Məhkəmə qərarları › İş №1(007)-109/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-109/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-109/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi ev 2, mənzil 62-də qeydiyyatda olmaqla yaşamış, 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək, saxlamaqla daşımışdır. Belə ki, o, 06 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 3 nömrəli evin qarşısında göstərdiyi taksi xidmətinin dəyərinin əvəzində tanışı Şahid1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 1,522 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə 1,773 qram ağ rəngli kristallik formada maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək saxlamaqla üzərində daşımış və həmin gün saat 20 radələrində Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilinərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 109 nömrəli ünvanın qarşısında hər ikisi ona məxsus “Audi A4” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmaqla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindəki göy rəngli eynək qabının içərisindən bir bükümdə 1,522 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə 1,773 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan iki ədəd boş falqa kağızı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 2020-ci ilin ortalarından tanımışdır. Tanışlıqları müddətində Azər onun taksi kimi işlətdiyi avtomobildən istifadə etmişdir. O, naroktik vasitələrin istifadəçisidir, Azər də bu barədə bilmişdir. Azər onun avtomobilindən istifadə etdikdən sonra pul əvəzi olaraq ona narkotik və ya psixotrop vasitələr vermiş, o da istifadə etmişdir. 06 noyabr 2021-ci il tarixdə Azərgilə gedərək ondan narkotik vasitə istəmişdir. Azər ona iki bükülü verib bildirmişdir ki, bunlardan biri heroin, biri isə metamfetamindir. Azər həmçinin, ona demişdir ki, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrosunun yaxınlığına getməlidir. O, Azərin təklifi ilə razılaşmış, saat təxminən 20 radələrində həmin yerə çatmışlar. Azərin hansı məqsədlə ora getməsini bilməmişdir. Gözlədikləri vaxt Azər avtomobildə oturub nahar etmişdir. O da Azərin verdiyi narkotik vasitədən istifadə etmişdir. Bu vaxt oraya polislər gəlmiş və onları 23-cü polis bölməsinə aparmışlar. Orada baxış zamanı Azərin üzərindən heç nə çıxmasa da, onun üzərindən digər əşyalarla yanaşı sağ cibindən eynək qabının içərisində olan Azərin verdiyi heroin və metamfetamin aşkar olunmuşdur. Avtomobilinə baxış keçirilsə də, oradan qanunazidd heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün manqa komandiri Şahid2 ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə polis serjantları Şahid3 və Şahid4la birlikdə Bakı Metropoliteninin “Koroğlu” stansiyasının yanında xidmət aparmışlar. Saat təxminən 20 radələrində metronun yanında yerləşən “Alov” parkında olduqları zaman orada olan dayanacaqda dayanmış göy rəngli “Audi 4” markalı **-NJ-*** qeydiyyat nişanlı avtomobilin lyuk yerindən tüstü çıxmasını görüb oraya yaxınlaşmışlar. Belə ki, bu vəziyyətin adətən narkomanlara xas olduğu onlara məlum olmuşdur. Avtomobilə yaxınlaşdıqda, arxa oturacaqda iki şəxsin əyləşdiyini görmüşlər. Özlərini təqdim etdikdən sonra hər iki şəxs yerə düşmüşdür. Özlərini təqdim etdikdən sonra həmin şəxslərin narkotik vasitələrdən istifadə etdiklərindən şübhələnib onları 23-cü polis bölməsinə aparmışlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid1dur. Bölmə rəisinin adına raportla müraciət etmişlər. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində şəxsi axtarış və götürülmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan bir qutu “LD” siqaretini, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən bir ədəd göy rəngli eynək qabını təqdim edərək, həmin eynək qabını Şahid1 aldığını bildirmişdir. Eynək qabına baxış keçirilərkən üzərinə narkotik vasitə töküb istifadə etmək üçün saxladığı bir ədəd "xxxx"a məxsus plastik kart, iki ədəd narkotik vasitədən istifadə etmək üçün saxladığı alışqan, iki ədəd falqa, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli kütlə və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ kristal formada olan kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, qəhvəyi rəngli və kristal formada olan maddələr heroin və metamfetamindir, onları yanında olan Şahid1 göstərdiyi taksi xidmətlərinin əvəzində özü üçün istifadə etmək məqsədilə almışdır. Digər əşyalardan isə narkotik vasitələrin qəbulu zamanı istifadə etdiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs hər hansı bir qanunazidd əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 üzərinə baxış keçirilmişdir, lakin onun üzərindən hər hansı bir qanunazidd predmet və vasitə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunan əşyalar və ya maddələr aşar olunmamışdır. Sonra həmin maddələr və əşyalar zərfə qoyulub möhürlənmiş və hadisə barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün əməkdaşları Şahid3 və Şahid4 Şahid2lə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsüdür, o, həmin şəxsin avtomobilindən istifadə etmişdir. Tahirin narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün pulu olmayan vaxtlarda xidmətinin əvəzində ona narkotik vasitələr və ya psixotrop maddələr vermişdir. 06 noyabr 2021-ci il tarixdə Tahir yaşadığı ünvana gəlib ağrıdığını və ona narkotik vasitə verməyini xahiş etmişdir. O, Tahirdən pul almadan ona bir bükülü metamfetamin və bir bükülü heroin vermişdir. X2 rayonu, “Koroğlu” metrosunun yaxınlığında olan “Alov” parkının yanına gəlmişlər, saat təxminən 20 radələrində Tahir avtomobili saxlamış, o, avtomobildə oturub şam yeməyi yemiş, Tahir də siqaret kağızına bükülü formada çəkmək yolu ilə narkotik vasitə qəbul etmişdir. Həmin vaxt oraya polislər gəlib onları 23-cü polis bölməsinə aparmışlar. Orada hər ikisinin üzərinə baxış keçirilmiş, ondan heç bir qanunsuz əşya və maddə çıxmasa da, Tahirə verdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onun üzərindən aşkar olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. (i.v. 1-2) - 06 noyabr 2021-ci il və 20 dekabr 2021-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs və Şahid1 üzərlərinə həmin tarixdə saat 21:15-dən saat 21:30-dək Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində qanunsuz əşya varsa təqdim etmələri təklif olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əlində olan 1 qutu “LD” markalı siqareti, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd göy rəngli eynək qabını təqdim edərək, həmin eynək qabını Şahid1 aldığını bildirmişdir. Həmin eynək qabına baxış keçirilərkən üzərinə narkotik vasitə töküb istifadə etmək üçün saxladığı 1 ədəd "xxxx"a məxsus plastik kart, 2 ədəd narkotik vasitədən istifadə etmək üçün saxladığı alışqan, 2 ədəd falqa, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli kütlə və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ kristal formada olan kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, qəhvəyi rəngli və kristal formada olan maddələr heroin və metamfetamindir, onları yanında olan Şahid1 göstərdiyi taksi xidmətlərinin əvəzində özü üçün istifadə etmək məqsədilə almışdır. Digər əşyalardan isə narkotik vasitələrin istifadəsi zamanı istifadə etmişdir. Videogörüntülərə baxış zamanı həmin halın öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 39-41, 176) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2021-ci il tarixli 6/4941 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №163” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd göy rəngli qabda bir ədəd bükümdə təmiz çəkisi 1,773 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İki ədəd alışqanda və bank kartında narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. İki ədəd boş falqa kağızının içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Heroin və metamfetamin müxtəlif tərkibli maddələr olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: heroinin təmiz çəkisi 1,522 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,751 qramdır; metamfetaminin təmiz çəkisi 1,773 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,723 qramdır. (i.v. 60-64) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 07 dekabr 2021-ci il tarixli 4939 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 179-180) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2021-ci il tarixli 6/5019 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, bir ədəd bükümdə təmiz çəkisi 1,723 qram olan matemfetamin ilə digər iki ədəd bükümdə ümumi təmiz çəkisi 2,668 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd bükümdə təmiz çəkisi 1,472 qram olan heroin ilə beş ədəd bükümdə ümumi təmiz çəkisi 6,833 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. 2 ədəd boş falqa kağızında və elektron tərəzidə olan iz mikrohissəcikləri arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,723 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 1,693 qramdır; metamfetaminin təmiz çəkisi 2,668 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 2,608 qramdır; heroinin təmiz çəkisi 1,472 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 1,442 qramdır; heroinin təmiz çəkisi 6,833 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 6,683 qramdır. (i.v. 181-184) - 26 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamlar dəyişdirilmədən saxlanılmış, onların barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə, habelə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 09 sentyabr 2021-ciil tarixdə aşkar olunmuş şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və 06 noyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığındakı tikilidən aşkar olunmuş ona məxsus külli miqdarda narkotik vasitə, psixotrop maddə və digər maddələrlə bağlı onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yeni cinayət işinin ayrılması və icraata qəbul edilib istintaqın davam etdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması, avtomobilinə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk, ondan aşkar olunmuş 1,773 qram psixotrop maddə metamfetamin, 1,522 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd boş falqa maddi sübut kimi tanınmış, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 1,723 qram psixotrop maddə metamfetamin, 1,472 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd boş falqa maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 190- 198) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 29) - 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 126-130) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 149-150, 188-190) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, istinad olunan hökmlə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, narkotik vasitə və psixotrop maddənin növlərini və çəkilərini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,693 qram psixotrop maddə metamfetamin, 1,442 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd boş falqa məhv edilməli, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, müstəntiq tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsinə dair 26 dekabr 2021-ci il tarixli qərarda və ittiham aktına əlavə edilmiş arayışda maddi sübut qismində tanınmış psixotrop maddə metamfetaminun tədqiqatdan sonrakı qalıq çəkisi 1,723 qram, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi isə 1,472 qram kimi göstərilsə də, həmin maddələrin digər maddələrlə eyniliyinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmiş, 10 dekabr 2021-ci il tarixli 6/5019 nömrəli ekspert rəyi üzrə tədqiqata sərf edildikdən sonra metamfetaminin 1,693 qram, heroinin 1,442 qram qalıqları qalmışdır. Ona görə maddi sübutların taleyi həll edilərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına dəvət olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 72 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,693 qram psixotrop maddə metamfetamin, 1,442 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd boş falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 130 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 72 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 432 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar