Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-98/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X3 və onun vəkili Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş və yol hərəkəti qaydalarını pozduqdan sonra yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 15 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ravon Nexia R3» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən işıqforun qarşısına çatdıqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, 37-ci maddəsinin 4-cü hissəsinin, yəni sürücü yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə svetoforun qadağanedici siqnalında avtomobili yolayrıcına daxil etməməli, svetoforun yaşıl işığında yolayrıcına daxil olan nəqliyyat vasitəsinin təhlükəsiz gəlib keçməsini təmin elməli və hərəkət üçün təhlükə şəraiti yaratmamalıdır kimi tələblərini pozaraq qanunun göstərilən tələblərinə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtomobillə işıqforun qırmızı işığından 5-10 km/saat sürətlə yolayrıcına daxil olaraq yol hərəkəti qaydalarını pozması səbəbindən Həsən Əliyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Renault Megane” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət istiqamətində işıqforun yaşıl işığından keçməklə yolayrıcına daxil olması və onun idarə etdiyi avtomobili yol ayrıcında qarşısında dayandığını görüb toqquşmanın qarşısını almaq üçün sükanı sola istiqamətləndirərkən idarəetməni itirib yolun sol tərəfində olan daş divara çırpılması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 kəllənin açıq küt travması, sol təpə və sol gicgah sümüyünün yerini dəyişməyən xətti sınığı, sınıq proyeksiyasında baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, yumşaq toxumalarda qansızma, baş beynin və ağ ciyərin ödemi, daxili orqanların doluqanlılığı, sol qaşüstü nahiyədə, burnun tinində, alın nahiyəsində sağda, təpə nahiyəsində sağda və ortada, ənsə nahiyəsində yaralar, burnun tinində, sol çiyin qurşağı proyeksiyasında və sağ diz oynağının iç səthində sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq çoxsaylı küt travma nəticəsində baş beyin toxumasına qansızmadan həmin gün ölümünə və eləcə də “Renault Megane” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 8615 manat məbləğində maddi ziyan vurulmasına, sonuncunun idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün tipik yerinin yerdəyişən sınığı, sol qalça sümüyünün xətti, hər iki qasıq və oturaq sümüklərinin qapalı yer dəyişən sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, sağ gicgah və sağ diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığına az ağır zərər vurulmasına, avtomobilin divara çırpıldıqdan sonra arxaya doğru hərəkət edərək Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Tucson" minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində Zərərçəkmiş şəxs2 1590 manat maddi ziyan vurmuş, yol hərəkəti qaydalarını pozduqdan sonra şəxsiyyəti barədə zəruri məlumatları zərər çəkmişə bildirmədən, hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının gəlməsini gözləmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksiçilik fəaliyyəti ilə məşğul olur. 15 dekabr 2020-ci il tarixdə təxminən saat 10:15 radələrində «Bolt» şirkətindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindən Nizami metrosunun yaxınlığına sifariş verilmiş, verilmiş sifariş üzrə tanımadığı şəxs Hüseynbala Əliyev küçəsində müştəri qismində idarə etdiyi avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmiş və o, avtomobili idarə etməyə başlamışdır. Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətdə avtomobili təxminən 20-30 km/saat sürətlə idarə etmiş, Azər Əliyev küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkətdə olduğu hissədə işıqforda qırmızı işıq yandığından o avtomobili saxlamış, işıqforda yaşıl işığın yanmasını gözləmişdir. Təxminən bir neçə saniyədən sonra yaşıl işıq yandığını görəndə idarə etdiyi avtomobillə hərəkət etməklə yolların kəsişməsinə daxil olmuş, həmin anda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilin idarəetməni itirərək sola istiqamət alıb yolun sol tərəfindəki daş divara çırpıldığını görmüşdür. O, özünün qırmızı işıqda keçdiyini bilməmişdir. Belə ki, həmin yerdə işıqforlar çarpaz olmuş, qırmızı işıqla yaşıl işıq yanbayan olmuş, gözü yaşıl işığa sataşmış, yolun boş olduğunu görüb keçmişdir. İşıqforun qırmızı işığında keçdiyinə görə ona 40 manat cərimə də yazılmışdır. Qəza baş verdiyini görəndən sonra o, avtomobilini saxlamış, bir vətəndaş kimi düşüb köməklik etmişdir. O, qəza edən avtomobilə yaxınlaşmış, sürücünü avtomobildən düşürmüş, gödəkçəsini çıxardıb başının altına qoymuş, üzünə su vurmuş, onun avtomobilində olan sərnişin təcili tibbi yardıma zəng etmişdir. Sürücü maşından düşəndən sonra yerdə keçinmişdir. Avtomobildə olan xanımı da ətrafdakı şəxslər maşından düşürmüşlər. O, hadisə yerində 10-15 dəqiqə qaldıqdan sonra təqsirkar olmadığını fikirləşib hadisə yerini tərk etmişdir. Həmçinin özünü təqsirli bilmədiyindən heç bir yerə məlumat da verməmişdir. İki gün sonra Nəsimi Rayon Polis İdarəsindən ona zəng etmişlər. İdarədə onun izahatı alınmış, maşınını da 10 gün orada saxlamışlar ki, görək maşına toxunma olub, ya yox. İzahatını alandan sonra onu buraxmışlar. Törədilmiş hadisədə onun heç bir təqsiri olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qardaşı olmuşur. Hadisə olan vaxt o, Azərbaycanda olmamış, hadisə barədə ona xalası oğlu zəng edərək məlumat vermiş, Emilin avtoqəza törətdiyini və dünyasını dəyişdiyini bildirmişdir. O, Azərbaycana qayıtdıqdan sonra tam olaraq nə baş verdiyini öyrənmişdir. Müstəntiq ilə danışıqlar zamanı da müəyyən olunmuşdur ki, hadisədən 10 gündən artıq vaxt keçəndən sonra təqsirləndirilən şəxs müəyyən olunaraq istintaq orqanına çağırılmışdır. Cinayət Məcəlləsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə istəməyərəkdən şəxsin ölümünə səbəb olmaqdır. Əgər şəxs bu əməli istəməyərəkdən törədibsə, bunu heç olmasa zərər çəkmiş şəxsin ailəsinə qarşı münasibəti ilə bildirərdi. Lakin təqsirləndirilən şəxs dünyasını dəyişmiş zərər çəkmiş şəxsin ailəsinə heç bir maddi və mənəvi dəstək olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs onlara yaxınlaşmamış, bu hadisənin iştirakçısı olduğunu bildirməmişdir. Özünü günahkar bilməməsi təqsirli olmaması demək deyil. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini xahiş etmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X4 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus “Renault Megane” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8615 (səkkiz min altı yüz on beş) manat maddi ziyanın, dəfn mərasiminə sərf olunmuş 5000 (beş min) manat pulun, məzarüstü daşın hazırlanmasına görə tələb olunan 3800 (üç min səkkiz yüz) manat pulun, birdəfəlik müavinət qaydasında 100000 (yüz min) manat məbləğində pulun, mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 15 dekabr 2020-ci il tarixdə, səhər saat 10:00 radələrində o, özünə məxsus olan «Hyundai Tucson» minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində olan işıqfora yaxınlaşarkən digər tərəfdən gələn bir maşın qırmızı işıqda keçib yola girmiş, bu zaman qarşıdan gələn əks hərəkət zolağı ilə hərəkətdə olan “Renault Megane” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı maşın idarəetməni itirərək avtomobillə yolun onun hərəkətdə olduğu hissəsinə keçib idarə etdiyi avtomobilin qarşısından keçməklə işıqforun olduğu daş divara çırpılmışdır. Həmin avtomobil divara dəyəndən sonra yandan onun avtomobilinə dəymişdir. O, avtomobilini yerində saxlamış, avtomobildən düşəndən heç 3-4 dəqiqə keçməmiş, Post Patrul Xidmətinin maşını gəlmiş, polis idarəsinə və təcili tibbi yardım xidmətinə zəng etmişlər. Təcili tibbi yardım maşını gec gəlmişdir. Avtomobil divara dəyən yerin arxası dayanacaq idi, oradan da bir-iki nəfər gəlmişdir. Qəzaya səbəb olan maşın sürüb getmiş, onun avtomobilinə zərər dəydiyindən o gözləmişdir. O, saat 3-ə qədər orada olmuş, lakin təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir. Sonra Nəsimi Rayon Polis İdarəsindən polis əməkdaşları gəlmişdir. Hadisədən 10-12 gün sonra müstəntiq ona zəng edib qəzaya səbəb olan şəxsin tapıldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə olan gün Yasamal rayonu ərazisinə diş həkiminə gedirdi və bunun üçün “2111” taksi xidməti vasitəsilə taksi çağırmışdır. Taksi sürücüsü Zərərçəkmiş şəxs3 idi. Onun getdiyi ünvana çatmağa az qalmış dörd yol ayrıcında ağ maşın keçmiş və bu zaman onun olduğu maşın bir neçə dəfə silkələnmiş və sonra divara çırpılmışdır. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almış, lakin özündə güc toplayaraq avtomobilin qapısını açıb aşağı düşmüşdür. Hadisə yerinə tanımadığı şəxslər toplaşmış, həmin şəxslərin köməkliyi ilə o, hadisə yerinə yaxın bir yerdə oturaraq təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmişdir. Ətrafdakı şəxslər ona hadisəyə bir maşının səbəb olduğunu və həmin maşının sürücüsünün maşını sürüb getdiyini bildirmişlər. O özü də təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir, əgər görsəydi tanıyardı. O, onkoloji xəstədir və bu hadisədən sonra sağlamlığında bir çox problemlər yaranmış, xeyli xərcə düşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxslə şəxsi tanışlığı yoxdur. O, hadisə baş verən gün işə getmək məqsədilə taksi sifariş etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil taksi qismində gəlmiş, həmin avtomobilin arxa oturacağında əyləşmişdir. Telefonla məşğul olduğundan hadisənin tam dəqiq necə baş verdiyini görməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yol ayrıcını, işıqforu keçmiş, o vaxt qəza baş vermişdir. Digər tərəfdən gələn avtomobil divara çırpılmışdır. Təqsirləndirilən şəxs avtomobili saxlamış, onlar maşından düşmüşlər. Təqsirləndirilən şəxs qəza edən avtomobilin sürücüsü sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 avtomobildən düşürmüş, o da təcili tibbi yardım xidmətinə zəng etmiş və bir neçə dəqiqədən sonra hadisə yerindən uzaqlaşmışlar. Onlar orada olan müddətdə hadisə yerində polis əməkdaşı olmamış və onlar özləri haqqında heç kimə məlumat verməmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 qardaşıdır. 27 sentyabr 2020-ci il tarixində Qarabağ müharibəsinə getmiş, qardaşı Emil onu yola salmışdır. Dekabr ayının 15-də komandir onu çağırmış və məzuniyyətə getməli olduğunu demişdir. O, getmək istəməmiş, lakin onu məcbur bir həftəlik məzuniyyətə göndərmişlər. Ayın 16-sı o, Bakıya gəlmiş, hadisə barəsində yolda bilmişdir. Qardaşının dəfnindən sonra o, hadisə yerinə getmiş, yaxınlıqdakı binada olan sakinlər ilə, orada olan taksi sürücüləri, meyvə-tərəvəz satan şəxslərlə görüşmüş, hadisə barədə soruşmuşdur. Ona bildirmişlər ki, qırmızı işıqda taksi keçdiyindən Emil idarəetməni itirmiş və avtomobil divara dəymişdir. Həmçinin, qırmızı işıqda keçən taksi sürücüsünün hadisə yerini tərk edib getdiyini demişlər. O, müstəntiqin yanına getmiş, orada ona qəzaya səbəb olan şəxsin şəxsiyyəti müəyyən olunandan sonra məlumat veriləcəyi deyilmişdir. Sonra o, yenidən müharibəyə getmişdir. O, Bakıda olan zaman təqsirləndirilən şəxs onlara getməmiş və maraqlanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 15.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.213); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15.12.2021-ci il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu H.Əliyev küçəsi ilə A.Əliyev küçəsinin kəsişməsində baş vermişdir, yol-nəqliyyat hadisəsinin baş verdiyi yol asfalt örtüklü olmaqla quru, üfiqi və hamar olmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 5 metrdir. «Renault Megane» minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət hissəsinin sol tərəfində yerləşən divara çırpılaraq dayanmış, «Renault Megane» markalı avtomobilin arxa hissəsi H.Əliyev küçəsində C.Məmmədquluzadə küçəsi istiqamətində dayanmış, “Hyundai Tucson” minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəymiş vəziyyətdədir (İ cild, i.v.7-19); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 15.12.2021-ci il tarixli, 150 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər-hər iki ağciyərin cırılmış yarası, ağciyərlərə və diafraqmaya qansızmalar, sağdan İİ, İİİ, İV, V, V İ qabırğaların, soldan İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, alın və burun nahiyələrinin sıyrıqları, hər iki diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs3 ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 15.12.2020-ci il tarixdə əmələ gəlmişdirlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb hər iki ağciyərin cırılmış yarası, sağdan İİ, İİİ, İV, V, Vİ, soldan İV, V. Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları nəticəsində baş vermiş travmatik və hemorraqik şok olmuşdur. Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (15.12.2020-ci il tarixdə saat 13:00-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil. etil, propil. butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (İ cild, i.v.68-71); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 29.01.2021-ci il tarixli, 60 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər-sağ mil sümüyünün tipik yerinin yerdəyişən sınığı, sol qalça sümüyünün xətti, hər iki qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, sağ gicgah və sağ diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi vardım üçün Bakı Baş Sİ-nin 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 15.12.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsvir hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.86-88); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2021-ci il tarixli, 8/523 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Ravon Nexia R3” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin avtomobillər arasında toqquşma baş vermədiyindən “Ravon Nexia R3” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla “Renault Megane” markalı avtomobilin maneəni vuraraq “Hyundai Tucson” markalı avtomobillə toqquşması hadisəsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (İ cild, i.v.101-106); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli, 9/1070 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Renault» servis mərkəzi tərəfindən tərtib edilmiş 05.03.2021-ci il qüsur aktında olan məlumatlara əsasən, 2006-cı il buraxılışlı, açıq qızılı metalik rəngli, «Renault Megane» markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hal-hazırki orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvaliq hesablanmaqla 8615.00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 6265.00 manat, təmir-bərpa işlərinin qiyməti - 2350.00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5888.00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3538.00 manat, təmir-bərpa işlərinin qiyməti - 2350,00 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.107-113); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli, 9/1071 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Hyundai Gənclik» servis tərəfindən tərtib edilmiş 05.02.2021-ci il qüsur aktında olan məlumatlara əsasən 2007-ci il buraxılışla, qara rəngli, «Hyundai Tucson» markalı, **-TD- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hal-hazırki orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanılmaqla 1590.00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti-1030,00 manat, təmir-bərpa işlərinin qiyməti - 560.00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma təlbiq edilməklə 1416.00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 606.00 manat, təmir-bərpa işlərinin qiyməli - 810.00 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.118-123); - “Sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 idarə etdiyi “Renault Megane” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə təhvil verilmişdir (İ cild, i.v.157-168); - Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi ilə A.Əliyev küçəsinin kəsişməsində olan müşahidə kamerasındakı yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 idarə etdiyi «Renault Megane» minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt Nəsimi rayonu, A.Əliyev küçəsi ilə Təqsirləndirilən şəxs «Ravon Nexia R3» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək H.Əliyev küçəsi ilə kəsişmədə işıqforda qırmızı işıq yandığından avtomobili saxlamış, lakin daha sonra işıqforda qırmızı işıq yandığı halda avtomobili qarşı tərəfə doğru hərəkət etdirərək küçələrin kəsişməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobillə H.Əliyev küçəsi ilə hərəkətini davam etdirərək A.Əliyev küçəsinin kəsişməsinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs idarə etdiyi «Ravon Nexia R3» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yenidən ani olaraq yolun hərəkət istqamətinə doğru hərəkət etdirmiş, Zərərçəkmiş şəxs3 idarə etdiyi «Renault Megane» minik markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmaması üçün avtomobili sola istiqamətləndirmiş, bundan sonra avtomobilin idarəetməsini itirərək sol tərəfdə olan daş divara çırpılmışdır. Daha sonra zərbə nəticəsində avtomobilin arxa tərəfi H.Əliyev küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəymişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.98). - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 02.01.2017-ci il və 03.05.2018-ci il təvəllüdlü 2 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, baş vermiş yol-nəqliyyat hadisəsində heç bir təqsiri olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi zərər çəkmiş şəxsin hüquqi varisinin və digər zərər çəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmətibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi prinsipi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 14 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Renault Megane” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı və “Ravon Nexia R3” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X4 tərəfindən verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 26-cı bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə qeyd edir ki, X4 mülki iddia verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus “Renault Megane” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8615 (səkkiz min altı yüz on beş) manat maddi ziyanın, dəfn mərasiminə sərf olunmuş 5000 (beş min) manat pulun, məzarüstü daşın hazırlanmasına görə tələb olunan 3800 (üç min səkkiz yüz) manat pulun, birdəfəlik müavinət qaydasında 100000 (yüz min) manat məbləğində pulun, mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 263.2-ci maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Renault Megane” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı və “Ravon Nexia R3” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumi xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi mülki iddiaçı X4 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-98/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-98/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver