Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-108/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən Texniki Universitetin yataqxanasında yaşamış, 14 dekabr 2021-ci il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 16 dekabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi digər cinayət əməlinə görə İsmayıllı RPŞ-nin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 4(037)-22/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılmaqla hazırkı işə baxılması ilə əlaqədar həmin Xidmətin 3 saylı istintaq təcridxanasına keçirilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2015-ci il tarixli hökmü ilə təqsirli bilənərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla cəza çəkən oğlu Kənan Məlikovun azadlığa buraxılmasına köməklik edəcəyi vədi ilə aldadaraq etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs 03 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” parkının yaxınlığında 2000 manat, 16 mart 2021-ci il tarixdə isə ünvan 2 ünvanında yerləşən “Al” marketin qarşısında 500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək şəxsi ehtiyacları üçün xərcləyib ümumilikdə Zərərçəkmiş şəxs 2500 manat maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Xəyyamın qardaşı Kənanın həbsdə olmasını, onların Kənanı azadlığa buraxdırmaq üçün çalışdıqlarını bilmişdir. Buna görə o, Xəyyamın atası Arifə Kənanın azadlığa buraxılmasında köməklik edə biləcəyini təklif etmiş, onlar da razılaşmışlar. O, Kənanın adını “əfv” siyahısına saldıraraq ona köməklik edəcəyini demiş, qarşılığında isə Arifdən 3000 manat pul istəmişdir. Arif bu təkliflə razılaşmışdır. Bir müddət sonra o, Arifə ilkin olaraq 2000 manat pul lazım olduğunu bildirmiş və 03 mart 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” parkının yaxınlığında ünvanını dəqiq bilmədiyi mənzildə görüşmüşlər. Həmin vaxt görüşə Arif, oğlanları Tərlan, Xəyyam və Arifin həyat yoldaşı Bəsti gəlmişlər. O, Arifdən 2000 manat pulu almış, ona narahat olmamasını, Kənanı 2021-ci ilin “Novruz bayramı”na qədər buraxdırmağa söz vermiş, qalan 1000 manat pulu “əfv” çıxarılmasına az qalmış verməli olduğunu bildirmişdir. 16 mart 2021-ci il tarixdə o, Arifə zəng edərək Kənanın həbsdən çıxarılması işinin alındığını bildirərək 1000 manat pulu təcili ona çatdırmağı demişdir. Arif pulu qəflətən istədiyi üçün hazırda üzərində olmadığını dedikdə, o, heç olmasa 500 manat düzəldib gətirib verə bilməsə Kənanın işi düzəlməyəcəyini demişdir. Həmin gün axşam saatlarında o, Ariflə onların kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki məscidin yaxınlığında yerləşən “Al” marketin qarşısında görüşmüşdür. Həmin görüşdə Arifdən 500 manat pulu almışdır. O, Arifə narahat olmamasını, mart ayının 20-də “əfv”lə bağlı Prezidentin sərəncamının olacağını, həmin gün Kənanın həbsdən çıxacağına söz vermişdir. Lakin o, verdiyi heç bir vədə əməl etməmiş və Arifdən aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, bilərəkdən Arifə yalan danışmışdır, onun əfv komissiyasında heç bir tanışı yoxdur. Arifdən aldığı 2500 manat pulun 1500 manatını qaytarmışdır, qalan 1000 manat pulu isə hissəhissə qaytaracaqdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, özü ikinci qrup əlildir, bundan başqa ikinci Qarabağ müharibəsi zamanı daim orduya dəstək göstərmək üçün çalışmış, şəhid ailələrinin və qazilərin yanında olmuş, buna görə təltiflər almışdır. Qeyd etdiklərinin nəzərə alınmaısnı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Kənan 2015ci ildə Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrum olunmuşdur, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamışdır. O, Habili oğlu Xəyyamın vasitəsi ilə tanımışdır. Habil Xəyyamla dostluq etmiş, bir neçə dəfə onların evində çörək də yemiş, onlar Habili özlərinə doğma bir insan kimi qəbul etmişlər. Habil Kənanın azadlıqdan məhrum olunmasını, onun da Kənanın azadlığa çıxmasına çalışdığını bilmişdir. Bunu bilən Habil ona Kənanın azadlığa çıxmasında köməklik edə biləcəyini demiş, onun adını “əfv” siyahısına saldıracağını vəd etmişdir. Lakin Habil bunun üçün ondan 3000 manat pul istəmişdir. O, oğlunun azadlığa çıxacağına sevinib Habillə razılaşmışdır. Habil ilkin olaraq 2000 manat pul lazım olduğunu demiş, o da 03 mart 2021-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “S.Vurğun” parkının yaxınlığında ünvanını dəqiq bilmədiyi mənzildə Habillə görüşmüşdür. Görüş zamanı yanında arvadı Bəsti, oğlanları Tərlan və Xəyyam da olmuşdur. O, ailəsinin yanında 2000 manat pulu Habilə vermişdir. Habil qalan 1000 manatı isə “əfv” çıxarılmasına az qalmış vermək lazım olduğunu ona demişdir. O, Habillə razılaşmışdır. 16 mart 2021-ci il tarixdə Habil ona zəng edərək Kənanın həbsdən çıxarılması işinin alındığını bildirərək təcili ona 1000 manat pulu çatdırmağı demişdir. O, pulu qəflətən istədiyi üçün pulu olmadığını deyəndə, Habil heç olmasa 500 manat düzəldib verə bilməsə, Kənanın işinin düzəlməyəcəyini ona demişdir. O, narahat olduğu üçün təcili 500 manat pul tapıb əvvəllər kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki məscidin yaxınlığında yerləşən “Al” marketin qarşısında Habillə görüşərək həmin pulu Habilə vermişdir. Habil ona demişdir ki, narahat olmasın, mart ayının 20-də “əfv” olacaq, həmin gün Kənan həbsdən çıxacaqdır. O da ümidlə həmin günü gözləmiş, 20 mart 2021-ci il tarixdə ailəlikcə 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısında Kənanın həbsdən çıxmasım gözləmişlər. Lakin Kənan həbsdən buraxılmayınca aldadıldıqlarını başa düşmüşdür. O, Habilə məxsus mobil telefon nömrəsinə zəng edib onunla əlaqə saxlamış, Kənanın nə səbəbə buraxılmadığını soruşduqda Habil ona narahat olmamasını demiş, işin həll olunacağına söz vermişdir. Lakin sonradan da iş öz həllini tapmamışdır. Buna görə verdiyi 2500 manat pulu geri verməsini istəmiş, Habil hər dəfə onun pulunu qaytaracağına söz versə də, pulunu qaytarmamışdır. Buna görə oğlu Tərlan 08 may 2021ci il tarixdə DİN-nin 102 zəng mərkəzinə baş vermiş hadisə haqqında məlumat vermişdir. Bundan sonra polisdə cinayət işi başlanılmış, Habil əməlini etiraf etmiş, istintaq zamanı ona 1500 manat pul ödəmiş, lakin qalan 1000 manat pulu indiyədək qaytarmamışdır. Buna görə Təqsirləndirilən şəxs şikayətçidir və pulunu tələb edir. Təqsirləndirilən şəxsin barəsində qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, zərərçəkmiş şəxs A.İ.Məkikovla eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, onlar Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 12 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-9) - 17 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi “whatsapp” üzərindən aparılmış yazışmaların fotosurətinin çapa verildiyi 33 ədəd vərəqi istintaq orqanına təqdim etmiş, həmin yazışmalara zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilərkən orada Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək əldə etdiyi 2500 manat pulun bir hissəsinin geri qaytarılması barədə qeydlərin olması aşkar olunmuşdur. (i.v. 109-142) - 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunması doğru hesab edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 310 və 182-ci maddələrinin bütün tərkib əlamətləri üzrə, həmçinin Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi, 33 vərəqdə olan “whatsapp” üzərindən aparılmış yazışmaların fotosurətləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 180-186) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 61) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 16 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 96) - 15 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1000 manat məbləğdə pulu qəbul etmiş, 1500 manat borc qalıq qalmışdır. (i.v. 93) - 16 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 500 manat məbləğdə pulu qəbul etmiş, 1000 manat borc qalıq qalmışdır. (i.v. 106) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 185.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzaına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Cəbrayıl Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzaına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilib CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il şərti sınaq müddəti təyin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qərarı ilə şərti məhkum etmə ləğv edilmiş və məhkumluğu götürülmüşdür; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir; Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. (i.v. 169-179) -İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 4(037)-22/2022 nömrəli qərarının surətindən görünür ki, İsmayıllı RPİ-nin İB-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə (etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyrli miqdarda əmlakını ələ keçirməklə dələduzluğa görə) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 01 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin hesablanması və qətimkan tədbiri ilə bağlı məsələləri həll edərək qeyd edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməli ilə bağlı istintaq orqanının icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir və 12 mart 2022-ci il tarixdən həbsdə saxlanılır, hökmün icrasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkmə müddətinin əvvəli isə hökmün çıxarıldığı 27 aprel 2022-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir qismi ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi, 33 vərəqdə olan “whatsapp” üzərindən aparılmış yazışmaların fotosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımın müddətinə, hər iş saatı üçün müəyyən edilmiş məbləğinə dair qanunla müəyyən edilmiş qaydada izahlı hesabat arayışını təqdim etmədiyinə görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının ödənilməsi məsələsinin həlli hazırkı halda mümkün deyildir, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin dövr və məhkəməyədək icraat dövrü üçün eyni məqsədlə əmək haqqının birlikdə ödənilməsi məsələsi üzrə ayrıca akt şəklində qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablansın. Hökmün icrasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, həbs qətimkan tədbiri ilə əvəz edilsin. Maddi sübut qismində tanınmış 33 vərəqdə olan “whatsapp” üzərindən aparılmış yazışmaların fotosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi ziyanın ödənilməmiş hissəsini tələb etdiyi halda, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-108/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-108/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver