Məhkəmə qərarları › İş №1(007)-101/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-101/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-101/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 İsmayıl oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Ağdaş rayonunun Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 112 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs – xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 mənzil 307 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanında yerləşən “X6“ kafesində olarkən sonuncunun həmin kafedə olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara baxmasını bəhanə edərək mübahisə etdikdə o, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai yer olan həmin ünvanda yerləşən kafenin arxasında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlərlə özünü ətrafdakıların fövqündə qoyaraq ucadan nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs2 zor tətbiq edib sinəsindən itələmiş və üzərinə gedərək belindən tutub yerə yıxmaqla boynunu sıxaraq fiziki ağrı yetirmiş, ətrafda olan istintaqa məlum olmayan şəxslər hadisəyə müdaxilə edib Zərərçəkmiş şəxs2 ondan ayırdıqdan sonra, qərəzli hərəkətlərini davam etdirərək ətrafdakı şəxslərin istirahətinə biganə yanaşmaqla, davranış qaydalarını pozub eqoizm nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərinə yenidən hücum edərək yumruq və təpik atmaqla onları vurmaq istəmiş, lakin sonuncular həmin zərbələrdən yayınmış, Təqsirləndirilən şəxs1 isə üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi qatlanan tipli turistik bıçağı ilə Zərərçəkmiş şəxs2 sol ayağının bud hissəsindən bir dəfə qəsdən vuraraq sol budun orta 1/3-nin arxa-bayır səthinin və sol budun orta 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da o, bir qrup şəxslə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanında yerləşən “X6” kafesində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən həmin kafedə olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara baxmasını bəhanə edərək orada mübahisə etmiş, sonradan mübahisəni kafenin arxasında yerləşən ictimai yer olan küçədə davam etdirərək Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlərlə özünü ətrafdakıların fövqündə qoyaraq ucadan nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs1 hücum edib təpik və yumruqla, həmçinin üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi qatlanan tipli turistik bıçağı ilə bir neçə dəfə sonuncunu vurmağa cəhd etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 zor tətbiq edib sinəsindən itələmiş və üzərinə gedərək belindən tutub yerə yıxmaqla boynunu sıxaraq fiziki ağrı yetirmiş, lakin ətrafda olan istintaqa məlum olmayan şəxslərin hadisəyə müdaxilə edib onları ayırmalarına baxmayaraq o, qərəzli hərəkətlərini davam etdirərək ətrafdakı şəxslərin istirahətinə biganə yanaşmaqla, davranış qaydalarını pozub eqoizm nümayiş etdirməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərinə yenidən hücum edərək yumruq və təpik atmaqla onları vurmağa cəhd etmiş, lakin sonuncular həmin zərbələrdən yayındıqdan sonra o, silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 sol ayağının bud hissəsindən bir dəfə qəsdən vuraraq sol budun orta 1/3-nin arxa-bayır səthinin və sol budun orta 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə bir qrup şəxslə silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 18-19 radələrində Emillə birlikdə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “X6” adlı kafeyə getmişlər. O, kafeyə girmiş, Emil isə işinin olduğunu və az sonra qayıdacağını bildirərək kafeyə girməmişdir. Kafeyə daxil olduqdan sonra sol tərəfdə əyləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “nuş olsun” demişdir. O, Mehti və Elşənə “nuş olsun” dedikdən sonra onlar da “gəl sənə də nuş olsun" demişlər. O isə təşəkkürünü bildirib Elşən və Mehtini masasına qonaq kimi dəvət etmişdir. Lakin onlar da sağ ol deyib təşəkkürünü bildirmiş və öz masalarında qalmışlar. O, yemək sifariş vermiş, bir qədər sonra Emil telefonla danışaraq kafeyə daxil olmuşdur. Emil içəri daxil olduqdan sonra Mehti ilə aralarında “sən mənə niyə baxırsan?” məsələsi ilə bağlı mübahisə başlamışdır. Emil “mən sənə baxmıram” demiş, lakin Mehti söhbəti davam etdirmişdir. Emil söhbət etmək üçün Mehtiyə kafedən çıxmağı təklif etmişdir. Emil, Mehti və Elşən bayıra çıxmışlar, o da onların ardınca çıxmışdır. Bayıra çıxdıqdan sonra Emil Mehti ilə söhbət etməyə başlamış və aralarında “sən borzuluq edirsən” kimi qarşılıqlı mübahisə yaranmış, Emillə Mehti dalaşmışlar. Bu zaman ətrafa çoxlu adam toplaşmışdır. Həmin adamlardan bir neçəsi Mehtini vurmaması üçün Emili tutmağa çalışmışdır. Elşən də onu tutduğundan Elşəni sinəsindən möhkəm itələmişdir. O, Elşənin üzərinə getmiş, Elşən də ona tərəf gəlmişdir. Bu zaman Elşən başı ilə ona zərbə atmış, o, zərbədən çəkilmiş və Elşənin belindən tutmuşdur. Nəticədə onlar güləşməyə başlamışdır. Elşən onu yerə yıxmış, daha sonra o, Elşənin boynundan tutub sıxaraq çevirib üzərinə çıxmışdır. Ətrafda olan şəxslər onları ayırmışdır. Ayrıldıqdan sonra o, əsəbiləşib ayağa durmuş və yenidən Mehti və Elşənlə dalaşmışdır. Həmin vaxt Emil də kənardan qaçaraq Elşən və Mehtiyə hücum etmişdir. Elşən Emilə təpik atmış, bu zaman Emilin əlindəki bıçaq Elşənin ayağını zədələmişdir. Ətrafda olan şəxslər onları ayırmışlar. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. xx xxxx 2019-cu il tarixdə saat 18-19 radələrində İsmayılla birlikdə “X6” kafesinə getmişdir. İsmayıl kafeyə daxil olmuş, o, İsmayıla bir qədər işinin olduğunu və 5 dəqiqə sonra qayıdacağını demişdir. Bir qədər sonra o da həmin kafeyə daxil olmuş və İsmayılın oturduğu yerə tərəf getmişdir. Bu zaman sol tərəfdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əyləşmişdir. O, İsmayıla tərəf gedən zaman Mehtinin ona baxdığını görmüşdür. İsmayılın yanında əyləşmiş və yenə də Mehtinin ona baxdığını görmüşdür. O, əhəmiyyət verməmiş və İsmayılla söhbət etməyə başlamışdır. Lakin Mehtinin yenidən ona baxdığını görüb o da Mehtiyə baxmışdır. Bu zaman Mehti ona nəyə görə baxdığını soruşmuş, o isə Mehtiyə “dostum sənə baxmıram” demişdir. O, Mehtiyə 3 dəfə xəbərdar etmişdir ki, ona baxmır. Mehti hər dəfə səs tonunu qaldırmışdır. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mehti ona “nə üçün borzu-borzu baxırsan” dedikdən sonra Mehtiyə “mən sənə baxmıram, dostum, qardaşım evimdə problemim var, mənə problem lazım deyil” demişdir. Sonra o, söhbət etmək üçün Mehtiyə kafedən çıxmağı təklif etmiş, onlar kafedən çıxmışlar. O, əlini Mehtinin kürəyinə qoymuş və 3 dəfə əli ilə yavaşca vuraraq Mehtiyə bildirmişdir ki, “məni zibilə salmaq istəyirsən?. Mən sənə izah etdim ki, sənə baxmıram”. Bu zaman aralarında mübahisə başlamış, dalaşmışlar. Onun heç kimi bıçaqla vurmaq niyyəti olmamışdır, zərərçəkmiş şəxsləri qorxutmaq məqsədi ilə bıçaq çıxartmışdır. O, İsmayılın döyüldüyünü görüb Elşəni bıçaqla, Mehtini isə yumruqla vurmuşdur. Evin tək uşağıdır, atasız böyümüşdür, anası onun himayəsindədir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin olmadığını, onlarla barışdığını bildirmiş və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əsgərlik yoldaşı olmuşdur. Mehti ilə bu günədək dostluğu davam etmişdir. Bu səbəbdən də Bakıda olan zaman Mehti ilə görüşmüşdür. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Mehti ilə görüşüb oturmaq üçün Nizami rayonu, Q Qarayev prospektində yerləşən “X6” kafesinə getmişlər. Onlar masaya çay sifariş vermişlər. Bu zaman onların masanın yan tərəfindəki masada İsmayıl oturmuşdur. X5 çay içməyi təklif etmiş, İsmayıl çox sağ ol deyərək çaydan imtina etmişdir. Az sonra kafeyə Emil daxil olmuş və İsmayılın masasına doğru getmişdir. Emil içəri girəndən masaya əyləşənə qədər onlara baxmışdır. Mehti bu zaman Emildən tanış olub-olmadığını soruşmuşdur. Bu zaman Emil Mehtiyə “siz mənə borzu-borzu baxırsız" deyə bildirmişdir. Bu sözdən dərhal sonra Emil onlara “durun çıxaq bayırda danışaq” təklifini etmişdir. Mehti və Emil öndə kafedən çıxmışlar, İsmayıl isə onunla birlikdə kafedən çıxmışdır. Bayıra çıxan zaman Emil Mehti və onunla mübahisə edərək nəyə görə ona baxdıqlarını soruşmuş, bununla da mübahisə böyümüşdür. Emil əlini Mehtinin çiyninə qoyaraq böyründən bıçaq çıxarmışdır. Bu zaman Mehti Emili itələmişdir. Emil bıçaqla Mehtinin üzərinə gedən zaman o, arada dayanmışdır kı, sakitləşdirsin. Həmçinin başqa bir tanımadığı şəxs onlara yaxınlaşmış və Emili tutaraq kənara çəkmişdir. Lakin Emil yenə də həmin şəxsin əlindən dartınaraq onlara tərəf gəlməyə başlamışdır. O, həmin vaxt Emilin tanışı İsmayılla üzbəüz durmuş, məqsədi isə hər ehtimal İsmayıl hər hansı bir hərəkət edərsə qarşısını almaq olmuşdur. Bu zaman İsmayıl onu sinəsindən itələmiş və söyüş söymüşdür. Daha sonra İsmayıl onun üzərinə doğru gəlmiş və o, İsmayılın onu vuracağından ehtiyat edib boynunu qucaqlayıb saxlamaq istəmişdir. Lakin İsmayıl ilk öncə onun ayağından və daha sonra belindən tutub yerə yıxmaq istəmişdir. O, yıxılmamaq üçün yaxınlıqda olan dəmir borudan tutmuşdur. İsmayıl arxa tərəfdən onun belindən tutaraq dartıb yerə yıxmağa çalışmışdır. Bu ərəfədə Emil onu tutmuş şəxsin əlindən çıxmış və yenidən əlində olan bıçaqla onlara tərəf gəlmişdir. Bu zaman dostu Mehti ayağı ilə Emili qarşılamışdır. O, İsmayılın onu buraxmadığını görüb çevrilərək yerə yıxmış və güləşməyə başlamışdır. Ətrafda olan şəxslər onları ayırmışlar. Emil onlara tərəf gəlib vurmağa çalışmış, həmçinin “gəlin bura vuracam sizi" demişdir. Onlar isə Emili təpiklə qarşılamışdır ki, bıçaqla vura bilməsin Həmin ərəfədə İsmayıl da onların üzərinə gəlməyə çalışmışdır ki, yumruq və ya təpiklə vursun. Lakin Mehti və o, geriyə çəkilərək hər iki şəxsi təpiklə qarşılamışdır ki, onlara yaxın gələ bilməsinlər. Bu anda bıçaqlı şəxs camaatın əlindən çıxaraq onun üzərinə gəlmiş, bir neçə dəfə bıçağı ona və Mehtiyə vurmaq istəmişdir. O, Emilə doğru təpik atan məqamda Emil əlindəki bıçağı sol buduna vurmuşdur. Daha sonra yenə də ətrafdakı şəxslər Emil və İsmayılı saxlayıb aparmışlar. O isə axsayaraq Mehti ilə birlikdə geriyə çəkilmiş və vəziyyət sakitləşmişdir. Ayağından qan axdığından Mehti təcili yardım çağırmışdır. Təcili yardım gəlmiş və onu 3 saylı ŞKX-na aparmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını, ona dəymiş ödənildiyini bildirmiş və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əsgərlik yoldaşı olmuşdur. Elşənlə bu günədək dostluğu davam etdirir. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Elşənlə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “X6'’ kafesinə getmişdir. Masaya çay sifariş vermiş, bu zaman İsmayıl içəri daxil olmuş və yan tərəfdəki masada əyləşmişdir. İsmayıl onlara “nuş olsun” demiş, o da İsmayıla çay təklif etmişdir. Lakin İsmayıl çox sağ ol deyərək bundan imtina etmişdir. Az sonra İsmayılın tanışı Emil içəri daxil olmuşdur. Emil durmadan ona baxmış, o da Emildən nə olduğunu soruşmuşdur. Bu zaman Emil ona bildirmişdir ki, “sən mənə baxırsan”. O da Emilin ona baxdığını dedikdən sonra Emil ona “çıxaq bayırda söhbət edək” deyə bildirmişdir. Onlar bayıra çıxmış və yaxınlıqdakı “Araz” marketin, yəni oturduqları kafenin arxasına keçmişlər. Bayırda olan zaman Emil əlini onun çiyninə qoyaraq "nə borzuluq edirsən?" deyə bildirmişdir. O da cavabında Emilə “mən yox sən borzuluq edirsən" demişdir. Emil onunla danışa-danışa böyründən bıçaq çıxarmışdır. O, bunu hiss edib Emili özündən kənara itələmişdir. İtələyən zaman Emil bıçağı ona vurmaq istəsə də bıçaq ona dəyməmişdir. Həmin anda başqa bir şəxs hadisə yerinə yaxınlaşmış və Emili tutaraq kənara çəkməyə çalışmışdır. Lakin Emil onu vurmaq üçün üzərinə doğru gəlmiş və o da geriyə doğru çəkilmişdir. Elşən və İsmayıl isə arada dayanmışlar. Elşən də İsmayılın qarşısında dayanıb saxlamışdır ki, İsmayıl da hadisəyə müdaxilə etməsin. Lakin başqa bir tanımadığı şəxsin Emilin qarşısını kəsməsinə baxmayaraq onun üzərinə gəlmiş və “bura gəl səni vuracam" demişdir. Arabir Emilə təpik atmışdır ki, bıçaqla onu vura bilməsin. Az sonra ətrafda olan digər tanımadığı şəxslər də araya girib Emili ondan aralamağa başlamışlar. Beləliklə Emili bir qədər kənara çəkmişlər. Az sonra Elşənin yanında dayanan İsmayıl Elşənlə mübahisəyə başlamış, söyüş söymüş, həmçinin Elşənin sinəsindən itələyərək onun üzərinə getmişdir. Bu zaman Elşənlə İsmayıl güləşməyə başlamışdır. İsmayıl Elşənin belindən tutub yerə yıxmışdır. O və kənarda olan digər şəxslər Elşənlə İsmayılı ayırmışdır. Həmin ərəfədə Emil qıraqdan qaçaraq onu və Elşəni vurmağa çalışmışdır. Bir neçə dəfə Elşən və o, Emilə təpiklə müqavimət göstərmişdir ki, onlara yaxınlaşıb bıçaqla vura bilməsin. Elşən Emilə təpik atan zaman Emil Elşənin sol bud nahiyəsindən bıçaqla vurmuşdur. Yenidən camaat araya girib Emil və İsmayılı kənara çəkmiş, onlar hadisə yerindən uzaqlaşmışdır. Onlar kənara çəkildikdən sonra Elşənin ayağından qan axdığını görüb təcili yardıma zəng etmişdir. Az sonra təcili yardım gəlmiş və onlar birlikdə 3 saylı ŞKX-na getmişdir. Həmçinin Elşən polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “X6” kafesini işlədir. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində kafedə olan zaman işçisi bayırda dava olduğunu bildirmiş, o, kafedən çölə çıxmışdır. O, kafedən çölə çıxdıqda tanışı Emilin kiminləsə dalaşdığını görmüşdür. O, cəld yaxınlaşıb Emili tutaraq kənara çəkmişdir. Emil İsmayılı döydüklərini bildirərək onun əlindən çıxmışdır. Emil və İsmayıl zərərçəkmiş şəxslərlə dalaşmışlar. Bu zaman Elşən bıçaqla vurulduğunu demişdir. O, istintaqdakı ifadəsini oxumadan imzalamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, 25-ci PŞ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, HK1-1532 nömrəli material əsasında faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli, 757 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sol budun orta 1/3-nin arxabayır səthinin və sol budun orta 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan yaralar deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin (hər iki yaranın) sol budda bir səviyyədə yerləşməsini və qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin sol budun arxabayır səthinə yetirilmiş bir zərbə nəticəsində törənməsi inkar olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 137 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 maddi sübutların ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli, 51/2020 MTKŞ saylı rəyin nəticə hissəsindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış turistik bıçağa uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan düzəliş edilməmişdir. 3 saylı X3 tərtib etdiyi xx.xx.2019-cu il tarixli, 1054 saylı arayışda Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin ilkin xətti ölçüləri və morfoloji xüsusiyyətləri göstərilmədiyindən bu xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmamışdır. “MTE və PA” ETT Birliyinin Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 757 saylı ekspert rəyinə əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin sol budun arxa-bayır səthinə yetirilmiş bir zərbə nəticəsində törənməsi inkar olunmur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Tural Qasımovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 1ədəd “CD” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd üzərində “BENCHMADE usa” sözləri qeyd olunmuş bıçaq maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini tapır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib bıçaqla Zərərçəkmiş şəxs2 sol ayağının bud hissəsindən qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 döydükləri üçün zərərçəkmiş şəxsləri vurmasına, vurmaq məqsədi ilə deyil, qorxutmaq məqsədi ilə bıçaq çıxartmasına dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə təyin olunmuş cəriməni tam ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən,yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd üzərində “BENCHMADE usa” sözləri qeyd olunmuş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardım 37 iş saatı müddətinə bərabər olduğundan 222 (iki yüz iyirmi iki) manat (37x6) məbləğində əmək haqqı, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardım 50 iş saatı müddətinə bərabər olduğundan 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan üzərində “BENCHMADE usa” sözləri qeyd olunmuş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 37saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 222 (iki yüz iyirmi iki) manat əmək haqqı, Təqsirləndirilən şəxs1 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar