Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-115/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun nümayəndəsi-Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 25-də qeydiyyatda olmaqla yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığa az ağır zərər vurulmuşdur. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 17:15 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, atası X1 mülkiyyətində olan “Mercedes Benz C180” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2222 ünvanında, “S Line” mağazasının qarşısında geriyə doğru hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, avtomobili arxaya hərəkət etdirməzdən əvvəl manevrin təhlükəsiz başa çatmasına əmin olmalı olduğu halda, bu tələbə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomobilin arxa hissəsi ilə həmin yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sağ almacıq sümüyünün xətti sınığı, sağ almacıq, sağ gözətrafı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 17:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Mersedes” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “S Line” mağazasının qarşısında 10-15 km/saat sürətlə arxaarxaya hərəkət etdirən zaman avtomobilin arxa hissəsi yolu soldan sağa keçən piyadaya dəymişdir. O, dərhal avtomobili saxlayıb düşərək piyadaya yaxınlaşmış, sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs xəsarət aldığını görüb onu avtomobilinə mindirərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər, sonra onu xəstəxanada saxlamışlar, o, bir neçə gün xəstəxanada qalaraq müalicə olunduqdan sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxs də onunla barışdığına, ona qarşı şikayət və tələbi olmadığına dair ərizə vermişdir. Lakin o, sonradan fikrini dəyişərək yenidən şikayət etmiş, ondan əsassız olaraq 10.000 manat pul tələb etmişdir. O, əməlindən səmimi peşmançılıq hissləri keçirir. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolu soldan sağa keçmək istəmişdir. Yolun ortasında olan ayrıcı zolaqda dayanmış, şəhər istiqamətindən maşın bazarı istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri keçdikdən sonra sakit yerişlə yolu keçmək istəyən zaman Babək prospekti ilə arxa-arxaya hərəkətdə olan “Mersedes” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsi ilə onu vurmuş, o, zərbənin təsirindən yerə yıxılaraq xəsarət almışdır. Avtomobilin sürücüsü saxlayıb avtomobildən düşərək ona yaxınlaşmış, xəsarət aldığını görərək onu idarə etdiyi avtomobilə mindirib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Həmin xəstəxanada həkimlər ona ilkin tibbi yardım göstərmişlər, o, təxminən 5 gün həmin xəstəxanada qalaraq müalicə olunmuşdur. Sonra isə onu evə buraxmışlar. Hadisə nəticəsində aylıq əmək haqqı 350 manat olan işindən olmuş, 1 il 8 ay işsiz qalmışdır. Təqsirləndirilən şəxs onun xəstəxana xərclərinə təxminən 300 manat xərcləmiş, xəstəxanadan çıxandan sonra özü 3000 manat müalicəsinə xərcləmiş, işləmədiyi müddət üçün isə təxminən 6000 manata yaxın ziyan dəymişdir. Ümumilikdə ona 9000 manata yaxın maddi ziyan dəymişdir. Lakin təqsirləndirilən şəxs həmin maddi ziyan məbləğini ona ödəməkdən boyun qaçırır. Hesab edir ki, dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmalıdır. Ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarəti alması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və X2 rayon şöbəsinin xx xxxxx 2019-cu il tarixli 259 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sağ almacıq sümüyünün xətti sınığı, sağ almacıq və sağ gözətrafı nahiyənin dərialtı hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v. 33-34) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxx 2019-cu il tarixli 9099 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Benz C180 markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 37-40) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, tutularaq RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmış, o, tutulanadək işin icraatı dayandırılmışdır. (i.v. 84) - xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 90) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğundan işin icraatı təzələnmişdir. (i.v. 91) - xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 123-124, 126) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 134-135) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CMnin 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 142- 144) Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, onun nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə əməl Təqsirləndirilən şəxs tərəfindən xx xxxx 2019-cu il tarixdə törədilmişdir. Bununla da, cinayət əməlinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən hal-hazırdək iki ildən artıq müddət keçmişdir, ibtidai istintaq zamanı müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, tutularaq RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmış, o, tutulanadək işin icraatı dayandırılmış, onun xx xxxxxx 2020-ci il tarixdə tutulması ilə müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə işin icraatı təzələnmişdir, həmin iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları digər qaydada müəyyən edilməmişdir, habelə, bu müddətdə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; hazırkı iş üzrə mülki iddia verilməmişdir, zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tutulmasını tələb etsə də, qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə təqsirləndirilən şəxsə qarşı mülki iddia verilməmişdir (cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an - CPM-nin 183.1-ci maddəsi; cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər - CPM-nin 183.3-cü maddəsi), ona görə zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə hər hansı əşya və ya predmet maddi sübut qismində tanınmamışdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müvafiq qərarlar əsasında dəvət olunmuş vəkilin iş materialları ilə tanış olmaqla birlikdə, ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 106 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, ibtidai istintaq zamanı və məhkəmədə 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-115/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-115/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver