Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-103/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,821 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 noyabr 2023-cü il tarixdə saat 02:50 radələrində ünvan 2 ünvanının qarşısında Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPlnin 25-ci PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,821 qram olan, ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 05 noyabr 2023-cü il tarixdə, saat 02:50 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında dayandığı zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə getmiş, polis şöbəsində ona hüquq və vəzifələrini izah edildikdən sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa, təqdim etməsi təklif olunmuş, o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə patı olduğunu və həmin psixotrop maddə patını 04 noyabr 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində aldığını demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nizami RPl-nin 25-ci PŞnin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 noyabr 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə Bakı şəhəri, Nizami rayonu ərazisində «Ələkbər» adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, Nizami RPl-nin 25-ci PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə Nizami RPl-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə 05 noyabr 2023-cü il tarixdə «Ələkbər» adlı şəxsin olması ehtimal edilən ünvan 7 ünvanının yaxınlığına yollanmışlar. Saat 03:00-da qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada xidməti otaqların birində onun üzərinə Müdafiəçi iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə «patı» kimi tanıdığı metamfetamin olduğunu və 04 noyabr 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümə baxış keçirilərək içərisində ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş və həmin sellofan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaqa Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 05 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5915 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 165» möhür əksi, «...ş/ş... Təqsirləndirilən şəxs ...» və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,821 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 7301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. AR-sı CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə saat 02:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-456/2023 saylı qərarı ilə barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Beləliklə o, 05 noyabr 2023-cü il tarixdən hökm çıxdığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 05 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,771 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-103/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-103/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver