Məhkəmə qərarları › İş №1(007)-103/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-103/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-103/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb daşımış və satmış, bundan başqa qanunsuz olaraq soyuq silah əldə edib idarə etdiyi avtomobildə saxlayaraq gəzdirməklə daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanıdığı “Seyid” adlı İran İslam Respublikası vətəndaşının ona nömrəsini göndərdiyi bank kartının hesabına 30 manat pul ödəyərək satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,630 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanının qarşısında, Şahid1 onun bank kartının hesabına 10 manat pul ödədikdən sonra sonuncuya bir ədəd bükümdə 0,395 qram narkotik vasitə heroin satmış, 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın yaxınlığında Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən onun satdığı bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq 23 iyul 2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ və NMB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 126 ünvanının yaxınlığında o, şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 81B-də yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,235 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən qanunsuz olaraq soyuq silah hesab olunan, kustar üsulla hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kasteti (beşbarmaq-bıçaq) əldə edib idarə etdiyi “Porshe Cayenne” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirməklə daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23 iyul 2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 126 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, idarə etdiyi “Porshe Cayenne” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 81B-də yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirildikdən sonra polis şöbəsinin həyətində qeyd olunan avtomobilə baxış zamanı avtomobilin salonunda olan sandıqçanın içərisindən bir ədəd kustar üsulla hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik, soyuq silah hesab edilən kombinə edilmiş kastet (beşbarmaq-bıçaq) aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 1 ilə yaxındır narkotik vasitə aludəçisidir. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində ünvan 5 ünvanın yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları adını soruşduqdan sonra onu saxlayaraq idarə etdiyi “Porshe Cayenne” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu qeyd etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni 30 manata 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı İran vətəndaşı “Seyid” adlı şəxsdən onlayn qaydada aldığını qeyd etmişdir. Bundan sonra polis şöbəsinin həyətində idarə etdiyi “Porshe Cayenne” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş və avtomobildə saxlanc yerindən üzərində “Knife mont” yazısı olan xəncər, bir ədəd qara rəngli əl bıçağı və “Beşbarmaq” bıçaq aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. O, qeyd etmək istəyir ki, narkotik vasitənin satışı ilə məşğul olmur, aşkar edilmiş narkotik vasitəni də sadəcə özü üçün istifadə məqsədilə almışdır. Solmaz adlı xanım da ona narkotik müqabilində pul göndərməmişdir. Belə ki, əməliyyatçılar onun guya balkondan narkotik atmasını qeyd etsələr də, bu həqiqət deyil. O, Solmaz adlı xanıma balkondan nağ pul atmış və həmin pulu onun kartına köçürməsini istəmişdir. Solmaz xanım da onun xahişini yerinə yetirərək, karta həmin pulu köçürmüşdür. Buna görə də, narkotik maddənin satışına aid hissədə ittihamla razı deyil, yalnız istifadəçidir, silah saxlama ilə bağlı ittihamı isə tam qəbul edir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əvvəllər məhkum olunmamışdır və “kakos” kimi tanınan narkotik vasitə heroin qəbul edir. Narkotik vasitə heroini siqaretin gümüşü kağızının üzərində yandıraraq tüstüsünü qəbul etməklə istifadə etmişdir. Narkotik vasitəni “İnstaqram”dan tanış olduğu İlqar adlı şəxsdən almışdır. İlqarın “WhatsApp” nömrəsi ilə əlaqə saxlayıb lazım olan miqdarda narkotik vasitə sifariş etmiş, bundan sonra İlqar ona kart nömrəsi göndərmiş və həmin kart nömrəsinin hesabına müxtəlif məbləğlər köçürdükdən sonra yaşadığı binanın qarşısına getmiş və İlqar pəncərədən narkotik vasitə heroini bükümlərdə yerə atmışdır. O, həmin bükümləri götürərək istifadə etmişdir. 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanının qarşısına getmişdir. Əvvəlcədən İlqara 10 manat məbləğində narkotik vasitə olan heroini satmasını xahiş etmişdir. “Nazlı” sarayın yaxınlığında “Dəniz” restoranının üstündəki binanın qarşısına getmiş, İlqar hansısa pəncərədən ona bir ədəd sellofan bükümdə “kakos” kimi adlandırdıqları narkotik vasitə heroin atmış və o, həmin narkotik vasitəni yerdən götürüb sağ yan cibinə qoymuşdur. Binadan bir az aralandıqdan sonra iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin istifadə və daşınmasında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Buna görə o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, İlqar adlı şəxsdən mütəmadi olaraq narkotik vasitə almışdır. Hətta əvvəllər İlqarın yaşadığı Qaraçuxur qəsəbəsinə də gedərək ondan narkotik almışdır. İlqar Qaraçuxur qəsəbəsində də narkotiki müxtəlif yerlərə qoymuş və qoyduğu yerin şəklini ona göndərmişdir. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Namiq İsmayılov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «Əməliyyat Tapşırığı»nın icrası ilə əlaqədar Şahid1 narkotik vasitə satmış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan “İlqar” adlı şəxsin xx.xx.1990-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs olduğu tərəflərindən müəyyənləşdirilmiş və xx.xx.2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3lə birlikdə ünvan 5 ünvanın yaxınlığında idarə etdiyi “Porshe Cayenne” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib qaçmaq istəyən zaman tərəflərindən saxlanılaraq şübhəli şəxs qismində Nizami RPİ-nin 24-cü PŞnə gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, qısa müddət sonra Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 10:50-də Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı X1 məxsus xidməti otaqda üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan və cins şalvarının sol yan cibindən “X3 4” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Bir ədəd bükümə baxış keçirilən zaman tünd qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində tanımadığı İran vətəndaşından aldığını və qeyd edilən tarixdə tanıdığı Şahid1 15 manat müqabilində bir büküm satdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırma aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, baxışın sonunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan sonra 23 iyul 2022-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs idarə etdiyi “Porshe Cayenne” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı ilk əvvəl saxlanc yerini açdıqda orada üzərində “Knife mont” yazısı olan xəncər, bir ədəd qara rəngli əl bıçağı və “Beşbarmaq” kimi tanınan bıçaq aşkar edilmişdir. Daha sonra sürücü tərəfdə olan qapını açdıqda sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Avtomobilin baqaj hissəsinə baxdıqda orada avtomobil ehtiyat hissələri olmuş və əlavə sübut əhəmiyyəti daşıyan hər hansı əşyalar aşkar olunmamışdır. Avtomobilə baxış zamanı da videoçəkiliş aparılmış, baxışın sonunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilinərək Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, Şahid1 üzərinə həmin gün saat 21:50-də keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi təngli, toz şəklində, spesifik iyə malik olan kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Şahid1 həmin kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, 22 iyul 2022-ci il tarixdə “İlqar” adlı tanışından Nizami rayonu, E.Süleymanov küçəsi 124 ünvanın qarşısında sonuncunun kartına pul köçürməklə binanın qarşısında əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 23 iyul 2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə həmin gün saat 10:50də keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd, içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik olan şəffaf sellofan və cins şalvarın sol yan cibindən “X4 4” markalı mobil telefon aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində tanımadığı İran vətəndaşından aldığını, xx.xx.2022-ci il tarixdə tanıdığı Şahid1 15 manat pul müqabilində bir büküm satdığını bildirmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 23 iyul 2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək idarə etdiyi “Porshe Cayenne” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs həmin avtomobilinə baxış zamanı ilk əvvəl saxlanc yerini açdıqda orada üzərində “Knife mont” yazısı olan xəncər, bir ədəd qara rəngli əl bıçağı və “Beşbarmaq” kimi tanınan bıçaq aşkar edilmişdir. Daha sonra sürücü tərəfdə olan qapını açdıqda sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Avtomobilin baqaj hissəsinə baxdıqda orada avtomobil ehtiyat hissələri olmuş və əlavə sübut əhəmiyyəti daşıyan hər hansı əşyalar aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 iyul 2022-ci il tarixli, 6/4003 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,235 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə olan və üzərində “Şahid1...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına daxildir. Həmin maddənin 0.050 qram hissəsi, 1.185 qram hissəsi tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 avqust 2022ci il tarixli, 4449 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 3/1101 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici, xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet, kustar üsulla hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastetdir (beşbarmaqbıçaqdır) soyuq silah hesab edilir.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, suvenir tipli xəncərlərə aiddir, soyuq silah hesab edilmir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində 24 iyul 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, iş üzrə 23 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, habelə Təqsirləndirilən şəxs idarə etdiyi “Porshe Cayenne” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 02 ədəd DVD disklərin 14 oktyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi nəzərə alınmış, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 1,235 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata 0,050 qram sərf edildikdən sonra 1,185 qram heronin qalığı saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Porshe Cayenne” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan sandıqçanın içərisindən aşkar olunaraq götürülmüş bir ədəd kustar üsulla hazırlanmış kombinə edilmiş kastet (beşbarmaq-bıçaq) maddi sübut kimi tanınmış, bir ədəd turist bıçağı və bir ədəd “Knife mont” yazısı olan suvenir tipli xəncər ilə birlikdə saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 avqust 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasından isə görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 06 mart 2023-cü il tarixli, 21- 1/122717/17 məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 38/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 il 10 ay 24 gün hissəsi icra olunmamış qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2022 saylı, 25 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın hazırkı tarixə çəkilməmiş 02 il 10 ay 24 gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 01 il 05 ay 12 gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 24 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 dekabr 2022ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə məhkəmə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.185 qram olan narkotik vasitə heroin, bir ədəd kustar üsulla hazırlanmış kombinə edilmiş kastetin (beşmarmaqbıçaq), bir ədəd turist bıçağı və bir ədəd “Knife mont” yazısı olan suvenir tipli xəncər məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, məhkəmə fiziki-kimyəvi və məhkəmə ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 129 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 24 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 144 manat (24x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 il 10 ay 24 gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 01 il 05 ay 12 gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.185 qram olan narkotik vasitə heroin, bir ədəd kustar üsulla hazırlanmış kombinə edilmiş kastetin (beşmarmaqbıçaq), bir ədəd turist bıçağı və bir ədəd “Knife mont” yazısı olan suvenir tipli xəncər məhv edilsin. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 144 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar