Məhkəmə qərarları › İş №1(007)-112/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-112/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-112/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Bərdə rayonu, İkinci Nazırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Stansiya Razin, Akkord yaşayış kompleksinin avtoyuma məntəqəsində yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22.12.2021-ci il tarixdə saat 23:30 radələrində paylayıcı (ofisiant) işlədiyi ünvan 1 ünvanda yerləşən “Sultan” hamamında orada barmen işləyən Zərərçəkmiş şəxs masaların yığışdırılmasında köməklik göstərilməsi barədə onun xahişini rədd etdiyinə görə aralarında baş vermiş mübahisə nəticəsində sonuncunun onu itələyərək və ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə yumruqla vurub, ona burun sümüklərinin xətti sınığı ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 22.12.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində iş yerində olan zaman zərərçəkmiş şəxslə aralarında mübahisə olmuşdur. Həmin vaxt hər ikisi əsəbi olmuşdur. Mübahisə zamanı zərərçəkmiş şəxsi vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Sultan hamam”da barmen kimi işləmişdir. 22.12.2021-ci il tarixdə orada ofisiant işləyən Əziz ondan masaların yığışdırılmasına köməklik göstərməsini xahiş etmişdir. O, imtina etdiyindən Əziz onu nalayiq ifadələrlə təhqir etmiş, o, Əzizi itələmişdir. Əziz onu vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 27.12.2021-ci il tarixli, 1089 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüklərinin xətti sınığı ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyənin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.12.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 06.01.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 69.4-cü maddəsinə əsasən 500 manat cərimə cəzasına məhkum edilmiş, 25.08.2020ci il tarixdə cərimə cəzası tam ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda iştirak etdiyi müddət 32 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 18 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğluna təhqiqatda 32 saat, məhkəmədə 18 saat, cəmi 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi oğluna 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar