Məhkəmə qərarları › İş №1(006)-97/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-97/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-97/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X19, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri,18 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəli qəsəbəsi “Q” yaşayış massivi, bina 19, mənzil 36 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində tanışı X2 yaşadığı ünvan 1 ünvanında tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda xalis çəkisi 0.290 qram və 0.480 qram olmaqla, ümumi təmiz çəkisi 0.770 qram olan psixotrop maddə metamfetamini 40 (qırx) manat nəğd pul verməklə əldə edib, əynində olan boz rəngli şortun sol yan cibində saxlamış, həmin gün qeyd olunan ünvanın yaxınlığında yerləşən “Fidan” marketin qarşısına daşıyaraq geri həmin ünvana qayıtmış, xx.xx.2020-ci il tarixdə saat 03:40-da X9 Nəsimi Rayon Polis X28 Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılması və sonuncunun verdiyi məlumat əsasında həmin gün saat 05 radələrində ünvan 2 saylı ünvanda psixotrop maddə əldə etməsində şübhəli bilindiyinə görə Nəsimi Rayon Polis X28 Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı həmin psixotrop maddə metamfetamin əynində olan boz rəngli şortun sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, marixuana adlanan narkotik vasitədən istifadə edir. Son 6 ayda isə, narkotik istifadəçilər arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. X13 təxminən 4-5 ildir ki, tanıyır və onunla dostluq münasibətləri vardır. Elnura Kərimova da uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən dostu X10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, axşam onlarda görüşəcəklərinə dair razılığa gəlmişlər. Mobil telefonla danışan zaman anlamışdır ki, ondan başqa orada Elnura Kərimovanın bacısı Dilarə və Elmiranın sevgilisi Vüsal, ortaq tanışları Anar və onun sevgilisi Süsən olacaqdır. Anarın narkotik vasitələrin satışı itə məşğul olmasını bildiyinə görə istifadəsində olan mobil telefon nömrəsindən Anarın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, axşam görüşə gələn zaman ona almaq üçün psixotrop maddə olan metamfetamin gətirməsini xahiş etmişdir. Anar Allhverdiyev onunla razılaşmışdır. Bundan sonra həmin gün təxminən saat 21 radələrində o, Elnura Kərimovanın kirayə tutaraq yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə gəlmişdir. O, gələn zaman Elnura, onun sevgilisi Vüsal, Elnuranın bacısı Dilarə evdə imişlər. Təxminən yarım saat sonra ora ortaq tanışları Anar və onun sevgilisi Süsən gəlmişlər. Anar gələn zaman heç kəsin görmədiyi formada Anara sifariş verdiyi metamfetamini iki ədəd biri digərinin içərisində olan bükümləri, bir şəffaf sellofan bükümdə ondan götürərək, əynində olan açıq boz rəngli şortikin sol yan cibinə qoymuşdur. Həmin iç-içə olan bükümün çəkisini dəqiq bilmir, lakin Anardan xahiş etmişdir ki, ona 0.5 qrama yaxın çəkidə şüşə gətirsin. Bunun əvəzində o Anara 40 manat pulu bir ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq pul əskinazları olmaqla vermişdir. Anar həmin pulu ondan götürərək, cibinə qoymuşdur. Bundan sonra Anar əlavə olaraq ümumi istifadə etmək üçün özü ilə gətirdiyi metamfetamini masanın üzərinə qoymuş və hər kəs istifadə etmişdir. Evdə istirahət edən zaman Elnura ona yaxınlaşaraq, onun keçmiş sevgilisi Şəmsin Elnuraya zəng edərək, 1.0 qram metamfetamin almaq istədiyini bildirmişdir. Şəms də uzun müddətdir psixotrop maddə olan metamfetamini çəkərək, istifadə etdir. Lakin, onun Şəms ilə münasibəti pis olduğundan Elnuraya bildirmişdir ki, bu məsələni öz aralarında həll etsinlər. Bundan sonra Elnura Şəms ilə görüşmək məqsədilə evdən çıxaraq məhləyə düşmüşdür. Uzun müddət keçdikdən sonra Elnura evə polislərlə birgə geri qayıtmış və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan və həmin gün Anardan aldığı metamfetamini bir ədəd şəffaf sellofan bükümdə polislərə təqdim etmişdir və hadisəni səmimi olaraq etiraf etmişdir. Polis tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən çıxan maddə bir şəffaf sellofan büküm kimi görsənsə də digər büküm ondan balaca imiş və həmin bükümün içərisində imiş. Bu səbəbdən də şəxsi axtarış zamanı bir büküm kimi görsənmiş və qeyd edilmişdir. Sonda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olduğunu bildirərək, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis X28 Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. Polis nəfəri kimi vəzifəsi ona təhkim edilmiş ərazi üzrə ictimai asayişin və qaydanın qorunmasından, ictimai təhlükəsizliyin təmin edilməsindən ibarətdir. xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində ünvan 4 ünvanında Nəsimi Rayon Polis X28 Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət aparan Şahid2 ilə birlikdə piyada xidmət aparan zaman bir nəfər daha əvəllər tanımadıqları qadının onları görən zaman özünü şübhəli aparmağa və daha sonra qaçmağa başladığını görmüşlər. Buna görə həmin şəxsi tutaraq kim olmasını və hansı səbəblə qaçmasını soruşmuşlar. Həmin vaxt qadının huşu özündə olmadığından onun narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından şübhələnmişlər və buna görə də onu özləri ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmişlər. Daha sonra anket məlumatlarının X20 olmasını bildikləri şəxs etiraz etmədən onlarla birlikdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə gəlmişdir. Daha sonra onlara məlum olmuşdur ki. Elnura Kərimovanın üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Elnura Kərimova polis şöbəsində izahat verən zaman həmin gün onunla birlikdə kirayə yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində sevgilisi X24, bacısı X21, tanışı Təqsirləndirilən şəxs və onun tanışı Anar adlı şəxsin də onunla birlikdə evdə psixotrop maddə olan metamfetamin qəbul etməsini bildirmişdir. Bundan sonra əməliyyat qrupu ilə birlikdə Elnura Kərimovanın yazılı razılığı əsasında yaşadığı mənzilə getmişlər. Mənzildə olan Elmiranın sevgilisi X18, bacısı X14, tanışı Təqsirləndirilən şəxs və onun tanışı Anar adlı şəxsi izahatlarının alınması məqsədilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən polis şöbəsinə gəlmişlər. Onlarla birlikdə mənzilə gedən əməliyyat qrupu isə Elnura Kazımova ilə birlikdə onun razılığı əsasında yaşadığı ünvanda baxış keçirilməsi məqsədi ilə orada qalmışlar. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə vəkil seçməsi üçün vəkillərin siyahısı ilə tanış edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını siyahıda göstərilən istənilən vəkil tərəfindən müdafiə edilməsi üçün vəkil təyin edilməsi barədə ərizə yazmışdır. Bundan sonra ona vəkil təyin edilmiş, vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bunda sonra Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir və o, əynində olan boz rəngli şortikin sol cibindən bir ədəd içərisində ağ kristal maddə olan bükümü çıxarıb təqdim etmişdir, həmin maddəni 40 manata şəxsi istifadəsi üçün onlarla birlikdə mənzildə olan və polis şöbəsinə gətirilən X4 aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, özünün deməsinə görə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu imzalamıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşı Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən şüşə kimi adlanan psixotrop maddə metamfetamin istifadə edir. ünvan 4, mənzil 5 saylı ünvanda iki aydır ki, bacısı Dilarə, sevgilisi Vüsal Kazımlı ilə birlikdə yaşayır. Həmçinin onunla birlikdə yaşayan bacısı Dilarə, sevgilisi Vüsal Kazımlı da, narkotik vasitələr və psixotrop maddəllərdən istifadə edirlər. xx.xx.2020-ci il tarixdə metamfetamin lazım olduğu üçün yəni, həm özü istifadə etməsi üçün həm də, Şəms adlı tanışına metamfetamin lazım olduğu üçün o, Sumqayıt şəhərində Elnur adlı tanışı ilə danışıb ona bildirmişdir ki, iki qram metamefetamin lazımdır. O, görüş yeri təyin etmiş və Elnurla “tarqovu” adlanan yerdə şərab evinin qarşısında görüşmüşdür. Elnur ondan iki qram metamafetaminə görə 145 manat pul istəmişdir, o da sonuncu isə razılaşaraq orada ona 145 manat pul vermişdir. Elnur sonuncudan pulu alaraq “Milliön” terminalı vasitəsi ilə həmin pulu harasa köçürmüşdür. Həmin gün axşam Elnurun dediyi yerdə yəni, Sumqayıt şəhərində yerləşən “Corat” bağlarından xatırlamadığı marketin divarının dibində qutunun içindən iki büküm metamfetamin olduğunu görüb götürərək cibinə qoyub taksi ilə yaşadığı evə gəlmişdir. Evə gələndə həmin bükümləri açanda görmüşdür ki, həqiqətən həmin bükümlərdə metamfetamin vardır. Həmin bükümləri yatdığı otağın dolabına qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əvvəlcə Rəşad, sonra isə Süsən, onun sevgilisi Anar sonuncunun kirayə yaşadığı mənzilə qonaq gəlmişlər. Onlar gələndən sonra aldığı metamfetminin bir hissəsini masanın üzərinə qoymuşdur. Hamısı həmin metamfetmindən istifadə etmişlər. xx.xx.2020-ci il tarixdə gecə saatlarında evin qapısının yanında tanışı Şəms adlı qadını görmüşdür, ona bildirmişdir ki, bir bükümdə bir qram metamfetmini ona verə bilər. O da ona bildirmişdir ki, oraya sevgilisi ilə gəlmişdir. Bundan sonra, o əlində zibil ilə birlikdə evdən metamfetmini götürüb əynində olan boz rəngli şortikinin sağ yan cibinə qoymuşdur. Bayıra çıxıb yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələr və psixotrop maddəllərin qanunsuz dövrüyəsində şübhəli olduğunu bildirərək onu 22-ci PŞ-nə dəvət etmişlər. O, da onlara etiraz etməyib onlarala birlikdə 22-ci PŞ-nə gəlmişdir. PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şortikinin sağ cibindən bir ədəd sellefon bükümdə metemfetamin aşkar edilmişdir. Bundan sonra, polis əməkdaşlarına izahat verərək evində digər şəxslərin yəni, Təqsirləndirilən şəxs, Dilarə Kərimova, Anar Allahverdiyev və Vüsal Kazımlının olduğunu və evdə üzərində aşkar olunan maddələrdən başqa maddələrin də olduğunu bildirmişdir. Bunan sonra ərizə yazaraq evə polis əməkdaşlari ilə birgə getmiş evdə olan digər şəxslər polis əməkdaşları tərəfindən polis şöbəyə gətirilmiş və evdən sonuncuya məxsus metamfetaminlə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin tərəzini Anarın sevgilisindən almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, ibtidai istintaq zamanı yazılmış olduğu ifadəni oxumadan imza etmiş və narkotik vasitəni tanışı Şəmsə 50 manata satmamış, ibtidai istintaq zamanı da bu formada ifadə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə bacısı Elnura Kərimovanın kirayə yaşadığı ünvan 4, mənzil 5 saylı ünvanda Təqsirləndirilən şəxs, X20 və X8 olan zaman Elnura Şəms ilə görüşmək məqsədilə evdən çıxaraq məhləyə düşmüşdür. Bir müddət keçdikdən sonra Elnura evə polislərlə birgə geri qayıtmışdır və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində hər birinin üzərinə şəxsi axtarış keçirilərək X15 üzərində narkotik vasitə heroin, onun üzərindən isə psixotrop maddə memafetamin aşkar edilərək götürülmüşdür. İş üzrə şahid X16 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində şahid X25 bildirmişdir ki, o, həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə Elnura Kərimovanın kirayə yaşadığı ünvan 4, mənzil 5 saylı ünvanda Təqsirləndirilən şəxs, X20 və X8 ilə olan zaman Elnura Şəms ilə görüşmək məqsədilə evdən çıxaraq məhləyə düşmüşdür. Bir müddət keçdikdən sonra Elnura evə polislərlə birgə geri qayıtmışdır və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində hər birinin üzərinə şəxsi axtarış keçirilərək onun üzərindən narkotik vasitə heroin, X11 üzərindən isə psixotrop maddə memafetamin aşkar edilərək götürülmüşdür. İş üzrə şahid X5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində şahid X8 bildirmişdir ki, o, bir neçə ildir marixuana adlanan narkotik vasitəni çəkərək istifadə edir lakin 3-4 aya yaxındır ki, el içində şüşə kimi tanınan psixotrop maddə metamfetamini çəkərək, qəbul edir. Təxminən 8-9 aydır ki, Təqsirləndirilən şəxs tanıyır. xx xxxxxx 2020-ci il tarixdə günorta radələrində Rəşad ***-***- **-** saylı mobil telefon nömrəsindən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, daha əvvəl bir dəfə gördüyü Elnura adlı qadının evinə dəvət etmişdir, onunla razılaşmışdır və bundan sonra təxminən saat 21 radələrində qeyri rəsmi münasibətdə olduğu Süsən Zülfüqarova ilə Elnuranın icarə tutaraq yaşadığı ünvan 4, mənzil 5 ünvanında yerləşən evinə gəlmişdir. Onlar gələn zaman Elnura, onun sevgilisi Vüsal, Elnuranın bacısı Dilarə və tanışı Rəşad da orda imiş. Vüsal və Dilarəni daha əvvəl tanımırmış onları ilk dəfə idi ki, görürmüş. Bundan sonra, Elnura onlara şüşə adlanan maddələri vermişdir və evdə olan hər bir şəxs, sonuncu da daxil omaqla lampoçka adlanan əşya ilə şüşəni çəkməyə başlamışlar. Həmin şüşədən əlavə Süsənin də çantasında şüşə var imiş amma haradan əldə etməsi barədə hər hansı məlumatı olmayıb. Narkotik vasitədən istifadə etdikdən sonra Rəşad onunla birlikdə Elnuranın evinin yaxınlığında yerləşən “Fidan" marketə getmişdir. Fidan marketdə onlar sular, şirniyyatlar, tum və siqaretlər almışlar. Həmin alınan əşyaların pulunu o ödəmişdir. Daha sonra onlar yenidən Elnuragilin yaşadığı evə qayıtmışlar. Evdə olarkən Elnura tanışı Şəms adlı qadının məhləyə gəldiyini bildirmiş və onunla söhbət etmək üçün həyətə düşmüşdür. Uzun müddət keçdikdən sonra Elnura evə polislərlə birgə geri qayıtmış və polislər onları izahat almaq məqsədilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan tünd boz şalvarının sağ cibindən saxladığı dəqiq çəkisini bilmədiyi metamfetamini bir ədəd bükümdə polislərə təqdim etmiş və hadisəni səmimi olaraq etiraf etmişdir ki, üzərindəki maddəni özü istifadə edir, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:25-də şübhəli şəxs qismində tutulmuşdur (i/v 24-25). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli şortunun qabaq sol cibindən ağ kristal rəngdə olan kağıza bükülmüş bir ədəd bükümü çıxarıb narkotik vasitə olduğunu deyib masanın üzərinə qoymuşdur. Həmin maddəni haradan və nə üçün aldığını soruşduqda bildirdi ki, Anar adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almışdır. ünvan 1-də dostları ilə istifadə etmişdir və həmin ünvana qonaq gəlmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. ilk öncə onun geyindiyi açıq boz rəngli şortunun ciblərinə və üzrərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd ağ kristal rəngli olan kağıza bükülmüş, içərisində şəffaf rəngli kristal formalı narkotik maddənin “Metamfetamin” olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükülüdə olan, içərisində şəffaf rəngli kristal formalı narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ağ kristal rəngli kağızda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “190” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirimiş, şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 44-50). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1570 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Təqsirləndirilən şəxs...” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdəki, ayrı-ayrılıqda xalis çəkiləri 0,290 qram və 0,480 qram, ümumi xalis çəkisi 0,770 qram olan maddələr psixotrop maddə-metamfetamindir (i/v 57- 61). - Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-485/2020 saylı qərarından görünür ki, ********* nömərli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i/v 100-102). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsi Ambulator X3 xx xxxxxxxx 2020-ci il tarixli, 2526 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 183-184). -“maddi sübut kimi tanınma haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda xalis çəkiləri 0,290 qram və 0,480 qram olmaqla ümumi xalis çəkisi 0.770 qram olan psixotrop maddə “Metamfetamin” iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0.720 qram qalıq qalmış hissəsi saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 169-170). -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 108). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 108,46 (yüz səkkiz manat 46 qırx altı qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,770 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,720 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Belə ki, cinayət işi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-354/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,770 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,720 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar