Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-110/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1971 -ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,566 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 02 noyabr 2023-cü il tarixdə saat 10:15 radələrində ünvan 3 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 0,566 qram çəkidə ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə istifadə edir. 02 noyabr 2023-cü il tarixdə saat 10:15 radələrində ünvan 7 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq istifadəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Nizami RPİ-in 23-cü polis bölməsində olan zaman xidməti otaqların birində müdafiəçi ilə təmin olunaraq videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağı ona elan olunmuşdur. Polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişlə üzərinə baxış keçirilən zaman təhqiqatçı üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqda əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümdə olan “patı” kimi tanıdığı narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitəni 01 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2lə ünvan 7 ünvanının qarşısından keçən zaman orada olan təxminən 50-55 yaşlarında, uca boylu, arıq bədən quruluşlu, zahiri əlamətlərinə görə narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxsin narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan şübhələnib üzərində narkotik vasitə və ya psixotrop maddə olmasını ehtimal edərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsi Nizami RPİ-in 23-cü PB-ə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən Nizami RPİ-in 23-cü Polis bölməsinə gəlmişdir. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və bu barədə Polis bölməsinin rəhbərliyinə raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 6 saylı vəkil birosunun üzvü vəkil Müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında təhqiqatçının xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya, predmet varsa könüllü surətdə təqdim etmək təklif edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellafon bükümü çıxararaq təqdim etmiş və həmin bükümdə olan kütlənin “patı” və “şüşə” kimi tanınan maddə olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilmiş, baxış zamanı bükümdəki kütlənin psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1la eyni məzmunda ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02 noyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5865 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 0,566 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 14 noyabr 2023-cü il tarixli 7399 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR-sı CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib, 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan RM-nin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. xx.xx.2022-ci ildə isə cəza müddətinin sona çatması ilə cəzadan azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 10:15-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,516 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-110/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-110/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver