Məhkəmə qərarları › İş №1(007)-112/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-112/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-112/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1966-cı ildə Cəbrayıl rayonu, Çərəkən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Çərəkən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75A ünvanında yerləşən 2 saylı uşaq baxçasında məskunlaşmış, barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən 2 saylı uşaq baxçasının həyətində qonşusu Zərərçəkmiş şəxs yaşadıqları evin dam örtüyündə quraşdırılmış, ona məxsus otağa çəkilmiş televizor kabelinin kəsilməsi ilə bağlı ustaya verdiyi tapşırığa öz iradını bildirən zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər söyləməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı, yerdən götürdüyü taxta parçası ilə qəsdən sonuncunun baş və əl nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sağ əlin V barmağın distal falanqa sümüyü proyeksiyasının şişkinlik halında əzilmə və qançırı ilə müşayiət olunan müvafiq falanqa sümüyünün bayır kənarının oynaqdaxili yerdəyişən sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alnın ön səthinin cərrahi müdaxiləyə ehtiyacı olan əzilmiş yarasından ibarət xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən iyirmi beş ildir ki, tanıyır, Bakı şəhəri Nizami rayonu 2 saylı uşaq bağçası binasında qonşuluqda yaşayırlar. Təxminən son 5-6 ildə Firuzənin hərəkətlərini idarə edə bilməməsi, qonşuluq və birgə yaşayış qaydalarına əməl etməməsi səbəbindən aralarında mübahisələr olmuş, lakin polis və digər orqanlara müraciətləri olmamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Firuzə ilə aralarında münaqişə olmuşdur. Münaqişəyə səbəb Firuzənin tanımadığı antena ustasını gətirərək məskunlaşdıqları binanın damına çıxarması və onun yaşadığı otağa çəkilmiş antena kabelini kəsdirmək istəməsi olmuşdur. Firuzə damda olan ustaya onun yaşadığı otağa çəkilmiş televizor kabelini kəsməsini bildirdikdə, kabelin bağlı olduğu və antenanın onun özünə məxsus olmasını, Firuzə isə əksinə həmin antenanın ona məxsus olmasını dedikdə, ustadan damdan dərhal aşağı düşməsini tələb etmiş və usta işi dayandırmışdır. Firuzə onun vəfat etmiş atasının və onun ünvanına nalayiq ifadələr söylədiyi üçün, əsəbiləşərək Firuzəyə hərəkətlərinə son qoymasını xəbərdarlıq etməsinə baxmayaraq, Firuzə yenə də öz söyüşlərini davam etdirdiyi üçün əsəblərinə hakim ola bilməyib, Firuzəni xəbərdar etmək üçün yerdən bir ədəd daş götürüb ona istiqamətinə asta şəkildə atmışdır ki, Firuzə uzaqlaşıb getsin. Buna baxmayaraq Firuzə söyüşləri davam etdirdiyi üçün, yerdən bir ədəd taxta parçasını götürüb onun üzərinə hərəkət etməklə asta şəkildə Firuzənin alın nahiyəsinə vurmuş, Firuzənin alın nahiyəsindən xəsarət almasını görmüş, hadisə səslərinə anası Xavər, arvadı Sahilə gələrək Firuzəni tutub saxlamaqla yaşadığı otağa aparmışlar. Hadisə Bakı şəhəri, Nizami rayonunda fəaliyyəti dayandırılmış, 2 saylı uşaq bağçası binasının, Firuzə yaşayan otağın qarşısında baş vermiş, həmin yerdə başa çatmış, hadisə 1-2 dəqiqə davam etmiş, kənar şəxslər hadisənin şahidi olmamış və hadisəyə toplaşmamışlar, hadisənin baş verməsinə başqa səbəb olmamış, hadisə zamanı Firuzə onu vurmamış, ona heç bir xəsarət yetirməmiş, qonşuluqda yaşadıqları müddət aralarında mübahisələr olsa da, qarşılıqlı olaraq polis orqanlarına müraciətləri olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, təxminən 25 ildir ki, o, Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsi 2 saylı fəaliyyəti dayandırılmış, uşaq baxçası binasında yaşayır, Təqsirləndirilən şəxs da, ailə üzvləri ilə həmin binanın digər otağında yaşayırlar. Əvvəllər Sakit və onun ailə üzvləri ilə normal münasibətdə olmuşlar, son 6 ildir ki, qonşuluq münasibətləri kəskin şəkildə pozulmuş, buna səbəb Sakitin davranışına nəzarət etməməsi və birgə yaşayış qaydalarına əməl etməməsi onun və ailə üzvlərinin səbəbsiz onunla mübahisə etməsi olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində yaşadığı mənzilə çəkilmiş televizor antenasını düzəltmək üçün “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında el arasında “Qul bazarı” adlanan yerdən əvvəllər tanımadığı və adını bilmədiyi ustanı yaşadığı ünvana dəvət etmişdir. Usta dama çıxıb antenanı təmir edərkən yaşadığı otağın üzərindən 2-ci antenanın olduğunu və antenadan gələn kabelin qonşu otağa aid olduğunu bildirdikdə, ustaya həmin antenanın illər əvvəl onun tərəfindən dama qoyulmasını, sonradan istifadəsiz qalmasını, kabelin həmin antenaya kimin tərəfindən qoşulmasını bilmədiyini bildirməklə, antenanı sökməsini xahiş etdikdə usta xəttin başqa otaqa getməsini göstərərək antenanı sökməkdən imtina etmişdir. Bir qədər sonra həmin yerə gəlmiş Sakit, ustaya antenaya əl vurmamasını və dərhal aşağı düşməsini dedikdə, Sakitin bu sözündən əsəbləşərək Sakitlə mübahisə etmiş, Sakit onun üzərinə hərəkət edərək yerdən daş götürərək onun istiqamətinə atdıqda, atılmış daşdan yayınmış, Sakit daha sonra yerdən bir ədəd taxta parçasını götürərək ona yaxınlaşmış, başından vuran zaman zərbənin qarşısını almasına baxmayaraq, onun taxta parçası ilə endirdiyi zərbəsi sağ əlinə və alın nahiyəsinə dəyərək sağ əlindən və alın nahiyəsindən xəsarət almış və sağ əlində kəskin ağrı hiss etmişdir. Hadisə yerinə gəlmiş, Sakitin anası Xavər və arvadı Sahilə alın nahiyyəsindən xəsarət almasının şahidi olmuşlar. Aldığı xəsarətlərlə bağlı yaxınlıqda yerləşən özəl xəstəxanaya müraciət etmək üçün bir neçə addım atdıqda Sahilə və Xavər polisə şikayət etməsini zənn edib, Sakitlə birlikdə mane olaraq onu yaşadığı otağa apararaq giriş qapısını örtmüşlər. Alın nahiyəsindən və sağ əl nahiyəsindən aldığı xəsarətlərdən ağrı hiss etdiyindən və tibbi yardıma ehtiyacı olduğundan, qızı Vəfa ilə telefon əlaqəsi yaradaraq hadisə barədə ona məlumat verdikdən təxminən 15 dəqiqə sonra Vəfa onun yaşadığı ünvana gələrək, yardım edilməsi üçün onu yaxınlıqda yerləşən xəstəxanaya aparmış, tibbi yardım göstərilən ərəfədə Vəfa DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sakitlə aralarında olan münaqişə təxminən 5 dəqiqə davam etmiş, münaqişə yerində kənar şəxslər olmamış və hadisə baş verən müddətə artıq usta həmin yeri tərk etmişdir, Sakitin anası Xavər və arvadı Sahilə sonradan hadisə yerinə gəlmişlər və alın nahiyəsində xəsarətin olmasının şahidi olmuşlar. Hadisə zamanı və sonradan Sakiti vurmamış, ona heç bir xəsarət yetirməmiş, başın alın nahiyəsində və sağ əl nahiyəsindən aldığı xəsarətləri Sakit taxta parçası ilə qəsdən vuraraq yetirmiş, həmin xəsarətləri digər yerdə və şəraitdə almamışdır. Sonda Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamadığını bildirdi və sonuncu barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs, Nizami rayonu, B.Nuriyev küçəsi 2 saylı uşaq baxçasının binasında məskunlaşmış və orada yaşayır. xx xxxxxx 2021-ci il tarixdə saat 16:15 radələrində yaşadığı ünvanda olduğu zaman anası Firuzə onunla telefon əlaqəsi yaradaraq qonşuluqda yaşayan Sakit tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Bundan sonra o, anası Firuzə yaşayan ünvana gəlmiş və müəyyən etmişdir ki, anası Firuzə ilə qonşuluqda yaşayan Sakit arasında baş vermiş mübahisə zamanı, Sakit yerdən götürmüş olduğu taxta parçası ilə anasının alın nahiyəsindən və sağ əlindən qəsdən vuraraq ona xəsarət yetirmişdir. O, anasına yardım edilməsi üçün yaxınlıqda yerləşən xəstəxanaya aparmış və hadisə ilə bağlı, DİN-nin 102 xidmətinə məlumat onun tərəfindən verilmişdir. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Nizami rayonu B.Nuriyev küçəsində yerləşən 2 saylı uşaq baxçasının binasında oğlu Sakit və onun üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onların qonşuluğunda yaşayır. Firuzə ilə qonşuluqda yaşadıqları müddət normal münasibətlərdə olmuşlar, sonradan Firuzənin qonşuluqda qəbul edilməyən davranışlarından sonra münasibətləri pozulmuşdur. xx.xx.2021-ci il tarixdə birgə yaşadıqları 2 saylı uşaq bağçasının həyətində Firuzənin, yaşadıqları otağa çəkilmiş antena xəttini kəsdirmək istəməsi səbəbindən Firuzə ilə oğlu Sakit arasında mübahisə olmuşdur. Mübahisənin gedişində Firuzə Sakiti təhqir etdiyi üçün Sakit yerdən götürdüyü taxta parçasını bir dəfə onun başına vurmuşdur. Həmin vaxt onunla birlikdə gəlini Sahilə onlara yaxınlaşaraq, onların arasında baş verən münaqişənin davam etməməsi üçün Firuzəni öz yaşadığı otağa aparmışlar. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, onlara yaxınlaşarkən artıq Firuzənin alınından az miqdarda qan gəlməsinin şahidi olmuş, Sahilə ilə ondan başqa onların münaqişəsinə heç kim müdaxilə etməmişdir. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında, hadisə yeri olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 75A ünvanında yerləşən 2 saylı fəaliyyəti dayandırılmış uşaq baxçasının binasına baxış keçirilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin V barmağın distal falanqa sümüyü proyeksiyasının şişkinlik halında əzilmə və qançırı ilə müşayiət olunan müvafiq falanqa sümüyünün bayır kənarının oynaqdaxili yerdəyişən sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, alnın ön səthinin cərrahi müdaxiləyə ehtiyacı olan əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığla yüngül zərər vurmaya aid xəsarətlərə aid edilir. Hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər. Lokalizasiyası və xüsusiyyətlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi inandırıcı deyil. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxx 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də barəsində ittiham irəli sürülmüş şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə barəsində ittiham irəli sürülmüş şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai araşdırma zamanı iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 (yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar