Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-99/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən kreditor borclarını ödəməkdən qəsdən yayınmışdır. Belə ki, o, 169246,00 ABŞ dollar əsas borc, 24744,00 ABŞ dollar faiz borcu, 21790,00 ABŞ dollar cərimə borcu, cəmi 215780,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində kredit borcunu "xxxx" X3 xeyrinə ödəməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 yanvar 2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsinin icasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin 15 may 2023-cü il tarixli, 3(006)-2407/2023 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, kreditor borclarını ödəməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 15 may 2023-cü il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq həmin tarixdən şəxsi maraq niyyəti ilə məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən külli miqdarda kreditor borclarını ödəməkdən qəsdən yayınaraq zərərçəkmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həmin məbləğdə maddi ziyan vurmaqla iqtisadi fəaliyyət sahəsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin sentyabr ayınadək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı poliklinikada həkim-ginekoloq işləmiş, sonradan tutduğu vəzifə üzrə ştat ixtisara düşdüyü üçün heç yerdə işləməmişdir. 25 dekabr 2007-ci ildə "xxxx" X1 173000,00 ABŞ dolları məbləğində üzərinə illik 16% kredit hesablanmaqla ünvan 1 ünvanda yerləşən mənzili ipoteka ilə almış, aldıqdan sonra 30 min dollar kreditdən ödəniş etmiş, sonradan mənzilin kreditini ödəyə bilmədiyi üçün "xxxx" İKB ona qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 26 yanvar 2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsi ilə iddia təmin edilərək bank ilə bağlanmış 25 dekabr 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və ondan 169246,00 ABŞ dollar əsas borc, 24744,00 ABŞ dollar faiz borcu, 21790,00 ABŞ dollar cərimə borcu, cəmi 215780,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pul vəsaiti tutulması, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11-də yerləşən, 54 saylı mənzilin açıq hərracda satılaraq oradan əldə ediləcək vəsait hesabına "xxxx" İKB-a olan borcunun ödənilməsi qət edilmişdir. Bununla əlaqədar, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə kredit borcunu ödəməsini tələb etmiş, o, isə mülkiyyətində olan torpağın və qeyd olunan mənzilin satılaraq kredit borcunun ödənilməsini təmin etməyə çalışsa da, həmin torpaq və məznilin üzərində həbs olduğundan məqsədini həyata keçirə bilməmişdir. Belə ki, mənzilin satılması ilə bağlı alıcı tapsa da, sonradan həmin alıcı mənzilin üzərinə həbs qoyulduğunu bilərək qeyd olunan mənzilin alınmasından imtina etmişdir. Bundan əlavə, Şamaxı rayonunda olan torpaq sahəsinin satılması məqsədilə həmin torpaqları müxtəlif vaxtlarda həm öz adına, həm də yaxın qohumunun adına keçirsə də, qeyd olunan torpaq sahəsinin satılması mümkün olmamışdır. Onun kredit borcunu ödəyə bilməməsinin əsas səbəbi maddi vəziyyətinin ağırlaşması, həmçinin yaxın qohumlarının səhhətində olan problemlər olmuşdur. O müxtəlif vaxtlarda bank nümyəndələri ilə görüşsə də, ona heç bir güzəşt edilməmiş, yalnız borcun nağd şəkildə ödənişinin edilməsini tələb etmişlər. O, isə müxtəlif vaxtlarda həmin borc məbləğindən 5000 manat ödəniş etmiş, qalan məbləği isə ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edildiyini, tərəfindən banka 145.000 (yüz qırx beş min) manat ödəniş etdiyini, qalan borcun isə bank tərəfindən güzəşt edilməsi barədə qərar qəbul olunduğunu və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 25 dekabr 2007-ci ildə "xxxx" İKB-dan 169246,00 ABŞ dolları məbləğində üzərinə illik 16% kredit hesablanmaqla ünvan 1 ünvanda yerləşən mənzili ipoteka ilə almış, mənzilin kreditini sonradan ödəməkdən boyun qaçırdığı üçün "xxxx" İKB ona qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 26 yanvar 2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsi ilə iddia təmin edilərək bank ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və ondan 169246,00 ABŞ dollar əsas borc, 24744,00 ABŞ dollar faiz borcu, 21790,00 ABŞ dollar cərimə borcu, cəmi 215780,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pul vəsaiti tutulması, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11-də yerləşən, 54 saylı mənzil açıq hərracda satılaraq oradan əldə ediləcək vəsait hesabına "xxxx" İKB-a olan borcunun ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurları məşğul olaraq tələbin könüllü təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələbi təmin etmədiyi üçün məcburi icra tədbiri olaraq sonuncuya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11-də yerləşən 54 saylı mənzilin hərraca çıxarılması məqsədilə qiymətləndirici dəvət edilməsi haqqında 08 iyun 2015-ci il tarixli qərar qəbul edilmiş, qərarın icrası "xxxx" MMC-yə həvalə edildikdən sonra həmin mənzilin qiymətləndirilməsi təmin edilərək 125000,00 manat müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs qiymətləndirmənin nəticəsindən narazı qaldığı üçün icra məmurları tərəfindən hərracın keçirilməsi mümkün olmamışdır. Bundan sonra o, "xxxx" İKB-a olan külli miqdarda kredit borcunu ödəməkdən qəsdən yayınmaq məqsədilə həmin məhkəmədə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11-də yerləşən 54 saylı mənzilin üzərindəki ipotekaya xitam verilməsinə dair iddia qaldırmış, məhkəmənin 01 iyul 2019-cu il tarixli, 2(006)-2845/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək "xxxx" İKB ilə onun arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, icra məmurları tərəfindən məcburi icra tədbirlərinin davamı olaraq onun əmlak vəziyyəti yoxlanılmışdır. Lakin ona məxsus Şamaxı rayonu, Avaxıl kəndində 0.50 ha örüş otlaq və 0.5920 ha əkin üçün təsərrüfat təyinatlı torpaq sahələrindən başqa əmlak aşkar olunmamış, borcluya məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən kreditor borcunu ödəməsi ilə əlaqədar dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək kredit borcunu ödəməkdən imtina etdiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 3(006)-2407/2023 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və həmin məhkəmə qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvədə olan 26 yanvar 2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsinə əsasən 215780,00 ABŞ dolları məbləğində kreditor borclarını ödəməkdən qəsdən yayınmaqla "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. O dəfələrlə şəxsən Təqsirləndirilən şəxs ilə görüşmüş, hətta sonuncuya müəyyən güzəştlər təklif etməklə kredit borcunun ödənilməsi üçün şərait yaratsa da, sonuncu kredit borcunun ödənilməsindən imtina etmişdir. Təqsirləndirilən şəxs müəyyən alıcının tapılaraq evin satılması və əldə edilmiş təxminən 165000 manat məbləğdən 150000 manatının kredit borcuna ödənilməsi, qalan məbləğin isə müəyyən güzəştlərlə ödənilməsi üçün təklif etmişdir, lakin Təqsirləndirilən şəxs ilə aparılmış dialoqlar uzun müddət davam etsə də, sonuncu ilə razılıq əldə edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs 5000 manat ödəniş etmiş və 145000 manat borcun daha sonra ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, 28 may 2015-ci il tarixdə cəmi 215780,00 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11-də yerləşən, 54 saylı mənzil açıq hərracda satılaraq oradan əldə ediləcək vəsait hesabına "xxxx" İKB-a olan borcunun ödənilməsinə dair icra sənədi Nəsimi rayon İcra Şöbəsinə daxil olmuşdur. Daha sonra 01 iyul 2019-cu il tarixli, 2(006)-2845/2019 saylı məhkəmə qətnaməsi ilə "xxxx" İKB ilə Təqsirləndirilən şəxs arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmişdir. 2020-ci ildən etibarən icra işi onun icraatında olmuşdur. Dəfələrlə Təqsirləndirilən şəxs Nəsimi rayon İcra Şöbsinə çağırılmış və icra şöbəsinə gəlmədiyinə görə sonuncu barsində axtarış elan olunmuş və həmin axtarışın icrası Nəsimi rayon Polis İdarəsinə həvalə edilmişdir. Bu günədək Təqsirləndirilən şəxs özünün deməsinə görə 200 manat ödəniş etdiyini bildirsə də, rəsmi olaraq hər hansı qəbz təqdim etməmişdir. Şamaxı rayonu ərazisində Təqsirləndirilən şəxs torpaqları müəyyən edilmiş, həmin torpaqların satılaraq kredit borcunun ödənilməsinə şərait yaradılsa da, sonuncu tərəfindən həmin torpaqlar sonradan satılmamışdır. Daha sonra 2023-cü ildə həmin torpaqların üzərinə həbs qoyulmuşdur. Belə ki, qeyd olunan torpaqlar kənd təsərrüfatı təyinatlı olduğundan, həmçinin 1 hektardan aşağı olduğuna görə icra sənədi üzrə ödənişin edilməsi üçün həmin torpaqlara yönləndirmə həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs 9 il ərzində cəmi 200 manat ödəniş etməsi icra sənədi üzrə qərəzlilik göstərməsini ehtiva edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs torpaq sahəsini icra sənədi üzrə tədbirlər aparılarkən almışdır, bununla da, sonuncunun imkanı olsa da, kredit borcunu ödəmək əvəzinə torpaq sahəsi alması icra sənədi üzrə tələbləri yerinə yetirməməsini təsdiq edir. Bundan əlavə, Bakı şəhəri, Nəsimi Rayonu, 28 May küçəsi, ev 11, 54 saylı məzilin satılaraq əldə edilmiş gəlirin kredit borcunun ödənilməsinə yönləndirilməsi istiqamətində aparılmış danışıqlar zamanı bank tərəfindən razılıq əldə edilmiş və qeyd olunan mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı təkliflər edilsə də, Təqsirləndirilən şəxs ilk öncə qeyd olunan prosedura öz razılığını bildirmiş, sonradan notariusda yenə də mənzilin satılmasından imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2010-cu il tarixli, 2(006)-270/2010 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" İKB ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış 25 dekabr 2007-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Təqsirləndirilən şəxs əsas borc 169.246 ABŞ dolları, faiz borcu 24.744 ABŞ dollarının və cərimə borcu 21.790 ABŞ dolları, cəmi 215.780 ABŞ dolları borc, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulması, cavabdeh Təqsirləndirilən şəxs məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11-də yerləşən 54 saylı mənzil açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına iddiaçı "xxxx" İKB-nə borc ödənilməsi qət edilmişdir (i/v 7-12, 13-14). İş materiallarında olan qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən 30 aprel 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir (i/v 58, 59). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərinə həbs qoyulması və həmin mənzil üzrə cavabdeh “X5” MMC-yə, üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və "xxxx" X4 ASC-nə hər hansı hərəkətlərin qadağan edilməsi qərara alınmışdır (i/v 115-116). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5929/2020 saylı, 19 avqust 2020-ci il tarixli Qətnaməsindən və Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin "xxxx" İKB ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 106/4 saylı hərracın yekunları barədə protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" İKB ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin, 54 saylı mənzili üzərindəki ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2407/2023 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1149/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (i/v 21-23, 24-29). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8(006)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” qərar qəbul olunmuşdur (i/v 150- 152). İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 52). İş materiallarında olan Nəsimi rayon 15 saylı MKİS-nin rəisi M.M.Əliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu, 28 May küçəsi, ev 11, mənzil 54-də qeydiyyatda olmaqla yaşayır və onun haqqında Nəsimi rayon 15 saylı Mənzil Kommunal İstismar sahəsinə hər hansı bir yerdən heç bir şikayət və müraciət daxil olmamışdır (i/v 254). İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə dair Day.Az sayıtında dərc edilmiş elektron məlumata baxış keçirilərkən 1 (bir) ABŞ dollarının manata nisbətinin 1 (bir) manat 70 (yetmiş) qəpik təşkil etdiyi müəyyən olunmuşdur (i/v 255). İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 283). Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin idarə heyətinin sədri Emil Duşdurov tərəfindən məhkəməyə ünvanlanmış 04 mart 2024-cü il tarixli, 3-30/154-24 saylı məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-270/2010 saylı, 21 sentyabr 2010-cu il tarixli icra sənədinin icrası ilə bağlı 04 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 145.000 (yüz qırx beş min) manat məbləğində vəsaitin banka ödənilməsi nəzərə alınaraq, qalıq borcun bank tərəfindən güzəşt edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Təqsirləndirilən şəxs qarşı hər-hansı tələb və şikayət yoxdur. “Mübadilə əməliyyatı haqqında bank çıxarışların”dan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda 145.000,00 manat, 200,22 manat, 117,64 ABŞ dolları, 99,98 manat, 2.936,85 ABŞ dolları, 58,78 ABŞ dolları ödənişlər "xxxx" ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və ilk dəfə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 10 (on) faizi dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-99/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-99/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver