Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-106/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 37, mənzil 47-də qeydiyyatda olmaqla yaşayan, 06 dekabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə saat 22:50 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan, “Hyundai” markalı, “Sonata” modelli, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bu barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, ünvan 1 ünvanında avtomobilinin qabaq sağ hissəsi ilə yolu sağdan sola piyada keçən Zərərçəkmiş şəxs1 vuraraq ehtiyyatsızlıqdan sonuncunun sol incik sümüyünün yerdəyişmiş sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sağ saidin yuxarı 1/3-nin ön səthi, sağ bud-çanaq oynağı proyeksiyasının bayır səthi, sol budun yuxarı 1/3-nin ön səthi, sağ budun aşağı 1/3-nin iç səthi, sağ dizin nahiyəsi və sağ baldırın yuxarı 1/3-nin iç səthinin qançırları, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Hyundai” markalı “Sonata” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin sınması nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə 400 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuş, bundan sonra o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni Zərərçəkmiş şəxs1 ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli xəsarətlər aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməklə, özünün soyadını, adını, atasının adını və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bunlara riayət etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(007)-106/2022 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq, o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə (həmin maddənin qeydinə əsasən) cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə saat 22:10 radələrində yaşadığı Nizami rayonu, ünvan 2 ünvanından idarə etdiyi **-PB-*** dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobili ilə çıxıb Bakıxanov qəsəbəsi tərəfdə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gedərkən Nizami rayonunda yerləşən “Start” idman kompleksinin yanında yol patrul xidməti əməkdaşı ona durmağı barədə işarə vermişdir. O, həmin dəqiqə göstərişə riayət edərək idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman yol patrul xidməti əməkdaşlarından biri avtomobildən düşərək ona avtomobilə əyləşməyini bildirmişdir. O, yol patrul xidmətinin avtomobilinə əyləşərək sənədləri polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı sənədləri ondan alıb avtomobilin günlüyünə qoymuşdur. Daha sonra ona idarə etdiyi avtomobilin həbsdə olduğunu və təcili avtodayanacağa qoyulacağını bildirmişdir. O, polis əməkdaşına idarə etdiyi avtomobilin həbsi olmadığını, tez-tez cərimələrini yoxlatdırdığmı bildirmişdir. Daha sonra polis əməkdaşı ona öz maşınına əyləşməyini və onların arxasına avtodayanacağa sürməyini bildirmişdir. O, polis əməkdaşlarına avtomobili özlərinin apara biləcəyini təklif etmişdir. Çünki o, yorğun olduğu üçün dayancaqdan evə getməyə taqəti olmamış, həmin gün özünü narahat hiss etmişdir. Bu zaman polis əməkdaşı ona qəzəblənib onlara işini öyrətdiyi barədə iradını bildirmişdir. Daha sonra ona avtodayanacağa aparmaq əvəzinə başqa yerə aparacağını bildirmişdir. O, polis əməkdaşlarından başqa yerin hara olduğunu soruşanda polis əməkdaşlarından biri xidməti avtomobilindən düşərək ona yaxınlaşan zaman o, qorxduğu üçün dərhal avtomobilini sürərək ordan uzaqlaşmışdır. Təxminən avtomobilin sürəti saatda 60-70-km aralığında olmuşdur. Bu zaman yol patrul xidməti əməkdaşları onun arxasınca gəlmişlər. O, “Neftçilər dairəsi”nə çatıb dayandıqda onu soldan sıxışdırmağa başlamışlar. “Neftçilər dairəsi”ndən üzü “Xəzər Universiteti” tərəfə gedərkən dairənin yaxınlığında yerləşən “Rozmari” gül salonunu keçdikdən sonra avtobus dayanacağında dayanmış yaşıl rəngli sərnişin avtobusunun qabaq hissəsindən bir nəfər avtomobil yoluna tərəf qaçmışdır. Bu zaman avtomobilinin sürəti təxminən saatda 30-40 km aralığında olmuşdur. Yola qaçan piyada avtomobilin sağ palçıqlığına dəyərək oradan da avtomobilin ön şüşəsinə dəyib yerə düşmüşdür. O, avtomobilini sürərək oradan uzaqlaşmışdır. 150-200 metr getdikdən sonra sağa dönüb maşını həyətlərin birində saxlayaraq maşından düşüb yol kənarında dayanan bir nəfər şəxsə yaxınlaşıb hadisə törətdiyini və özünü pis hiss etdiyi üçün hadisə yerinə gedib baxmağı xahiş etmişdir. Həmin tanımadığı şəxs hadisə yerinə baxıb qayıtdıqdan sonra adamın xəsarəti barədə məlumatı olmasa da, sağ olduğunu bildirmişdir. O, özünü pis hiss etdiyi üçün yaşadığı evə getmişdir. Sonradan Zərərçəkmiş şəxs1 səhhəti ilə maraqlanmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmiş, zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur. Hadisə yerindən qaçması ilə bağlı barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə dostları ilə birlikdə “Q.Qarayev” metrosunun yaxınlığında görüşüb adını bilmədiyi çayxanada oturub çay içib müəyyən qədər söhbət etdikdən sonra çayxanadan ayrılmışlar. O, dostları ilə görüşüb onlardan ayrıldıqdan sonra hava yaxşı olduğu üçün avtobusa minmək üçün piyada “Neftçilər” metrosunun yaxınlığına getmişdir. Saat 22:50 radələrində “Rozmari” gül dükanı ilə üzbəüz olan avtobus dayanacağında durub yolu üzbəüz digər istiqamətdə keçmək istəmişdir. Yolun boş olduğuna əmin olduqdan sonra yolun hərəkət hissəsinə çıxıb yolu keçmək istəyərkən sonradan ona məlum olan “Hyundai Sonata” markalı **-PB-*** markalı, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ palçıqlığı ilə onu vurmuşdur. O avtomobilin ön şüşəsinə dəyib yerə düşmüşdür. Daha sonra huşunu itirdiyi üçün olanlardan xəbəri olmamışdır. Ona sonradan məlum olmuşdur ki, hadisə vaxtı polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb ona ilk tibbi yardım göstərərək “103” xidmətinə məlumat vermiş, lakin təcili tibbi yardım gecikdiyi üçün YPX inspektorları onu özləri 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Hadisə zamanı o, hər iki ayağından və başından xəsarət almışdır. Müalicə olunaraq sağalmışdır, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 22 fevral 2020-ci il tarixli daxili maliyyə lizinqi müaviləsinə əsasən “Hyundai” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X5 ilə müavilə bağlanmış, öhdəliklər həmin şəxsin adında qalmaqla, götürülən gündən idarə olunması üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Yol vərəqəsi hər ay ödənişlərə müaviq olaraq 1 ay müddətinə verilmişdir. 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində idarə etdiyi “Hyundai Sonata” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs1 vuraraq ona xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilin ön şüşəsi sınmaqla Zərərçəkmiş şəxs2 MMC-yə 400 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə “279” çağırışlı patrul avtomobilində YPX isnpektoru Şahid2lə birlikdə xidmətdə olarkən saat 22:40 radələrində “Hyundai” markalı avtomobilin sürücüsünün “Q.Qarayev” prospekti və R.Rüstəmov küçəsinin kəsişməsindəki dairədə manevr etmə qaydasını pozduğuna görə sürücüyə R.Rüstəmov küçəsində “saxla” işarəsi verilmişdir. Yaxınlaşıb sürücüyə özünü təqdim edərək saxlanma səbəbini izah edib sənədlərini təqdim etməsini bildirmişlər. Yoxlama zamanı avtomobillə bağlı məlumatları bort-kompüter vasitəsilə DİN-in X1 yoxlayarkən sürücü Təqsirləndirilən şəxs həmin avtomobillə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimələr ödənilmədiyindən nəqliyyat vasitəsinin saxlanılan, mühafizə olunan duracağa yerləşdirilməsi barədə BDYPİ-nin qərarının olması aşkarlanmış və sürücüyə bu barədə məlumat verilmişdir. Sürücü Təqsirləndirilən şəxs onun xidmət yoldaşı YPX inspektoru Şahid2 maddi durumunun aşağı olması səbəbindən həmin cərimələri ödəyə bilmədiyini bildirərək avtomobilinin duracağa yerləşdirilməməsini və törətdiyi yol hərəkəti qayda pozuntusu üzrə barəsində inzibati protokolun tərtib edilməməsini xahiş etmişdir. Lakin onlar sürücünün xahişini nəzərə almayıb avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişlər. Daha sonra sürücü Təqsirləndirilən şəxs avtomobilə əyləşərək mühafizə olunan duracaq istiqamətində hərəkət etdikdə, sonuncu R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsindəki dairəyə yaxınlaşarkən sürəti kəskin artıraraq onlardan uzaqlaşmışdır. Dairəyə daxil olarkən sürücünün hərəkətlərini müşahidə etdikdə onun R.Rüstəmov küçəsində dairədən sonrakı yolda, yolu keçməkdə olan piyadanı avtomobillə vurmasını görmüşlər. Dərhal həmin yerə yaxınlaşdıqda sürücünün hadisə yerindən yayındığının şahidi olmuşlar. Hadisə barədə dərhal növbətçi hissəyə məlumat verərək xəsarət almış şəxsə ilkin tibbi yardım göstərilməsi və xəstəxanaya aparılması üçün “103” xidmətinə məlumat verilməsini xahiş etmişlər. Təcili-tibbi yardımın gecikdiyini gördükdə yaralı şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmışlar. Daha sonra qeyd olunan avtomobilin Nizami rayonu, R.Rüstəmov küçəsində olan həyətdə aşkarlanması barədə məlumat aldıqda, həmin yerə yaxınlaşaraq “Hyundai” markalı avtomobilin fotoşəkillərini çəkib evakuator vasitəsilə mühafizə olunan duracağa yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru Şahid2, Şahid1la eyni məmzunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının 5-ci polis bölüyünün polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə patrul avtomobilində polis nəfərləri Şahid4 və Şahid3 ilə birlikdə xidmətdə olarkən saat 00:45 dəqiqədə Nizami RPİ-nin növbətçi hissəsindən “Kəmərli” radio əlaqə yaradılaraq Nizami rayonunun inzibati ərazisində “Hyundai Sonata” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilin piyadanı vuraraq hadisə yerindən uzaqlaşması barədə məlumat verilmişdir. Piyadanı vuraraq hadisə yerindən qaçan və saxlanılması vacib olan həmin avtomobili R.Rüstəmov küçəsində yerləşən “Laçın Qaya” kafesinin yaxınlığında qaranlıq küçədə aşkar etmişlər. Avtomobilə yaxınlaşıb baxdıqda onun ön şüşəsinin çatlamış vəziyyətdə olduğunu görmüşlər və bu barədə dərhal Nizami RPİ-nin 24-cü polis şöbəsinə və xidmət komandirlərinə məlumat vermişlər. Daha sonra avtomobilin olduğu yerin mühafizəsini təşkil edərək ərazi üzrə “279” çağırışlı dövlət yol polisinə avtomobili təhvil vermişlər. Nizami RPİ-nin DYPŞ-nin YPX isnpektorları avtomobilin fotoşəkillərini çəkərək onu evakuator vasitəsilə duracağa təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının 5-ci polis bölüyünün polis nəfəri Şahid4, Şahid5la eyni məmzunlu ifadə vermişdir. Eləcə də, məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən Şahid3 həmin şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 14 sentyabr 2021-ci il tarixli 765 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol incik sümüyünün yerdəyişmiş sınığı; baş beynin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nahiyəsinin əzilmiş yarası; sağ saidin yuxarı 1/3-nin ön səthi, sağ bud-çanaq oynağı proyeksiyasının bayır səthi, sol budun yuxarı 1/3-nin ön səthi, sağ budun aşağı 1/3-nin iç səthi, sağ dizin nahiyəsi və sağ baldırın yuxarı 1/3-nin iç səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 19.08.2021-ci il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. 49-50) -Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, MMC-yə məxsus “Hyundai” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, avtomobilin ön şüşəsi tam yararsızdır. Dəymiş ziyanın məbləği 400 manat təşkil edir. (i.v. 64) - 22 fevral 2020-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, “Hyundai” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 MMC tərəfindən 36 ay müddətinə, 22 fevral 2023-cü il tarixədək, aylıq 610,45 manat ödəmək şərtilə X3 (təqsirləndirilən şəxsin anası) lizinqə verilmişdir. (i.v. 67-76) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2021-ci il tarixli 8/2748 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Hyundai Sonata” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 111-113) - 06 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerini əyani olaraq göstərmiş, ifadəsində göstərilən qaydada izah vermişdir. (i.v. 145-146) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 15 dekabr 2021-ci il tarixli 087-35596- 1221 nömrəli məktubundan və ona əlavə edilən portal məlumatından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2020-ci il tarixdə AF 037937 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququ 26 oktyabr 2021-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək məhdudlaşdırılmışdır. (i.v. 153-155) - 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılması rədd edilmişdir. (i.v. 166-173) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 264-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 15% məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarına əsasən qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardığı üçün 12 iyul 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 106-107, 157-165) - 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 141-143) -Bakı şəhəri 26 saylı MİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 147) Məhkəmə Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinin tələbləri baxımından qeyd edir ki, istinad olunan 09 mart 2016-cı il tarixli hökmlə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir, 30 may 2019-cu il tarixli hökmlə təyin edilmiş cəzaya münasibətdə isə residivin müəyyən olunması zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 26.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilməsini Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret müəyyən edilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəmiş və onlar barışıq əldə etmişlər, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut tanınmamışdır, CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı olmuşdur, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə icraatı zamanı isə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Məhkəməyədək icraat zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, vəkil X2 Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə 270 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-106/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-106/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver