Məhkəmə qərarları › İş №1(007)-106/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-106/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-106/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 21, mənzil 25-də qeydiyyatda olan, hazırkı iş üzrə 21 oktyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-ıstifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünün Elm və Təhsil Nazirliyində işləməsi barədə yalan məlumat verərək inandırıb Zərərçəkmiş şəxs1 övladı X1 dövlətinin Tibb Universiteti tərəfindən verilmiş diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində təsdiq etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, “Velotrek” Ticarət Mərkəzinin Rövşən Cəfərov küçəsinə olan çıxışının yaxınlığında 8000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq elmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Ramız qızına Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əvvəlki işinə bərpa olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 Ramız qızına maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000-ci illərə qədər o, Təhsil Nazirliyinin əvvəllər fəaliyyət göstərmiş təcrübə sınaq zavodunda sahə rəisi işləmiş, həmin vaxtdan sonra işsiz olmuşdur. Dələduzluq cinayətləri ilə bağlı üç dəfə məhkum olunmuşdur. Kamran adlı tanışı 2021-ci ilin may ayında onu Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 ilə tanış etmişdir. Qaffar ona oğlunun Gürcüstan Respublikasında yerləşən Universiteti bitirdiyini, lakin həmin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etmədiyini demişdir. O isə Qaffara bu işləri həll edə bilən tanışları olmasını və 8000 manat müqabilində bu işi həll edə biləcəyini bildirmişdir. Qaffar onunla razılaşmış və 2021-ci ilin may ayının təxminən əvvəllərində “20 Yanvar” metrostansiyası yaxınlığında “Velotrek” ticarət mərkəzinin qarşısında Qaffarla görüşmüş və Qaffar ona 8000 manat pul vermişdir. Qaffar ona oğlunun sənədlərinin surətlərini də vermişdir. Bundan sonra o, diplomun təsdiqi ilə bağlı bəzi şəxslərlə maraqlansa da, bu işi həll edə bilən olmamışdır. Həmin zaman pula ehtiyacı olduğu üçün Qaffarın 8000 manatını xərcləmişdir. Qaffara bu işi 3 aya həll edəcəyini, vaxt çatanda isə onun pulunu qaytaracağını demişdir. Lakin maddi imkanı olmadığı üçün onun pulunu qaytara bilməmiş və Qaffar ondan şikayət etmişdir. İstintaq dövründə o, Qaffara dəyən ziyanı tam ödəmişdir. Bundan başqa, 2022-ci ilin sentyabr ayında tanışı Şahid1 onu əvvəllər Dövlət Neft və Sənayə Universitetində işləmiş Zərərçəkmiş şəxs2 ilə tanış etmişdir. Zərərçəkmiş şəxs2 həmin Universitetdə əvvəlki işinə bərpa olunmaq istəmişdir. O, tanışları vasitəsilə bu işi 3000 manat müqabilində həll edə biləcəyini Zərərçəkmiş şəxs2 bildirmişdir. Zərərçəkmiş şəxs2 razılaşmış və 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 “Xalqlar Dostluğu” metrosu yaxınılığında ona 3000 manat pul vermişdir. Həmin işin həlli üçün maraqlansa da, heç bir müsbət nəticə əldə edə bilməmiş, həmin zaman pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 verdiyi 3000 manatı xərcləmişdir. Zərərçəkmiş şəxs2 bu işi 1 aya həll edəcəyini, vaxt çatanda isə onun pulunu qaytaracağını demişdir. Lakin maddi imkanı olmadığı uçun həmin pulu qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 işlərinin həlli uçun təsadüfi tanışlarından maraqlanmış, lakin bu işləri həll etməyi öhdəsinə götürən olmamışdır. Əvvəlcədən konkret işin həlli ilə bağlı danışdığı şəxs olmamış, onlardan aldığı puldan heç kimə verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında törətdiyi əməllərdən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 dəymiş 8000 manat ziyanı tam ödədiyini, Zərərçəkmiş şəxs2 dəymiş 3000 manat ziyanın 500 manatını ödədiyini, qalan məbləği ödəməyə maddi imkanı olmadığını, özünün ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini, insulin vurduğunu, ikinci qrup əlil olduğunu göstərmiş, həmin halları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu X2 Respublikasında Tibb Universitetinin stomatologiya fakültəsində 2 il təhsil aldıqdan sonra köçürülmə yolu ilə Gürcüstan Respublikasında müvafiq Universitetdə eyni ixtisas üzrə 2019-cu ildə təhsilini tam bitirmişdir. Bundan sonra oğlunun öz ixtisası üzrə işləməsini təmin etmək məqsədilə onun diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirmək qərarına gəlmişdir. Bu məqsədlə Nicatın müvafiq sənədlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmiş və qeydiyyata alınmışdır. Lakin xeyli vaxt keçsə də, bir nəticəsi olmadığından dolayı yolla həll etmək üçün adam axtarmağa başlamışdır. Kamran adlı tanışı Təhsil Nazirliyində işləyən və diplom təsdiqi ilə məşğul olan tanışının olmasını ona bildirmişdir. Odur ki, 2021-ci ilin aprel ayının təxminən əvvəllərində Kamranın həmin tanışı olan Təqsirləndirilən şəxs ilə “Gənclik”də görüşüb tanış olmuşdur. Söhbət əsnasında Saqif özünü Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçisi kimi təqdim edib oğlu Nicatın diplomunu təsdiq etməkdə ona köməklik edə biləcəyini bildirmiş və bunun müqabilində ondan 8000 manat pul istəmişdir. Sonrakı bır neçə görüşlərində Saqif tam əminlikdə onu inandırdığından razılaşmış və 2021-ci ilin may ayının təxminən ilk ongünlüyündə saat təxminən 12 radələrində Saqiflə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığındakı “Velotrek” tərəfdən 3-cu mikrorayon dairəsi istiqamətdə olan köhnə avtovağzalın qarşısında görüşmüşlər. Həmin vaxt Mingəçevir şəhərindən Bakı şəhərinə gəldiyi mikroavtobusun içərisində oğlu Nicatın diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması məqsədilə 8000 manat nağd pulu təklikdə əlbəəl Saqifə vermişdil. Saqif həmin pulu ondan alanda bu işin təxminən 3 ay müddətində həll olunacağına söz vermişdir. Həmin müddətdən sonra o, dəfələrlə Saqiflə əlaqə saxladıqda Saqif hər dəfəsində muxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Hətta onunla göruşub məsələnin nə yerdə olmasını soruşanda Saqif yenə də məsələnin tezliklə həll olunacağını demişdir. Lakin sonradan onun zənglərinə cavab verməyərək ondan qaçıb gizlənməyə başlamışdır ki, artıq Saqifin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonrakı danışıqlarında o, Saqifdən pulunu tələb etməyə başlamışdır. Bu dəfə isə Saqif qısa müddətdə pulunu tam olaraq geri qaytacağını desə də, yenə də qaçıb gizlənmişdir. Artıq bundan sonra o, aidiyyəti üzrə şikayət ərizəsi ilə müraciət etmişdir. Saqif ona Təhsil Nazirliyində işlədiyini bildirsə də, ona konkret vəzifəsini deməmiş və ona hər hansı iş vəsiqəsi göstərməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmişdir, ona görə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində professor vəzifəsində işləmişdir. 2022-ci ilin iyul ayında növbəti 5 illik müddətə seçkilərdə lazımi qədər səs toplaya bilməmiş və işdən azad olunmuşdur. Bundan sonra o, öz işinə bərpa olunmağı üçün adam axtarmış və bu barədə tanışlarına da bildirmişdir. Həmin ərəfələrdə tələbə yoldaşı olmuş Şahid1 ona bir nəfər yaxın tanışının onun işə bərpa olunmağında köməklik edə biləcəyini demişdir. 2022-cı il sentyabr ayının təxminən ortalarında özünü Şahid1 tanışı kimi təqdim edən Təqsirləndirilən şəxs Razım oğlu onun mobil telefonuna zəng etmiş və onlar həmin gün görüşmələri barədə razılaşmışlar. Odur ki, bir neçə saat sonra Səbail rayonu ərazisindəki “Malakan” bağında o, Təqsirləndirilən şəxs və Şahid1la görüşmüşdür. Söhbət əsnasında Saqif özünü ona işgörən adam kimi təqdim etmiş və xeyli sayda hüquqşünas tanışlarının olmasını bildirib onu əvvəlki işinə bərpa etdirə biləcəyinə söz vermişdir. Bunun müqabilində isə ondan xeyli miqdarda pul istəsə də, nəticə etibarilə 3000 manata razılaşmışlar. Artıq 16 sentyabr 2022-ci il tarixdə saat 21:30-da pul vermək məqsədilə “Xalqlar Dostluğu” metrostansıyasının “Əhmədli” metrostansiyası istiqamətində olan sağ tərəfindəki çıxışında küçədə görüşmüşlər. Həmin vaxt o, təklikdə əvvəlki işinə bərpa olunmağı məqsədilə Saqıfə əlbəəl 3000 manat pul vermişdir. Saqif pulu alandan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində onu əvvəlki işinə bərpa etdirəcəyinə söz vermişdir. Bundan sonrakı müddətdə o, ara-sıra telefonla Saqiflə əlaqə saxladıqda hər dəfə narahat olmamağını və işinə tezliklə bərpa olunacağını demişdir. Lakin 2022-ci ilin oktyabr ayının əvvəllərində o, işinə bərpa olunmamış, zəng edib maraqlananda Saqif qısa müddətdə işinə bərpa olunacağını bildirmişdir. Təxminən bir həftə sonra Saqif eyni bəhanələri gətirdiyindən o, artıq pulunu ondan geri tələb etmişdir. Bu dəfə də Saqif narahat olmamağını və tezliklə pulunu geri qaytaracağını demişdir. Bundan sonra o, dəfələrlə Saqiflə telefonla əlaqə saxlasa da, hər dəfə müxtəlif bəhanələr gətirərək ondan qaçmağa başlamışdır. Bundan sonra o, Saqifin onu aldadaraq pulunu ələ keçirməsini başa düşmüş və baş vermiş hadisə ilə bağlı polisə şikayət etmişdir. Məhkəmədə işə baxılarkən təqsirləndirilən şəxsin oğlu tərəfindən ona 500 manat ödənilmiş, qalan 2500 manat pul isə ödənilməmiş qalmışdır. Buna görə Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir və pulunu tələb edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından, o cümlədən məcburi gətirilməsinə dair qərar icra edilmədiyindən, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 ilə birlikdə iki il fərqlə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış və tələbə vaxtlarından münasibətləri olmuşdur. Sonrakı dövrlərdə də Afaqla kitabxanada rastlaşmış, o, Afaqın Azərbaycan Neft və Sənaye Universitetində işlədiyini bilmişdir. 2022-ci ilin təxminən avqust-sentyabr aylarında o, təsadüfən keçmiş “Malakan” bağı ilə piyada iş yerinə gedərkən Təqsirləndirilən şəxs Razım oğlunun orada kimisə gözlədiyini görmüşdür. Saqifin rəhmətlik atası Razimiə onun münasibəti olmuşdut, belə ki, Razim əvvəllər Təhsil Nazirliyində, daha sonra isə onunla eyni Universitetdə işləmişdir. Razimə görə onun oğlu Saqifi də tanımışdır. Saqiflə “Malakan” bağında rastlaşıb söhbət edən zaman Zərərçəkmiş şəxs2 da oradan keçdiyini görmüş və görüşüb hal-əhval tutmuşlar. Söhbətin gedişində o, Afaqla Saqifi tanış etmişdir. O, Afaqın işlədiyi Universitetdən çıxarıldığını bilmiş və buna gorə də onun işi ilə maraqlanmağa başlamışdır. Saqif də söhbətə qoşulmuş və Afaqa işinə bərpa olunmağa kömək edə biləcəyini demişdir. Ondan sonra o, ayrılıb yoluna davam etmişdir. Sonrakı vaxtda Afaq onunla telefon əlaqəsi saxlayıb Saqifin ona kömək etmək istədiyini demiş və ondan Saqifə inana bilib-bilməyəcəyini soruşmuşdur. O, Afaqa bildirmişdir ki, ozü professor işləmiş, təcrübəli adamdır, özü baxıb seçim etsin ki, Saqifə inana bilər, ya yox. Sonrakı vaxtlarda Afaqla danışanda ona demişdir ki, Saqif onun işinin həlli ilə bağlı ondan 3000 manat pul almışdır. Sonra Saqiflə danışanda o da təsdiq etmişdir ki, Afaqın işinin həlli üçün ondan 3000 manat pul almış və hansısa tanışlarının vasitəsilə Afaqın işini həll edəcəkdir. Daha sonra onların işinə qarışmamışdır. Lakin bir müddət sonra Afaqın deməsindən bilmişdir ki, Saqif onu aldatmış, 3000 manatını almış və işini həll etməyib pulu da qaytarmır. O, Afaqa Saqifdən polisə şikayət etməsini məsləhət bilmişdir, bu barədə başqa məlumatı yoxdur. İbtdai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə poçt vasitəsi ilə göndərdiyi teleqramında ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, o, 2015ci ildən Ağdaş rayonu Qəriblı kənd orta məktəbində coğrafiya müəllimi işləyir. Təqsirləndirilən şəxs Razım oğlunu təxminən 2019-cu ildə ortaq tanışları vasitəsilə təsadüfən tanımışdır. Söhbət əsnasında Saqif ona Təhsil Nazirliyində avadanlıqların quraşdırılması işində işlədiyini demişdir. Onun özü də müəllim işlədiyindən gələcəkdə nə vaxtsa lazım olacağı ehtimalı ilə Saqifin telefon nömrəsini götürmüşdür. Təxminən 2 il bundan əvvəl dəqiq yadında deyil, səhv etmirsə bir nəfər şagirdinin valideyni vasitəsilə Qaffar adlı bir şəxs onunla telefon əlaqəsi saxlamışdır. Qaffar telefonda ona diş həkimi işlədiyini və xaricdə ali məktəbi oxuyub bitirmiş oğlunun diplomunu Təhsil Nazirliyində təsdiq etdirmək lazımı olduğunu demişdir. O, Qaffara bildirmişdir ki, özünün bu kimi işlərlə bir əlaqəsi yoxdur, lakin Saqif adlı bir şəxs tanıyır, Saqif ona özünü Təhsil Nazirliyinin işçisi kımı təqdim edib, əgər istəyirsə Saqifin nömrəsini ona versin və özü onunla danışsın. Qaffar razılaşmış və o, Saqifin nömrəsini Qaffara vermişdir. Ondan sonrakı vaxtlarda onlarla bır əlaqəsi olmamış, xeyli müddət sonra Qaffarın deməsindən onun Saqifə pul verdiyini və pulunu ala bilmədiyini bilmişdir. Lakin pulun verilməsində və ümumiyyətlə Saqiflə Qaffarın danışığında onun bir iştirakı olmamışdır. Saqifin özü ona demişdir ki, Təhsil Nazirliyinin əməkdaşıdır, lakin o, bunu dəqiqləşdirməmişdir. Saqifin nömrəsinin Qaffara verilməsində onun heç bir maddi marağı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 iyul 2023-cü il və 11 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1-2, 87) -Zərərçəkmiş şəxs1 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs Razım oğlu arasında olan 1 vərəqdə əks olunmuş “WhatsApp” yazışmalarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hər dəfə Zərərçəkmiş şəxs1 vəd verdiyi işi həll edəcəyini bildirir, Zərərçəkmiş şəxs1 isə artıq işi həll etmədiyindən pulu qaytarmasını tələb edir. (i.v. 26) - 02 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 27-30) - 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Razım oğluna Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında olan 1 vərəqdə əks olunmuş “WhatsApp” yazışmaları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisələrində iştirakları və onunla əlbirlikləri olmadığından əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Razım oğlunun hər hansı vəzifəsi olmadığından, törətdiyi cinayət əməllərində qulluq mövqeyindən sui-istifadə etməsi ilə bağlı hər hansı xüsusat aşkar edilmədiyindən, hər hansı şəxslə əlbirliyi olmadığından əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310, 32.4,312-ci maddələri, zərərçəkmiş şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 201-207) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri aldadaraq onların pullarını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmiş niyyəti onlara qarşı dələduzluq cinayətini törətməzdən əvvəl yaranmış və həmin niyyəti həyata keçirmək üçün zərərçəkmiş şəxsləri özünə inandırmaqla aldadıb pullarını ələ keçirmiş, niyyətinə nail olmaq üçün zərərçəkmiş şəxslərin iradəsinə məhz aldatma yolu ilə təsir göstərmişdir. Hansı ki, bu hal, özgə pullarını ələ keçirməyin üsulu olmaqla bu hərəkətləri etməkdə təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsləri aldatmaqla pullarını ələ keçirməyə yönəlmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərdən birinə vurduğu maddi ziyanı tam ödəməmiş, həmin zərərçəkmiş şəxslə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin həmin əmələ münasibətdə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 06 il 02 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti hesab olunmaqla 02 il sınaq müddəti təyin edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmünün müstəqil icra olunması qərara alınmış, 30 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 124-126) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 28 fevral 2024-cü il tarixli hökmü 27 mart 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir. - 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 129) - 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatın təmin olunmasından imtina edilmiş və məhkəmə iclas zalında dərhal azad edilmişdir. (i.v. 163-167) - 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 168-169) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslərdən birinə vurulmuş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini, digər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, işin faktiki hallarını, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına da əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 21 oktyabr 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, ona CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edildiyindən cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə müəyyən edildiyi qaydada 22 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs həmin iş üzrə digər müddət üçün tutulmamış, 22 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra isə azad edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilməməli, eyni zamanda onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərdən birinə vurulmuş maddi ziyan qismən ödənilsə də, qalan ziyanın xeyrinə tutulması ilə bağlı onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPMnin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış yazışmalar cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dövlət hesabına təyin olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddət üçün (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cari iş üzrə 21 oktyabr 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək tutmada saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2023-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilməsin, eyni zamanda onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Sübut qismində tanınmış, Zərərçəkmiş şəxs1 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında olan 01 vərəq “WhatsApp” yazışmaları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanın ödənilməyən hissəsini tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs2 izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar