Məhkəmə qərarları › İş №1(007)-104/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-104/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-104/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – mülki iddiaçı – X2, zərərçəkmiş şəxs – mülki iddiaçının nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3, müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 avqust 2020-ci il tarixdə saat 08:30 radələrində ünvan 3 ünvanda yerləşən yataqxanada yaşadığı otaqda tanışı X2 orada olan digər şəxslərlə zarafat edib gülməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə etdikdən bir neçə dəqiqə sonra Orxan Məmmədovu ictimai yer olan yataqxananın yerləşdiyi binanın qarşısında həmin ünvanda yerləşən tikinti aparılan boş sahəyə çağıraraq orada Orxan Məmmədovla mübahisəni davam etdirərək öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub cəmiyyətə qarşı açıq hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ətrafda olan şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edib üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən sonuncunun üz nahiyəsindən vuraraq Orxan Məmmədova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol çənə bucağının kəsilmiş yarası, boynun cızıqları və sağ saidin qançırı xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, hadisə olan gün saat təxminən 08:30 radələrində yuxudan oyanıb hamam otağına keçmiş, sonra hamam otağından çıxıb otağına qayıtmışdır. Orxan da onun otağına gəlmiş, bir nəfər şəxslə zarafat etmişdir. O da Orxana irad bildirərək öz otağına getməyini bildirmiş, Orxanla aralarında mübahisə başlamışdır. Orxana otaqdan çıxmasını, o, əynini geyinəndən sonra danışacaqlarını bildirmişdir. Əynini geyindikdən sonra Orxanın otağının qapısını döyüb onu aşağı çağırmışdır. Orxanı aşağı çağırmaqda məqsədi ikisinin söhbət etməsi olmuşdur. Yay vaxtı olduğundan o, avtomobilinə əyləşib kondisioneri yandırmışdır. Orxan gəldikdə ona demişdir ki, “maşına otur, ikimiz danışaq”. Orxan ona “sən kimsən maşınına oturum” deyərək onu maşından düşürtmüşdür. Orxan ona demişdir ki, “gəl, bu yana”. Orxanla söhbət edən zaman birinci Orxan yumruqla onu vurmuş, gözünün ətrafı partlamışdır. Bundan sonra o, yerdən şüşə və ya şifer parçası götürüb özünü müdafiə etmək üçün Orxanı vurmuşdur. Orxana yerdən götürdüyü şüşə və ya şifer parçası, yaxud əlində sınan üzüklə xəsarət yetirdiyini bilmir. Mübahisə vaxtı söyüş söyülmüş, nalayiq ifadələr işlədilmişdir. O, yerdə oturmuş, ondan qan getmişdir. Bu vaxt İbrahim gəlmişdir. Sonra o, otağına getmiş, köynəyini dəyişmişdir. Orxan onun otağına gəlmiş, aralarında sözlə mübahisə olmuşdur. Orxanla mübahisə edən zaman ətrafda heç kim olmamışdır. O, həmin vaxt xəsarət aldığı üçün ekspertizaya getmək istəmiş, lakin yataqxananın komendatı onların arasında danışıq aparmış, ona ekspertizaya getməyə ehtiyac olmadığını, onları barışdıracağını bildirmişdir. O, 17 gündən sonra polisə gedib ərizə vermiş, onu ekspertizaya göndərmişlər. Onun Orxanla dava etmək məqsədi olmamış, Orxanı söhbət etmək məqsədi ilə çölə çağırmışdır. Orxan ona qarşı təhqiramiz ifadələr işlətmiş, aralarında mübahisə olmuşdur. Qaynı, qayınatası və özü zərərçəkmiş şəxslə barışmaq üçün cəhdlər etmişlər, lakin zərərçəkmiş şəxs barışmamışdır. Ailə qurmuşdur, uşağı olacaqdır, uşağının kimsəsiz böyüməsini istəmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, 2012-ci ildən yataqxanada yaşayır. Şahin isə yataqxanaya 2018-ci ildən gəlmişdir. Şahin Yaqubla eyni otaqda qalmışdır. Hadisə günü o, səhər saatlarında su götürmək üçün Yaqubun qaldığı otağa keçmişdir. Bu zaman o, Kənanla zarafat etmişdir. Həmin vaxt Şahin hamamdan otağa gəlmiş, onun Kənanla zarafat etdiyini görüb etik olmayan, nalayiq cümlə işlətmişdir. O, Şahinə iradını bildirmiş, Şahin cavabında ona “mən sənə başa salaram” demişdir. O isə Şahinə “sən mənə nəyi başa salacaqsan, kobudluq edən sənsən” demişdir. Şahin ona aşağı düşərək aşağıda söhbət etməyi söyləmişdir. O, su götürüb öz otağına keçmişdir. Otağa keçməyindən təxminən 5-10 dəqiqə keçmiş Şahin onun otağının qapısını döyərək aşağı düşməsini təklif etmişdir. O, Şahinin sözü ilə razılaşıb aşağı düşmüşdür. Aşağı düşən zaman Şahid1 yan otaqdan çıxaraq Şahinin təhlükəli adam olduğunu, aşağı düşməməyini bildirmişdir. Bu zaman o, İbrahimə bildirmişdir ki, “qoy düşüm görüm Şahin nə deyir”. Aşağı düşən zaman Şahin ona idarə etdiyi avtomaşına oturmağını demiş, o, isə “mən niyə sənin avtomaşınına oturmalıyam” demişdir. O, Şahinlə birlikdə tikinti gedən ərazinin yanına getmişlər. Şahin onu təhqir etmiş, o da həmin sözləri Şahinə qaytarmışdır. Şahin onun çiyninə əl atmış, o, çiynini qaçırtmış, aralarında məsafəni saxlamışdır. Bu zaman Şahinin cibində nəsə axtardığını görmüşdür. Şahin cibindən bıçaq çıxardıb onu sifət nahiyəsindən vurmuşdur. O, özünü müdafiə etmək məqsədi ilə Şahinin əlini saxlayıb, ona 1-2 yumruq vurmuşdur. Şahinin onu vurmaması üçün onu qucaqlamışdır. Şahin köynəyini dartıb cırmışdır. Bu zaman İbrahim gəlib onları ayırmışdır. O, sifətindən qan axdığını görüb yataqxanaya getmişdir. Yataqxanada güzgüdə sifət nahiyəsinə baxanda üz nahiyəsinin kəsildiyini görmüşdür. O, Şahinin otağına keçərək nə səbəbə onu vurduğunu soruşmuşdur. Bu zaman otaqda yataqxanadakı uşaqlardan olmuşdur. Şahin əlində olan mətbəx bıçağını ona tərəf atmış, bıçaq ürək nahiyəsini sürtüb keçmişdir. İbrahim ondan bıçağın ona dəyibdəyməməsini soruşmuş, o, bıçağın dəymədiyini demişdir. Sonra o, otağına keçib 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Tikinti olan ərazi yol kənarı olduğundan oradan insanlar, maşınlar keçmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayəti vardır. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı X5 mülki iddia ərizəsi ilə Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə bıçaqla yetirdiyi xəsarət nəticəsində “X13” klinikasında əməliyyat olunmuş və sifət nahiyəsinə on iki tikiş qoyulmuşdur. Sifət nahiyəsinə qoyulmuş tikiş yerlərinin izlərinin qalmaması, silinməsi üçün hadisədən keçən 1 il 2 ay ərzində mütəmadi olaraq müayinə və müalicə olunmuşdur. Sifət nahiyəsində həyata keçirilən əməliyyata, müalicə üçün əldə etdiyi dərman və kremlərə indiyə kimi 2000 manat vəsait sərf etmişdir. Təqsirləndirilən şəxs ona maddi zərər vurmaqla yanaşı mənəvi zərər də vurmuşdur. Belə ki, onun ona qarşı törətdiyi cinayət nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Keçən müddət ərzində keçirdiyi gərginlik və sarsıntıdan sağlamlığı pozulmuş, fiziki əzab çəkmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulan mənəvi zərərin həcmini də 2000 manat qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmədən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurduğu 2000 manat məbləğində maddi zərərin və 2000 manat məbləğində mənəvi zərərin, cəmi 4000 manat pulun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şahinlə Orxanın mübahisə etdiklərini görmüş, onlara mübahisə etməmələri barədə xəbərdarlıq etmişdir. Sonra onlar aşağı düşmüşlər, aşağıda mübahisə etmişlər. Şahin aşağı düşəndə heç kimin arxalarınca gəlməməsini bildirmişdir. O, aşağı düşəndə Şahin əyilmiş vəziyyətdə olmuş, gözü göyərmişdir. Orxanın isə sifətində kəsik yarası olmuşdur. Yataqxanaya qalxandan sonra Orxanla birlikdə Şahinin otağına getmişlər. Qapını açanda Şahinin əlində bıçaq olmuşdur. Mübahisə zamanı Namiq, Fuad, Amin, Tərlan və digər yataqxana sakinləri orada olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, yataqxanaya dostu Yaqubun yanına gəlmiş və gecəni Yaqubun yanında qalmışdır. Səhəri gün Orxan onların otağına gəlmişdir. Bir az sonra Şahin də otağa gəlmişdir. Orxan ona qarşı nalayiq ifadə işlətmiş, Şahin bununla bağlı Orxana irad bildirmişdir. Orxan isə sözlərinin ona uyğun olduğunu demişdir. Bundan sonra Şahinlə Orxan arasında mübahisə olmuşdur. Şahin təklikdə söhbət etmələri üçün Orxana aşağı düşməsini bildirmişdir. Şahin həmçinin arxalarınca heç kəsin gəlməməsini demişdir. Onlar aşağı düşdükdən 10 dəqiqə sonra o da aşağı düşmüşdür. O, aşağı düşəndə İbrahim orada olmuşdur. Şahinin gözünün ətrafının partladığını görmüşdür. X8 guya bıçaqla vurduğunu eşitmişdir. Lakin həmin vaxt Şahinin əlində bıçaq olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, baş vermiş hadisənin üzərindən 2 il keçdiyindən tam xatırlamır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Kiminsə kimisə vurduğunu görməmişdir. O, dava-dalaş olduğunu bilməmişdir. Sonradan Orxanın üzündə kəsik izi olduğunu görmüş, lakin səbəbini soruşmamışdır. Şahid3 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Nizami rayonu, K.Balakişiyev 25 ünvanda yerləşən yataqxanada qalır. Rəsmi olaraq heç bir yerdə işləmir. 10 avqust 2020ci il tarixdə səhər saat 8:30 radələrində yataqxanadakı otağında olan zaman qonşuluqda yaşayan Orxan Məmmədov otağa gələrək çay içmək istədiyini və bunu üçün isti suyun olub-olmamasını soruşmuşdur. O isə öz növbəsində Orxana bildirmişdir ki, isti su yoxdur, gözləsin suyu qızdırsın. Bundan sonra Orxan öz otağına stəkan dalınca getdiyini bildirmişdir. Orxan öz otağından stəkan götürərək onların otağına gəlmiş və suyun qızmasını gözləmişdir. Orxan suyun qızmasını gözləyən zaman onun yanına qonaq gələn Kənan ilə zarafat etməyə başlamışdır. Orxan Kənan ilə zarafat edən zaman onunla bir otaqda qalan Şahin otağa gəlmiş və Orxan ilə Kənanın zarafatını görən zaman əsəbiləşib söyüşlər söyərək “bura sizin üçün nədir” demişdir. Orxan Şahinin söyüşlərinə öz iradını bildirən zaman Şahin qəzəblənib Orxanı aşağı düşərək söhbət etməyə çağırmışdır. Bundan sonra Şahin və Orxan aşağı düşmüşlər, o isə hamam otağına getmişdir. Aşağıda nə baş verdiyindən xəbəri olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, yataqxananın komendatıdır. O, hadisə olan gün yataqxanada olmamışdır. Orxan uzun müddətdir ki, yataqxanada qalır, bu müddət ərzində belə bir hadisə baş verməmişdir. Şahin yataqxanaya sonradan gəlmişdir. Hadisə 2 il əvvəl baş verdiyindən tam yadında qalmamışdır. O, yataqxanadakı uşaqlardan soruşduqda uşaqlar Orxanın Şahini vurmadığını, Şahinin Orxanı vurduğunu demişlər. Şahin ona zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, birinci Orxanın onu vurduğunu demiş, özünü müdafiə etmişdir. O, hadisə barədə məlumatı olduğunu, onun bıçağa əl atdığını, Orxanı vurduğunu, qaçdığını, Orxanın isə polisə müraciət edərək məsələnin hüquqi qaydada həll olunmasını tələb etdiyini, hadisənin gedişatından, yataqxanadakıların dediklərindən təqsirin onda olduğunun göründüyünü bildirmişdir. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahini də, Orxanı da yaşadığı yataqxanadan tanıyır. Hadisə olan zaman o yatmış, səhər səs-küyə oyanmışdır. Koridora çıxdıqda Orxanın sifət nahiyəsinin qan içində olduğunu görmüşdür. Orxana yaxınlaşıb nə baş verdiyini soruşduqda Şahinin onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt Orxanın yanında İbrahim olmuş, Orxan İbrahimə demişdir ki, “sadəcə söz soruşacam ki, məni niyə bıçaqla vurdun?”. Bu vaxt qapı açılmış Şahin Orxana tərəf bıçaq atmışdır. Orxan arxaya çəkilmiş, bıçaq ona dəyməmişdir. O, Orxanı aşağı düşürtmüşdür. 2-3 dəqiqə sonra Şahin əlində bıçaq və köynək maşınına əyləşərək oradan uzaqlaşmışdır. Sonra Polis əməkdaşları gəlmişlər və Orxanı xəstəxanaya aparmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 580 saylı rəyin nəticə hissəsindən görünür ki, X1 çənə bucağının kəsilmiş yarası, boynun cızıqları, sağ saidin qançırı olmuşdur. Qeyd olunan qançır bərk küt əşyanın təsirindən, kəsilmiş yara və cızıqları iti kənara malik əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, T 226/2020 saylı rəyin nəticə hissəsindən görünür ki, O.G.Məmmədovun almış olduğu xəsarətlər – sağ saidin qançırı bərk küt əşyanın təsirindən, sol çənə bucağının kəsilmiş yarası və boynun cızıqları isə iti kənara malik əşyanın, ola bilsin ki, bıçağın təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənmişlər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Alt çənənin sol şaxəsi proyeksiyasında olan çapıq sifətdə asimmetriya və mimiki pozğunluq yaratmadığından silinən hesab edilir və zaman keçdikdə sorularaq az nəzərə çarpan olacaqdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 636 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sol gözün bayır bucağı nahiyəsinin səthi əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs kimi tanınmışdır. - xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxsin tutulmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X5 mülki iddiaçı kimi tanınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. X2 barəsində cinayət işinin başlanılması rədd edilmiş, qəbul ediləcək qərarın surəti X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün ərazi aidiyyəti üzrə 25-ci PŞ-nə göndərilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CMnin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, iti kənara malik əşya ilə (bıçaqla) zərərçəkmiş şəxs X2 üz nahiyəsindən qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 150.1ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, evli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 və 346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Zərərçəkmiş şəxs - mülki iddiaçı X5 2000 manat maddi və 2000 manat mənəvi ziyan dəyməsini təsdiq edən sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı X2 mülki iddiası baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar