Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-110/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki o, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və hadisə yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai” markalı “X13 Minik” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə hərəkət etdirib yol ayrıcından əsas yola daxil olub sola geri dönüb hərəkətini ünvan 2 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin yəni, sürücü hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştrakçıları üçün maneə yaratmamalı olması barədə tələblərini pozub avtomobili diqqətsiz idarə etdiyindən yolda oturaq vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurub üzərindən keçərək, sonuncuya ehtiyyatsızlıqdan döş qəfəsinin sağ və sol tərəfdə visseral plevrası və hər iki ağciyərin travmatik cırılmaları, sağ lll-Vİ qabırğaların və sol l-V qabırğaların orta körpücük xəttlər üzrə, sol Vİ qabırğanın qoltuq xətt üzrə və sol V-Vİİİ qabırğaların onurğayanı xətt üzrə yerləşən yerinidəyişmiş sınıqları, təpə-ənsə nahiyəsinin iki ədəd, sol ənsə nahiyəsinin bir ədəd, çənə nahiyəsinin orta səthində iki ədəd, çənəaltı nahiyyəsinin orta səthində bir ədəd və sol bazunun aşağı 1/3-nin arxa-iç səthinin əzilmişcırılmış yaraları, bazu əzələsinin vətərinin travmatik cırılması, burnun yuxarı sağ nahiyəsinin sıyrığı, döş qəfəsinin sağ yarısının ön səthinin, sol çiyin qurşağının arxa səthinin, bel nahiyəsində sol səthinin, sağ diz nahiyəsinin, sol dizaltı nahiyəsinin, sol ayaq pəncəsinin üst-iç səthinin sürtünmə xarakterli sıyrıqları, sağ qasıq nahiyəsinin sıyrığı, sağ dirsək nahiyəsinin, sol dirsək çuxuruna yaxın nahiyəsinin, sağçiyin qurşağının qançırları xəsarətləri yetirmiş, bu xəsarətlərdən döş qəfəsinin visseral plevrası və ağciyrələrin travmatik cırılması, iki tərəfli qabırğaların sınıqları ilə müşayiət olunan və daxili kəskin qanaxması ilə nəticələnən gövdənin küt travması sonuncunun ölümünə səbəb olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində hadisə törətdikdən sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli xəsarətlər aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməklə, özünün soyadını, adını, atasının adını və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bunlara riayət etməmiş və yolnəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 02:37 radələrində 10 yaşlı oğlu Şahid8 qabaq sağ sərnişin oturacağında əyləşməklə idarə etdiyi “X10” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki məscidin yanından üzü “Neftçilər” dairəsi istiqamətinə gedib yol ayrıcından dönüb yaşadığı ünvan 3 ünvanın yaxınlığında əsas yoldan geri dönmə yerindən, yəni yol ayrıcdan sola dönmək üçün sağ tərəfdən gələn avtomobilləri buraxmağa görə diqqətlə sağa baxmış və sağdan əsas yoldan heç bir avtomobilin gəlmədiyini görüb və sol tərəfdə yolun işlək hissəsində heç bir maneə olmadığı üçün gəldiyi surətlə sola dönüb hərəkətini davam etdirmişdir. Sola dönüb əsas yol ilə hərəkətini davam etdirərkən avtomobilin arxa sol təkərinin yolun səki daşına dəydiyini zənn etdiyi üçün hərkətini davam etdirmişdir. Hərəkətinə davam edib R.Rüstəmov küçəsi ilə təxminən 100-200 metr getdikdən sonra arxası ilə gələn avtomobilin işıqları ilə ona işarə etdiyini görüb yolun kənarında, “Rahat” marketin qarşısında avtomobili saxlamışdır. Nömrəsini xatırlamadığı tünd rəngli “Ford- Fusion” markalı avtomobilin sürücüsü onun avtomobil ilə bir qədər geridə yerdə uzanmış bir nəfərin üzərindən keçdiyini ona demişdir. Dərhal avtomobilə əyləşib həmin yerə qayıtmış, “Ford-Fusion” markalı avtomobilinn sürücüsü də həmin yerə gəlmişdir. Onlar yerdə başı onun hərəkətdə olduğu istiqamətdə üzü üstə bir nəfərin uzandığını, ətrafdan 5- 6 nəfərin toplaşdığını görmüşlər. Xəsarət alan şəxsə yardım edərək xəstəxanaya aparmaq istəmiş, lakin ətrafda olan insanlar həmin şəxsin artıq öldüyünü, təcili tibbi yardıma və polisə məlumat verdiklərini bildirmişlər. Xəsarət almış şəxsin ağzından qan gəldiyini, nəfəs almadığını və nəbzini yoxladıqda ürəyinin döyünmədiyini görmüşdür. Bu səbəbdən həmin şəxsi xəstəxanaya aparmağın mənasız olduğunu başa düşüb hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım qrupu gəlmişdir. Təcili tibbi yardım həmin şəxsin artıq öldüyünü bildirib xəstəxanaya aparmaqdan imtina etmiş və məhkəmə tibbi-ekspertin hadisə yerinə gəlməli olduğunu demişdir. Hadisə yerinə həmin şəxsin bir nəfər kişi cinsli qohumu gəlmiş və hadisənin təsirindən həmin vaxt özünü tam “itirdiyi” üçün nə edəcəyini bilməmişdir. Avtomobildə olan az yaşlı övladını evə aparıb düşürmək üçün orada olan əvvəllər tanımadığı polis əməkdaşlarından bir nəfərə yaxınlaşıb hadisənin onun tərəfindən törədildiyinin ehtimal olunduğunu, lakin dəqiq bilinmədiyini deyərək, öz anket məlumatları haqqında əməkdaşa məlumat verib, avtomobildə olan uşağının meyiti gördüyü üçün ağladığını və uşağı sakitləşdirə bilmədiyinə görə ondan icazə alıb uşağı evə aparıb düşürüb sonrada hadisə yerinə qayıdacağını demişdir. Polis əməkdaşının məsləhəti ilə avtomobili idarə edib az yaşlı oğlunu evə aparmış, evdə hadisə barədə arvadına məlumat vermiş, oğlu meyiti gördüyü üçün qorxduğundan oğlunu sakitləşdirmiş və sonra evdən çıxıb hadisə yerinə gedib hadisəni aydınaşdırmaq istəyən zaman Nizami RPİ-nin dövlət yol polis şöbəsinin əməkdaşı ona zəng edib onunla danışmış, 5 dəqiqə sonra həmin polis əməkdaşı ilə 32-ci polis bölməsinin yanında görüşüb birlikdə Nizami rayon polis idarəsinə getmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə yerindən yayınmamış, avtomobil ilə yolda oturmuş vəziyyətdə olan zərərçəkmiş şəxsin üzərindən keçdiyini bilmədiyi üçün yoluna davam etmişdir. Hadisə yerinə qayıtdıqdan sonra ora toplaşmış insanlar hadisə barədə polisə və təcili tibbi yardıma məlumat verdiklərini bildirdiklərinə görə təkrarən polisə və təcili tibbi yardıma məlumat verməyə ehtiyac duymamış, onların hadisə yerinə gəlmələrini gözləmişdir. Əsas yoldan geri dönmə yerindən, yəni yol ayrıcından sola dönmək üçün sağ tərəfdən gələn avtomobilləri buraxmağa görə diqqətlə sağa baxmış və sağdan əsas yoldan heç bir avtomobilin hərəkət etmədiyini görüb və sol tərəfində yolun işlək hissəsində heç bir maneə olmadığı üçün gəldiyi, təxminən 35-40 km/saat sürətlə sola dönüb dayanmadan hərəkət etmişdir. Həmin vaxt yolda oturmuş vəziyyətə olan şəxsin üzərindən keçdiyini bilsəydi, dərhal avtomobili saxlayardı. Belə ki, şəhərin küçələrində və yol kənarlarında quraşdırılmış “Təhlükəsiz şəhər” müşahidə kameraları vasitəsi ilə hadisənin qeydə alına biləcəyini bilmişdir. Odur ki, baş vermiş hadisədən xəbərsiz olduğu üçün yoluna davam etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etmiş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi barışıq üçün ondan küllü miqdarda pul tələb etmişdir. Belə ki, əvvəlcə 150 000 manat, daha sonra isə 75 000 manat pul tələb etmişdir. Zərərçəkmiş tərəfə 25 000 manat məbləğində maddi yardım təklif etsə də qarşı tərəf həmin məbləği qəbul etməkdən imtina etmişdir. Ailəli olduğunun, biri azyaşlı olmaqla üç uşağının, həyat yoldaşının və yaşlı anasının onun himayəsində olmasının, ailəsinin Füzuli rayonundan məcburi köçkün düşməsinin, qardaşının İ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, iş üzrə dindirilimiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunsa da, CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-cı il tarixdə saat 02:37 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs şirniyyat sexlərinin birində gecə növbəsində işləmiş və adətən işdən sonra evə gec gəlmişdir. Atası xx.xx.2021-ci il tarixdə axşam saatlarında zəng edib onunla danışmışdır. Gecə saat 04:30 radələrində bibisi zəng edib atasının yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü demişdir. Atasının ölməsi xəbərini eşitmələri ilə əlaqədar dərin sarsıntı keçirmişlər. Atasının Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı maddi yardım göstərilməmişdir. Sonuncudan şikayətçi olduğuna görə Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada daha sərt cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 28 avqust 2021-cı il tarixdə saat 02:37 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı piyada olaraq avtomobillə vurulmuş Zərərçəkmiş şəxs onun qardaşıdır. 28 avqust 2021-cı il tarixdə gecə saatlarında istifadəsində olan mobil telefon nömrəsinə polis əməkdaşları tərəfindən zəng edilərək Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanın qarşısında qardaşı Zərərçəkmiş şəxs avtomobillə vurulduğunu, həmin avtomobili idarə edən şəxsin qardaşı Zərərçəkmiş şəxs köməklik göstərməyərək hadisə yerindən yayındığını bildirərək hadisə yerinə gəlməsini xahiş etmişlər. Lakin, səhəti ilə bağlı hadisə yerinə gələ bilməyəcəyini polis əməkdaşlarına bildirmiş və mərhumun oğlu Kənana bu barədə məlumat vermişdir. O, polislərlə danışıb qurtardıqdan sonra Kənana bu barədə məlumat vermişdir. Mərhum qardaşı Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonradan yolnəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin ailəsinə hər hansı maddi yardım göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 28 avqust 2021-cı il tarixdə saat 02:37 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanın yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı avtomobillə vurulmuş Zərərçəkmiş şəxs onun qardaşıdır. 28 avqust 2021-cı il tarixdə gecə saatlarında istifadəsində olan mobil nömrəsinə polis əməkdaşları tərəfindən zəng edilərək Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanın yaxınlığında qardaşı Zərərçəkmiş şəxs avtomobillə vurulduğunu, həmin avtomobili idarə edən şəxsin, qardaşı Zərərçəkmiş şəxs köməklik göstərməyərək hadisə yerindən yayındığı və onun hadisə yerinə gəlməsi bildirilmişdir. Dərhal hadisə yerinə getmiş və qardaşı Zərərçəkmiş şəxs yerdə ölmüş və ağzından qan gəlmiş vəziyyətdə olduğunu görmüşdür. Polis əməkdaşları yol-nəqliyyat hadisəsi yerini mühafizə etmiŞ və yol-nəqliyyat hadisəsi törətmiş sürücünü axtarmışlar. Ətrafa yığılmış tanımadığı şəxslərdən sürücünün kim olması ilə maraqlanmış, həmin həmin şəxslər sürücünü görmədiklərini və sürücünün hadisə yerindən yayındığını bildirmişlər. Sonradan yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin ailəsinə hər hansı maddi yardım göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində 2456 saylı patrul üzrə xidmət apararkən R.Rüstəmov küçəsi 66 saylı ünvanın yaxınlığında 5-6 nəfər şəxsin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yola toplaşdıqlarını görüb xidməti avtomobili həmin yerdə saxlayaraq orada nə baş verməsi ilə maraqlanmışlar. Həmin şəxslərdən biri yerdə uzanıqlı vəziyyətdə qalmış və ağzından qan axan şəxsi göstərərək avtomobillə vurulduğunu bildirmışdır. Yol-nəqliyyat hadisəsi yerinə təcili tibbi yardım çağırılmış və hadisə barədə Nizami rayon polis idarəsinin növbətçi hissəsinə məlumat verilmişdir. Hadisə yeri mühafizə edilmiş və hadisə yerinə Nizami rayon polis idarəsinin, Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşları və təcili tibbi yardım qrupu gəlmişdir. Təcili tibbi yardım həmin şəxsin artıq öldüyünü bildirib, xəstəxanaya aparmaqdan imtina etmiş və məhkəmə tibbi-ekspertinin gəlməli olduğunu bildirmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş piyadanın Zərərçəkmiş şəxs olduğu müəyyən edilmiş və yaxın qohumlarına hadisə barədə məlumat verilmişdir. Hadisə yerinə bir nəfər şəxs gələrək özünü Şahid2 kimi təqdim edib ölmüş şəxsin qardaşı olduğunu bildirmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra mərhum Zərərçəkmiş şəxs meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Nizami rayon şöbəsinə aparılmışdır. Şahid4 həmçinin ifadəsinə göstərmişdir ki, yol-nəqliyyat hadisəsi yerində olarkən bir nəfər əvvəllər tanımadığı şəxs Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünü təqdim etmiş və baş vermiş yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsinin ehtimal olunduğunu və idarə etdiyi avtomobildə 10 yaşlı uşağının hadisədən qorxaraq ağladığını bildirərək, uşağı evə aparıb düşürərək qayıtmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin markası və nömrəsi barədə ona məlumat verib getmişdir. Daha sonra, xidmətlə əlaqədar başqa çağırışa getdiyi üçün Təqsirləndirilən şəxs özü haqqında ona bildirdiyi məlumatları verməyi unutmuş və daha sonra yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin müəyyən olunduğunu eşitdiyindən artıq bu barədə məlumat verməyə lüzum görməmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında mövcud olan ziddiyyəti onunla izah etmişdir ki, cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsi müstəntiq tərəfindən yazılmış və həmin ifadəsini müstəntiqin məsləhəti ilə oxumadan tələm-tələsik imza edib getmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən, şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunmuş ifadəsində göstərmişdir: “...Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Təhkim edilmiş ərazidə ictimai asayışın qorunması, baş verəcək cinayətlərin qarşısının alınması, baş vermiş cinayətlərin açılması, cinayət əməllərini törətmiş və ya ictimai qaydaları pozmuş şəxslərin saxlanılması və digər qanunvericilikdə nəzərdə tutulmuş işləri yerinə yetirir, tapşırılmış tədbirlərdə iştirak edir. Cinayət işinin mahiyyəti üzrə bildirir ki, xx.xx.2021-ci il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində 2456 saylı patrul üzrə xidmət apararkən R.Rüstəmov küçəsi 66 saylı ünvanın yaxınlığında 5-6 nəfər şəxsin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yola yığıldıqlarını görüb xidməti avtomobili həmin yerdə saxlayaraq avtomobilidən düşüb orada nə baş verməsini soruşduqda, həmin şəxslərdən biri yerdə uzanıqlı vəziyyətdə qalmış və ağzından qan axan şəxsi göstərərək bildirmişdir ki, naməlum sürücü naməlum avtomobillə həmin şəxsi vuraraq hadisə yerindən yayınmışdır. Oraya toplaşmış şəxslərdən avtomobil və onu idarə edən sürücü barədə soruşduqda orada olan şəxslər bildirmişlər ki, həmin avtomobili və onun sürücüsünü görməmişlər. Onlar sonradan piyada şəxsin yolda uzanıqlı qalması üçün oraya yığışmışlar. Buna görə yol-nəqliyyat hadisəsi yerinə tərəflərindən təcili tibbi yardım çağırılmış və baş vermiş yol nəqliyyat hadisəsi barədə Nizami rayon polis idarəsinin növbətçi hissəsinə məlumat verilmişdir. Daha sonra yol-nəqliyyat hadisəsi yeri tərəflərindən mühavizə edilmişdir. Bundan sonra hadisə yerinə Nizami rayon polis idarəsinin və Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşları və təcili tibbi yardım qrupu gəlmişdir. Təcili tibbi yardımın həkimi həmin şəxsin artıq ölməsini bildirib, ölən şəxsi xəstəxanaya aparmaqdan imtina edib, ora məhkəmə tibbi-ekspertinin gəlməli olmasını bildirmişdir. Daha sonra yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş piyadanın şəxsiyyəti müəyyənləşdirilərək Zərərçəkmiş şəxs olması müəyyən edilmiş və onun ölməsi barədə yaxın qohumlarına məlumat verildikdə bir nəfər şəxs oraya gələrək özünü təqdim edib Şahid2 olmasını və ölmüş piyadanın qardaşı olduğunu bildirmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra ölmüş piyada Zərərçəkmiş şəxs meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Nizami rayon şöbəsinə aparılmışdır. Sonradan məlum olmuşdur ki, Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşı tərəfindən təhlükəsizlik şəhər kamerlarının marşrutu üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı axtarış aparılarkən müəyyən edilmişdir ki, “Hyundai” markalı “X13 Minik” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolda oturmuş vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs üzərindən həmin avtomobillə keçərək hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi yerində olan zaman hər hansı bir şəxs ona yaxınlaşmamışdır, öz anket məlumatlarını bildirməmişdir, yol-nəqliyyat hadisəsi törədən sürücü olmasını orada heç bir şəxs ona deməmişdir və eləcədə avtomobilində olan uşağı heç bir şəxs göstərib onu evə aparmaq üçün ondan icazə istəməmişdir. Belə ki, o, yol-nəqliyyat hadisəsi yerində olarkən sürücü hadisə yerindən yayınmışdır. Yuxarıda qeyd etdiyi kimi sonradan ona məlum olmuşdur ki, sürücü Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşı tərəfindən təhlükəsizlik şəhər kamerlarının marşrutu üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı axtarış aparılarkən hadisəni törətmiş şəxsin «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir...”. Məhkəmə istintaqı zamanı iş üzrə şahidlər - Şahid3, Şahid5, Şahid6, Şahid8 və Şahid7 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 02:55-də ƏÇPA 2456 A/P və PPXB 5968 A/P-lar, “Neftçilər” Metrostansiyasının yanı, X3rşısında naməlum a/m-nın təxminən 40-45 yaşlı naməlum piyadanı (kişi) vuraraq hadisə yerindən uzaqlaşması haqqında məlumat vermişlər (i.v.3). İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisı yerinə baxış 03:10-da (saatlarda düzəliş edilmişdir) başlanılmış və saat 03:40-da başa çatmışdır (i.v.4-7). İş materiallarında olan 28 avqust 2021-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində idarə etdiyi “X10” markalı ** VT *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki məscidin yanından üzü “Neftçilər” dairəsi istiqamətinə gedib irəlidə olan yol ayrıcından sola dönmək üçün sağ tərəfdən gələn avtomobilləri buraxmağa görə sağa baxmış və sağdan əsas yoldan heç bir avtomobilin hərərkət etmədiyini görüb və sol tərəfində yolun işlək hissəsində heç bir maneə olmadığı üçün gəldiyi sürətlə sola dönüb hərəkətini davam etdirmişdir. Sola dönüb əsas yol ilə hərəkətini davam etdirərkən idarə etdiyi avtomobilin arxa sol təkərinin yolun səki daşına dəydiyini hiss etmiş və buna əhəmiyyət verməyib hərəkətini davam etdirmişdir. Arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü onu dayandıraraq idarə etdiyi avtomobil ilə bir qədər geridə yerdə uzanmış bir nəfərin üzərindən keçdiyini ona demişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2/24639 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Tapşırıq”dan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Rəşadət Axundov tərəfindən, qara rəngli “Ford-Fusion” markalı avtomobilin sürücüsü və Zərərçəkmiş şəxs yerdə ölmüş vəziyyətdə uzanıqlı olarkən onun ətrafına toplaşmış 5-6 nəfər şəxlərin müəyyən edilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, qara rəngli “Ford-Fusion” markalı avtomobilin sürücüsünü və Zərərçəkmiş şəxs yerdə ölmüş vəziyyətdə uzanıqlı olarkən onun ətrafına toplaşmış 5-6 nəfər şəxləri və eləcə də hadisənin şahidləri olan, hadisə barədə başqa məlumatı ola biləcək şahidləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 4 ünvanın yaxınlığında törədilmiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər xidmətinin hadisə baş verdiyi yerin yaxınlığında olan 4-062 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2021-ci il tarixdə saat 02:35-dən saat 02:46-dək olan müddət ərzində videogörüntüləri yazılmış 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saatlarında bir nəfər şəxs ünvan 5 ünvanın yaxınlığında yolun sağ istiqamətində yerdə oturur, daha sonra ayağa qalxaraq yavaş addımlarla sola doğru irəlləyir və səkiyə çatmağa az qalmış müvazinətini itirərək yerə yıxılır. Daha sonra özünü toparlayıb oturaq vəziyyətdə olur və bu zaman sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil köməkçi yolla hərəkətdə olub əsas yola çıxaraq, əsas yolla geri dönmə yerindən yəni yol ayrıcından gəldiyi surətlə sola dönüb hərəkətini davam etdirərək idarə etdiyi avtomobillə yolda oturaq vəziyyətdə olan şəxsin üzərindən keçərək avtomobili saxlamadan hərəkətini davam etdirib yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşır. «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş şəxs yolda hərəkət etmədən uzanıqlı vəziyyətdə qalır. Bunu görən yol nəqliyyat hadisəsi yerinə ətrafdan keçən avtomobillərin sürücüləri və piyada şəxslər toplaşır. Daha sonra hadisə yerinə «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə bənzər avtombili idarə edən sürücü gəlir və o avtomobildən düşərək orada dayanır. Sürücü Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 8/2160 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, X10 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə təkrar yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 10 may 2022-ci il tarixli 8/913 nömrəli rəyindən görünür ki, mövcud yol şəraitində X10 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin faralarının işıqları döndüyü istiqamətdə qarşısını işıqlandırdığı məsafədə sürücü Təqsirləndirilən şəxs hərəkət hissəsində oturmuş vəziyyətdə olan piyadanı görmək imkanına malik olmuşdur. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən X10 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 120 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində döş qəfəsinin sağ və sol tərəfdə visseral plevrası və hər iki ağciyərin travmatik cırılmaları, sağ İİİ-Vİ qabırğaların və sol İ-V qabırğaların orta körpücük xəttlər üzrə, sol Vİ qabırğanın qoltuq xətt üzrə və sol V-Vİİİ qabırğaların onurğayanı xətt üzrə yerləşən yerinidəyişmiş sınıqları, təpə-ənsə nahiyəsinin iki ədəd, sol ənsə nahiyəsinin bir ədəd, çənə nahiyəsininorta səthində iki ədəd, çənəaltı nahiyyəsinin orta səthində bir ədəd və sol bazunun aşağı 1/3-nin arxa-iç səthinin əzilmişcırılmış yaraları, bazu əzələsinin vətərinin travmatik cırılması, burnun yuxarı sağ nahiyəsinin sıyrığı, döş qəfəsinin sağ yarısının ön səthinin, sol çiyin qurşağının arxa səthinin, bel nahiyəsində sol səthinin, sağ diz nahiyəsinin, sol dizaltı nahiyəsinin, sol ayaq pəncəsinin üst-iç səthinin sürtünmə xarakterli sıyrıqları, sağ qasıq nahiyəsinin sıyrığı, sağ dirsək nahiyəsinin, sol dirsək çuxuruna yaxın nahiyəsinin, sağ çiyin qurşağının qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin visseral plevrası və ağciyrələrin travmatik cırılması, ikitərəfli qabırğaların sınıqları ilə müşayiət olunan və daxili kəskin qanaxması ilə nəticələnən gövdənin küt travması olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 6-8 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9 % qatlığında etil spirti aşkar edilmişdir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, feniiakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış 02 sentyabr 2021-ci il tarixli, 016-103353-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2019-cu il tarixdə AC 740784 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixdə saat 02:37 radələrində ünvan 5 ünvanın yaxınlığında törədilmiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlilidr və onun himayəsində azyaşlı uşağı vardır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və həmin sübutların müqayisəli təhlili ilə aparılmış məhkəmə istintaqının nəticələrinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün, həmin Məcəllənin 264-cü maddəsi ilə isə düzgün tövsif edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən aşağıda qeyd olunan xüsusatları, habelə cinayətprosessual qanunvericiliyin müddəalarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquq normalarını və İnsan Hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkəmə istintaq orqanının təqdim etdiyi sübutların məhkəmədə tədqiq edilməsinin yekun nəticəsi olaraq aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə hərəkət edib, yol ayrıcından əsas yola daxil olub sola geri dönüb gəldiyi sürətlə hərəkətini yaşadığı Suraxanı rayonu istiqamətində davam etdirərkən, idarə etdiyi avtomobillə yolun hərəkət hissəsində sərxoş vəziyyətdə oturmuş piyada Zərərçəkmiş şəxs üzərindən keçərək avtomobili saxlamadan hərəkətini davam etdirməsi faktı işin mübahisəsiz tərəfi olaraq müəyyən edilmiş və cinayət işi üzrə toplanmış mövcud sübutlarla tam şəkildə təsdiq olunmuşdur. Cinayət işinin digər tərəfinə münasibətdə, yəni Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsindən dərhal sonra, zərərçəkmiş şəxsə kömək göstərməməsi, hadisə yerini tərtk etməsi, özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaması, yaxud da zərərçəkmişin aparıldığı məhkəmə tibbi ekpertizasına çatdırıldıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etməməsi kimi mülahizələrin onun yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçması kimi qiymətləndirilməsinə isə əsaslar müəyyən edilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış videogörüntü ilə müəyyən olunmuş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə hərəkət etdiyi sürətlə, yol ayrıcından əsas yola daxil olub sola geri dönüb gəldiyi sürətlə yolun hərəkət hissəsində sərxoş vəziyyətdə oturmuş piyada Zərərçəkmiş şəxs üzərindən keçib yoluna davam etmişdir. Yəni, Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi kimi əsas yoldan geri dönmə yerində, yəni yol ayrıcından sola dönüb hərəkətini davam etdirərək yolun hərəkət hissəsində sərxoş vəziyyətdə oturmuş piyada Zərərçəkmiş şəxs görməli olduğu halda görməmiş, sonuncunun üzərindən keçdiyini bilməmiş və avtomobilin arxa təkərinin yolun kənarında olan bardüra dəydiyini zənn etdiyi üçün hərəkətini davam etdirmişdir. Bu da işin faktiki hallarına uyğun olaraq “Yol hərəkəti haqqında qanun”un müvafiq maddəsinin pozuntusu kimi düzgün olaraq qiymətləndirilmişdir. Həmçinin, videogörüntü ilə «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisəni törətdikdən bir neçə dəqiqə sonra hadisə yerinə qayıtdığı müşahidə edilmişdir ki, bu da Təqsirləndirilən şəxs hadisəni qabaqcadan görmədən və bilmədən törətməsi haqqında qənaətə gəlməyə və bu barədə onun ifadəsində göstərdiyi xüsusatların səmimiliyinə daxili inamın yaranmasına ciddi əsas verir. Eyni zamanda, Təqsirləndirilən şəxs hadisə yerinə qayıtdıqdan sonra, zərərçəkmiş şəxsə kömək etmək iqtidarında olması, lakin hadisə yerinə toplaşmış insanların artıq zərərçəkmiş şəxsin öldüyünü bildirmələrinə baxmayaraq onun zərərçəkmiş şəxsin nəbzini, ürək döyüntüsünü və bununla sağ olub-olmamasını yoxlaması, hadisə yerinə toplaşmış insanların artıq təcili tibbi yardıma və polisə hadisə barədə məlumat verdiklərini bildirmələri səbəbindən, hərəkətsiz davranış nümayiş etdirməsi onun zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərməkdən, təcili tibbi yardım çağırmaqdan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli xəsarətlər aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmaqdan yayınması kimi qiymətləndirilə bilməz. Zəruri olmasına baxmayaraq, istintaq orqanı tərəfindən 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində baş vermiş yol-nəqliyyat hadisəsini bilavasitə görmüş və hadisə barədə Təqsirləndirilən şəxs məlumat vermiş qara rəngli “Ford-Fusion” markalı avtomobilin sürücüsünün və Zərərçəkmiş şəxs yerdə ölmüş vəziyyətdə uzanıqlı olarkən onun ətrafına toplaşmış 5-6 nəfər şəxsin və eləcə də hadisəni görmüş digər şahidlərinin müəyyən olunaraq iş üzrə dindirilmələri təmin olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs ifadələrində baş vermiş hadisə ilə əlaqədar “özünü itirdiyini” və həmin an nə edəcəyini bilmədiyini qeyd etdiyi halda, Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi ilə əlaqədar psixoloji durumunun müəyyən edilməsi məqsədilə onun barəsində istintaq orqanı tərəfindən müvafiq ekpertiza keçirilməmişdir. Habelə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra xx.xx.2021-ci il tarixdə saat 04:40-da şahid qismində verdiyi ifadəsində və digər ifadələrində ardıcıl olaraq hadisə yerində tanımadığı polis əməkdaşına yaxınlaşaraq, yol-nəqliyyat hadisəsi törətməsinin ehtimal olunduğunu bildirdiyini, habelə anket məlumatları və idarə etdiyi avtomobilin markası, dövlət qeydiyyat nömrə nişanı barədə məlumat verdiyini və avtomobildə olan azyaşlı oğlunun hadisədən qorxaraq ağladığı üçün evə aparıb düşürüb qayıdacağını bildirdiyini göstərmişdir ki, həmin xüsusatlar da məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş sabiq polis əməkdaşı Şahid4 ifadəsi ilə təsdiq olunmuşdur. Məhkəmə, iş üzə Şahid4 ibidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə, məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi arasında mövcud ziddiyyəti, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinin tələblərinə və işin müəyyən olunmuş faktiki hallarına uyğun qiymətləndirərək, məhkəmədə daha sərbəst ifadə verdiyini nəzərə alaraq, onun bu ifadəsinin iş materiallarına və işin faktiki hallarına uyğun olduğu üçün səmimi və həqiqəti əks etdirən ifadə kimi qiymətləndirərək qəbul edir. Belə ki, istintaq orqanı tərəfindən iş üzrə şahid qismində dindirilmiş və hadisə yerinə ilk olaraq gəlmiş polis əməkdaşları - Şahid5, Şahid6 və Şahid4 ifadələrinin müaqayisəli təhlili nəticəsində, həmin ifadələrin şablon cümlələrlə eyni məzmunda yazıldığı müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında qeyd olunur ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Qərarda həmçinin qeyd olunur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qərarda habelə vurğulanır ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Məhkəmə araşdırması zamanı işdə olan və biri-digərinə kifayət qədər uyğun gələn tədqiq edilmiş mötəbər sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində törətmiş olduğu yol-nəqliyyat hadisəsini bilavasitə görmüş qara rəngli “Ford-Fusion” markalı avtomobilin sürücüsü tərəfindən məlumat verildikdən dərhal sonra hadisə yerinə qayıtması və zərərçəkmiş şəxsin ölümünün yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verməsi səbəbindən onun zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədiyi müəyyən edilmişdir. Bundan başqa, Yol hərəkəti haqqında Qanunda istifadə olunan anlayışlara görə piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı aparan şəxslər də piyadaya bərabər tutulur). Piyada keçidi - yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur. Səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər). Nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür). Həmin Qanunun 6-cı maddəsinin İ bəndinə əsasən, Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İİ bəndə əsasən, Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. Həmin Qanunun 40-cı maddəsinin İ bəndinə əsasən, Piyada: 1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqlarda gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər); 2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir; 3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqlarda hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər); 4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır); 5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır; 6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır; 7) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar); 8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir; 9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir; 10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. İİ bəndə əsasən, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. İİİ bəndə əsasən, keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Göründüyü kimi, “Yol hərəkəti haqqında Qanun”da həm nəqliyyat vasitələrinin sürücüləri, həm də piyadalar üçün yol hərəkəti qaydalarına əməl olunması üçün müvafiq qaydalar müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində ünvan 6 ünvanın yaxınlığında yol ayrıcından əsas yoldan geri dönmə yerində baş vermiş yolnəqliyyat hadisəsinin sürücü tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərinin pozması nəticəsində baş verməsini birtərəfli qaydada Təqsirləndirilən şəxs üzərinə qoyulması cinayət və cinayət-prosessual qanunverciliyinin, habelə «Yol hərəkəti haqqında» qanunun müddəaları, həmçinin ədalət və humanizm prinsipləri baxımından düzgün hesab edilə bilməz. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, piyada, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməli, dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməli, hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalı, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalı, sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. Göründüyü kimi, qeyd olunan qaydalara piyadalar tərəfindən əməl olunması qanunla tənzimlənir. İşin müəyyən olunmuş fakti hallarından görünür ki, zərərçəkmiş piyada Zərərçəkmiş şəxs sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissəsində sərxoş vəziyyətdə yolun əsas hərəkət zolağında oturmaqla nəqliyyat vasitələrinin sürücülərinə və eləcə də öz həyatına ciddi təhlükə yaratmaqla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun piyadalar üçün nəzərdə tutulmuş müddəalarının tələblərini kobud şəkildə pozmuş və bununla yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaranmışdır. Məhkəmə, nəticə etibarı ilə zərərçəkmiş şəxsin davranışı ilə baş vermiş cinayət hadisəsi arasında səbəbli əlaqənin olduğunu nəzərə alaraq, sözügedən yol-nəqliyyat hadisəsinin zərərçəkmiş şəxsin qanun pozuntusu ilə müşayiət olunan hərəkətləri nəticəsində baş verməsinin iş üzrə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında qeyd olunur ki, CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Azərbaycan Respublikası CM-nin 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekpertizası haqqında 24 sentyabr 2021-ci il tarixli 8/160 nömrəli və 10 may 2022-ci il tarixli 8/913 nömrəli ekspert rəylərini, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək, həmin rəyləri yalnız X10 markalı ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002-ci il tarixli Qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd edilmişdir ki, qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd edilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarının izahlarına uyğun olaraq məhkəmə istintaqı zamanı müəyyən olunmuş işin faktiki hallarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 02:37 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Hyundaı» markalı “X12” modelli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə hərəkət edib yol ayrıcından əsas yola daxil olub sola geri dönüb hərəkətini ünvan 2 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin yəni, sürücü hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştrakçıları üçün maneə yaratmamalı olması barədə tələblərini pozub avtomobili diqqətsiz idarə etdiyindən yolda oturaq vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurub üzərindən keçərək, sonuncuya ehtiyyatsızlıqdan döş qəfəsinin sağ və sol tərəfdə visseral plevrası və hər iki ağciyərin travmatik cırılmaları, sağ lll-Vİ qabırğaların və sol l-V qabırğaların orta körpücük xəttlər üzrə, sol Vİ qabırğanın qoltuq xətt üzrə və sol V-Vİİİ qabırğaların onurğayanı xətt üzrə yerləşən yerinidəyişmiş sınıqları, təpə-ənsə nahiyəsinin iki ədəd, sol ənsə nahiyəsinin bir ədəd, çənə nahiyəsinin orta səthində iki ədəd, çənəaltı nahiyyəsinin orta səthində bir ədəd və sol bazunun aşağı 1/3-nin arxa-iç səthinin əzilmiş-cırılmış yaraları, bazu əzələsinin vətərinin travmatik cırılması, burnun yuxarı sağ nahiyəsinin sıyrığı, döş qəfəsinin sağ yarısının ön səthinin, sol çiyin qurşağının arxa səthinin, bel nahiyəsində sol səthinin, sağ diz nahiyəsinin, sol dizaltı nahiyəsinin, sol ayaq pəncəsinin üst-iç səthinin sürtünmə xarakterli sıyrıqları, sağ qasıq nahiyəsinin sıyrığı, sağ dirsək nahiyəsinin, sol dirsək çuxuruna yaxın nahiyəsinin, sağçiyin qurşağının qançırları xəsarətləri yetirməsi və bu xəsarətlərdən döş qəfəsinin visseral plevrası və ağciyrələrin travmatik cırılması, iki tərəfli qabırğaların sınıqları ilə müşayiət olunan və daxili kəskin qanaxması ilə nəticələnən gövdənin küt travmasının sonuncunun ölümünə səbəb olması müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələblərinə riayət etməklə gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam yə obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarının izahlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittiham isə ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cinayəti zərərçəkmiş şəxsin qanun pozuntusu ilə müşayiət olunan hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, ailəsinin Füzuli rayonundan məcburi köçkün düşməsini, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icra edilənədək dəyişdirilmədən saxlanılmaldır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 185 (yüz səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – 01 DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 185 (yüz səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-110/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-110/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver