Məhkəmə qərarları › İş №1(007)-111/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-111/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-111/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 21A-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, ev 6-da yaşamış, xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 0.911 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib daşıyaraq üstündə saxlamış və həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 18 ünvanının yaxınlığında Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 127 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək, orada üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki göy rəngli gödəkcəsinin sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 0.911 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək tərtib edilmiş protokolla götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən aprel-may aylarından heroin kimi bildiyi narkoitk vasitə qəbul etməyə başlamışdır. Narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixdə narkoitk vasitə qəbul etmək istəmiş, bununla əlaqədar həmin gün təxminən saat 11:30 radələrində evdən çıxaraq Ramana qəsəbəsində narkotik vasitə axtarmağa başlamışdır. Saat 12 radələrində qəsəbənin kənarında soraqlaşaraq təsadüfən görüşdüyü tanımadığı şəxsdən 20 manata narkotik vasitə olan heroin almışdır. Həmin şəxs ondan 20 manatı götürdükdən sonra şəffaf sellofanda bir büküm narkotik vasitə olan heroini ona vermişdir. O, həmin şəxsdən adını soruşduqda deməmiş və bildirmişdir ki, hamı onu “Ded” ləqəbi ilə çağırır. Həmin narkoitk vasitəni götürüb əynindəki göy rəngli gödəkcəsinin sol yan cibinə qoymuş, qərara gəlmişdir ki, münasib vaxt onu istifadə edər. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, 18 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını, onun barəsində şübhənin olduğu bildirərək onlarla birlikdə Nizami rayon Polis İdarəsinə getməyini təklif etmişlər. O, etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə getmişdir. Orada şəxsiyyəti yoxlanılmış, bildirilmişdir ki, barəsində narkotik vasitənin qanunsuz əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhələr vardır. Bundan sonra xidməti otaqların birində onun ərizəsi əsasında polis əməkdaşlarının iştirakı ilə videoçəkliş aparılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra ona təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa onları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra o, əynindəki göy rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofandakı bükümü təqdim edərək həmin bükümün içindəki kütlənin heroin olduğunu, onu xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Ramana qəsəbəsində əvvəl tanımadığı, özünü “Ded” ləqəbi ilə təqdim etmiş şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, bir daha belə cinayət əməli törətməyəcəkdir. Himayəsində 2010 və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır, özü uzun illər Konvoy taborunda xidmət etmişdir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə xidmət etdiyi bölməyə Aytin adlı şəxsin Bakı şəhəri Nizami rayonu ərazisində mütəmadi olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək əməliyyat tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumatın yoxlanılması zamanı qeyd edilən Aytin adlı şəxsin şəxsiyyəti ilə bağlı məlumatlar əldə edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən xx xxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində tərəflərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanın yaxınlığında saxlanılmış, onun barəsində şübhənin olduğu bildirilmiş və Nizami RPİ-nə dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən İdarənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan hər hansı qanunsuz narkotik vasitə, maddə, sənəd və ya əşya varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü təqdim edərək onun içində narkotik vasitə heroin olduğunu, heroini şəxsi istifadəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Ramana qəsəbəsində özünü “Ded” ləqəbi ilə təqdim etmiş tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin narkotik vasitə qablaşdırılmış, möhürlənərək götürülmüş, tədbirin nəticəsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan əldə etdiyi və sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.911 qram olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Şəxsi axtarış və götürmə haqqında xx xxxxxxx 2020-ci il tarixli və DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, daxil olmuş məlumat əsasında xx xxxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkcənin sol yan cibindən şəffaf sellofandakı bükümü təqdim edərək həmin bükümün içindəki kütlənin heroin olduğunu, həmin narkotik vasitəni xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Ramana qəsəbəsində əvvəl tanımadığı, özünü “Ded” ləqəbi ilə təqdim etmiş şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bükümün içindəki kütlənin açıq qəhvəyi rəngli, spesifik iyə malik olması müəyyən edilmiş, qablaşdırılaraq götürülmüşdür. (i.v. 13-14, 79) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2047 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 62” dairəvi möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.911 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0.911 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.861 qram. (i.v. 42-43) - xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, 0.911 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 0.861 qram narkotik vasitə heroin RPİ-nin MSSK-na təhvil verilmişdir. (i.v. 124) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının xx xxxxxx 2021-ci il tarixli 105 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 125-126) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinə görə material ayrılmışdır. (i.v. 133-139) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 27) -Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 69-71) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 81-82) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin xx xxxxxx 2020-ci il tarixli məktubundan və həmin tarixli protokoldan görünür ki, barəsində axtarış və tutulması elan edilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə könüllü gələrək özünü təqdim etmiş və RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 104-105) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay 27 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 115-121) -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumata görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2010-cu il təvəllüdlü Leyla, xx xxxxxx 2014-cü il təvəllüdlü Akif adlı uşaqları vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin bir gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanın çıxılmaqla, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.861 qram olan narkotik vasitə heroin məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.911 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar