Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-11/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi qismində cəlb edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Qanuni nümayəndə2, müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2004-cü il tarixdə Şabran rayonunun Söhbətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, yetkinlik yaşına çatmayan, Şabran rayonunun Söhbətli kəndində qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində cəzasını çəkməklə hazırkı işə baxılması ilə əlaqədar Bakı istintaq təcridxanasına keçirilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə 20 noyabr 2019-cu il tarixdə saat 18 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs 60 manat dəyərində **********79686 İmei kodlu, “X7” markalı, “İdol Alpha” modelli telefon aparatını üzərində olan 4 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə birlikdə danışmaq adı ilə alıb oradan qaçaraq uzaqlaşarkən, sonuncu arxası ilə hərəkət edib onu saxladıqda, Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən iki dəfə yumruqla vurub ona sol yanaq nahiyəsinin qançırından ibarət, dərəcəsi təyin edilməyən xəsarət yetirərək, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mobil telefonu açıq talayıb Zərərçəkmiş şəxs 64 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi qismində cəlb edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Qanuni nümayəndə2 iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 noyabr 2019-cu il tarixdə saat 17 radələrində atası və azyaşlı bacısı evdə, anası isə işdə olmuş, atası spirtli içki qəbul etmişdir. O, mavi rəngdə cins materialından şalvar, başında boz rəngdə yun papaq, qara plaş materialından isti gödəkçə, qara rəngli ayaqqabı, əlində isə barmaqsız qara rəngli yun əlcək geyinərək evdən çıxmışdır. Piyada Sabunçu keçidinə getmişdir. Oradan 40 saylı marşuruta əyləşib Nizami rayonunda yerləşən “Neftçilər” metrosuna gəlmiş və “Xəzər universeti” istiqamətində yolun sağ tərəfi ilə piyada hərəkət etməyə başlamışdır. Bu zaman qarşıdan əvvəllər tanımadığı azyaşlı bir uşağın əlində mobil telefonu ilə mahnıya qulaq asa-asa gəlməsini görmüşdür. Həmin şəxslə qarşı-qarşı gəldiyi üçün sonuncuya yaxınlaşaraq əsəbi halda ona yoluna fikir verməsini və cəld hərəkət etməsini bildirmişdir. Həmin şəxs də bir söz deməyərək ötüb keçmiş, həmin şəxsi özündən zəif gördüyü üçün dərhal onun arxasınca gedib yaxınlaşaraq münasibət qurmaq üçün səhv etdiyini demişdir. Həmin şəxs də “dəyməz” deyə cavab vermişdir. Bundan sonra həmin şəxslə söhbət etməyə başlamış və hara getməsini soruşmuşdur. Həmin şəxs demişdir ki, “Yeni Ramana” qəsəbəsində yerləşən məktəbdə oxuyur, hazırda “EDU” hazırlıq kursuna hazırlığa gedir və onu haradasa görmüşdür. Həmin şəxslə birlikdə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən yeraltı keçidlə keçərək R.Rüstəmov küçəsi, 42 ünvanında yerləşən “EDU” hazırlıq kursunun qarşısına gəlmişdir. Həmin şəxsdən adını soruşanda o, adının Elman olduğunu demişdir. O isə həmin şəxsə özünü Həsən kimi təqdim etmişdir. “EDU” hazırlıq kursunun qarşısında Elmana demişdir ki, sevdiyin xanım olub-olmadığını soruşmuş, Elman da sevdiyi bir xanım olduğunu, adının Türkan olmasını bildirmişdir. Elmana yalandan “Türkanı mən də istəmişəm, Türkan da məni sevir” sözlərini demişdir. Bu sözlərindən sonra Elmanın əsəbləşməsini görmüş, ətrafda adamlar olduğunu deyərək ağaclıq tərəfə keçib orada söhbət etmələrini demişdir. Elman da razılaşmış və qeyd etdiyi yerə getmişlər. Söhbət zamanı Elmandan mobil telefonunu zəng etmək üçün verməsini istəmiş və Elman özündə olan sarı rəngdə “Alcatel” markalı mobil telefonunu vermişdir. Elman adlı şəxslə şərt kəsərək “mənim dediklərimi dostum təsdiqləsə, yaxınlıqda təxminən 10 metr məsafədə bizdən aralı yerləşən ağaca qaçıb əlini vurub gələrsən, mən də səni bağışlayaram” demişdir. Elman da razılaşmışdır. Sonra ağlına gələn qarışıq bir nömrə yığmış, lakin zəng çatmayanda Elmana bildirmişdir ki, “dostumun nömrəsi bağlıdır, indi qaçaraq get ağaca əlini vur, qayıt telefonunu sənə qaytaracam”. Elman ağaca tərəf qaçanda o da qəfildən yaxınlıqda yerləşən yaşayış binaları istiqamətinə qaçmış və arxaya baxmamış, arxaya baxmadığı üçün də Elmanın onun arxası ilə qaçdığını görməmişdir. Yaxınlıqdakı yolu əks istiqamətə keçmiş və “Neftçilər” metrostansiyası istiqamətindən “Xəzər universiteti” istiqamətində yol patrul xidmətinin avtomobilinin gəlməsini görmüş, qorxaraq polis əməkdaşları tərəfindən tutulacağını fikirləşmiş və tez yaşayış binaları tərəfə qaçmağa başlamışdır. Qaçdığı üçün ayağı ilişmiş və yerə yıxılmışdır. Yerə yıxıldıqda dişinin birinin sınmasını hiss etmişdir. Həmin vaxt Elman ona çataraq telefonu geri almağa cəhd etmiş, ona görə Elmanın üzünə yumruqla iki dəfə vurmuşdur. Sonra qaranlıq bir kənarda dayanıb gözləmiş və heç kimin gəlmədiyinə əmin olub yaxınlıqdakı dayanacağa gəlmişdir. Dayanacaqda 62 saylı marşurut avtobusuna əyləşərək yaşadığı Sabunçu rayonunda yerləşən evlərinə getmişdir. Evlərində işıqlar sönmüş, atası yatmış, anasına “Alcatel” markalı telefonu 8 manata tanımadığı şəxsdən almasını demiş, sonuncu isə tanımadığı şəxsdən nə üçün telefon almasını demiş və əsəbləşib bir dəfə əli ilə onu vurmuşdur. Anasına bir də belə iş etməyəcəyini demiş və öz otağına keçib mobil telefonu söndürərək, üzərində olan nömrəni çıxarmışdır. Səhəri gün atasına da 8 manata “Alcatel” markalı mobil telefon almasını və bir-iki gün işlədib sonra satacağını demişdir. Atası da telefonu işlətməyini və satmamağını məsləhət etmişdir. İki gün keçdikdən sonra telefonu satması üçün atasına vermişdir. Atası həmin “Alcatel” markalı mobil telefonu Sabunçu keçidinin yanında telefon mağazasına 20 manata satmışdır. Telefonu götürməkdə onun məqsədi və niyyəti telefonu ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, ailə vəziyyəti ağırdır, zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, orta məktəbdə oxuyur, 2017-ci ilin əvvələrində atası ona 300 manat dəyərində “Alcatel” markalı **********79686, İmei kodlu mobil telefon almış və həmin telefona ***-***-**-** nömrəsini taxmışdır. Şəhərdə imtahanlara hazırlaşdığı üçün atası həmin telefonu ona vermişdir. Telefonu və nömrəni atası alsa da, telefon onun özünə məxsus olmuşdur. 20 noyabr 2019-cu il tarixdə saat 14:30 radələrində yaşadığı evdən çıxmış və Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “EDU” hazırlıq mərkəzinə kursa getmişdir. Həmin vaxt mobil telefon üzərində olmuşdur. Həmin gün saat 17 radələrində hazırlıqdan çıxmış, növbəti dərs saat 18:25-də olmalı olmuş, hava soyuq olduğundan arada qalan boş vaxtda yaxınlıqda yaşayan bibisigilə getmişdir. Saat 18 radələrində bibisigildən çıxıb yenidən hazırlığa getmək üçün R.Rüstəmov küçəsi ilə üzü “Neftçilər” metrostansiyası istiqamətində yolun solu ilə hərəkət etməyə başlamışdır. Bu vaxt əvvəllər tanımadığı, əynində yarımçıq qara rəngli plaş materialından olan gödəkçə, başında boz rəngli papaq, cins materialından mavi rəngə çalan şalvar, qara ayaqqabı, hər iki əlində barmaqsız əlcəklər, üzü tüklü, boyu təxminən 1,70 sm, üzü ağ rəngdə, orla bədən quruluşlu təxminən 16 yaşlarında bir şəxs yaxınlaşaraq demişdir ki, “bir az tez ol”. Həmin şəxsə demişdir ki, “görürsən ki, sıxlıqdı, yavaş-yavaş hərəkət edirəm”. Həmin şəxs bir söz deməmiş, bir qədər hərəkət edəndən sonra yenidən yaxınlaşaraq bildirmişdir ki, “məni bağışla, əsəbi olmuşam”. Həmin şəxsə “eybi yox” demiş, bundan sonra birlikdə söhbət edərək “Neftçilər” metrostansiyası istiqamətində hərəkət etmişlər. Bu zaman yolu keçməmək məqsədi ilə “Neftçilər” metrostansiyasında yerləşən yeraltı keçiddən istifadə etmiş və R.Rüstəmov küçəsi, 42 nömrəli ünvanda yerləşən “EDU” hazırlıq kursu istiqamətində getməyə başlamışdır. Özünü Həsən kimi təqdim edən tanımadığı şəxs yolda saatın neçə olmasını soruşmuş, cibində olan “Alcatel” markalı mobil telefonunu çıxarmış, saatına baxaraq saat 18:10 olduğunu demişdir. Həmin şəxslə “EDU” hazırlıq kursunun qarşısına qədər getmiş, orada sonuncu dostuna zəng vuracağını deyərək mobil telefonunu istəmişdir. Cibindən mobil telefonu çıxarıb adını Həsən deyən şəxsə vermişdir. Bu zaman Həsən özünü kiməsə zəng edir kimi göstərmiş və dərhal ara küçəyə qaçmağa başlamışdır. Həmin şəxsin mobil telefonunu ələ keçirdiyini görmüş və onun arxasınca qaçmağa başlamışdır. Köhnə tikili olan bina ilə kafenin arasında kiçik yolda Həsən adlı şəxsi tutmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Həsən onun üz nahiyəsindən iki dəfə yumruqla vurmuşdur. Bu vaxt özünü itirmiş, həmin şəxs isə bu vəziyyətə düşməyindən istifadə edərək binaların arası ilə qaçaraq oradan uzaqlaşmışdır. Dərhal həmin şəxsin arxasınca qaçmış, lakin onu tapa bilməmişdir. Həmin gün hazırlığa getməmiş, evlərinə gedərək ailə üzvlərinə baş verənlər barədə məlumat vermişdir. Hadisə 20 noyabr 2019-cu il tarixdə Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 ünvanında yerləşən “EDU” hazırlıq mərkəzinin qarşısında baş vermiş, hadisə zamanı ətrafda heç kim olmamış və hadisəni heç kim görməmişdir. Hadisə zamanı sol yanağı sıyrılmış və sağ tərəf boynunda cırmaq izləri yaranmışdır. Polisə şikayət etdikdən sonra hadisəni törədən Təqsirləndirilən şəxs yaxalanmış, mobil telefonu ona qaytarılmışdır. Mobil telefonun qiymətinin ekspertiza rəyi ilə 60 manat müəyyən edilməsinə etirazı olmamışdır. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, mobil telefonu özünə qaytarılmaqla ona vurulmuş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində yerləşən “Ayxan” adlanan mobil telefonların alqı-satqısı mağazasında satıcı işləyir. Şahid1 yaşadığı məhəllədən ötəri tanımış və sonuncu işlədiyi mağazadan müxtəlif telefon aksessuarları almışdır. O, mağazada müxtəlif markalı mobil telefonlar alaraq satışını həyata keçirir. 22 noyabr 2019-cu il tarixdə saat 15-16 radələrində mağazada başqa müştərilərlə maraqlanan zaman Natiq içəri daxil olmuşdur. Natiqdən nə səbəbə görə gəlməsini soruşanda bildirmişdir ki, özünə məxsus “Alcatel onetouch” markalı mobil telefonu var, satmaq istəyir. Qiymətini soruşanda Natiq mobil telefonu 30 manata satdığını demişdir. Telefonu onlara sərf edən məbləğə satmadığını Natiqə demişdir. Natiq də razılaşmayaraq mağazadan çıxıb getmişdir. Təxminən 5-10 dəqiqə keçmiş Natiq yenidən mağazaya gələrək təcili rayona çıxmalı olduğunu, bu səbəbdən yol puluna ehtiyac olduğu üçün mobil telefonu 20 manata satdığını demişdir. Həmin vaxt onlardan başqa mağazada heç kim olmamışdır. Natiqdən mobil telefonu alıb baxmış və “Alcatel onetouch” markalı mobil telefon olmasını görmüşdür. Telefona baxdıqdan sonra Natiqlə razılaşaraq ona 20 manat pul verib telefonu almışdır. O, həmçinin Natiqdən şəxsiyyət vəsiqəsini alaraq surətini çıxarıb üzərində qeydlər aparmış və ona imza etdirmişdir. 24 noyabr 2019cu il tarixdə mağazada olan zaman polis formasında olan bir neçə nəfər içəri daxil olaraq özlərini təqdim etmişlər və 20 noyabr 2019-cu il tarixdə “Alcatel onetouch” markalı mobil telefon satılmasını demişlər. Polis əməkdaşlarının dediklərini təsdiq edərək mobil telefonu təqdim edəcəyini bildirmişdir. Natiqdən aldığı mobil telefonun cinayət yolu ilə ələ keçirilməsini bilməmiş, yalnız polislər gələndən sonra bu barədə bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 noyabr 2019-cu il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 22 noyabr 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsinin iştirakları ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir, zərərçəkmiş şəxs hadisə yerini göstərərək baş vermiş hadisəyə dair müvafiq məlumatları bildirmişdir. (i.v. 37-42) - 25 noyabr 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsinin iştirakları ilə ifadənin yerində yoxlanılması həyata keçirilmiş, hadisə yerini göstərərək baş vermiş hadisəyə dair müvafiq məlumatları bildirmişdir. (i.v. 68-70) - 26 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi və Zərərçəkmiş şəxs məxsus bir ədəd **********79686 İmei kodlu, “X7” markalı, “İdol Alpha” modelli telefon aparatı üzərində olan ***-***-**-** saylı GSM nömrə ilə birlikdə müstəntiq tərəfindən götürülmüşdür. (i.v. 76) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və X5 rayon şöbəsinin 22 noyabr 2019-cu il tarixli 1195 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20.11.2019-cu il tarixdə alınması mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarət müxtəlif şəraitlərdə, o, cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, lakin, bu xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və ya özü boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v. 88- 89) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2019-cu il tarixli 29883 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “X7” markalı, “İdol Alpha” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq, 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 60,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. (i.v. 90-93) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 04 dekabr 2019-cu il tarixli 2520 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə zamanı Təqsirləndirilən şəxs hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq ğz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək istidarında olmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri, əqli və psixi inkişafı nəzərə alınmaqla, hal-hazırda qərarın təsviri hissəsində göstərilən hadisənin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. (i.v. 94-97) - 01 yanvar 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir. (i.v. 98) - 30 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Eımir oğlu qanuni nümayəndəsinin iştirakı ilə, soyğunçuluq yolu ilə ələ keçirilmiş bir ədəd mobil telefonunu təhvil almışdır. (i.v. 142) - 10 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Şahid1 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs dəymiş ziyan iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən götürülmüş, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “X7” markalı, “İdol Alpha” modelli mobil telefon aparatı və ***-***-**-** GSM nömrəsi maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibinə qaytarılması qərara alınmışdır. (i.v. 144-152) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 139) -Hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(100)-199/2021 nömrəli hökmü ilə, 20 iyul 2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etdiyinə görə, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi qərara alınmış, cəzaçəkməsinin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablanmışdır; -Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli 1(100)-199/2021 nömrəli məktubundan görünür ki, həmin məhkəmənin Təqsirləndirilən şəxs barəsindəki 29 iyul 2021-ci il tarixli hökmü 25 avqust 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır, hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini 20 noyabr 2019-cu il tarixdə törətdikdən sonra, iş məhkəmənin icraatında olarkən, 20 iyul 2020-ci il tarixdə törətdiyi digər cinayət əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi (anası) ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və onun azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla, həmin cəza minimum həddə müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2020-ci il tarixdən hesablanmalı, Penitensiar Xidmətin Tərbiyə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış mobil telefonun və GSM nömrəsinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş vəkil X2 tərəfindən, məhkəmə icraatı dövründə isə təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi tərəfindən müdafiə edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçilərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış bir ədəd “X7” markalı, “İdol Alpha” modelli mobil telefon aparatının və ***-***-**-** GSM nömrəsinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı iş materialları ilə tanış olmaqla birlikdə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş müdafiəçi X1 180 manat əmək haqqı, məhkəmə icraatı zamanı iş materialları ilə tanış olmaqla birlikdə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 300 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-11/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-11/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver