Məhkəmə qərarları › İş №1(007)-112/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-112/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-112/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – Nümayəndə Əşrəf oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “xxxxxxxxxxx” MMC-də satış üzrə menecer vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan və ünvan 2 2, mənzil 18 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixli, 00000037-2016 nömrəli əmri ilə sürücü ekspeditor vəzifəsinə qəbul edilib işləyərkən MMC ilə onun arasında bağlanmış həmin tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək işlədiyi müddətdə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından verdiyi sifariş əsasında qaimələrlə 253.361 manat 49 qəpik dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 7.648 manat 11 qəpik dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 223.973 manat 13 qəpik məbləğində satış pulunu MMC-nin ünvan 3 ünvanında yerləşən xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 9.143 manat 73 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 2.513 manat 07 qəpik dəyərində məhsulu reklam üçün sərf etmiş, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktlarına əsasən 1.678 manat 49 qəpik, 4.246 manat 08 qəpik və 10.137 manat 50 qəpik, cəmi 16.062 manat 07 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücüekspeditoru X1 təhvil vermiş, MMC-yə məxsus özgənin əmlakı olan 9.317 manat 60 qəpik pul vəsaitini mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin xx xxxxx 2016-cı il tarixli əmri ilə sürücüekspeditor vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək və tam fərdi maddiməsuliyyət haqqında müqavilələr bağlanmışdır. Sürücü-ekspeditor kimi vəzifəsi MMC-nin anbarından qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını özü tapdığı və ona MMC tərəfindən təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil vermək və məhsullar ticarət obyektlərində satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəməkdən ibarət olmuşdur. Pulu götürüb kassaya verməməyi ilə razı deyildir. O, 130 mağazadan 50-60 mağaza ilə işləmiş, yerdə qalan mağazaları tanımamışdır. Mövcud olmayan mağazalara guya mal verdiyi üçün və bonus sisteminə görə borc yaranmışdır. Həmin mağazalar virtual mağazalardır. Şirkətin əməkdaşları malın götürüldüyünü, lakin mağazanın mövcud olmadığını bilmişlər. Həmçinin bonus sisteminə əsasən ödəniləcək faizin mal şəklində veriləcəyi bildirilmişdir. Yaranmış borc pul şəklində deyil, mal şəklində yaranmışdır. Yaranmış borc qəbzlərə əsasən yox, əlyazma yazılan sənədlərə əsasən yaranmışdır. Yaranmış 9300 manat borcdan 1800 manatı şirkətə ödəmişdir. 7500 manat borca görə isə hər ay 500 manat ödəmək şərti ilə notarial qaydada müqavilə bağlanmışdır. Borcdan Səxavətə 2800 manat, Nurlana isə 500 manat vermişdir. Səxavət onun verdiyi pulu kassaya ödəməyib öz şəxsi ehtiyaclarına xərclədiyinə görə şirkət onun ödəniş etmədiyini zənn etmişdir. Barəsində cinayət işi başlanılana qədər o, ödəniş etmişdir. Onun halhazırda Zərərçəkmiş şəxs MMC-yə 4200 manat borcu qalmışdır. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 4 saylı ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixli, 00000037-2016 nömrəli əmri ilə cəmiyyətin sürücü-ekspeditoru vəzifəsinə qəbul edilib işləyərkən, cəmiyyətlə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Zərərçəkmiş şəxs MMCnin anbarından verdiyi sifariş əsasında qaimələrlə 253.361 manat 49 qəpik dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 7.648 manat 11 qəpik dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 223.973 manat 13 qəpik məbləğində satış pulunu MMC-nin ünvan 3 ünvanında yerləşən xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 9.143 manat 73 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 2.513 manat 07 qəpik dəyərində məhsulu reklam üçün sərf etmiş, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktlarına əsasən 1.678 manat 49 qəpik, 4.246 manat 08 qəpik və 10.137 manat 50 qəpik, cəmi 16.062 manat 07 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMCnin sürücü-ekspeditoru X1 təhvil vermiş, ona etibar edilmiş cəmiyyətə məxsus olan 9317 manat 60 qəpik pul vəsaitini isə mənimsəmişdir. Təqsirləndirilən şəxs tərəfindən 9317,6 manat dəymiş ziyandan 3117,6 manat ödənilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmış, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin baş mühasibi Şahid2 ifadəsində göstərmişdir ki, MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsullarının satışı ilə məşğul olmaqdan ibarətdir. Məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər olan sürücü-ekspeditorlar vasitəsi ilə çatdırılmışdır. Təqsirləndirilən şəxs MMC-nin xx.xx.2016-cı il tarixli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş, MMC ilə onun arasında həmin tarixdə əmək və tam fərdi maddi-məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs sürücü-ekspeditor kimi vəzifəsi özünün sifarişi əsasında MMC-dən qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını ona təhkim edilmiş və ya özünün tapdığı ticarət obyektlərinə təhvil vermək və satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəməkdən ibarət olmuşdur. 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs qəbul etdiyi məhsulların satışından əldə etdiyi pulu MMC-nin xəzinəsinə tam ödəməməsi barədə MMC-nin aidiyyəti işçiləri tərəfindən rəhbərliyə məlumat verilmiş, Təqsirləndirilən şəxs xx xxx 2017-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2014-cü il tarixli, 080818 nömrəli lisenziyası üzrə fəaliyyət göstərən “X5” MMC-nin auditoru X7 tərəfindən Zərərçəkmiş şəxs MMC-nin debitor borclarının audit yoxlaması keçirilmiş, audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 9.317 manat 60 qəpik məbləğində satış pulundan çatışmazlıq aşkar edilmiş, bu barədə xx.xx.2018-ci il tarixdə audit aktı, xx.xx.2018-ci il tarixdə isə audit hesabatı tərtib edilmişdir. Aparılmış audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sürücü-ekspeditor vəzifəsində işlədiyi müddətdə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində verdiyi sifariş əsasında Zərərçəkmiş şəxs MMC-nin anbarından qaimələrlə 253.361 manat 49 qəpik dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 7.648 manat 11 qəpik dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 223.973 manat 13 qəpik məbləğində satış pulunu MMC-nin xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 9.143 manat 73 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 2.513 manat 07 qəpik dəyərində məhsulu reklam üçün sərf etmiş, ticarət obyektlərində öhdəsində olan 16.062 manat 07 qəpik dəyərində məhsulları MMC-nin sürücü-ekspeditoru X1 təhvil vermiş və nəticədə öhdəsində satış pulundan 9.317 manat 60 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. Sürücü-ekspeditorlar mobil telefonun “xxxxxxxx” proqramı ilə elektron qaydada MMC-yə sifariş verdikdən sonra onların adlarına qaimələr tərtib edilmiş, sifarişləri əsasında həmin məhsullar anbardan MMC-nin sürücüləri və ya günəmuzd qaydada dəvət edilmiş sürücülər vasitəsilə sürücü-ekspeditorlara çatdırılmışdır. Təqsirləndirilən şəxs da işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında günəmuzd işə dəvət edilmiş sürücülər tərəfindən anbardan məhsullar qəbul edilmiş və bu barədə tərtib edilmiş qaimələrə həmin sürücülər imza edib məhsulları Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs isə həmin məhsulları ona təhkim edilmiş ticarət obyektlərinə təhvil vermiş, məhsullar satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmiş, bəzən isə məhsulları anbardan birbaşa özü qəbul etmiş, lakin satış pulunu tam ödəmədiyinə görə öhdəsində 9.317 manat 60 qəpik məbləğində çatışmazlıq yaranmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin anbardarı Şahid3 Maur oğlu Zərərçəkmiş şəxs MMC-nin baş mühasibi Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2018-ci ilin aprel ayınadək Zərərçəkmiş şəxs MMC-də bölgə müdiri vəzifəsində işləmiş, bölgə müdiri kimi vəzifəsi ona təhkim olunan ərazi üzrə xidmət edən sürücü-ekspeditorların işlərinə nəzarət etməkdən ibarət olmuşdur. O, Təqsirləndirilən şəxs MMC-nin xəzinəsinə satış pulunu tam ödəmədiyini aşkar etmiş və bu barədə MMC-nin rəhbərliyinə məlumat vermişdir. Təqsirləndirilən şəxs 2017-ci ilin may ayında tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra onun təqdimatı əsasında Təqsirləndirilən şəxs təhkim olunmuş ticarət obyektlərinə sürücü-ekspeditor vəzifəsinə Cavanşir Allahverdiyev təyin edilmişdir. Təhvil-təslim zamanı ticarət obyektlərində Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 9.317 manat 60 qəpik çatışmazlığın olmasını aşkar etmiş, bu barədə Təqsirləndirilən şəxs və MMC-nin rəhbərliyinə məlumat vermiş və keçirilmiş audit yoxlaması zamanı da çatışmazlığın məbləği tam təsdiq edilmişdir. Bir müddətdən sonra MMC-nin rəhbərliyi ona Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb öhdəsində yaranmış çatışmazlığı ödəməsini deməyi tapşırmışdır. O, əlaqə saxladıqda Təqsirləndirilən şəxs öhdəsində həmin məbləğdə çatışmazlığın olmasını etiraf etmiş, ayda 500 manat məbləğində ödənişlər edəcəyinə söz vermiş, lakin dəfələrlə Təqsirləndirilən şəxs ödəniş etməsini desə də Təqsirləndirilən şəxs maddi sıxıntılarının olduğunu, imkanı olduqda ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona verdiyi pulu MMC-nin xəzinəsinə ödəmişdir. İş üzrə şahid Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaq zamanı Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli aktdan və xx.xx.2018-ci il tarixli sərbəst auditor hesabatından görünür ki, maddi-məsul şəxs olmaqla MMC-nin sürücü-ekspeditoru vəzifəsində işləyərkən, pərakəndə ticarət müəssisələrinə və hər hansı digər alıcı sayılan fiziki, yaxud hüquqi şəxslərə təhvil verdiyi tez satılan ərzaq mallarının dəyərinin müəssisənin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində Təqsirləndirilən şəxs öhdəsində 9317,60 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. - Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 00000037-2016 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən cəmiyyətə əmək müqaviləsi ilə sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. - Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 00000088-2017 saylı əmrdən görünür ki, cəmiyyətin sürücü-ekspeditoru Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən öz xahişinə əsasən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinin tələblərinə uyğun olaraq işdən azad edilmişdir. - Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan bütün mövcud malları və məhsulları qəbul etdikdən sonra onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı, işdən çıxdığı təqdirdə anbardan qəbul etdiyi malın və məhsulların dəyərlərini ödəməyi, çatışmayan hissəsi olduqda isə müəyyən olunmuş qaydada mal şəklində (natural) anbara qaytarmağı və s. öz üzərinə öhdəlik götürmüşdür. - zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş kimi, Nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 31837 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, ********* nömrəli cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına olan xx.xx.2016-cı il tarixli, 000/2016 nömrəli əmək müqaviləsinin “8.3” bəndində “İşçi” qrafasındakı imza, müqavilənin “11.2 İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı” bəndində “İmzası” qrafasındakı imza (cild 3 i.v 13-17), xx.xx.2016-cı il tarixli tam maddi məsuliyyət haqqında əlavə müqavilədə “İşçi” qrafasında “Təqsirləndirilən şəxs o” yazıları qarşısındakı imza (cild 3 i.v 18), tam fərdi maddi məsuliyyət haqqında əlavə müqavilədə” “İmzalar Satış təmsilçisi (ekspeditor):”qrafasındakı imza (cild 3 i.v 19), borc aktlarında “Satış nümayəndəsi” qrafalarındakı imzalar (cild 3 i.v 53-60), təhvil-təslim aktında “Təhvil verdi:” qrafasında “R.Ömər” yazıları qarşısındakı imza (cild 3, i.v 61-63), təhvil-təslim aktında “Təhvil verdi:” qrafasında “R.Ömər” yazısı qarşısındakı imza (cild 3, i.v 64), təhvil-təslim aktında “Təhvil verdi:” qrafasında “R.Ömər” yazısı qarşısındakı imza (cild 3, i.v 65-69) - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 16928 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yəni iş materiallarında olan qaimə fakturalara, kassa mədaxil orderlərinə, mal-materialların təhvil təslim aktlarına, borc aktlarına, tutuşdurulma aktlarına eləcə də xx xxxxxx 2018-ci il tarixli auditor rəyinin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda sürücü-ekspeditor Təqsirləndirilən şəxs hesabında 9317,60 manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs MMC-də sürücü-ekspeditor vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində olan çatışmayan 9317,6 manat məbləğində çatışmamazlıqdan 3117,6 manat ödəmiş və hal-hazırda öhdəsində çatışmamazlığın məbləği 6200 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2018-ci il təvəllüdlü Rəsulov Mikayıl Ömər oğlu adlı bir azyaşlı uşağı vardır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus 9317,60 manat məbləğində əmlakı mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanı qismən ödəməsini, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 360 (üç yüz altmış) manat ekspertiza xərcinin yarısının digər təqsirləndirilən şəxs X2 tutulmalı olması nəzərə alınaraq (1(007)-233/20 nömrəli cinayət işi) 180 (bir yüz səksən) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə dəymiş 9317,6 manat ziyandan 3117,6 manat ödənildiyindən mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 6200 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 6230 manat tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs 6200 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 6230 manat tutularaq zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 360 (üç yüz altmış) manat ekspertiza xərcinin 180 (bir yüz səksən) manatı Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar