Məhkəmə qərarları › İş №1(007)-105/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-105/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-105/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu il tarixdə Lənkəran rayonunun Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Şürük kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs açıq olaraq talama məqsədilə özgənin əmlakını həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ələ keçirərək soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq yolla talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Uzununa küçəsi, 23 saylı binanın qarşısı ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs çiynində asılmış içərisində, üzərində 3 manat dəyərində 077 *** ** ** saylı mobil telefon nömrəsi olan 80 manat dəyərində “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatı, üzərində 3 manat dəyərində 055 *** ** ** saylı mobil telefon nömrəsi olan 250 manat dəyərində “Samsung Tab 4” markalı planşet, 1 ədəd 5 manat dəyərində “xxxxxxxxxxxx”a və 1 ədəd 5 manat dəyərində “Rabitəbank”a aid plastik kartlar, 1 ədəd 220 manat dəyərində “Kenzo” markalı qadın ətri, 50 manat dəyərində qadın kosmetik əşyaları, 54 manat nəğd pul, 1 ədəd 30 manat dəyərində pul qabı və Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi olan 35 manat dəyərində qadın əl çantasını dartıb, Zərərçəkmiş şəxs yerə yıxıb sürüyərək sonuncuya sol dizaltı nahiyəsinin sıyrığı və sağ bayır topuq nahiyəsinin şişkinlik halında əzilməsi ilə nəticələnən sağlımlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə çantasını alaraq hadisə yerindən qaçmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 735 manat dəyərində ziyan vuraraq soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4 və 326.2-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərinə gəlib müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2019-cu ilin noyabr ayında arvadından ayrıldıqdan sonra küçələrdə qalmış və pulu olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində “Koroğlu” metrostansiyasının qarşısına gəlmiş, bir müddət orada gəzdikdən sonra saat təxminən saat 17:30-da “Koroğlu” metrostansiyasından Keşlə qəsəbəsi istiqamətində yolun kənarı ilə piyada gedərək, Keşlə qəsəbəsinə çatmış, qəsəbənin içərisi ilə hərəkət edib, Keşlə dəmiryol stansiyası istiqamətində getmişdir. Saat təxminən 18:10 radələrində stansiya istiqamətində dəmiryol xəttinin kənarında dar küçə ilə gedən zaman qarşıdan bir nəfər orta yaşlarda qadının gəldiyini görmüşdür. Qadının çiynində çantası olmuşdur. Pulu olmadığından və çantada pul olacağını fikirləşərək qadının çantasını alıb qaçmaq qərarına gəlmiş, qadına çatmağa təxminən 10-15 metr qalmış o, sonuncuya tərəf qaçmağa başlamış, qadına çatdıqda əl atıb hər iki əli ilə çantanı tutub dartaraq qadının çiynindən alıb həmin istiqamətdə də qaçmağa başlamışıdr. O, arxaya baxmadan qaçmışdır. Qadın onun arxası ilə qışqırmış, lakin o, sonuncunun nə dediyini anlamamışdır, çünki qaçaraq oradan xeyli uzaqlaşmışdır. Bır qədər qaçdıqdan sonra elə qaça-qaça çantaya baxmış, orada iki telefon olduğunu görmüş, əl atıb çantadan hər iki telefonu götürmüş, bu zaman çanta əlindən yerə düşmüş, o, çantanı yerdən götürməyərək qaçmağa davam etmişdir. Bir qədər qaçdıqdan sonra arxası ilə gələn olmadığını görüb qaçmağı dayandıraraq, iti addımlarla Keşlə qəsəbəsindən H.Əliyev prospektinə çıxmış və yolun kənarı ilə piyada “Nərimanov” metrostansiyasına getmiş, telefonlara baxdıqda birinin qara rəngli “Samsunq” markalı planşet olduğunu, digərinin isə ağ rəngli “Samsunq” markalı telefon olduğunu görmüşdür. “Nərimanov” metrostansiyasından metro ilə “20 Yanvar” metrostansiyasına getmiş, metrodan çıxıb ilkin olaraq planşet və telefonun üzərində olan nömrələri çıxarıb atmış, öz adına olan 050 *** ** ** saylı nömrəni ağ rəngli “Samsunq” markalı telefona taxmış, sonra yaxınlıqda yerləşən mobil telefonların alqı-satqısı mağazasına gəlib qara rəngli “Samsunq” markalı planşeti 60 manata satmışdır. Mağazaya şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Mağazada satıcı planşetin kimə məxsus olmasını soruşmuş, o, planşetin özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Satıcıdan pulu götürüb planşeti verərək “Nərimanov” metrostansiyasına qayıtmış, gecəni orada yerləşən parkda keçirmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 13:00-da “Morvağzal”a gedib avtobusla Lənkəran rayonuna evə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə polislər tərəfindən saxlanılmış, bundan sonra əməlini etiraf edərək ələ keçirdiyi və özündə saxladığı bir ədəd telefonu təqdim etmişdir. O, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, hər hansı münasibəti olmamışdır. Çantada sürücülük vəsiqəsinin olmasını düşünməmiş, onu götürməmiş və ya istifadə etməmişdir. Zərərçəkmişin çantasından yalnız iki ədəd telefon götürmüşdür. Məhkəmədən əməlindən səmimi peşmançılıq hissləri keçirməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 4 ünvanında yerləşən pərdələrin hazırlanması və satışı mağazasının sahibidir, hər gün işə gedib, evə qayıdır. xx xxxxxx 2019-cu il tarixdə işin sonunda saat 17:40-da işdən çıxıb 38 nömrəli avtobusa minmiş, saat təxminən 18:10-da Keşlə dəmiryol stansiyasına çatmış və avtobusdan düşüb 1-ci Uzununa küçəsi ilə evi istiqamətində gedən zaman Rafiq adlı qonşusunun mağazasının qarşısında dayandığını görmüşdür. Eyni zamanda, mağaza tərəfdən ona doğru bir nəfər gəldiyini də görmüşdür. O, elə başa düşmüşdür ki, həmin şəxs öz yolu ilə gedir. Lakin həmin şəxs ona yaxınlaşanda “səsini kəs, səsini çıxarma” demişdir. O, dayanmış və qorxusundan səsini çıxarmamışdır. Həmin şəxs onun düşündüyünə görə sərxoş vəziyyətdə olmuşdur. Özünün çiynində qara rəngli dəridən hazırlanmış çantası olmuşdur. Həmin şəxs onun çantasından yapışaraq çantanı dartıb əlindən almaq istəyəndə o, qışqırmış və çantanı bərk tutmuşdur. Həmin şəxs onu yerə yıxaraq sürümüş və çantasını əlindən qopararaq götürüb ət kombinatı istiqamətində qaçmışdır. O, dərhal yerdən qalxıb qışqıra-qışqıra sonuncunun arxasınca qaçmış, lakin sonuncu surətlə qaçdığı üçün çata bilməmişdir. Sonra o, evə qayıtmış və Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng vuraraq cinayət barədə məlumat vermişdir. Həmin şəxs onu yerə yıxan zaman o, diz nahiyyəsindən xəsarət almışdır. Çantasının içərisində 1 ədəd 150 manat dəyərində “Samsung” markalı qara rəngli planşet telefonu, üzərində 077 *** ** ** nömrəsi, 1 ədəd dəyəri 250 manat dəyərində ağ rəngli “Samsung” markalı mobil telefon, üzərində 055 *** ** ** nömrəsi ilə mobil telefon, öz adına olan sürücülük vəsiqəsi, 2 ədəd “xxxxxxxxxxxx”a və “Rabitəbank”a məxsus plastik kartlar, dəyəri 220 manat olan “Kenzo” markalı qadın ətiri, 50 manat dəyərində müxtəlif kosmetik əşyalar, 54 manat nağd pul və qəhvəyi rəngli dəridən hazırlanmış pul qabı olmuşdur. 077 *** ** ** nömrəsini 20 manata, 055 *** ** ** nömrəsini 5 manata, çantanı 35 manata, pul qabını isə 40 manata almışdır. Lakin bir qədər işlətdiyi üçün pul qabını 30 manata qiymətləndirir. İstintaqın gedişində təqdim olunmuş şəxslər arasından ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs, habelə “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatını tanımışdır. Sonradan həmin telefon ona qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, “20 Yanvar” dairəsində yerləşən “Park 20 Sopinq” TM-də yerləşən “Samsunq Uğur-2” mobil telefonlarının satışı mağazasında satıcı işləyir. Mağazada əsasən işlənmiş mobil telefonların alışı və satışı həyata keçirilir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19:20 radələrində mağazaya bir nəfər cavan oğlan gəlib 1 ədəd “Samsunq Tab-4” markalı planşeti göstərərək satmaq istədiyini demişdir. O, həmin şəxsdən planşetin özünün olubolmadığını və qabının olub-olmamasını soruşmuş, həmin şəxs planşetin özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün salmaq istədiyini, qutusunun isə cırıldığını demişdir. O, planşetə baxıb 60 manata qiymətləndirmiş və razılaşmışlar. Bundan sonra həmin şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxmış, vəsiqədə Təqsirləndirilən şəxs adının yazıldığını görərək, şəxsiyyət vəsiqəsi həmin şəxsə məxsus olduğu üçün, vəsiqənin kserosurətini çıxarmış, planşeti sonuncudan almış, 60 manat pul vermiş, həmin şəxs çıxıb getmişdir. O, planşeti mağazada 115 manata satışa qoymuş, xx xxxxxx 2019-cu il tarixdə planşeti tanımadığı müştəriyə 115 manata satmışdır. xx xxxxxx 2019-cu il tarixdə gündüz vaxtı polis əməkdaşları həmin şəxslə mağazaya gəlmiş, planşetlə maraqlanmışlar, o, polislərə planşeti satdığını bildirmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs planşeti soyğunçuluq yolu ilə əldə etmiş, lakin ona satanda yalandan özünə məxsus olduğunu demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus nağd pul, sürücülük vəsiqəsi və digər əşyaların əl çantası ilə birlikdə açıq talanaraq soyğunçuluq edilməsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx xxxxxx 2019-cu il tarixli 088-082-2172- 1219 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs özü və cinayət işi üzrə maddi sübut hesab edilən Samsung TAB 4 markalı mobil planşeti xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Samsung UĞUR-2 Telecom mağazasına satmasına dair öz şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün Nizami RPİnin İŞ-nə təqdim edilmişdir. (i.v. 68) -Baxış haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi adlanan ərazidə yerləşən mobil telefonların satışı mağazasına Təqsirləndirilən şəxs tərəfindən “Samsung Tab 4” markalı mobil telefon aparatı sonuncunun şəxsiyyət vəsiqəsi təqdim edilməklə satılmış və satış zamanı arxasında mobil telefon aparatının satışına dair qeydlər edilmiş, şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. (i.v. 69) -Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş bir ədəd mobil telefon aparatı götürülmüşdür. (i.v. 71) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, 1-ci Uzununa küçəsi, 23 saylı ünvanda tanımadığı qadının çiyninə saldığı çantasını həmin yerdə dartıb alaraq qaçdığı yeri göstərmişdir. Həmin vaxt fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. (i.v. 90-92) -Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilmiş 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs tanıyaraq içərisində əmlaklarının olduğu çantasını xx xxxxxx 2019-cu il tarixdə həmin şəxsin ələ keçirdiyini bildirmişdir. Tanınmaya təqdim etmə zamanı təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmiş, fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur (i.v. 94-97) -Əşyanın tanınması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş mobil telefonlar arasından bir ədəd “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatını tanıyaraq ona məxsus olduğunu, xx xxxxxx 2019-cu il tarixdə soyğunçuluq yolu ilə ələ keçirilmiş mobil telefon aparatı olduğunu bildirmişdir. (i.v. 98) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və X2 rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli 1260 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol dizaltı nahiyəsinin sıyrığı və sağ bayır topuq nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki. Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilərdi, lakin bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (i.v. 127-128) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli 30695 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış tədqiqat nəticəsində “Samsung” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İntegral” firmasının məlumatlarına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və köhnə mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatının işlənmiş vəziyyətdə, xx xxxxxx 2019-cu il tarixdə, müvafiq qüsurların, təyinatı üzrə istifadəyə yararlığını və hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 80 manat müəyyən edilir. (i.v. 129-133) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180-ci maddəsindən həmin Məcəllənin 180.2.4 və 326.2-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs adına olan şəxsiyyət vəsiqəsinin kserosurəti, 1 ədəd “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatı maddi sübut kimi tanınaraq maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarına əlavə edilmiş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 139-143) -Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, o, cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 ədəd “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatını təhvil almışdır. (i.v. 163) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 nömrəli Qərarının 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, toplanmış və tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, həmin maddədə nəzərdə tutulmuş cinayət məsulyyətinə səbəb olur, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin məhkəmə təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmayaraq qeyd edir ki, ibtidai istintaq orqanı ərəfindən verilmiş ittihama görə, o, özgənin əmlakını açıq yolla talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18:20 radələrində Zərərçəkmiş şəxs çiynində asılmış içərisində, üzərində 3 manat dəyərində 077 *** ** ** saylı mobil telefon nömrəsi olan 80 manat dəyərində “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatı, üzərində 3 manat dəyərində 055 *** ** ** saylı mobil telefon nömrəsi olan 250 manat dəyərində “Samsung Tab 4” markalı planşet, 1 ədəd 5 manat dəyərində “xxxxxxxxxxxx”a və 1 ədəd 5 manat dəyərində “Rabitəbank”a aid plastik kartlar, 1 ədəd 220 manat dəyərində “Kenzo” markalı qadın ətri, 50 manat dəyərində qadın kosmetik əşyaları, 54 manat nağd pul, 1 ədəd 30 manat dəyərində pul qabı, 35 manat dəyərində qadın əl çantası ilə yanaşı Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsini də soyğunçuluq yolu ilə ələ keçirmişdir. Cinayət qanunvericiliyinə görə, bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə, tamah məqsədi və ya digər şəxsi niyyətlə törədilir. Tamah məqsədi dedikdə maddi mənfəət (gəlir) əldə etmək və ya müəyyən maddi məsrəflərdən azad olmaq məqsədi başa düşülür. Digər şəxsi niyyət qisas almaqda, nifrət hissində və s. ifadə oluna bilər. CM-nin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, cinayət törədən şəxsin niyyəti məhz həmin maddədə sadalanan predmetlərin talanmasına, məhv edilməsinə, zədələnməsinə və ya gizlədilməsinə yönəldilsin. Məhkəmə iclasında da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəldən tanımamış, hər hansı münasibəti olmamışdır. Onun niyyəti zərərçəkmiş şəxsin sürücülük vəsiqəsinin oğurlanmasına yönəlməmişdir, o, zərərçəkmiş şəxsin küçədə çiynində çanta olduğu vəziyyətdə hərəkətdə olduğunu gördüyü anda, pula ehtiyacı olduğundan və çantada pul olacağını fikirləşərək, zərərçəkmiş şəxsin çantasını soyğunçuluq yolu ilə ələ keçirməyi planlaşdırmış, pul, maddi vəsait əldə etmək arzusunda olmuşdur. Soyğunçuluq yolu ilə çantanı ələ keçirdikdən sonra isə təqsirləndirilən şəxs yalnız mobil telefonları satmaq, istifadə etmək məqsədi ilə onları çantadan götürmüş, sonra çantanı digər əşyalar, eləcə də sürücülük vəsiqəsi ilə birlikdə dərhal küçədə atıb getmiş, onlardan istifadə də etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından onun həmin maddə ilə ittiham olunmasına dair hissədə cinayət işinin icraatına hissəvi xitam verilməli, həmin ittiham ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur. (i.v. 80) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli xx xxxxxx 2019cu il saat 14:00-dan hesablanmışdır. (i.v. 119-120) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (i.v. 157-158) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törədərək məsuliyyətə cəlb olunmasını, törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, maddi ziyanın ödənilməsi barədə ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə ələ keçirdiyi telefon aparatını satarkən mağazaya təqdim etdiyi şəxsiyyət vəsiqəsinin kserosurəti iş materiallarında saxlanmalı, 1 ədəd “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatının xx xxxxxx 2020-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 75 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351--353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə ittiham olunmasına dair hissədə cinayət işinin icraatına hissəvi xitam verilsin, həmin ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə ələ keçirdiyi telefon aparatını satarkən mağazaya təqdim etdiyi şəxsiyyət vəsiqəsinin kserosurəti iş materiallarında saxlanılsın, 1 ədəd “Samsung” markalı GT-İ8262 modelli mobil telefon aparatının xx xxxxxx 2020-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 75 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar