Məhkəmə qərarları › İş №1(007)-101/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-101/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-101/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 6, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,578 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib idarə etdiyi avtomobildə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 19:55-də Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 2 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi, Şahid1 məxsus VAZ-21061 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbənin həyətində həmin avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ sərnişin günlüyünün arxasında bir ədəd kibrit qutusunda üç ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,090 qram, 0,207 qram, 0,281 qram, ümumi təmiz çəkisi 0,578 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin qəbul edir, xx xxxxxx 2020-ci il tarixdə tutulmazdan bir neçə gün əvvəl yaşadığı binanın qarşısında öz istifadəsi üçün üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 30 manata üç büküm narkotik vasitə olan heroin alıb üzərində saxlamışdır ki, münasib vaxt olan kimi istifadə etsin. Bir müddət əvvəl avtomobili ilə yol hərəkəti qaydasını pozduğu üçün yol polisinin əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına qoyulmuş, maddi çətinliyi ilə bağlı cəriməni ödəyə bilmədiyi üçün piyada qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Vüqar adlı tanışından xahiş edib müvəqqəti istifadəsi üçün onun VAZ-21061 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilini götürmüşdür. Avtomoili götürdükdən komendant saatlarına yaxın polis əməkdaşları tərəfindən yoxlanacağından ehtiyat edib kibrit qutusunda saxladığı həmin narkotik vasitəni avtomobildəki qarşı sərnişin günlüyünün arxasında gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 19:55 radələrində həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, C.Naxçvanski küçəsi, 30 saylı binanın yaxınlığından keçən zaman polis əməkdaşları işarə verib onu saxlamışlar. Onun şəxsiyyəti ilə maraqlanıb 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə xidməti otaqların birində polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət etmilər. Bundan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Sonra ona təklif olunmuşdur ki, başqa yerdə dövriyyəsi qadağan olunmuş maddə, yaxud predmet varsa könüllü təqdim etsin. Həmin vaxt o, idarə etdiyi avtomobilin qarşı sərnişin günlüyünün arxasından içərisində həmin üç büküm narkotik vasitə olan kibrit qutusunu götürərək təqdim etmiş və bildirmişdir ki, bu narkotik vasitə ona məxsusdur, öz istifadəsi üçün bir neçə gün əvvəl tanımadığı şəxsdən 30 manata almışdır. Təqdim etdiyi narkotik vasitə onun, vəkilinin və polis əməkdaşlarının iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailədə yeganə işləyən şəxs olduğunu göstərmiş, həmin halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə xidmətdə olarkən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 6, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, qanunsuz saxlaması və daşıması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. Məlumat əsasında onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş, qrup üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:55 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısında saxlanılıb 24-cü PŞ-nə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya vasitə aşkar edilməmişdir. Bundan sonra elə bir maddə və ya vasitənin üzərində, avtomobilində olduğu halda könüllü təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşı sərnişinə aid günlüyün arxasında gizlətdiyi bir ədəd kibrid qutusunda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kibrit qutusunu götürərək içərisindəki üç bükümü təqdim etmiş, bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün əldə edərək saxladığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş, baxış protokolu tərtib edilmişdir. Protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Şahid2la oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Alayının Patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ildən DİN-nin ƏÇPA-da polis nəfəri kimi xidmət edir. X1 adına olan və baş etibarnamə ilə idarə etdiyi VAZ-21061 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs uzun illərdir avtomobil elektrik ustası kimi tanıyır. Dəfələrlə Şahin onun avtromobilini təmir etmişdir. Bu səbəbdən aralarında yaxın münasibət yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında işdə olan zaman Şahin mobil telefonla ona zəng edib avtomobilinin cərimə meydançasında olduğunu, maddi vəziyyəti ilə bağlı həmin cəriməni ödəyə bilmədiyini söyləyib bir neçə saatlıq yaxın ünvanlara getmək üçün ondan avtomobilinin açarını istəmiş, əlavə etmişdir ki, avtomobilin faralarını da təmir edəcəkdir. Həmin vaxt o, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən “Lotos” ticarət mərkəzinin arxasında xidmətdə olmuşdur. Şahinə harada olduğunu söylədikdən az sonra Şahin gəlib ondan avtomobilinin açarını götürmüşdür. Gün ərzində Şahin onunla əlaqə saxlamamış, başı qarışıq olduğu üçün özü də Şahinə zəng edə bilməmişdir. Fikirləşmişdir ki, yəqin Şahin işini görüb avtomobilini evinin yanındakı təmir sexinin qarşısında saxlamışdır. Həmin gün saat 22 radələrində xidmətin sonunda keçiriləcək təlimatla əlaqədar 24-cü Polis Şöbəsinə gedən zaman avtomobilinin şöbənin inzibati binasının qarşısında olduğunu görmüşdür. Orada şöbənin əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs onun avtomobilini idarə edərkən şübhəli kimi saxlanıb şöbəyə gətirilmişdir. Şöbədə avtomobilə baxış zamanı salondan Təqsirləndirilən şəxs məxsus narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini bilməmiş, Şahin avtomobil idarə etdiyi üçün hesab etmişdir ki, sürücülük vəsiqəsi var və yalniz yaxın ünvanlara gedəcəkdir. Bu səbəbdən Şahinə etibar edib avtomobilinin açarını vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə xx xxxxxx 2020-ci il tarixdə saat 21:00-dan saat 21:20-dək 24-cü Polis Şöbəsinin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədəndə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və predmet olmadığını, özünün istifadə etməsi üçün saxladığı narkotik vasitənin müvəqqəti idarə etdiyi ** LJ *** dövlət qeydiyyat nişanlı VAZ 2061 markalı avtomobilin qabaq alın şüşəsinin yuxarı tərəfindəki sağ tərəfki günlüyündə gizlətdiyini bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə Polis Şöbəsinin həyətində saxlanılmış ** LJ *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtomobilə baxış keçirilməsi üçün çəkiliş saxlanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 29-30) -Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının həyətində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və tədbirdə iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qarşı sərnişin günlüyünün arxasından bir ədəd kibrit qutusunu götürərək həmin kibrit qutusunda öz istifadəsi üçün saxladığı üç büküm narkotik vasitəni təqdim etmişdir. Baxış videoçəkilişlə aparılmış və çəkilişin yazıldığı bir ədəd CD protokola əlavə edilmişdir. (i.v. 33-34) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2616 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd kibrit qutusunda olan 03 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,090qr, 0,207qr, 0,281 qr, ümumi təmiz çəkisi 0,578 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,578 qram olmuş, tədqiqata 0,09 qram sərf edilmiş, 0,488 qram qalığı qalmışdır. (i.v. 39-43) -Maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 0,578 qram narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonra qalan 0,488 qram qalığı maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i.v. 71) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının xx xxxxxx 2020-ci il tarixli 3368 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 85-86) -CD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair protokollarda qeyd edilənlər əks olunmaqla təsdiqini tapmışdır. (i.v. 87) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun idarə etdiyi avtomobildən aşkar edilmiş üç ədəd bükümdə, ümumi təmiz çəkisi 0,578 qram olan narkotik vasitə heroinin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədi ilə material ayrılmış, araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmiş, baxış keçirilərkən çəkilmiş videogörüntü olan bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Şahid1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin tələblərini pozduğu üçün qərarın surəti tədbir görülməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. (i.v. 88-92) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) -Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 65-67) -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20% faiz məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məkum edilmiş, xx xxxxxx 2009-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v. 83-84) Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.6-cı maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra 0,488 qram qalığı qalmış narkotik vasitə olan heroin məhv olunmalı; maddi sübut olan bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0,488 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 210 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar