Məhkəmə qərarları › İş №1(007)-113/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-113/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-113/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə şəxsi “facebook” internet səhifəsində yerləşdirdiyi kirayə mənzil elanı əsasında özünün faktiki yaşadığı, qohumu Şahid2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 saylı yaşayış binasının 45 nömrəli mənzilində Zərərçəkmiş şəxs Zümrüd oğlunun kirayədə yaşamasına dair xx xxxxxx 2020-ci il tarixdə şifahi razılığa gəlib həmin mənzildə sonuncu ilə birlikdə ayrı-ayrı otaqlarda yaşayarkən Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə “Kontakt Home” mağazasından 1901 manat 98 qəpik ödəyərək aldığı “Acer” markalı, “Core İ7” modelli “notebook” aparatını Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 saylı yaşayış binasının 45 nömrəli mənzilində olmamasından istifadə edərək xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində gizli olaraq talayıb həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 saylı ünvanda yerləşən lombarda apararaq orada işləyən və onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 özünün AA******* seriyalı şəxsiyyət vəsiqəsini təqdim etməklə “notebook” aparatını girov qoyub 027212 seriyalı girov bileti əsasında 800 (səkkiz yüz) manat nağd pul vəsaitini istehlak krediti (ssuda) şəklində alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 1901 (bir min doqquz yüz bir) manat 98 (doxsan səkkiz) qəpik miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, maddi çətinliyi olduğu üçün yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 116, 45 nömrəli mənzili kirayə vermək qərarına gəlmiş və həmin məqsədlə xx xxxxxx 2020-ci il tarixdə şəxsi “facebook” səhifəsində mənzilin kirayə elanını yerləşdirmişdir. Əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona zəng edib mənzillə maraqlanmış və 2020-ci ilin avqust ayında onunla görüşüb evə baxmaq istədiyini demişdir. O, mənzili tam şəkildə kirayə vermək niyyətində olsa da yaşamağı üçün başqa mənzil olmadığından düşünmüşdür ki, kirayə götürəcək şəxsə vəziyyəti izah edib bir müddət mənzildə yaşamağına icazə verməsi ilə bağlı razılığa gələ bilər. Razılaşdıqları tarixdə Kənan onunla görüşüb evə baxmış, evi bəyənmiş və hər ay üçün 100 manat hesablanmaqla ümumi üç ay üçün 300 manat ilkin ödəniş etməsi ilə bağlı razılığa gəlmişlər. Mənzildə o da yaşayacağı üçün mənzilin giriş açarlarının bir nüsxəsini özündə saxlamış, digər nüsxəsini isə Kənana vermişdir. 2020-ci ilin avqust ayının 28-də razılaşdıqları kimi Kənan ona üç ay kirayə haqqı olan 300 manatı ödəmiş və aralarında bir gün əvvəlki razılaşmanın şərtləri əlyazma şəklində sənədləşdirilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Kənanla söhbət edən zaman ona kompüter texnologiyası sahəsindəki bilik və bacarıqlarından faydalanmaqla pul qazanmağın mümkün olduğunu bildirmişdir. O, internet üzərindən nəyisə reklam etməklə pul qazana biləcəklərini demişdir. İdeyalarının reallaşması və işlərin görülməsi üçün müəyyən məbləğdə nağd pul vəsaiti, kompüter, telefon avadanlıqları lazım olduğundan Kənan 01 ədəd kompüter və telefon götürəcəyini, qalan məsələləri isə onun həll edəcəyini ona demişdir. O da bu barədə Kənanla razılaşmışdır. 2020-ci ilin sentyabr ayının 4-də Kənan ona zəng edərək hansı model kompüter lazım olduğunu soruşmuş, o, Kənana hələki kompüter götürməməsini, çünki onun digər avadanlıqları almağa pulunun olmadığını demişdir. Lakin, buna baxmayaraq, o, həmin gün axşam görmüşdür ki, Kənan kompüteri almışdır. O, xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində Kənanın icazəsi və xəbəri olmadan, mənzilin ümumi istifadəsində olan otaqdan Kənana məxsus həmin notebooku gizli götürüb mənzili tərk etmiş və “Neftçilər” metrostansiyasının yaxınlığındakı lombardda işləyən Məhəmməd adlı şəxsə girov olaraq verib əvəzində 800 manat pul almışdır. Kənana məxsus notebooku Məhəmmədə girov olaraq təqdim edərkən üzərindəki şəxsiyyət vəsiqəsini təqdim etmiş və girov qoyduğu həmin əşyanın kimə məxsusluğu barədə heç nə deməmiş, sadəcə bildirmişdir ki, biznes qurmaq üçün pula ehtiyac olduğundan əşyanı girov qoymaq məcburiyyətindədir. Hətta Məhəmməd ona girov qoyduğu əşyaya görə 900 manat pul verə biləcəyini də demiş, lakin o, 800 manat pul lazım olduğunu bildirdiyi üçün Məhəmməd ona istədiyi məbləğdə pul vermişdir. Elə həmin gün Kənan notebookunun lombarda qoyulduğunu bilmiş, bunu Kənana özü etiraf etmiş və hətta lombard kağızını da göstərmişdir. Mülki iddianı qismən qəbul edir. Belə ki, Kənanla razılaşmalarına əsasən ona olan borcunun müqabilində Kənan 3 ay onun evində pulsuz kirayədə qalmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə internet vasitəsi ilə mənzilə görə vermiş olduğu elanla bağlı tanımışdır. Həmin ərəfələrdə o, özünə kirayə ev axtardığı üçün zəng edib Kamranla ayda 100 manat olmaqla Kamranın Nizami rayonundakı mənzilində kirayədə yaşamağı barədə razılaşmışlar. Şifahi razılaşmaya əsasən həmin məbləğə bir il Kamranın evində kirayədə yaşayacaqdır və bu məqsədlə əvvəlcədən Kamrana 300 manat 3 aylıq kirayə haqqını ödəmişdir. Kamran özü də yaşadığı mənzildə qalmışdır. Mənzildə birgə qaldıqları müddətdə Kamran ona internet üzərindən reklam işi qurmağı və əldə olunan gəliri bölməyi təklif etmişdir. Bunun üçün kompüter lazım olduğuna görə, o, özündə olan “xxxxa” aid “Bir kart”la kompüter almağa razılaşmışdır. Bu məqsədlə o, təqribən 3-x xxxxxxxx 2020-ci il tarixdə “Sahil” metrostansiyasının yaxınlığındakı “Kontakt Home” mağazasından kreditlə 1900 manata “Acer” markalı notebooku almışdır. Kompüter almağını Kamrana bildirməklə, kompüteri evdə saxlayıb işə getmişdir. Bir gün işdən evə gələndə kompüterin olmadığını görüb bu barədə Kamrandan soruşduqda Kamran ona kompüteri lombarda qoymaqla aldığı 800 manat nağd pulu biznes planı üçün sərf etdiyini bildirmişdir. Sonradan Kamranın qaldığı mənzilin özünə deyil, qardaşı arvadına məxsus olduğunu bilmiş və bir neçə ay mənzildə kirayədə qalması barədə həmin ev sahibi ilə razılaşmışdır. Ona görə də mənzildə qaldığı ayların kirayə haqqının Kamranın ona olan borcundan çıxılması barədə göstərdikləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmədən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs 1901,98 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, beş ildir ki, lombard fəaliyyəti ilə məşğul olur. Əvvəllər tanıdığı müştəri Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında iş yerinə gəlib 01 ədəd “Acer Core İ7” notebookunu girov qoymaqla 800 manat ssuda tələb etmişdir. O, həmin əmlakı 800 manat dəyərləndirib, həmin məbləğdə ssuda verə biləcəyini demiş və Kamrandan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Bundan sonra girov biletində müəyyən edilmiş qrafaları doldurmaqla və girov qoyulan əmlakın adını, ssudanın məbləğini, girov qoyma və ssuda vermə tarixini göstərməklə bu əməliyyatı sənədləşdirmişdir. Təqsirləndirilən şəxs girov qoyduğu əmlakın özünə məxsus olduğunu bildirmiş və əmlakı qeyri-qanuni yollarla əldə etdiyi barədə ona heç bir məlumat verməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, ödənişlə bağlı Təqsirləndirilən şəxsla əlaqə yaratmış və Kamran ona girov qoyduğu əşyanı geri ala bilməyəcəyini çünki, kredit vəsaitini ödəyə bilmədiyini bildirmişdir. Kamran onu da demişdir ki, malın satışa çıxarılmasına etiraz etmir. Ona görə də o, həmin “Acer Core İ7” notebookunu satmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında Nizami RPİ-nin 24-cü PŞ-də toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən saxlanıldığı Bakı şəhəri Nizami RPİ-nin X1 dərhal azad edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 027212 nömrəli girov biletinin əsli və rəngli surəti, mənzilin kirayə verilməsi ilə bağlı razılıq sənədinin əsli, Zərərçəkmiş şəxs müraciəti əsasında “xxxx” ASC-dən əldə etdiyi özünə məxsus ödəniş kartı üzrə çıxarış, Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özgənin əmlakını gizli ələ keçirib zərərçəkmiş şəxsə 1901,98 manat məbləğində ziyan vuraraq oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 027212 nömrəli girov biletinin əsli və rəngli surəti, mənzilin kirayə verilməsi ilə bağlı razılıq sənədinin əsli, Zərərçəkmiş şəxs müraciəti əsasında “xxxx” ASC-dən əldə etdiyi özünə məxsus ödəniş kartı üzrə çıxarış, Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 1901,98 (bir min doqquz yüz bir manat, doxsan səkkiz qəpik) manat tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 1901,98 (bir min doqquz yüz bir manat, doxsan səkkiz qəpik) manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut olan 027212 nömrəli girov biletinin əsli və rəngli surəti, mənzilin kirayə verilməsi ilə bağlı razılıq sənədinin əsli, Zərərçəkmiş şəxs müraciəti əsasında “xxxx” ASC-dən əldə etdiyi özünə məxsus ödəniş kartı üzrə çıxarış, Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar