Məhkəmə qərarları › İş №1(007)-113/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-113/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-113/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1978-ci ildə Cəlilabad rayonu, Başsız kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Suluçeşmə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,493 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, onun özünü şübhəli aparması ilə bağlı 22 sentyabr 2022-ci il tarixdə, saat 19:10 radələrində Daxili İşlər Nazirliyinin X3 Alayının 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən, şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 1,493 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, “patı” kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə edir. 21 sentyabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında taksi kimi fəaliyyət göstərdiyi zaman adını bilmədiyi bir nəfər şəxs müştəri qismində avtomobilinə əyləşmişdir. Həmin şəxslə aralarında narkotik və psixotrop maddələrlə bağlı söhbət olmuşdur. O, həmin şəxsə bir neçə gündür ki, metamfetamin qəbul etdiyini demişdir. Bundan sonra həmin şəxs cibindən bir ədəd sellofan bükümdə metamfetamin çıxardaraq ona vermişdir. Həmin şəxs bunun müqabilində ondan heç nə istəməmişdir. Həmin şəxs avtomobildən endikdən sonra o, metamfetaminin bir hissəsini istifadə etmiş, digər hissəsini isə şalvarının cibinə qoymuşdur. 22 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində ünvan 2 ünvanın qarşısında dayandığı zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. O, həmin vaxt üzərində psixotrop maddə olduğu üçün onlardan qaçmağa çalışmışdır. Lakin polis əməkdaşları onu saxlamışlar və özlərini ona təqdim etmişlər. Polis əməkdaşları nəyə görə qaçmaq istədiyi barədə ona sual verdikdə o, polis əməkdaşlarına üzərində metamfetamin olduğunu və buna görə qaçmaq istədiyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmişdir. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına Müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisindəki psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zaman büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan maetamfetamini haradan əldə etdiyini soruşduqda o, həmin metamfetamini taksi kimi xidmət edərkən avtomobilinə əyləşmiş müştəri tərəfindən ona əvəzsiz olaraq verildiyini demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı sonuncuya narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək, həmin bükümün içərisindəki psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra təqdim olunan bükümə baxış keçirilir. Baxış zaman büküm polis əməkdaşı tərəfindən açılır. Bükümün içərisində ağ kristal şəkilli aşkar olunur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs metamfetamini haradan əldə etdiyini soruşduqda o, həmin metamfetamini taksi kimi xidmət edərkən avtomobilinə əyləşmiş müştəri tərəfindən ona əvəzsiz olaraq verildiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 6/5450 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,493 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.443 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 oktyabr 2022-ci il tarixli, 5975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan videogörüntülərə baxış keçirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı sonuncuya narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisindəki psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra təqdim olunan bükümə baxış keçirilir. Baxış zaman büküm polis əməkdaşı tərəfindən açılır. Bükümün içərisində ağ kristal şəkilli aşkar olunur. Aşkar edilmiş maddə 01 ədəd bağlamaya qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs metamfetamini haradan əldə etdiyini soruşduqda o, həmin metamfetamini taksi kimi xidmət edərkən avtomobilinə əyləşmiş müştəri tərəfindən ona əvəzsiz olaraq verildiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş 1.493 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.443 qram psixotrop maddə metamfetaminin möhürlənmiş zərfdə qablaşdırılmış vəziyyətdə Nizami RPİ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.443 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 12 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 72 manat (12x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.443 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 72 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar