Məhkəmə qərarları › İş №1(007)-101/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-101/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-101/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1996-cı ildə, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonun Qarağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış və məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonun Qarağac kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsi, ev 1-də kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə, saat 07:40:05 saniyədə "BC" kateqoriyalı sürücülük vəsiqəsi və "xxxx" MMC-dən verilmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 70 km/saat sürət həddi nəzərdə tutulan yolda avtomobili 80 km/saat sürətlə idarə etmiş və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparıb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə hərəkət istiqaməti üzrə avtomobil yolunu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncuya ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid sol ağ ciyərin və dalağın zədələnməsi, soldan İİİ, İV, V,Vİ, Vİİ, Vİİİ, İX və X qabırğaların yayılmış sınıqları, sol baldırın aşağı 1/3-nin qapalı sınığı və bədəninin sıyrıqları kimi xəsarətlər yetirmiş, həmin xəsarətlərdən qabırğaların sınıqları, ağciyərin və dalağın zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, , o, "xxxx" MMC-də sürücü işlədiyindən, həmin MMC-dən istifadəsinə “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş, həmin avtomobili sürücülük hüququ olmaqla MMC-dən onun adına verilmiş etibarnamə əsasında idarə etməklə MMC-nin şirniyyat məhsullarının daşınmasını həyata keçirmişdir. Həmişə olduğu kimi, 18 iyul 2023-cü il tarixdə, saat 06 radələrində idarə etdiyi "xxxx" MMC-nin Bakı şəhəri Xəzər rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən anbarına gedib orada iş yoldaşı olmuş Şahid ilə birlikdə avtomobilin yük yerinə şirniyyat məhsullarını yükləmiş və həmin şirniyyat məhsullarını "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayonu, "Port Baku"da yerləşən mağazasına aparmaq üçün üzü şəhərin mərkəzi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobilin qabaq sağ oturacağında iş yoldaşı Şahid oturmuş və avtomobilin yük yerində təxminən 100 kq yük olmuşdur. Göstərilən tarixdə, saat 07:40 dəqiqədə idarə etdiyi “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun ünvan 1 ünvanın qarşısından keçən hissəsində 3 zolaqlı hərəkət yolunun sol tərəfdən 1-ci hərəkət zolağında üzü X8 istiqamətində təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman hərəkət istiqaməti üzrə avtomobil yolunun sağ tərəfində dayanmış sonradan tanıdığı piyada Zərərçəkmiş şəxs gözlənilmədən təxminən 25-30 metr məsafədən qaçışla avtomobil yolunu sağdan sola keçmək istədiyindən hərəkət zolağında idarə etdiyi avtomobilin qabaq sağ tərəfi sonuncuya çırpılmış, nəticədə yolnəqliyyat hadisəsi baş verib Zərərçəkmiş şəxs bir neçə metr irəli atılaraq yerə yıxılmışdır. O, dəhal avtomobili saxlayıb Hüseynlə birlikdə avtomobildən aşağı düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətizəng mərkəzinə və təcili tibbi yardıma zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra, ora gedən yol-patrul xidmətinin əməkdaşlarının və ora toplaşan şəxslərin köməklikləri ilə Zərərçəkmiş şəxs idarə etdiyi yük avtomobili ilə X7 aparsa da, orada həkimlər sonuncunun öldüyünü bildirmişlər. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuş və bir yerdə yaşamaqla münasibətləri yaxşı olmuşdur. Sonra, bildirmişdir ki, mərhum əri Zərərçəkmiş şəxs vərəm xəstəliyindən əziyyət çəkdiyindən, mütəmadi olaraq müayinə və müalicə olunmaq məqsədilə Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 gedib-gəlmişdir. Həmişə olduğu kimi, 17 iyul 2023-cü il tarixdə mərhum əri Zərərçəkmiş şəxs müalicəsini davam etdirmək məqsədilə təkbaşına yaşadıqları Oğuz rayonun Yaqublu kəndində, yerləşən evdən çıxıb Bakı şəhərində yerləşən X1 getmişdir. 18 iyul 2023-cü il tarixdə yaşadığı evdə olan zaman əri Zərərçəkmiş şəxs Bakı şəhərində yolnəqliyyat hadisəsi nəticəsində ölməsi haqqında eşitmiş, Bakı şəhərinə gedəndən sonra, ona aydın olmuşdur ki, 18 iyul 2023-cü il tarixdə, saat 07:15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Metropolitenin “Koroğlu” stansiyası istiqamətindən şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanının qarşısında avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən əri Zərərçəkmiş şəxs vurmuş, nəticədə yol- nəqliyyat hadisəsi baş verərək sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Daha sonra, notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədən “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onlarla razılıq əldə edərək, dəymiş ziyanı tam qaytardığından, sonuncuya qarşı hər hansı şikayətləri, yaxud tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də Satınalma üzrə mütəxəssis işləyir. Sonra, bildirmişdir ki, “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Əvvəllər, Təqsirləndirilən şəxs həmin MMC-də sürücü işlədiyindən, “Qaz A31R32-80 yük” markalı, 99_jp_622 dövlət qeydiyyat nişanlı avtomobil ona etibarnamə ilə həvalə olunmuş, Təqsirləndirilən şəxs həmin avtomobili idarə edərək "xxxx" MMC-nin məhsullarının daşınmasını həyata keçirmişdir. Baş vermiş məlum yol-nəqliyyat hadisəsinə gəlincə isə qeyd etmişdir ki, bu haqda sonradan məlumatlı olmuşdur. Belə ki, sonradan ona aydın olmuşdur ki, həmişə olduğu kimi, 18 iyul 2023-cü il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi markası və dövlət qeydiyyat nişanı qeyd olunan yük avtomobili ilə "xxxx" MMC-nin Bakı şəhəri Xəzər rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən anbarına gedib orada MMC-nin digər işçisi Şahid ilə birlikdə avtomobilin yük yerinə şirniyyat məhsulları yükləmiş və həmin şirniyyat məhsullarını "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayonu, "Port Baku"da yerləşən mağazasına aparmaq üçün üzü şəhərin mərkəzi istiqamətində hərəkət etməyə başlamışdır. Göstərilən tarixdə, saat 07:40 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun ünvan 1 ünvanın qarşısından keçən hissəsində üzü X8 istiqamətində təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman hərəkət istiqaməti üzrə avtomobil yolunu sağdan sola keçən piyada, sonradan adı, soyadı ona məlum olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Məlum yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-ə 2420 manat ziyan dəysə də, həmin MMC-nin nümayəndəsi olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətləri, yaxud tələbləri yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 151 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol ağ ciyərin və dalağın zədələnməsi, soldan İİİ, İV, V,Vİ, Vİİ, Vİİİ, İX və X qabırğaların yayılmış sınıqları, sol baldırın aşağı 1/3-nin qapalı sınığı və bədəninin sıyrıqları həyati olub ölümündən az əvvəl, yəni 18 iyul 2023-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, göstərilən şəraitdə, yəni piyada qismində olarkən avtomobilin vurması nəticəsində əmələ gələ bilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər; Zərərçəkmiş şəxs ölümünə qabırğaların sınığı, sol ağ ciyərin və dalağın zədələnməsi nəticəsində baş vermiş daxili qanitrmə səbəb olmuş və ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 4-8 saat əvvəl baş vermişdir. Bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,14%o- dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 8/2764 №-li rəyi ilə müəyyən edilmişdir ki, “Qaz A31R32-80 yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsinə və məhkəmə icraatı zamanı məhkəməyə təqdim etmiş olduğu ərizəyə əsasən təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığı, ona dəymiş zərərin tam ödənildiyi və təqsirləndirilən şəxslə barışdığı müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “QazA31R32-80” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Digər maddi sübut yol-nəqliyyat hadisəsinin əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “QazA31R32-80” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Maddi sübut qismində tanınmış yol-nəqliyyat hadisəsinin əks olunduğu DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 174 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar