Məhkəmə qərarları › İş №1(007)-105/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-105/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-105/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.019 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1.019 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmılş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitə qəbul edir, 02 sentyabr 2022-ci il tarixdə 50 manata onlayn olaraq internetdən tanımadığı şəxsə narkotik vasitə olan metamfetamin sifariş etdikdən sonra ona verilmiş hesab nömrəsinə Xətai rayonunda yerləşən “Araz” marketdən 50 manat “Million” vasitəsilə pul ödəmişdir. Bundan sonra, ona internetdən zəng gəlmişdir ki, Sabunçu rayonu Ramana Sovxozunda “Oba” marketin yanında olan yol nişanının alt hissəsində sellofana qoyulmuşdur. O, həmin ünvana gedərək narkotiki götürdükdən sonra üzərində saxlamışdır. Bir qismini istifadə etmiş, yerdə qalan hissəsini isə üzərində saxlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu ona bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da dəvəti qəbul edərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində üzərinə baxış keçiriləcəyi ona izah olunmuş və videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra isə ona bildirmişlər ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. O da əynində olan cins şalvarının sağ yan cibində olan bir büküm narkotik vasitə olan metamfetamini çıxardıb polis işçilərinə təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində olan bir ədəd bükümdə “patı” kimi tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitəyə baxış keçirmişlər. Daha sonra isə qablaşdırmış və möhürləyib ekspert müayinəsinə göndərmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanıdır. Məxfi əməkdaşlardan təxmini 30 yaşlarında, arıq cüssəli, Nicat adlı şəxsin narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 02 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvanının qarşısında şəxsiyyəti “Nicat” kimi məlum olan şəxsi Nizami RPİ-nin 25ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ilə birlikdə şübhəli şəxs qismində saxlamış, özlərini təqdim etmiş və onlarla birlikdə 25-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də dəvəti qəbul edərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra müəyyən edilmişdir ki, həmin şəxs xx xxxxxxx 1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Xidməti otaqların birində 25-ci polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Bakir Aslanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri 6 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində kristallik hissəciklərdən ibarət olan psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. O, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə onlayn olaraq Sabunçu rayonu, Ramana qəsəbəsindən öz şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd içərisində psixotrop maddəyə bənzər maddələr olan büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Bakir Aslanov tərəfindən Nizami RPİnin 25-ci PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində ağ kristallik hissəciklərdən ibarət olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə onlayn olaraq tanımadığı şəxsdən Sabunçu rayonu, Ramana qəsəbəsindən 50 manata öz şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd, içərisində narkotik vasitəyə bənzər maddələr olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 6/4858 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş, tədqiqata təqdim edilmiş üzərində bir ədəd kağız zərfdə olan bir ədəd bükümdəkidəki təmiz çəkisi 0,283 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixtorop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Həmin maddənin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,233 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 6/4740 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N165” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan zərfdəki 01 bir) ədəd bükümdə təmiz çəkisi 1,019 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Həmin maddənin 0.1 qram hissəsi tədqiqata sərf edilmiş, 0.919 qram hissəsi qalıq qalmışdır. İş materiallarında diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Bakir Aslanov tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə, içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni təqdim edir. O, həmin maddənin “şüşə” kimi tanıdığı metamfetamin adlanan psixotrop maddə olduğunu, həmin psixotrop maddəni onlayn pul köçürmək yolu ilə 02 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsindən 50 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra aşkar olunmuş ümumilikdə 01 ədəd bükümdə olan ağ rəngli kristal formasında olan maddə qablaşdırılaraq 01 ədəd kağız zərfə qoyulur və üzəri DİN-in “Zəflər üçün” 165 saylı möhürü ilə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmur. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 oktyabr 2022-ci il tarixli, 5836 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.919 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd CD formatlı diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli tutma protokolundan, 04 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan, 04 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlanma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilmiş və qərarın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 01 may 2023-cü il tarixli, 3-16-17/40/2-2011/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və məhkəmə icraatı zamanı 28 aprel 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 18 (on səkkiz) gün, ümumilikdə 20 (iyirmi) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0.919 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 manat (6x50) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 sentyabr 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və məhkəmə icraatı zamanı 28 aprel 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 18 (on səkkiz) gün, ümumilikdə 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.919 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar