Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-102/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs-X3, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 19, mənzil 9-da müvəqqəti qeydiyyat üzrə yaşayan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 1(006)-196/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən cəzası 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddəti başa çatmış, hazırkı işlə bağlı 15 dekabr 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, həmin tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 24/53-də yerləşən “Günəş” adlı ev alqı-satqı ofisinin qapısını dəmir parçası ilə sındıraraq qanunsuz olaraq mağazaya daxil olub, masa üzərində 2750 manat dəyərində 1 ədəd “HP” markalı noutbuku, 1 ədəd 750 manat dəyərində “HP” markalı noutbuku, 1 ədəd 370 manat dəyərində “Acer” markalı noutbuku gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 3870 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 29 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanda yerləşən “Mixək” adlı mağazanın qapısını sıxıb açmaqla qanunsuz olaraq mağazaya daxil olub, oradan ümumilikdə 1440 manat dəyərində 12 bağlama əlcək, ümumilikdə 21 manat dəyərində 6 ədəd kolonya, ümumilikdə 9 manat dəyərində 3 ədəd kolonya, ümumilikdə 9 manat dəyərində 3 ədəd sprey, ümumilikdə 13 manat dəyərində 2 bağlama “Damla” şokoladları, 3 manat dəyərində tort qaymağı və ümumilikdə 9 manat dəyərində 2 bağlama “Pinqivin” sellofan paketlərini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 1504 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 30 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən “CS studiya” adlı gözəllik salonunun qapısını sıxıb açmaqla qanunsuz olaraq salona daxil olub, oradan 550 manat nağd pul, ümumilikdə dəyəri 680 manat dəyərində 5 ədəd saç qurudan aparatlar, ümumilikdə 750 manat dəyərində 500 qram saç və ümumilikdə 200 manat dəyərində olan kosmetika əşyaları, 1 ədəd 70 manat dəyərində pencək, 70 manat dəyərində 1 cüt ayaqqabı, 50 manat dəyərində 1 ədəd qadın çantası və ümumilikdə 600 manat dəyərində 4 ədəd qayçıları gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 2970 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid təxminən 2020-ci ilin ortalarından tanımışdır. 27 oktyabr 2020-ci il tarixdə axşam saat 18:00 radələrində İbrahim telefon vasitəsi ilə ona zəng edib harada olmasını soruşmuşdur. O, Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrosunun yanında olduğunu bildirdikdə İbrahim onunla görüşmək istədiyini demişdir. O, razılaşmış və bir neçə dəqiqə sonra İbrahim onun yanına gəlmişdir. Görüşüb bir neçə dəqiqə söhbət etdikdən sonra Nərimanov rayonuna getmək istəmişlər. Lakin komendant saatına yaxın olmuş, pulları olmadığı üçün isə taksi ilə də getmələri mümkün olmamışdır. Bundan sonra metronun yaxınlığında yerləşən yaşayış binalarının pilləkənlərində əyləşib gecəni keçirmək qərarına gəlmişlər. Bu məqsədlə Nizami rayonu, Əlif Hacıyev küçəsi 24/53 ünvanında yerləşən yaşayış binasının yanına getmişlər. Orada “Günəş” ev alqısatqısı ofisinin önündə yerləşən pilləkənlərdə əyləşmişlər. O, pilləkəndə əyləşib gözləyən vaxt İbrahim ətrafa baxmışdır. İbrahimlə belə qərara gəlmişlər ki, münasib bir yer tapa bilsələr oradan oğurluq edərlər. O, pilləkənlərdə oturan zaman İbrahim ona demişdir ki, həmin “Günəş” alqı-satqı ofisinin pəncərəsindən baxdıqda noutbuklar görünür. İbrahim ora gələn şəxslər olsa məlumat verməyini, hansısa bir alət tapıb qapısını açaraq oradan oğurluq edəcəklərini demişdir. Sonradan İbrahim hansısa bir alət taparaq ofisin qapısını açmış və birlikdə oraya daxil olaraq 2 ədəd “HP” markalı və 1 ədəd isə “Acer” markalı noutbook götürərək səhər saat 06 radələrinə qədər orada qalmışlar. Səhər açılandan sonra isə avtobusa minib Nərimanov rayonuna getmişlər. İbrahim noutbukları fikrində qalmayan zibil qutularının yanında gizlətmişdir ki, sonradan satarlar. Lakin iki-üç gün sonra noutbukları gizlətdiyi yerdən götürmək üçün getdikdə onları yerində tapa bilməmişlər. 29 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində İbrahimlə birlikdə Nizami rayonu, Əlif Hacıyev küçəsi, 46 ünvanında gəzən zaman fikirləşmişlər ki, obyektlərə daxil olsunlar, oğurluq edərək satıb pul əldə edərək ehtiyaclarına xərcləsinlər. Bu zaman “Mixək” mağazasının qapısını İbrahim zorla açmış və birlikdə oraya daxil olaraq oradan bağlamalarda əlcək və digər əşyalar götürüb çıxmışlar. Sonra əşyaları fikrində qalmayan şəxslərə satıb pulunu bölərək hər ikisi öz ehtiyaclarına xərcləmişlər. 30 oktyabr 2020-ci il tarixdə saat 4 radələrində İbrahimlə ünvan 3 ünvanında gəzən zaman fikirləşmişlər ki, obyektlərə daxil olub oğurluq edərək satıb pul əldə edərək ehtiyaclarına xərcləsinlər. Bu zaman İbrahim “CS” gözəllik salonunun qapısını zorla açmış və birlikdə oraya daxil olmuşlar. Oradan fikrində qalmayan məbləğdə pul və saç kəsilməsi üçün nəzərdə tutulan əşyalar götürmüşlər. Sonra pulu bölmüş və əşyaları da hazırda fikrində qalmayan şəxslərə satıb onun da pulunu bölüb hər ikisi ehtiyaclarına xərcləmişlər. İfadəsinin sonunda X5 göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxslərdən iki nəfəri ona qarşı şikayətçi deyildir, himayəsində bir azyaşlı uşağı var, rəsmi nikahda olduğu şəxs yoxdur, uşağı özü tək saxlayır, həbs olunarsa uşağına baxan olmayacaqdır. Rusiya vətəndaşı olsa da, uzun müddətdir ki, Bakı şəhərində yaşayır, uşağı da burada doğulmuşdur. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Ə.Hacıyev küçəsi 46A ünvanında yerləşən “CS” studia adlı gözəllik salonunu işlədir. 29 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində gözəllik salonunu bağlayaraq yaşadığı ünvana getmiş, 30 oktyabr 2020-ci il tarixdə səhər saatlarında işlətdiyi gözəllik salonuna gələn zaman salonun çöl qapısının açıq vəziyyətdə olmasını aşkar etmiş və DİN-in 102 xidmətinə məlumat vermişdir. Salona baxış zamanı ona məlum olmuşdur ki, salondan 550 manat nağd pul, ümumilikdə 680 manat dəyərində 5 ədəd saç qurudan aparat, 750 manat dəyərində 500 qram saç vasitələri, 200 manat dəyərində kosmetika vasitələri, 70 manat dəyərində 1 ədəd pencək, 70 manat dəyərində bir cüt ayaqqabı, 50 manat dəyərində qadın çantası və 600 manat dəyərində ümumilikdə 4 ədəd qayçının oğurlanmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs göstərmişdir ki, oğurlanmış əşyaları qaytarılmasa da və ziyanın əvəzi ödənilməsə də, təqsirləndirilən şəxs X4 qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Günəş” əmlak alqı-satqı ofisini kirayə götürüb işlədir. Ofisdə özünə məxsus 2750 manat dəyərində 1 ədəd “HP” markalı noutbook, 750 manat dəyərində 1 ədəd “HP” markalı noutbook, 370 manat dəyərində “Acer” markalı noutbook avadanlıqları olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə səhər saat 10 radələrində “Günəş” əmlak alqı-satqı obyektinə gələndə görmüşdür ki, şüşə materialından olan qapılar açıq vəziyyətdədir. O, narahat halda dərhal içəriyə daxil olmuş və ətrafa baxmış, bu zaman ofisdə stolun üzərində 2750 manat dəyərində 1 ədəd “HP” markalı noutbook, 750 manat dəyərində 1 ədəd “HP” markalı noutbook, 370 manat dəyərində “Acer” markalı noutbookların oğurlanmasını bilmişdir. Bundan sonra DİN-nin 102 zəng mərkəzinə ofisdə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Bir az keçmiş hadisə yerinə Nizami RPİ-nin və 25-ci PŞ-nin əməkdaşları gəlmişlər. Hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olunan zaman ofisin yanında olan digər obyektin müşahidə kameralarına baxılmış və aydın olmuşdur ki, 27 oktyabr 2020-ci il tarixdə saat 01 radələrində tanımadıqları bir qadın və bir kişi ofisin qapısının kilidini sındırma yolu ilə açaraq ofisə daxil olmuşlar. İfadəsinin sonunda zərərçəkmiş şəxs göstərmişdir ki, ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxs X5 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsi ilə göndərdiyi teleqramında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs X2 şikayətçi olduğunu, pulunu tələb etdiyini göstərmiş və onun iştirakı olmadan yekun qərar çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar, həmin zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 sözügedən ifadəsində göstərmişdir ki, Nizami rayonu, Ə.Hacıyev küçəsi 46 ünvanında yerləşən “Mixək” adlı müxtəlif əşyalar satılan mağazanı işlədir. 29 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində işlətdiyi mağazanın çöl qapısını bağlayaraq yaşadığı ünvana gəlmişdir. 30 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində işlədiyi mağazaya yaxınlaşan zaman qapılardan birinin açıq olmasını görmüş və oraya daxil olmuşdur. Mağazanın içərisində olan zaman orada olan məhsulların yerlərinin dəyişik olmasını, eyni zamanda dağınıq formada olmasını görən zaman oradan oğurluq olması ona məlum olmuşdur. Daha sonra isə naməlum şəxs və ya şəxslərin mağazanın qapısını sındırmaq yolu ilə mağazaya daxil olaraq ümumilikdə 1440 manat dəyərində 12 bağlama əlcək, ümumilikdə dəyəri 21 manat olan 6 ədəd kalonya, ümumilikdə dəyəri 9 manat olan 3 ədəd kalonya, ümumilikdə dəyəri 9 manat olan 3 ədəd sprey, ümumilikdə dəyəri 13 manat olan 2 bağlama “daila” markalı şokolad, ümumilikdə dəyəri 9 manat olan 2 bağlama “pinqivin” markalı polietilen torba, ümumilikdə dəyəri 3 manat olan tort qaymağının oğurlanmasını aşkar etmişdir. Hazırkı iş üzrə şahid qismində dindirilməli olan Şahid məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə axşam saat 18:00 radələrində Natavana telefon vasitəsi ilə zəng edib harada olmasını soruşmuşdur. Natavan Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrosunun yanında olmağını bildirdikdə onunla görüşmək istədiyini demişdir. O, razılaşmış və bir neçə dəqiqə sonra onun yanına getmişdir. Birlikdə görüşüb bir neçə dəqiqə söhbət etdikdən sonra Nərimanov rayonuna getmək istəmişlər. Lakin komendant saatına yaxın olduğu üçün dayanacaqda 11 saylı marşurut avtobusunu gözləsələr də avtobus gəlməmişdir. Həmin vaxt pulları olmadığı üçün taksi ilə də Nərimanova getmək mümkün olmamışdır. Bundan sonra metronun yaxınlığında yerləşən yaşayış binalarının pilləkənlərində əyləşib gecəni keçirmək qərarına gəlmişlər. Bu məqsədlə Nizami rayonu, Əlif Hacıyev küçəsi 24/53 ünvanında yerləşən yaşayış binasının yanına getmişlər. Orada “Günəş” ev alqı-satqısı ofisinin önündə yerləşən pilləkənlərdə əyləşmişlər. Natavan pilləkəndə əyləşib gözləyən vaxt o, ətrafa baxmışdır. Natavanla belə qərara gəlmişlər ki, münasib bir yer tapa bilsələr oradan oğurluq edərlər. Natavan pilləkənlərdə oturan zaman ona demişdir ki, “Günəş” alqı-satqı ofisinin pəncərəsindən baxdıqda noutbuklar görsənir. Natavana ora gələn şəxslər olsa məlumat verməyini, hansısa bir alət tapıb qapısını açaraq oradan oğurluq edəcəklərini demişdir. Sonradan dəmir alət taparaq ofisin qapısını sındırıb açmış və birlikdə oraya daxil olaraq 2 ədəd “HP” markalı və 1 ədəd isə “Acer” markalı noutbook götürərək səhər saat 06 radələrinə qədər orada qaldıqlarını göstərmişdir. Səhər açılandan sonra isə avtobusa minib Nərimanov rayonuna getmişlər. O, noutbukları hazırda fikrində qalmayan zibil qutularının yanında gizlətmişdir ki, sonradan satarlar. Lakin 2-3 gün sonra noutbukları gizlətdiyi yerdən götürmək üçün zibil qutularının olduğu yerə getdikdə noutbukları orada tapa bilməmişlər. Bundan sonra, 29 oktyabr 2020-ci ildə saat 21 radələrində Natavanla birlikdə Nizami rayonu, Əlif Hacıyev küçəsi, 46 ünvanında gəzən zaman fikirləşmişlər ki, obyektlərə daxil olub oğurluq edərək satıb pul əldə edərək ehtiyaclarına xərcləsinlər. Bu zaman “Mixək” mağazasının qapısını o, zorla açmış və birlikdə oraya daxil olaraq oradan bağlamalarda əlcək və digər əşyalar götürüb çıxmışlar. Sonra əşyaları fikrində qalmayan şəxslərə satıb pulunu bölərək hər ikisi öz ehtiyacına xərcləmişdir. Daha sonra, 30 oktyabr 2020-ci ildə saat 4 radələrində Natavanla ünvan 3 ünvanında gəzən zaman fikirləşmişlər ki, obyektlərə daxil olub oğurluq edərək satıb pul əldə edərək ehtiyaclarına xərcləsinlər. Bu zaman o, “CS” gözəllik salonunun qapısını zorla açmış və birlikdə oraya daxil olmuşlar. Oradan fikrində qalmayan məbləğdə pul və saç kəsilməsi üçün nəzərdə tutulan əşyalar götürmüşlər. Sonra pulu bölmüş və əşyaları da hazırda fikrində qalmayan şəxslərə satıb onun da pulunu bölüb hər ikisi ehtiyaclarına xərcləmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə başlanmış ********* nömrəli cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 1-2) - 31 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 30 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 5-8) - 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 26) - 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (i.v. 25) - 30 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 27-29) - 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 44) - 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (i.v. 43) - 27 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 45-47) - 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Şahid və X3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 64-65) -MYİ seriyalı, ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, X1 Federasiyasının vətəndaşıdır, ünvan 5 ünvanında yaşayış yeri üzrə müvəqqəti qeydiyyata alınmışdır. (i.v. 75) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 3/1216 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır və Şahid sağ əlinin ovucunun İİ tenar hissəsindən qalmışdır. Tədqiqata təqdim edilmiş 2-10 saylı daktilolentin səthlərindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Nəzərə almaq lazımdır ki, həmin ovuc izi Zərərçəkmiş şəxs1 məxsus gözəllik salonuna baxış keçirilən zaman götürülmüş ovuc izidir. (i.v. 114- 118) -İttiham aktından görünür ki, Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı tərtib və təsdiq olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. (i.v. 142) - 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 cinayət işi üzrə hadisələri özündə əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Baxışa təqdim edilən görüntülərdən görünür ki, 27 oktyabr 2020-ci ildə saat 19:30 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, 24/25-də yerləşən “Günəş” adlı alqı-satqı ofisinin qarşısında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxslərin obyektin yanında gəzişmişlər, daha sonra kişinin obyektin qapısını hansısa bir alətlə qıraraq qadınla oraya daxil olub sonradan əllərində torba çıxıb oradan getmişlər. Bundan sonra 29 oktyabr 2020-ci ildə saat 21 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, 46-da yerləşən “Mixək” adlı mağazanın qarşısında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxslərin obyektin yanında gəzişmişlər və daha sonra kişinin obyektin qapısını zorla açaraq qadınla birlikdə oraya daxil olub sonradan əllərində torba çıxıb oradan getmişlər. Daha sonra 30 oktyabr 2020-ci ildə saat 04 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, 46A-da yerləşən “CS” adlı gözəllik salonunun qarşısında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxslərin obyektin yanında gəzişmişlər və daha sonra kişinin obyekin qapısını zorla açaraq qadınla birlikdə oraya daxil olub sonradan əllərində torba çıxıb oradan getmişlər. Baxışda müdafiəçisi ilə iştirak edən X5 qadın cinsli şəxsin özünün olmasını, digər kişi cinsli şəxsin isə tanışı Şahid olmasını və həmin görüntülərin həqiqətən də ev alqı-satqısı ofisindən, mağazadan və gözəllik salonundan oğurluq edərkən çəkilmiş görüntüləri olmasını bildirmişdir. (i.v. 175) - 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunan ittiham dəyişdirilmədən saxlanılmış, iş üzrə oğurluq hadisələrini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (v. 184-188) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, zərərçəkmiş şəxsləri, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən X3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 1(006)- 196/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən cəzası 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. (i.v. 85-86, 143-153) -Bakı şəhər probasiya idarəsinin 05 aprel 2022-ci il tarixli 21-1-4326/14 nömrəli məktubundan görünür ki, X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021ci il tarixli 1(006)-196/2021 nömrəli hökmü ilə təyin edilmiş şərti cəzasının 05 ay 18 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 12 gün təşkil edir. - 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X5 axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 155) -Tibbi sənədlərdən görünür ki, X3 06 dekabr 2020-ci il tarixdə bir qızı doğulmuşdur. (i.v. 156-157) - 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin müstəntiqi tərəfindən X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. (i.v. 181-182) Məhkəmə qeyd edir ki, X5 hazırkı cinayət işi üzrə əməlləri müvafiq olaraq 27 oktyabr 2020-ci il, 29 oktyabr 2020-ci il və 30 oktyabr 2020-ci il tarixlərdə törətmişdir, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə hökm çıxarılmış cinayət işi üzrə əməli isə 04 noyabr 2020-ci il tarixdə törətmişdir, yəni o, cinayət əməlini hökmlə təyin edilmiş sınaq müddəti ərzində törətməmişdir, hazırkı anda isə onun sınaq müddəti başa çatmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X3 himayəsində azyaşlı uşağının olmasını, üç nəfər zərərçəkmiş şəxsdən ikisinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin (himayəsində yaşayan azyaşlı qızının) həyat şəraitinə təsirini nəzərə alır, onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Məhkəmə bu qənaətə gələrkən xüsusilə azyaşlı uşağın üstün mənafeyini nəzərə alır, qeyd edir ki, məhkəmə iclasında müəyyən olunduğu kimi, azyaşlı uşaq anası olan təqsirləndirilən şəxsin himayəsindədir, onun rəsmi nikahda olduğu şəxs yoxdur, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunduğu halda uşağın yerləşdirilməsində və saxlanılmasında ciddi çətinliklər yaranacaq və o, himayədən məhrum olacaqdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, istər qeyd olunanlar baxımından, istərsə də X3 hazırkı işlə bağlı 15 dekabr 2021-ci il tarixdə yalnız bir neçə saat ərzində axtarışda olan şəxs qismində tutulması baxımından həmin müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbin əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 təyin edilməli olan cəzanın şərti hesab edilməsi nəzərdə tutulduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinin tələblərinə uyğun olaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilməli olan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqinin mümkünlüyü məsələsini həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxs X3 himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan bir azyaşlı uşağı olduğundan onun barəsində həmin cəza növünün tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan ödənilməsə də, o, maddi ziyanı tələb etməmiş, mülki iddia verməmişdir, digər Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyan ödənildiyinə görə şikayəti və tələbi olmamış, mülki iddia verməmişdir, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan ödənilməsə də və ziyanın ödənilməsini tələb etsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 61,29 manat ekspertiza xərcinin yarı hissəsi təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, ekspertiza 30 oktyabr 2020-ci il tarixdə törədilmiş oğurluq hadisəsi üzrə keçirildiyindən həmin epizod üzrə digər təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid barəsində yekun akt çıxarılarkən ekspertiza xərcinin qalan hissəsinin tutulması məsələsi həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 44 iş saatı (18+26) müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. X3 üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. X3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 61,29 manat ekspertiza xərcinin 30,65 manat hissəsi X2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. X4 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 44 saat (18+26) göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 264 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb etdiyi halda, Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-102/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-102/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver