Məhkəmə qərarları › İş №1(007)-109/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-109/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-109/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayan, 22 yanvar 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq törətmişdir. Belə ki, o, 17 noyabr 2020-ci il tarixdə saat 18:35 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 121C ünvanında yerləşən “Heydər Əliyev” adına parkda heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək həmin parkda istirahət edən digər şəxslərin narahatçılığına səbəb olub, həmin parka gətirdiyi əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs spirtli içki içməsini bəhanə edərək, ona zor tətbiq edərək qəsdən sağ əli ilə Zərərçəkmiş şəxs sol əlini sıxdıqdan sonra sol əli ilə qəsdən Samirə Babyevanın sinəsindən itələyib yerə yıxıb qarın nahiyəsindən təpiklə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol əlin İV daraq-falanqa oynağının nisbi hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin iri ölçülü şişkinlik halında əzilməsi və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin İV barmağının ovuc səthinin qançırı, sol əlin arxa, sağ əlin İİİ, İV barmaqlarının arxa, hər iki diz oynağının ön səthinin sıyrıqları kimi bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. Onlar arasında mühahisə zaman ətrafda heç kim olmamışdır, bu səbəbdən də onun tərəfindən ictimai qayda kobud surətdə pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik olmamışdır. Zərərçəkmiş şəxs spirtli içkilər qəbul etdiyinə görə ona irad tutmuş, lakin zərərçəkmiş şəxs tutulan iradlara məhəl qoymayaraq, çıxıb getmək istədikdə, o, zərərçəkmiş şəxsin əl barmaqlarından tutaraq saxlamaq istəmişdir. Zərərçəkmiş şəxs ondan yaxa qurtarmaq, əl barmaqlarını azad etmək məqsədilə güc işlətmiş, lakin buna nail olmadıqda yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerə yıxılanda o, tarazlığını itirmiş və bu zaman ehtiyatsızlıqdan ayağı onun qarnına toxunmuşdur. Yəni, o, zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməmiş, xuliqanlıq etmək niyyəti olmamışdır. Onun məqsədi qeyrirəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs spirtli içkilərin qəbulundan çəkindirmək olmuşdur. Əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini nəzərə alaraq, barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 22 yanvar 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, mərmər təmiri və satışı işi ilə məşğuldur. Zərərçəkmiş şəxs 2017-ci ildə tanımışdır. Həmin vaxtlar o, mərmər sexi işlətdiyi üçün həmin sexə katibə lazım olmuşdur. Samirə də həmin sexə gələrək işləmək istədiyini bildirmiş və o, Samirəni işə qəbul etmişdir. Həmin vaxtdan etibarən onların arasında münasibət yaranmışdır. Onlar Samirə ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar və o, Samirənin yaşadığı Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 saylı binanın 74 saylı mənzilində gəlib-getmişdir. 15 noyabr 2020-ci il tarixdə Samirə ilə mobil telefonla danışan zaman telefonda mübahisələri düşmüş və mübahisələrinin düşməsinə səbəb Samirənin tez-tez “Go Vodka” spirtli içki içməyi olmuşdur. O, seyid nəslindən olduğu üçün Samirəni də öz yaxını bilib spirtli içki içməyinə etiraz etmişdir. Həmin vaxt mobil telefonla danışan zaman Samirə ona bir daha narahat etməməyini demiş və onlar münasibətinə son qoymuşlar. 17 noyabr 2020-ci il tarixdə saat təxminən 18:35-də “Ramal” ticarət mərkəzinin qarşısında, həmin vaxt yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə piyada, yolla gedən zaman təsadüfən Samirəni görmüşdür. Həmin vaxt Samirə yaşadığı evə doğru getmişdir. O, Samirəyə tərəf yaxınlaşmış və söhbət etmək üçün həmişə oturduqları parka dəvət etmişdir. Samirə həmin vaxt yenə də içkili vəziyyətdə olmuşdur. O da Samirəni “Heydər Əliyev” parkı tərəfə aparmış və onlar ünvanını sonradan bildiyi ünvan 1nmışlar. Orada Samirə çıxıb getmək istəmişdir. O, Samirəyə əsəbləşib sağ əli ilə sol əlini tutub barmaqlarını bərk sıxmışdır. Samirə qışqıraraq əlinin ağrıdığını demiş, o, əsəbləşib Samirəni sol əli ilə sinəsindən itələmişdir. Samirə yerə yıxılmış və dizləri yerə dəymişdir. O, əsəbləşərək təpiklə qarın nahiyəsindən vurub hadisə yerindən çıxıb getmişdir. O, Samirəni zorla aparmamış, Samirəni parka getməyi dəvət etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. O, Zərərçəkmiş şəxs spirtli içki qəbul etməyinə etiraz etsə də, hər dəfə spirtli içki qəbul etmiş və o, bu hala əsəbləşmişdir. Həmin vaxt onlar parkda olduqlarından orada tanımadığı şəxslər olmuş, lakin həmin şəxslər hadisəyə müdaxilə etməmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsinin müvafiq məqamları ilə razılaşmayaraq, müstəntiqin sözü ilə ifadəsinin sonunda ifadəni oxuyaraq təsdiq etdiyini yazdığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zöhrab oğlunu 2017-ci ilin fevral ayında mərmər sexi işlətdiyi vaxtlardan həmin sexdə katibə işlədiyindən tanımışdır. O, Anarın katibəsi kimi aylıq 400-500 manat müqabilində işləmişdir. 2019-cu ilin qış aylarından onunla Anarın arasında yaxınlıq münasibəti yaranmış, o, Anarla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamış və Anar onun yaşadığı Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 14 nömrəli binanın 74 nömrəli mənzilinə gəlib-getmişdir. Əvvəllər onun Anarla mübahisələri olmasına baxmayaraq, Anar onu döymədiyi üçün onlar hər dəfə barışmışlar. 15 noyabr 2020-ci il tarixdə Anarla mobil telefonla danışan zaman telefonda mübahisələri düşmüşdür, mübahisələrinin düşməsinə onun “Go Vodka” spirtli içki içməsi səbəb olmuşdur. Anar seyid nəsli olduğu üçün onun spirtli içki içməyinə etiraz etmiş, onların telefonda mübahisələri düşmüş və bir daha onu narahat etməməsini deyərək münasibətlərinə son qoymuşlar. 17 noyabr 2020-ci il tarixdə saat 18:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ramal” Ticarət Mərkəzinin qarşısında təsadüfən Anarla rastlaşmışdır. Anar heç bir səbəb olmadan onun əlindən tutaraq C.Naxçıvanski küçəsi, 121C ünvanında yerləşən “Heydər Əliyev” parkına aparmışdır. Parkda heç bir səbəb olmadan Anar onunla mübahisə etməyə başlamışdır. Anar sağ əli ilə onun sol əlini tutub bərk sıxdığı üçün o əlinin ağrıdığını bildirmiş və əlini buraxmasını xahiş etmişdir. Lakin Anar onu nalayiq ifadələrlə təhqir edərək sol əli ilə sinəsindən itələyib yerə yıxmışdır. O, yıxıldıqdan sonra Anar təpiklə sağ qarın nahiyəsindən vuraraq oradan uzaqlaşıb getmişdir. Aralarında olan münaqişə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə zamanı orada ikisi olmuşlar, lakin ətrafda tanımadığı insanlar olmuşlar. Anar qaçdıqdan sonra ətrafdaki şəxslər ayağa qalxmağa kömək etmişlər, lakin Anar onu vurarkən həmin şəxslər heç bir müdaxilə etməmişlər. Anar əvvəllər də ona qarşı bir neçə dəfə zorakılıq tətbiq etmiş, lakin evli olduğunu və üç uşaq atası olduğunu nəzərə alaraq, Anardan şikayət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi barədə 18 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 11 yanvar 2021-ci il tarixli 01/911 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin İV daraq-falanqa oynağının nisbi hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin iri ölçülü şişkinlik halında əzilməsi; sol əlin İV barmağının ovuc səthinin qançırı, sol əlin arxa, sağ əlin İİİ, İV barmaqların arxa, hər iki diz oynağının ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.11.2020-ci il tarixdə şəxsin bildirdiyi şəraitdə, yəni kənar şəxsin onun sol əlini burması nəticəsində yarana bilər və dərəcəsinə görə şişkinlik halında əzilmə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, qançır və sıyrıqlar isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki. xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inandırıcı deyil. (i.v. 31-32) - 21 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmiş, hadisəni ifadəsində göstərilən qaydada təsvir etmişdir. (i.v. 51-54) - 21 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərmiş, hadisəni ifadəsində göstərilən qaydada təsvir etmişdir. (i.v. 55-60) -Sübutların qiymətləndirilməsi haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 65-68) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, ifadələrin yerində yoxlanılması barədə protokollar və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni onun hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs cinayət işi üzrə icraata xitam verilməsi barədə ərizəsinə münasibətdə isə qeyd edir ki, cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 121C ünvanında yerləşən “Heydər Əliyev” adına parkda baş vermişdir, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin, Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək həmin parkda istirahət edən digər şəxslərin narahatçılığına səbəb olmuşdur. Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Qətimkan tədbirinin seçilməsi barədə 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 92-93) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 96) -Ağcabədi rayon İHB-nın Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, nümayəndəliyin Hüsülü kəndində yaşayan, üç uşaq atası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 98) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını göstərmiş və iş materiallarına xitam verilməsini xahiş etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə heab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmiş, məhkəmə baxışı zamanı verdiyi ərizəsində təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı tam şəkildə ödədiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar