Məhkəmə qərarları › İş №1(007)-115/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-115/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-115/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” massivi ev 141, mənzil 15-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26, mənzil 143-də faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixdə Nizami rayonu “Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığındakı parkda şəxsiyyəti istintaqa məlum olmayan “Musa” adı şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında artıq miqdarda, təmiz çəkisi 0,295 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,783 qram olan psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 15 oktyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi 26 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81A ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofanın içərisindən 05 ədəd gümüşü kağıza bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,188 qram, 0,276 qram, 0,137 qram, 0,090 qram və 0,092 qram, ümumi xalis çəkisi 0,783 qram olan ağ rəngli kristal şəkilli kütlələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin alüdəçisidir. 15.10.2021-ci il tarixdə saat 01:30 radələrində yaşadığı ünvan 4 ünvanda binanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun kimliyi ilə maraqlanmışlar. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onun üzaqlaşmasına imkan vermədiyinə görə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu 24-cü PŞ-nə dəvət etmiş və xidməti otaqların birində üzərinə baxış keçirilən zaman, göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli paketin içərisində altı ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümlərdən biri şəffaf rəngli selofana bükülmüş halda qəhvəyi rəngdə olan “kakos” kimi tanıdığı narkotik vasitə olmuşdur. Digər beş ədəd gümüşü rəngli kağıza bükülü halda hər birində ağ rəngli kristal maddə olmuşdur. Həmin maddələr “şüşə" kimi tanıdığı narkotik vasitə olmuşdur. Narkotik vasitələri 14.10.2021-ci il tarixdə axşam saatlarında Nizami rayonu ərazisində “Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığındakı parkda “Musa" kimi tanıdığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş narkotik maddələr ağ rəngli zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə polis əməkdaşları ilə birgə imza etmiş, şəxsi axtarış barədə tərtib edilmiş protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərində şəxsi axtarış keçirilən zaman ona qarşı qanuna zidd hərəkətlər edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafından başqa, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1n oğlu ifadəsində göstərmişdir ki, DİN-nin ƏÇPA-nın 5-ci PB-də polis serjantı rütbəsində xidmət edir. 15 oktyabr 2021-ci il tarixdə saat 01:30 radələrində ərazidə xidmət apararkən, Nizami rayonu, B.Nuriyev küçəsi 26 saylı binanın qarşısında şübhəli hərəkətləri ilə diqqət çəkən və şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs saxlanılmışdır. Özlərini təqdim edib Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Sonuncu şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını demişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına və zahiri əlamətinə görə narkotik vasitə istifadəçisinə şübhə yaratdığı üçün ərazi aidiyyatı üzrə Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət olunmuşdur. Bölmənin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofanın içərisindən 05 ədəd gümüşü kağıza bükülmüş ağ rəngli kristal kütlələr və 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin beş ədəd bükümdə olan maddələrin, şəxsi istifadəsi üçün əldə edib saxladığı psixotrop maddə metamfetamin və heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə və narkotik vasitə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra baxış və götürmə haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 15.10.2021 -ci il tarixdə Nizami RPİ-nin 24-cü PBnin inzibati binasında Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli paketin içində olan ümumilikdə altı ədəd bükümdə, 5 ədədində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin təqdim edərək Nizami rayonu “Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığındakı parkda “Musa" adlı tanışından 60 manata aladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15.10.2021-ci il tarixli 6/4597 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublkası DİN Zərlər üçün N 164 möhür əks olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 05 ədəd gümüşü kağıza bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,188 qram, 0,276 qram, 0,137 qram, 0,090 qram və 0,092 qram, ümumi xalis çəkisi 0,783 qram olan ağ rəngli kristal şəkilli kütlələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 05 bükümdə metafetamin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - təmiz çəkisi 0,783 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə 0,295 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, təhqiqatdan sonra qalıq çəkisi 0,683 qram olan psixotrop maddə metamfetamin və 0,245 qram narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİnin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında“ protokoldan görünür ki, şübhəli şəxs qismində 24-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli paketin içində olan ümumilikdə altı ədəd bükümdə, kustar üsulla hazırlanmış ümumi xalis çəkisi 5 ədədində kustar üsulla hazırlanmış ümumi xalis çəkisi 0,783 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,295 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin təqdim edərək Nizami rayonu “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığındakı parkda “Musa” adlı tanışından 60 manata aladığını bildirmişdir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş video görüntü - 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli 4364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan “Respublika Psixatriya Xəstəxanası” X4 19.10.2021-ci il tarixli 8936 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan məhkəmə sənədlərindən və Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 15 oktyabr 2021-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və hiayəsində iki azyaşlı uşaqları var. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdən 02 mart 2022-ci il tarixədək həbsdə olduğu müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs M Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,683 qram psixotrop maddə metamfetamin və 0,245 qram narkotik vasitə heroin məhv edilməli və 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Məhkəmə habelə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 350 saat, məhkəmədə iştirak etdiyi 35 saat, cəmi 70 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 15 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,245 qram narkotik vasitə heroin və 0,683 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar