzala gedərək pulu götürməsini xahiş etmişdir. O da həmin vaxtı avtovağzala gedərək avtobus sürücüsündən Orxanın göndərdiyi 800 manat pulu almış və onu lombarda ödəyib Səbinəyə məxsus mobil telefonu götürmüşdür. Məhkəmədə Şahid2Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28729 saylı rəyinə əsasən 01 ədəd “iPhone X” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 900,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.151-152); - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2019-cu il tarixli qərarla “iPhone X” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi X4 verilmişdir (İ cild, i.v.25); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli arayış və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə, X8 Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə isə Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə sonuncu cəzasının çəkilməmiş 08 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.87-88, 101-107); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və onunla barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilməsə də, hazırkı törətdiyi əməl böyük ictimai təhlükəli cinayət olduğu üçün bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli tutulduğu andan - xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone X” markalı mobil telefon aparatı sahibi X3 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone X” markalı mobil telefon aparatı sahibi X3 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar