Məhkəmə qərarları › İş №1(006)-99/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-99/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-99/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 07 avqust 2000-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar bağlarında fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 16 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi ilə 28 May küçələrinin kəsişməsində olarkən, 28 May küçəsi istiqamətində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs və sonuncunun əmisi oğlu Şahid yaxınlaşıb aralarında olan rolların bölgüsünə görə o, Şahidlə ünsiyyət quraraq öz niyyətlərinin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə sonuncunu oradan uzaqlaşdırmış, Elvin Mehdiyev isə Zərərçəkmiş şəxs mağazadan su almasını xahiş etmiş, Zərərçəkmiş şəxs su alması üçün cibindən 1 manat pul çıxararaq təqdim edərkən Elvin Mehdiyev guya vətəndaşların mərhəmət hissini yoxlamaq üçün sosial eksperiment keçirdiklərini bildirib Zərərçəkmiş şəxs üzərində olan pulları göstərməsini təklif etdikdə, sonuncu cibində olan 120 manat pulu çıxaran zaman X6 Əsədullayevin əlində olan 120 manat pulu götürüb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb əmlaka əlçatantlığı təmin etmək məqsədilə hər ikisi hadisə yerindən qaçıb uzaqlaşmaqla həmin pulu birlikdə xərcləməklə özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 120 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Elvin adlı dostu ilə birlikdə 16.09.2021-ci il tarixdə Nəsimi rayonu, 28 May metrosu yaxınlığında olan zaman gündəlik xərcləməyə pulları qalmamışdı. Bundan sonra onlar planlaşdırmışlar ki, tanımadıqları şəxslərə yaxınlaşıb onlardan sosial eksperiment adı ilə pul istəsinlər. Bundan sonra, 16.09.2021-ci il tarixdə, saat 00:30 radələrində R.Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsi istiqamətində olarkən onlar iki nəfərə yaxınlaşmışlar. Elvin onlardan birinə, o isə digərinə yaxınlaşmış və yaxınlaşdığı şəxsə demişdir ki, ona su ala bilər? Həmin şəxs də, onunla razılaşmış, ona su ala biləcəyini demiş, o isə həmin şəxsə artıq ehtiyac olmadığını deyib ona 50 manat pul vermək istəmiş, ona bunun sosial eksperiment olmasını bildirmiş, lakin, həmin şəxs pulu götürməkdən imtina etmişdir. Daha sonra o, həmin şəxsdən cibində nə qədər pul olmasını soruşmuş, həmin şəxs də cibində pul olmadığını demişdir. Təxminən onların arasında 5 dəqiqə söhbət olmuş, həmin şəxsdən pul almamışdır. Elvin də digər şəxslə söhbət etmiş, lakin onların söhbətlərini eşitməmiş və Elvinin zərərçəkmiş şəxsdən pul almasını görməmişdir. Biraz sonra Elvin digər şəxslə sağollaşıb ona yaxınlaşmışdır. Həmin şəxslərdən aralaşdıqdan sonra Elvin ona demişdir ki, digər şəxsin 120 manat pulunu alıbdır. Elvinin sözündən sonra o, narahat olmuş və Elvinə bunun cinayət olduğunu və pulu geri qaytarmağını demiş, lakin Elvin onunla razılaşmamışdır. Bundan sonra onlar gedərək həmin pulu maddi ehtiyaclarına xərcləmişlər. Sonra isə o, Elvindən ayrılaraq yaşadığı ünvana getmişdir. 20.09.2021-ci il tarixdə, saat 15:00 radələrində Elvinlə 28 May metrosu yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşan zaman Elvin qorxub qaçmış, o, isə polis əməkdaşlarına təslim olmuş və daha sonra onu polis şöbəsinə gətirmişlər. Həmin şəxslərə yaxınlaşan zaman onların üzərində bıçaq və ya qanunla qadağan olunmuş əşya olmamışdır. İfadəsinin sonunda əməlində soyğunçuluq cinayətinin olmadığını, niyyətləri yaxınlaşdıqları şəxsləri aldadıb onların pullarını ələ keçirmək olduğunu, ailəsinin yeganə gəlir gətirən şəxsi olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Sentyabr ayının 15-dən 16-na keçən gecə saat 00:30 radələrində əmisi oğlu Ülviylə birlikdə R.Behbudov küçəsi ilə 28 May küçəsi istiqamətində hərəkət edərkən, həmin küçələrin kəsişməsinə doğru, piyadalar üçün nəzərdə tutulan səkidə əvvəllər tanımadığı iki nəfər şəxs onları səsləmişdir. O, həmin şəxslərdən birinə, Ülvi isə digər şəxsə yaxınlaşmışdır. Həmin şəxslər onlardan su almalarını istədikləri üçün, o, cibindən 1 manat pul çıxarıb yaxınllaşdığı şəxsə vermək istəmiş, lakin həmin şəxs bunun sosial eksperiment olduğunu və onların pula ehtiyacının olmadığını demişdir. Bundan sonra onun söhbət etdiyi şəxs ona 5 manat uzadaraq götürməsini demiş, o, isə onun puluna ehtiyacının olmadığını demişdir. Bundan sonra həmin şəxs onun cibində nə qədər pul olduğunu soruşduqda, o cibində olan 120 manat pulu çıxarıb ona göstərən zaman həmin şəxs, onun sağ əlindəki pulları ovucunun içindən götürüb və ona buradan uzaqlaşmağını demişdir. O, da həmin şəxsin hərəkətindən qorxmuşdur, belə ki, onunla söhbət edən zaman həmin şəxsin sağ, iç ciblik hissəsində bıçağın olduğunu görmüşdür. Həmin şəxs bıçağı onun üzərinə çıxartmamışdır. Sadəcə olaraq bıçağı onun cibində gördüyü üçün ondan ehtiyatlanmışdır. Həmin şəxs pulu götürdükdən sonra heç bir şey deməyərək onunla sağollaşmış, daha sonra Ülvi də digər şəxslə sağollaşıb yanına gəlmişdir. Bundan sonra o, əmisi oğlu ilə təxminən 20 metr yollarına davam etdikdən sonra həmin şəxslər onlardan əks istiqamətdə yolu keçib getmişlər. Onları görmədikdən sonra o, əmisioğlu Ülviyə həmin şəxsin onun 120 manat pulunu götürdüyünü demişdir. İlk öncə onlar yaxınlıqdakı post patrul maşınına yaxınlaşmışlar, lakin polislər onlara ərazi üzrə polis bölməsinə getmələrini bildirmişlər. Bundan sonra o, Ülvi ilə birlikdə 102 xidmətinə zəng vurmuş və yaxınlıqda olan 22-ci Polis Şöbəsinə müraciət etmişlər. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 16.09.2021-ci il tarixdə, gecə saat 00:00-dan 00:30 radələrində əmisi oğlu Abdulla ilə Sahil metrosundan Axundov kitabxanası istiqamətində irəliləyərəkən iki nəfər şəxs onlara yaxınlaşaraq salam verib, onlar üçün su almalarını istəmişlər. Abdulla onlardan biri ilə, o isə digəri ilə söhbət etməyə başlamışdır. Əmisi oğlu ilə söhbət edən şəxs onun sağ çiyni istiqamətində arxa tərəfində dayanmışdır. Bundan sonra o, su almaq üçün Təqsirləndirilən şəxs pul vermiş, o isə pulu götürməyərək bunun sosial eksperiment olduğunu və onların ehtiyacı olan şəxslərə kömək etdiklərini bildirmiş və ona əvəzində 50 manat pul uzatmış, o isə pulu götürməkdən imtina etmişdir. Daha sonra həmin şəxs pulu məcbur ovucuna sıxışdırmaq istəmiş, lakin, o isə bildirmişdir ki, onun pula ehtiyacı yoxdur, verdiyi pulu qəbul edə bilməz. Daha sonra ondan cibində nə qədər pul olmasını soruşmuş, o da ona cibində pulunun az olduğunu demişdir. Bundan sonra əmisi oğlu ilə söhbət edən şəxs onlara yaxınlaşaraq haralı olduqlarını soruşmuş, onlar isə Cəlilabaddan olduqlarını demişlər. Daha sonra onlar sağollaşıb həmin şəxslərdən uzaqlaşmışlar. Onlar yoluna davam edərkən Abdulla ona bildirmişdir ki, onunla danışan şəxs onun 120 manat pulunu almışdır. Lakin cibində olan bıçağı gördüyü üçün ona reaksiya verməmişdir. Bundan sonra həmin şəxslərə çönüb baxmış, lakin, onlar ətrafda artıq olmadıqlarını görmüş, ilk öncə onlar yaxınlıqdakı post patrul maşınına yaxınlaşmışlar, lakin polislər onlara ərazi üzrə polis bölməsinə getmələrini bildirmişlər. Bundan sonra polis orqanlarına müraciət etmək qərarına gəlmişdirlər. İş materiallarında olan 16.09.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsidir (i/v 11-14). İş materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Şahid ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (i/v 69-74). İş materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmiş və ifadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid ilkin olaraq görüşdükləri, hadisənin baş verdiyi ünvan kimi qeyd olunan yer, ünvan 1 ilə 28 May küçəsinin kəsişməsində yerləşən piyada üçün nəzərdə tutulmuş səkidir (i/v 186-190). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Nizami rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 1(007)-284/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubikası CM-nin 70ci maddəsinə əsasən təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə barəsində 01 il 6 ay ay sınaq müddəti müəyyən edilmiş və 12 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (i/v 12-123, 155-173). İş materiallarında olan baxış keçirilməsi barədə 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, görüntülərdə əks olunan yer Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsidir. Videogörüntüyə baxış zamanı həmin görüntüdə hadisə vaxtı hadisənin baş verdiyi ərazidə X3 zərərçəkmiş şəxs Abdulla Əsəsdullayevin arxasından getməsini və hadisəni törətdikdən sonra Təqsirləndirilən şəxs qaçaraq hadisə yerindən uzaqlaşması müşahidə olunur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu etiraf etmiş və görüntünün əks olunduğu vaxtda sonradan şəxsiyyəti ona məlum olan vətəndaş Zərərçəkmiş şəxs qarşı X4 ilə birlikdə soyğunçuluq etdiyini bildirmiş və əməlindən peşman olduğunu qeyd etmişdir (i/v 196). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 55). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.09.2021-ci il tarixli 4(006)-408/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (i/v 100-104). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 105). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.10.2021-ci il tarixli 4(103)-600/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.09.2021-ci il tarixli 4(006)-408/2021 saylı qərarından Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır (i/v 150-153). İş materiallarında olan “Axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanının qarşısında yaxalanmışdır (i/v 174). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12.11.2021-ci il tarixli 4(006)-496/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 197-201). İş materiallarında olan “sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə vaxtı hadisənin baş verdiyi ərazidə X3 zərərçəkmiş Zərərçəkmiş şəxs arxasından getməsini və hadisəni törətdikdən sonra Təqsirləndirilən şəxs qaçaraq hadisə yerindən uzaqlaşmasını əks etdirən yerli kameralar vasitəsilə qeydiyyata alınmış videogörüntülər qeyd olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, X3 olduğu yerinin müəyyən edilməməsi səbəbindən barəsində axtarış elan edildiyindən və sonuncu barəsində cinayət işinin CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılması zərurətindən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasının təmin edilməsi üçün icraatda olan ********* nömrəli cinayət işinin materiallarından X4 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata alınması qərara alınmışdır (i/v 203-211). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Nəsimi RPİ-nin İstintaq şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası Zemfira Məmmədova tərəfindən ona dəymiş 120 manat maddi ziyan tam şəkildə ödənilmişdir. İş üzrə mülki iddia və şikayəti yoxdur (i/v 202). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı X4 ilə birlikdə soyğunçuluq etmək niyyətlərinin olmadığını və onlara qarşı heç bir zorakılıq hərəkətlərini etmədiklərini, həmin şəxsləri sosial eksperiment adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirdiklərinə dair verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidin ifadəsi, videogörüntüyə baxış keçirilməsi, üzləşdirmə aparılması, ifadənin yerində yoxlanılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanımış 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-623/2021 saylı, 27 dekabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28 dekabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar