Məhkəmə qərarları › İş №1(007)-108/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-108/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-108/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən R.Teymurov küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda bu tələblərə riayət etməyərək Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsindən yolayrıcına daxil olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməməsi səbəbindən yolayrıcında “Hyundai Grandeur” markalı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Hyundai Grandeur” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ tərəfli Vİİ, Vİİİ, İX qabırğalarının yerinidəyişməyən sınığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az agır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, eləcə də həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ümumilikdə 8613,00 manat maddi ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, zərərçəkmiş şəxslə və mülki iddiaçı ilə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, 77-EO- 492 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında bir qadını azyaşlı övladı ilə birlikdə sifariş əsasında sərnişin qismində götürmüşdür. Sərnişinlərin hər ikisi arxa oturacaqda əyləşmişlər. O, avtomobil ilə hərəkətə başlamış və Ə.Hacıyev küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkət etmişdir. Nizami rayonu, Ə.Hacıyev küçəsi ilə təxminən saatda 60 km sürətlə hərəkətdə olarkən R.Teymurov küçəsinin kəsişməsində idarə etdiyi avtomobilin qabaq hissəsi ilə R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkətdə olan “Hyundai Grandeur” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapı hissəsi ilə toqquşmuşdur. Onun avtomobilində olan qadın sərnişin azyaşlı övladı ilə birlikdə avtomobildən düşmüşlər. O, təcili tibbi yardıma zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçmiş qadın sərnişinin həyat yoldaşı yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə yaxınlaşmış, həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə hadisə yerinə gəlmiş təcili-tibbi yardım briqadasının avtomobilinə əyləşib xəstəxanaya yola düşmüşlər. Sonra hadisə yerinə polis əməkdaşı gəlmiş və “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun idarə etdiyi avtomobil evakuator vasitəsilə hadisə yerindən aparılmışdır. Sonradan avtomobilində olan sərnişinlərin ciddi xəsarət almadıqlarını öyrənmişdir. Habelə ona sonradan məlum olmuşdur ki, “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş şəxsiyyəti sonradan ona məlum olan 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığa az agır zərər vurmaya aid edilən bədən xəsarətləri almışdır. O, yol-nəqliyyat hadisəsi baş verən zaman “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir sərnişin görməmişdir. Hadisə yerinə gəlmiş tibbi-yardım briqadası yalnız onun avtomobilində olan sərnişinlərə ilk tibbi yardım göstərmiş və sonradan həmin sərnişinləri xəstəxanaya aparmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamışdır. Hərəkətdə olduğu Ə.Hacıyev küçəsində yol nişanı olmadığı üçün R.Teymurov küçəsinin baş yol olduğunu bilməmişdir. Həmçinin onun qarşısında hərəkətdə olan, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin yol ayrıcını əyləcə basmadan keçdiyini görərək o, da, yol ayrıcına daxil olmuşdur. Həmin an o, “Hyundai Grandeur” markalı avtomobili görməmişdir. Bu zaman toqquşma baş vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində oğlu Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Oğlu Rasim idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkətdə olan zaman Nizami rayonu, R.Teymurov küçəsi ilə Ə.Hacıyev küçəsinin kəsişməsində “Opel Astra” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlunun avtomobilinin sağ hissəsindən toqquşmuşdur. Hadisə zamanı o, xəsarət almışdır. Bundan sonra digər oğlu Bəxtiyar Əliyev gələrək onu X7 aparmış, orada həkimlər ona ilkin yardım göstərərək evə buraxmışlar. Bundan sonra o, aldığı xəsarətlə bağlı ev şəraitində müalicə olunmuşdur. Hadisə ilə bağlı onu Nizami RPİnə dəvət etmişlər. O, polis idarəsində izahat vermişdir. Araşdırma zamanı xəsarət aldığına görə məhkəmə-tibbi ekspertizasından keçmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə saat təxminən 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində təxminən saatda 40-50 km sürətlə hərəkətini davam etdirən zaman Nizami rayonu, R.Teymurov küçəsi ilə Ə.Hacıyev küçəsinin kəsişməsində sağdan “Opel Astra” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nizami rayonu, Ə.Hacıyev küçəsindən düzünə Şərifli küçəsi istiqamətində hərəkətini davam etdirərək onun hərəkət yoluna çıxmış və qabaq hissəsi ilə idarə etdiyi avtomobilin arxa sağ qapısından toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlanaraq yolun sağ hissəsində olan səkinin üzərinə çıxıb dayanmışdır. Hadisə nəticəsində avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmiş anası Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün o, bu barədə qardaşına məlumat vermişdir. Qardaşı hadisə yerinə gələrək anasını xəstəxanaya aparmışdır. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları hadisəni rəsmiləşdirmişlər. İş üzrə Şahid məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində valideynlərinin yaşadığı Nizami rayonu, Şamlıq küçəsinə getmək üçün yaşadığı ünvan 3 ünvandan taksi sifariş vermişdir. Sifariş əsasında “Opel Astra” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. O, azyaşlı övladı 2023-cü il təvəllüdlü Dərya Məmmədli ilə arxa sağ oturacaqda əyləşmişdir. Övladını isə qucağında əyləşdirmişdir. “Opel Astra” markalı avtomobilin sürücüsü Ə.Hacıyev küçəsi ilə R.Teymurov küçəsi istiqamətində hərəkətdə olan zaman R.Teymurov küçəsi ilə Ə.Hacıyev küçəsinin kəsişməsində “Hyundai Grandeur” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən o, və azyaşlı övladı müvazinətlərini saxlaya bilməyib avtomobilin qabaq sağ oturacağının arxa hissəsinə dəyərək xəsarət almışlar. O, övladı ilə birlikdə avtomobildən düşmüşdür. “Hyundai Grandeur” markalı avtomobilin qabaq sağ sərnişin oturacağında yaşlı bir qadının əyləşdiyini görmüşdür. Avtomobillərin sürücüləri öz aralarında hadisə ilə bağlı söhbət etməyə başlamışlar. Bundan sonra hadisə yerinə TTYS-nın əməkdaşları gəlmiş və onu azyaşlı övladı ilə birlikdə X5 aparmışlar. Orada həkimlər azyaşlı övladı Dərya Məmmədliyə ilkin tibbi yardım göstərdikdən sonra onları evə buraxmışlar. Bundan sonra hadisə ilə bağlı onu Nizami RPİnə dəvət etmişlər. O, polis idarəsində izahat vermişdir. Araşdırma zamanı o, azyaşlı övladı Dərya Məmmədli ilə birlikdə məhkəmə-tibbi ekspertizasından keçmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/28107 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:50-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin aktdan görünür ki Təqsirləndirilən şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,000%0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 800 saylı rəyinin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ tərəfi Vİİ, Vİİİ, İX qabırğalarının yerinidəyişməyən sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 798 saylı rəyinin nəticə hissəsindən görünür ki, vət. X1 gözaltı nahiyənin qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 799 saylı rəyinin nəticə hissəsindən görünür ki, vət. Şahid hər iki baldırın ön səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2462 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Opel” markalı, 77 E0 492 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - mülki cavabdeh qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-140192/2023 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BA 201429 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və mülki iddiaçı ilə barışmış, onlara vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs və mülki iddiaçı ərizə vermişlər. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 39 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 234 (iki yüz otuz dörd) manat (39x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 39 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 234 (iki yüz otuz dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar