Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-102/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, İnzibati bina, ev 8-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 4, ev 21-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 162 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının arxa hissəsində yeni inşa olunmuş yolötürücü qovşağın alt hissəsində “Londan Tx4” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs ilə aralarında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşən müştəriləri başqa avtomaşına aparması səbəbindən Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış mübahisə zamanı yumruqla sonuncunun baş və sifət nahiyələrinə vuraraq ona sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası, yuxarı İ-İİ dişlərin travmatik laxlaması ilə müşayiət olunan İ-İİ dişətinin və alt dodağın iç səthinin qansızmaları, alt dodaq haşiyəsinin sıyrığı ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yünğül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün “Koroğlu” metrosunun qaşısında taksilərə müştəri yığır və gündəlik pul alır. xx xxxxxx 2021-ci il tarixdə saat 08:30 radələrində taksilərə müştəri çağıran zaman Zərərçəkmiş şəxs idarə etdiyi “London” markalı taksiyə iki nəfər müştəri mindirdiyini görüb onun növbəsi olmadığını, qarşıda başqa taksinin gözlədiyini deyərək avtomaşında olan sərnişinləri düşürüb başqa taksi maşına əyləşdirmişdir. Tahir yaxınlaşıb onunla kobud formada danışaraq nəyə görə avtomaşınından müştərini düşürdüyünü dedikdə, bu zəmində aralarında mübahisə yaranmışdır. O, Tahirə buranın mübahisə yeri olmadığını, harada istəyirsə onunla görüşüb söhbət edə biləcəyini demişdir. Tahir ona maşınına əyləşib söhbət etmək üçün getməsini demişdir. O da Tahirin idarə etdiyi “London” markalı taksi avtomaşında arxada əyləşmişdir. Tahir avtomaşını “Koroğlu” metrosunun yanında yerləşən yeni inşa olunmuş körpünün altına sürüb orada saxlamış və düşərək arxa qapını açıb əyləşmiş, onunla yenə kobud danışmağa başlamışdır. O, cavab qaytaranda Tahir qəflətən sillə ilə onun baş və sifət nahiyələrinə vurmuşdur. O, bundan əsəbləşərək yumruqla bir neçə dəfə Tahirin baş və sifət nahiyələrinə zərbə endirib oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Tahir ondan 25-ci Polis Şöbəsinə şikayət etmişdir. O da qarşılıqlı olaraq Tahirin onu vurması barədə ərizə ilə həmin şöbəyə müraciət etmişdir. Hadisə körpünün altında avtomaşının içində baş verməklə, təxminən 3-5 dəqiqə davam etmişdir, hadisə avtomaşının salonunda baş verdiyindən hadisəni kənardan heç kim görməmişdir. O, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur, yol vərəqəsi ilə idarə etdiyi “Londan Tx4” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hər gün “Koroğlu” metrosunun qarşısında Pirşağı qəsəbəsinə sərnişin daşıyır. 06 yanvar 2021-ci il tarixdə saat 08:30 radələrində “Koroğlu” metrosunun qarşısında dayandığı vaxt iki nəfər müştəri avtomobilə əyləşmişdir, o, əlavə iki nəfər də müştəri gözlərkən orada avtomaşınlara sərnişin çağıran Təqsirləndirilən şəxs onun avtomobilində olan müştəriləri düşürüb başqa taksiyə əyləşdirmiş, ona isə növbəsi olmadığını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Namiq ona iradını bildirib onunla təkbətək söhbət etməyə getməsini demişdir. O da Namiqin bu sözlərindən sonra ona maşınına əyləşib birlikdə getmələrini demişdir. Namiq onun idarə eldiyi taksidə arxada əyləşmiş, onlar “Koroğlu” metrosunun yaxınlığında yeni inşa olunmuş yol ötürücüsünün alt hissəsinə gəlmişlər. O, avtomaşından enib arxaya keçmiş və nəyə görə onun avtomaşınından müştəriləri düşürüb başqa taksi maşınına əyləşdirməsini Namiqə irad tutmuşdur. Namiq təkidlə yaxşı etdiyini deyərək onun ünvanına təhqiredici sözlər işlətmişdir. Həmin anda o, sillə ilə Namiqin baş və sifət nahiyəsinə vurmuşdur. Namiq isə qəflətən onun baş nahiyəsindən tutaraq yumruqla baş və sifət nahiyələrinə bir neçə zərbə endirmiş, zərbə nəticəsində başı avtomobilin dam hissəsinə dəyərək xəsarət almışdır. Bundan sonra Namiq avtomaşından düşərək qaçıb getmişdir. O, xəsarət aldığı üçün 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə yolötürücü qovşağın alt hissəsində ona məxsus “London Tx4” markalı avtomobilin içərisində baş verməklə, hadisə 3-5 dəqiqə ərzində davam edib, hadisə avtomobildə baş verdiyindən hadisəni heç kim görməmişdir. Hazırda özünü yaxşı hiss edir, hadisəni törətmiş Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, həmin şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 16 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası, yuxarı l-ll dişlərin travmatik laxlaması ilə müşayiət olunan l-ll dişətinin və alt dodağın iç səthinin qansızmaları, alt dodaq haşiyəsinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin bildirdiyi tarixdə, yəni xx xxxxxx 2021-ci il tarixdə yarana bilər və dərəcəsinə görə yuxarı İ-İİ dişlərin travmatik laxlaması ilə müşayiət olunan İ-İİ dişətinin və alt dodağın iç səthinin qansızmaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. (i.v. 22-23) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X3 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 150 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, xx xxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən işin icraatına xitam verilmişdir. (i.v. 27-28) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından onlrın barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbil edilmiş qərarın icra olunması üçün 25-ci PŞ-nin əməkdaşına həvalə edilmişdir. (i.v. 58-61) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə artıq barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı və məhkəmədə 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-102/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-102/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver