Məhkəmə qərarları › İş №1(007)-108/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-108/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-108/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi 73 nömrəli kişi geyimlərinin satışı mağazasına gələrək əvvəlcə baxmaq adı ilə Zərərçəkmiş şəxs məxsus 30 manat dəyərində bir ədəd kişi köynəyini əyninə geydikdən sonra sonuncudan üzərində 35 manat dəyərində bir cüt qolbağı olan 800 manat dəyərində “Apple Watch” markalı Series 3 modelli bir ədəd elektron saatını baxmaq adı ilə alıb qoluna geyinmiş, bundan sonra Zərərçəkmiş şəxs üzərində 80 manat dəyərində ***-***-**-** nömrəsi olan 900 manat dəyərində “Apple” markalı XS modelli mobil telefonunu danışmaq adı ilə istəyib danışığını bitirdikdən sonra geri qaytaracağına dair yalan vəd verərək etibarından sui-istifadə edib aldatma yolu ilə alaraq Zərərçəkmiş şəxs ibadət etmək üçün mağazada digər otağa keçməsindən istifadə edib oradan uzaqlaşmaqla aldığı əmlakı ələ keçirib, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 1845 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2019-2020-ci ildən Zərərçəkmiş şəxs tanıyır və onun Zərərçəkmiş şəxsla normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzində 73 nömrəli mağazada kişi geyimlərinin satışı ilə məşğul olur və o, Zərərçəkmiş şəxs mağazasına gedib bir neçə dəfə kişi geyimləri almışdır. 24 yanvar 2022-ci ildə saat 12 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzinə getmiş və 73 nömrəli mağazada işləyən Zərərçəkmiş şəxs yanına gəlmişdir. O, Zərərçəkmiş şəxsla görüşmüş və mağazanın vitirinində olan kişi köynəklərinə baxmışdır. Həmin köynəklərdən biri onun xoşuna gəlmiş və əyninə geyinib güzgüdə özünə baxmışdır. Həmin vaxtı mağazada ondan və Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs demişdir ki, “qolunda olan elektron saatı ver, qoluma taxıb görüm köynəklə necə yaraşır”. Mirhilal Zeyalov sol qolunda olan Apple markalı elektron saat açıb ona vermiş və o, Apple markalı saatı alıb sol qoluna geyinmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs demişdir ki, mobil telefonunu versin, bir nəfərlə danışmalıdır, danışıb qaytarır. Zərərçəkmiş şəxs demişdir ki, konturu yoxdur. O, Zərərçəkmiş şəxs demişdir ki, mobil telefonunu versin, kontur yükləsin. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus iPhone markalı mobil telefonu ona vermişdir. O, İPhone markalı mobil telefonu Zərərçəkmiş şəxs alıb yaxınlıqda olan köşkdən 10 manatlıq kontur alıb Zərərçəkmiş şəxs mobil telefonunda olan kartına yükləmişdir. Bundan sonra o, mobil telefonla hazırda xatırlamadığı şəxs zəng vurub danışa-danışa yaxınlıqda olan metronun “Xalqlar dostluğu” stansiyası istiqamətində getmişdir. Zərərçəkmiş şəxs isə onun mağazada gözləmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs ona etibar edib verdiyi əşyaları ələ keçirmək olmuşdur. Bundan sonra o, bir taksiyə əyləşib Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan “Maşın” bazarına gəlmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs məxsus iPhone markalı mobil telefona zəng gəlmişdir. O, başa düşmüşdür ki, Zərərçəkmiş şəxs başqa nömrədən ona zəng vurur və o, zənglərin heç birinə cavab verməmişdir. O, Zərərçəkmiş şəxs məxsus iPhone markalı mobil telefonu söndürmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs məxsus Apple markalı elektron saatı sosial şəbəkədə olan “Tap.az” saytına yerləşdirib 100 manata satmışdır. Zərərçəkmiş şəxs məxsus iPhone markalı mobil telefonun üzərində olan kartı çıxarıb atmış və həmin mobil telefonu Bakı şəhəri, Yasamal rayonu metronun “İnşaatçılar” stansiyasının yaxınlığında tanımadığı şəxsə 260 manat satmış və həmin pulları öz ehtiyacına xərcləmişdir. Dəymiş ziyanı isə zərərçəkmiş şəxsə ödəməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qayda da ticarətlə məşğul olur. O, 2017-ci ildən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Buriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzində 73 nömrəli kişi paltarlarının satışı mağazasını icarəyə götürüb işlədir. O, adətən mağazanı saat 10 radələrində açır və saat 19:30-da isə mağazanı bağlayır. 2021-ci ilin axırlarından o, bir müştəri kimi Təqsirləndirilən şəxs tanıyır və onun Təqsirləndirilən şəxsla bir alıcı və satıcı kimi münasibəti vardır. Təqsirləndirilən şəxs onun mağazasına bir neçə dəfə gəlmiş və ondan kişi köynəyi almışdır. 24 yanvar 2022-ci ildə saat 10 radələrində mağazanı açıb işə başlamış, həmin günü saat 12 radələrində o, mağazada olan zaman əvvəllər müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs mağazaya gəlmiş və mağazada olan kişi geyimlərinə baxmışdır. Həmin vaxtı mağazada ikisindən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs mağazada olan bir neçə kişi köynəklərinə baxmış, 30 manat dəyəində olan bir ədəd kişi köynəyini geyinmiş və güzgüdə özünə baxmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs ona demişdir ki, “sol qolunda olan Apple markalı Series 3 modelli elektron saatı ver, qoluma vurum və görüm əynimdə olan köynəklə necə yaraşır”. Həmin vaxtı o, sol qolunda olan Apple Watch markalı Series 3 modelli elektron saatı qolundan açıb Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ondan elektron satı alıb sol qoluna geyinmiş və yenə güzgüdə özünə baxmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs demişdir ki, bir nəfər var, kartına pul göndərəcək, mobil telefonu sönübdür və ondan zəng etmək üçün mobil telefonu istəmişdir. O, da Təqsirləndirilən şəxs inanıb iPhone markalı XS modelli mobil telefonu zəng etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan mobil telefonu alıb kiməsə zəng vurub danışmağa başlamışdır. O, görmüşdür ki, namaz qılmağın vaxtıdır və Təqsirləndirilən şəxs demişdir ki, “sən paltarlara bax, mən namaz qılıram”. Bundan sonra o, hazırlıq görüb mağazada üzü qibləyə durub namaz qılmağa başlamışdır. O, namazı qılıb qutardıqdan sonra görmüşdür ki, Təqsirləndirilən şəxs mağazada yoxdur. O, fikirləşmişdir ki, yəqin Təqsirləndirilən şəxs mağazadan çölə çıxıb mobil telefonla danışır. O, 5-10 dəqiqə gözləmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs xəbər çıxmır. Bundan sonra o, çölə çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs yoxdur. Həmin vaxtı qonşu mağazada işləyən Yalçına demişdir ki, onun mobil telefonunu Təqsirləndirilən şəxs danışmaq üçün götürmüş, indi isə Təqsirləndirilən şəxs yoxdur, ona mobil telefonunu versin ki zəng vursun, Təqsirləndirilən şəxs gəlsin. Yalçın ona razılıq vermiş və mobil telefonu ona uzatmış, o, mobil telefonu alıb ***-***-**-** nömrəsinə zəng vurmuş və görmüşdür ki, nömrəyə zəng çatmır, mobil telefon söndürülmüşdür. Həmin vaxtı başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun 900 manat dəyərində olan Apple markalı XS mobil telefonunu, mobil telefonunun üzərində olan 80 manat dəyərində ***-***-**-** nömrəni, 800 manat dəyərində Apple Watch markalı Series 3 modelli elektron saatını, üzərində olan sonradan 35 manata aldığı qolbağı, 30 manat dəyərində bir ədəd kişi köynəyini onun etibarından sui-istifadə edib ələ keçirərək ona ümumilikdə 1845 manat ziyan vurmuşdur. O, fikirləşmişdir ki, bəlkə Təqsirləndirilən şəxs gələr və buna görə saat 17 radələrinə kimi gözləmişdir. Həmin günü saat 17 radələrində görmüşdür ki, Təqsirləndirilən şəxs gəlmir və o, dostu Elşadın istifadəsində olan ***-***-**-** nömrəsindən məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Bundan sonra onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə dəvət etmişlər. O, işi olduğu üçün 25 yanvar 2022-ci ildə 24-cü Polis şöbəsinə gedib Təqsirləndirilən şəxs barəsində ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir və o, ziyanın ödənilməsini tələb edir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Ağdam rayonu, Alıbəyli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evdə ailəsilə birlikdə yaşayır. O, 2012-ci ildə Ağdam rayonu, Alıbəyli kənd orta məktəbini Azərbaycan dilindən bitirmiş və bundan sonra Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzində 46 nömrəli mağazanı icarəyə götürüb kişi geyimlərinin satışı ilə məşğul olur. 2016-cı ildən o, Zərərçəkmiş şəxs tanıyır, onunla dostluq münasibəti vardır. Zərərçəkmiş şəxs da Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzində 73 nömrəli mağazanı icarəyə götürüb kişi geyimlərinin satışı ilə məşğul olur. 24 yanvar 2022-ci ildə saat 16:50 radələrində Zərərçəkmiş şəxs onu öz mağazasına çağırmış, o, Zərərçəkmiş şəxs mağazasına getmiş və Zərərçəkmiş şəxsla görüşmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs ona demişdir ki, tanıdığı bir müştəri mağazaya gəlmiş, köynək alan zaman ona məxsus bir ədəd elektron saatı istəmiş və geyimi ilə necə yaraşdıını demiş, o, da elektron saatı qolundan açıb vermiş, sonra həmin müştəri danışmaq üçün mobil telefonunu istəmiş, o, da mobil telefonu vermişdir ki, tanıdığı müştəri mobil telefonla danışsın, həmin vaxtı namaz qılmağa başlamış və namaz qılıb qurtardıqdan sonra görmüşdür ki, həmin müştəri yoxdur. O, öz mobil telefonunu Zərərçəkmiş şəxs verib demişdir ki, öz mobil telefonuna zəng vur, həmin müştəri bura gəlsin. Zərərçəkmiş şəxs onun mobil telefonu ilə öz mobil telefonuna zəng vurmuş, həmn vaxtı ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs mobil telefonu artıq sönübdür. O, Zərərçəkmiş şəxs demişdir ki, onun mobil telefonundan Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin 102 Xidmətinə zəng vur və bu barədə məlum ver. Bundan sonra Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub tanıdığı müştəri tərəfindən bir ədəd mobil telefonun və bir ədəd elektron saatı aparılması barədə məlumat vermişdir. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli 9342 nömrəli Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicə olmamışdır. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən “Xalqlar dostluğu” ticarət mərkəzində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi 73 nömrəli kişi geyimlərinin satışı mağazasıdır. İşdə olan AZ-T seriyalı, 151073 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi və Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-410/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 iyun 2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(006)-11/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(006)-11/2023 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, cəzasının əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(006)-11/2023 saylı hökmü ilə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və onun hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 73 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 438 manat (73x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(006)-11/2023 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(006)-11/2023 saylı hökmü ilə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və onun hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 73 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 438 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar