Məhkəmə qərarları › İş №1(007)-101/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-101/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-101/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66, 1 saylı uşaq evində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.430 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Nizami RPl-nin PPXBnin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında yerləşən “Praqa” şadlıq sarayının arxasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən olan qara rəngli pul qabının içərisindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0.430 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daxilində narkotik vasitə heroinin izləri olan 02 ədəd şpris aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 il olar ki, o, el arasında “kakos” adlanan narkotik vasitə heroin qəbul edir. O, heroni ineksiya yolu ilə istifadə etmişdir. O, narkotik vasitəyə olan ehtiyacı müxtəlif şəxslərdən almış və pulunu ödəmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində tanımadığı şəxslə görüşmüş və həmin şəxsə 10 manat ödəniş edib şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə heroin almışdır. Həmin heroini pul qabısının içərisində gizlədərək şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 03-04 radələrində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Praqa” şadlıq sarayının arxasında tanışı X2 ilə birlikdə dayanmışdır. Həmin vaxtı ərazidə xidmətdə olan Nizami RPİ-nin PPXB-nün əməkdaşları onlara yaxınlaşmış və onları saxlamışlar. Bundan sonra polis əməkdaşları onları Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. O, Nizami RPİ-nin 25-ci PŞ-də olan zaman polis əməkdaşlarına narkotik vasitələrin aludəçisi olduğunu bildirmişdir. Həmçinin üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu demişdir. Sonra ona vəkillərin siyahısı təqdim edilərək sərbəst vəkil seçmək hüququmun olduğu bildirilmişdir. Ona bildirilmişdir ki, videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəkdir. Şəxsi axtarış və götürmə keçirilən zaman ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxardaraq masanın üzərinə qoysun. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin pul qabı açılarkən içərisindən ağ rəngli kağız kəsiyinə bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli toz şəkilli kütlə, sellefon büküm açıldıqda içərində kristal şəkilli kütlələr aşkar olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ağ rəngli kristal şəkilli bükümlərin birində limon duzu, digər bükümdə isə narkotik vasitə heroindir. Bundan başqa pul qabının içərisində 2 ədəd şpris və özünə aid şəxsiyyətini təsdiq edən sənəd aşkar olunmuşdur. Ona məxsus şəxsiyyət vəsiqəsi və pul qabı özünə geri qaytarılmışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm, limon duzu və 2 ədəd şpris zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin PPXB-nin əməkdaşı Emin Abdurahmanov ilə birlikdə Nizami rayonu ərazisində inzibati ərazidə xidmətdə olarkən gecə saat 03:30 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Praqa” şadlıq sarayının arxasında iki nəfər şəxsin özünü şübhəli apardıqlarının şahidi olmuşlar. Onlar dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlardan kim olduqlarını, bu saatda burada nə etdiklərini və s. soruşmuşlar. Bu zaman həmin şəxslərin təlaş keçirdiklərini və həyəcandıqlarının şahidi olmuşlar. Bu onların şübhələrini daha da artırmışdır. Eyni zamanda həmin şəxslərin xarici görünüşlərindən və davranışlarından tüfeyli həyat tərzi keçirdikləri dərhal hiss olunmuşdur. Bu səbəbdən onları 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də dəvəti qəbul edərək onlarla birlikdə şöbəyə gəlmişlər. Şöbədə müəyyən edilmişdir ki, həmin şəxslər xx xxxx 1993-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 66, 1 saylı uşaq evində qeydiyyatda olmaqla Bakı şəhərində daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs və 17 avqust 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 6 ünvanında yaşayan X1r. Daha sonra onlar yenidən xidməti əraziyə qayıtmış və xidmətlərini davam etdirmişlər. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 24 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ramal Quliyev tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli dəridən hazırlanmış pul kisəsini çıxarıb masanın üzəərinə qoydu. Həmin pul kisəsi açılarkən içərisindən ağ rəngli kağız kəsiyinə bükülmüş büküm, həmin büküm açılan zaman isə içərisində qəhvəyi rəngli toz şəkilli kütlə, digər şəffaf rəngli sellofan büküm açıldıqa içərisində ağ rəngli kristal şəkilli maddə, pul qabının içərisindən 02 ədəd şpris aşkar edildi. Təqsirləndirilən şəxs həmin ağ rəngli kağız kəsiyində olan maddənin narkotik vasitə hesab edilən “kakos" olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını, şəffaf rəngli sellofan bükümdə olan ağ rəngli kristal şəklində kütlənin limon duzu olduğunu, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şpristi isə narkotik vasitəni qəbul edərkən istifadə etdiyini bildirci. Daha sonra aşkar olunmuş ümumilikdə 01 ədəd bükümdə olan qəhvəyi rəngli toz şəkilli maddə, 02 ədəd şpris və ağ rəngli kristal şəkilli maddə qablaşdırılaraq 01 ədəd kağız zərfə qoyulur və üzəri DİN-in “Zəflər üçün” 165 saylı möhürü ilə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs nüzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 iyul 2022-ci il tarixli 6/4014 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N165" dairəvi möhür əksi, "vət. Təqsirləndirilən şəxs üzərindən..." yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,430 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 10,270 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitə, psixotrop maddə, zəhərli və güclü təsir edən maddələrə aid olmayan limon turşusudur. Həmin zərfdə olan 2 ədəd 1 ml həcmli içərisi boş, uc hissəsində qəhvəyi rəngli izlər olan şprisin daxilində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.03 qram hissəsi tədqiqata sərf edilmiş, 0.400 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 avqust 2022ci il tarixli 4681 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 0.430 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0.03 qram sərf edildikdən sonra 0.400 qram heronin qalığının və 02 ədəd şprisin saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntülərini əks etdirən 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və.s qərara alınmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 avqust 2022-ci il tarixli tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmündən, həmin məhkəmənin 17 fevral 2022-ci il tarixli qərarından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmışdır. Sonuncu dəfə, Təqsirləndirilən şəxs, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 1(011)-358/2023 saylı hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından və xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət və təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyul 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay müddət, təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın əvvəli isə 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin, sonradan barəsində 13 aprel 2023-cü il tarixli qərarla həbs nəzərdə tutulmaqla axtarış elan edilsə də, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-358/2023 saylı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə istintaq təcridxanasında saxlanılması müəyyən edildiyindən, iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı davam etdirilmiş, Nizami RPİ-dən yuxarıda göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində açılmış axtarış işinə xitam verilməsi xahiş edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.400 qram olan narkotik vasitə heroin və 02 ədəd şpris məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 1(011)-358/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyul 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.400 qram olan narkotik vasitə heroin və 02 ədəd şpris məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar