Məhkəmə qərarları › İş №1(007)-113/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-113/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-113/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1985-ci il tarixdə Astara rayonunun Toradi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Astara rayonunun Toradi kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, mənzil 103-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 26 noyabr 2024-cü il tarixdə saat 02 radələrində icarə əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 265 ünvanında yerləşən “Sarf” adlı restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs əvvəlcədən aralarında olan razılığa əsasən gündəlik əmək haqqını istəməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin restoranda digər işçilərin və müştərilərin yanında özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək restoranda olan digər müştərilərin və işçilərin narahatlığına səbəb olmaqla Zərərçəkmiş şəxs restoranın qapısını açıb oranı tərk etmək istədikdə sonuncuya qarşı zor tətbiq edib əvvəlcə qəsdən qapıya təpiklə güclü zərbə vuraraq Zərərçəkmiş şəxs baş sifət nahiyəsinə dəyməsinə nail olduqdan sonra, sonuncuya qarşı zorakılıq hərəkətlərini davam etdirib üzərinə getməklə qəsdən yumruqla baş nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol almacıq-yanaq nahiyəsinin hematoması, ənsə nahiyəsinin və sağ təpə nahiyəsinin şişkinlik halında əzilmələri xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 265 ünvanında yerləşən “Sarf” adlı restoranı icarə əsasında işlədir. Zərərçəkmiş şəxs onun icarə əsasında işlətdiyi restoranda ofisiant kimi fəaliyyət göstərmişdir. 25 noyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində restoranda olan zaman videomüşahidə kamerası vasitəsilə restorana nəzarət etdikdə Zərərçəkmiş şəxs müştərinin masasına yaxınlaşmadığını görmüşdür. Bundan sonra zala gəldikdə Samirənin qıraq masada əyləşdiyini görüb ona yaxınlaşan zaman “TikTok” sosial şəbəkəsində canlı yayım açdığını görmüşdür. Buna görə Samirəni otağa çağırmış, Samirə otağa gəldikdə hansı səbəbdən müştəriyə baxmamasını ondan soruşmuş, Samirə isə həmin müştəriyə digər ofisiantın baxacağını bildirmişdir. Samirənin sözündən sonra ona digər ofisiantın masaya baxdığını və indi onun növbəsi olmasını bildirdikdə Samirə masaya baxmayacağını demişdir. Bundan sonra Samirə otağı tərk edərək çıxıb getmişdir. 26 noyabr 2024-cü il tarixdə saat 02 radələrində Samirə ona yaxınlaşaraq məvacibini istəmişdir. Samirəyə üzərində pul olmadığını, səhər verəcəyini bildirmiş, bu sözündən sonra Samirə pulu indi verəcəyini bildirmiş və bu zaman mübahisə yaranmışdır. Mübahisə edən vaxt Samirə onun ünvanına nalayiq ifadə işlətdiyi üçün Samirənin üzərinə gedən zaman restoranda olan işçilər onu ayırmışlar. Sonradan işçilər Samirəni restoranın qapısında çıxaranda qəsdən onu vurmaq üçün qapıya təpiklə vurmuş və qapı Samirənin sifət nahiyəsinə dəymişdir. Bu zaman Samirənin başı divara dəymiş, bir qədər sonra yenidən onun üzərinə gedib yumruqla vurmaq istəyən zaman digər işçi araya girdiyi üçün yumruğu ona dəyməmişdir. Təxminən 5 dəqiqə sonra Samirə restoranı tərk edərək çıxıb getmişdir. Mübahisə təxminən 2-3 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı restoranda olan işçilər hadisəyə şahid olmuşlar. Məhkəmədə son sözlə çıxışında isə, ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında onun xuliqanlıq cinayətini törətmədiyini göstərərək, onun haqqında bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 265 ünvanında yerləşən “Sarf” adlı restoranda ofisiant işləmiş, gündəlik 20 manat maaş almışdır. 25 noyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində işdə olan zaman müştəri az olduğu üçün “TikTok” sosial şəbəkəsində canlı yayım açmışdır. Bir qədər sonra restoranın icarədarı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq canlı yayımı bağlamasını, işi ilə məşğul olmağını bildirmişdir. O, canlı yayımı bağladıqdan sonra öz işləri ilə məşğul olmuşdur. 26 noyabr 2024-cü il tarixdə saat 02 radələrində hazırlaşıb evə gedən zaman Təqsirləndirilən şəxs yaxınlaşıb maaşını və depozitini istəmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində pul olmadığını, heç kimə pul verə bilmədiyini, səhər verəcəyini bildirmişdir. Yenidən ondan maaşını istədikdə, Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətmiş, o isə, həmin nalayiq ifadənin onun ailə üzvlərinə aid olmasını demişdir. Onun sözündən sonra Təqsirləndirilən şəxs üzərinə gəlib vurmaq istəyən zaman işçilər və müştərilər onu tutmuş, mübahisə zamanı qapını açıb gedəndə Təqsirləndirilən şəxs üzərinə gəlib qəsdən giriş qapısına təpiklə vurmuş və qapı sol sifət nahiyəsinə dəymişdir. Təqsirləndirilən şəxs üzərinə gələrək yenidən yumruqla baş nahiyəsinə zərbə endirmişdir. Bundan təxminən 5 dəqiqə sonra o, restoranı tərk edərək çıxıb getmişdir. Mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı restoranda olan müştərilər və işçilər hadisəyə şahid olmuşlar. Zərərçəkmiş şəxs sualları cavablandırarkən göstərmişdir ki, ona rəfiqəsi demişdir ki, “ofisiant” işi var, istəsə gəlib işləsin, o da müvəqqəti olaraq işləmək üçün razılaşmış, əmək haqqını gündəlik 20 manata danışmışlar. İki aya yaxın Təqsirləndirilən şəxs işçisi kimi orada işləmişdir. Orası düzdür, o, “TikTok”da canlı yayım açmışdır, təqsirləndirilən şəxs kamerada onun “canlı” açdığını görüb, əsəbləşmiş, ona demişdir ki, “sən sabahdan istirahətdəsən”. O da günün sonuna qədər gözləmişdir ki, maaşını alsın, günün sonunda gedib maaşını istəmiş, Təqsirləndirilən şəxs demişdir ki, sabah gəlib alar. Təqsirləndirilən şəxs ondan əvvəl aşpaz qadının da maaşını kəsmiş, ona görə bilmişdir ki, onun pulunu da kəsəcəkdir, Təqsirləndirilən şəxs demişdir ki, “haram xoşun olsun”, Təqsirləndirilən şəxs onu təhqir edib “....qızı” demiş, o da “...qızı sənin evindəkilərdi” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə hücum etmiş, orada olan müştərilərin və işçilərin, kişilərin içərisində onu alçatmışdır. İlk Təqsirləndirilən şəxs onu söymüş, o da qaytarıb onu söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs qaça-qaça gəlib onu vurmuşdur. Bu hadisə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlamışdır. Zərərçəkmiş şəxs əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu göstərmiş və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 3 aydır ki, ünvan 1 ünvanda yerləşən “Sarf” restoranında musiqiçi işləyir. 26 noyabr 2024-cü il tarixdə saat 02 radələrində restoranda ofisiant işləyən Samirə adlı qadınla restoranın icarədarı Fəridin mübahisə etdiklərini görmüşdür, mübahisə zamanı Təqsirləndirilən şəxs heç kəsi təhqir etməyib. O, söyüş söyüldüyünü eşitməmişdir. Mübahisə zamanı Samirə qapıdan çıxıb gedən zaman Təqsirləndirilən şəxs qapıya tərəf gələrək təpiklə qapını vurmuşdur. Mübahisə baş verən zaman orada olduğu üçün hadisəyə şahid olmuşdur, orada söyüş olmayıb, sadəcə Təqsirləndirilən şəxs tərəfindən qapıya bir dənə təpik vurulub, sonra Təqsirləndirilən şəxs Samirəyə oranı tərk etməsini deyib. Mübahisə zamanı orada restoranın iki müğənnisi və ofisantlar olmuşdur, müştərilər bayırda olmuşlar. Şahid məhkəməyədək icraat, təhqiqat zamanı verdiyi izahatı ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 09 noyabr 2024-cü il verdiyi həmin izahatı elan olunaraq tədqiq edilmişdir. Şahid həmin izahatında göstərmişdir ki, təxminən 1 aydan artıqdır ki, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 265 ünvanında yerləşən “Sarf” restoranında musiqiçi işləyir. 26 noyabr 2024-cü il tarixdə saat 02 radələrində restoranda ofisiant işləyən Samirə ilə restoranın icarədarı Fəridin mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı Fərid Samirənin üzərinə gedib vurmaq istəyən zaman o və digər tanımadığı şəxslərlə birlikdə onları ayırmışlar. Mübahisə zamanı Samirə qapıdan çıxıb gedəndə Fərid qapıya tərəf gələrək təpiklə qapını vurduqda qapı Samirənin sifət nahiyəsinə dəymiş, qapı Samirənin sifət nahiyəsinə dəydikdən sonra Fərid yenidən onun üzərinə gedərək bir dəfə yumruqla Samirənin baş nahiyəsinə vurmuşdur. Fərid Samirəni vurduqdan sonra onları ayırmışlar. Mübahisə təxminən 3-4 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı restoranda olan digər tanımadığı işçilər və müştərilər olduğu üçün hadisəyə şahid olmuşlar. Mübahisə baş verən zaman orada olduğu üçün özü də hadisəyə şahid olmuşdur. Şahid bununla bağlı izah etmişdir ki, təhqiqatçının onun izahatında nə yazdığını bilmir, təhqiqatçı ona imzalamasını demiş, o da izahatı imzalamışdır, hazırda məhkəməyə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun işlədiyi “Sarf” adlı restoranında ofisant işləmişdir. Təqsirləndirilən şəxs isə restoranın müdiridir. 25 noyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində o, masaya baxmış, yəni müştərilərə xidmət göstərmişdir. Zərərçəkmiş şəxs isə həmin vaxt “TikTok”da canlı yayım açmışdır. Təqsirləndirilən şəxs iş saatlarında işləməyib “TikTok”da canlı yayım açdığı üçün Zərərçəkmiş şəxs irad bildirmişdir. Bundan sonra həmin gün pul olmadığından Təqsirləndirilən şəxs heç bir işçinin gündəlik əmək haqqını verməmişdir. Mübahisə başlayan zaman özü orada olmamışdır, mübahisənin nə səbəbdən başladığını bilmir. Hadisə yerinə sonradan gəlmişdir. Həmin vaxt onları ayırmışdır, söyüş eşidib-eşitməməsi yadında deyildir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 2) - 26 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 265 ünvanında yerləşən “Sarf” restoranında baş verməsi müəyyən edilmişdir. (i.v. 5-6) - 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Sarf” restoranında quraşdırılmış videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Görüntülərdə ekranın yuxarı orta hissəsində 2024-11-26, 02:58:30 yazılarının olması, əynində qara rəngdə gödəkçə, qara rəngdə şalvar olan Təqsirləndirilən şəxs restoranın giriş qapısına təpiklə vurması, bundan sonra Zərərçəkmiş şəxs başına yumruqla zərbə endirməsi müşahidə olunmuşdur. (i.v. 11) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 29 noyabr 2024-cü il tarixli 1081 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq-yanaq nahiyəsinin hematoması, ənsə nahiyəsinin və sağ təpə nahiyəsinin şişkinlik halında əzilmələri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 19-21) - 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün zəruri sənədlərin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (i.v. 59-62) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Qərarın 2-ci bəndinə əsasən izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin əlamətlərinin olmaması ilə bağlı irəli sürdükləri dəlilləri əsaslı hesab etməyib, qeyd edir ki, işin həqiqi hallarından göründüyü kimi Təqsirləndirilən şəxs xuliqanlıqla müşayiət olunan hazırkı cinayət əməli ictimai yer sayılan ünvan 2 ünvanında yerləşən “Sarf” adlı restoranda törədilmişdir. O, restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs əvvəlcədən aralarında olan razılığa əsasən gündəlik əmək haqqını istəməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin restoranda digər işçilərin və müştərilərin yanında özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək restoranda olan digər müştərilərin və işçilərin narahatlığına səbəb olmaqla Zərərçəkmiş şəxs restoranın qapısını açıb oranı tərk etmək istədikdə sonuncuya qarşı zor tətbiq edib əvvəlcə qəsdən qapıya təpiklə güclü zərbə vuraraq Zərərçəkmiş şəxs baş sifət nahiyəsinə dəyməsinə nail olduqdan sonra, sonuncuya qarşı zorakılıq hərəkətlərini davam etdirib üzərinə getməklə qəsdən yumruqla baş nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol almacıq-yanaq nahiyəsinin hematoması, ənsə nahiyəsinin və sağ təpə nahiyəsinin şişkinlik halında əzilmələri xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bir sözlə, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə də yol vermişdir. Məhkəmə, şahid qismində dindirilmiş Şahid və X1 məhkəmə iclasında verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin tabeliyində işləyən, ondan maddi asılılığı olan şəxslərdir, ona görə onların hadisənin faktiki müəyyən edilmiş halları ilə uyğunluq təşkil etməyən ifadələri təqsirləndirilən şəxsi məsuliyyətindən yayındırmağa cəhd etmə kimi qiymətləndirilir. Halbuki, Şahid təhqiqat zamanı verdiyi izahatında ittihamın mahiyyətinə uyğun məlumatlarla müşayiət olunan və işin faktiki halları ilə uyğunluq təşkil edən izahat vermiş və bilavasitə hadisə yerində olmuşdur, X3 da hadisə yerində bilavasitə olduğuna görə və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsi ayırdığını etiraf etdiyi halda, onların həmin anda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib vurmaması, təqsirləndirilən şəxsin işlətdiyi nalayiq ifadələri eşitməmələri və ya yadlarında qalmaması və s. barədə bildirdikləri onların qeyri-səmimi olduqlarını göstərir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 54) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, hökmün icrasını təmin etmək məqsədilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar