Məhkəmə qərarları › İş №1(007)-116/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-116/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-116/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Baku Mart” şirkətində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, 4 saylı evin 4 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo Damas yük» markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ilə A.Manafov küçəsi istiqamətinə doğru saatda 30 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyərək, T.Abbasov küçəsi 38 ünvanında yerləşən “Araz” marketin qarşısından keçən yolda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən piyada 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin qançırı və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın cibinin ön divarının xarici sümük səhfəsinin xətti və burun belinin qançır, sıyrığı ilə müşayiət olunan burun sümüyünün az yerdəyişən sınıqları, çənə əsasının sıyrıq və qançırı, üst dodağın və döş qəfəsinin ön, hər iki əlin arxa səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə o, xx xxxxxxx 2026-cı il tarixədək etibarlılıq müddəti olan AD 184351 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Sürücülük vəsiqəsini aldığı gündən məlum olan yol-nəqliyyat hadisəsi baş verən günədək o, heç bir yol-nəqliyyat hadisəsi törətməmişdir. “Baku Mart” şirkətində əvvəlcə, yəni hadisə baş verənədək sürücü işləmiş, hadisədən sonra isə fəhlə kimi işləyir. “Baku Mart” şirkətinə məxsus «Daewoo Damas yük» markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə etmişdir. O, hər gün “Baku Mart” şirkətinə məxsus «Daewoo Damas yük» markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomaşına müxtəlif ərzaq mallarını yükləyərək Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən otel, restoran və kafelərə həmin ərzaq mallarını çatdırmışdır. “Baku Mart” şirkətinin anbarı Bakı şəhəri, Nizami rayonunda yerləşən “Praqa” restoranının arxasında yerləşir. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində o, «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşını ilə şirkətin anbarına daxil olmuş və şirkətin fəhlələri müxtəlif ərzaq mallarını avtomaşına yükləyərək ona həmin malları Bakı şəhəri, Qaradağ rayonu, Şıxov qəsəbəsində yerləşən “Ramada” otelinə çatdırmağı bildirmişlər. Həmin ərzaq malları avtomaşına yükləndikdən sonra o, dərhal avtomaşını idarə edərək şirkətə məxsus anbardan çıxmış və idarə etdiyi avtomaşınla saat 13:30 radələrində T.Abbasov küçəsi ilə üzü A.Manafov küçəsi istiqamətində saatda 30 km sürətlə hərəkət edən zaman “Bazar Store” marketinin arxa girişinin yaxınlığında, T.Abbasov küçəsi 38 ünvanında yerləşən “Araz” marketin qarşısına çatan zaman birdən-birə yolu sağdan sola tərəf qaçaraq keçən piyadanı görmüşdür. Həmin vaxt onun hərəkətdə olduğu yolun sağ tərəfində bir neçə avtomaşın park etmişdir və piyada həmin park olunmuş avtomaşınların arasından ani çıxmışdır. Həmin piyadanı vurmamaq üçün o, idarə etdiyi avtomaşını tormozlayaraq sol tərəfə qaçırtsa da, hadisədən yan qaça bilməmiş və idarə etdiyi «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşının sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyada aldığı zərbədən onun idarə etdiyi avtomaşının sağ tərəfinə yıxılmışdır. O, dərhal avtomaşından enmiş və piyadanın yerdə uzandığını və qıcolma keçirdiyini görüb piyadaya yaxınlaşmış, dilinin qatlandığını hiss edib piyadanın çənəsini dartaraq ağzını açıb dilinin udmasının qarşısını almışdır. Bundan sonra o, həmin piyada oğlanın nəfəs aldığını hiss etmiş və burnundan isə qan gəldiyini gördükdə TTYS-na zəng edərək həkim çağırmışdır. Hadisə yerinə gələn həkimlər avtomaşınla onun avtomobili ilə vurduğu piyadanı TTYS-na məxsus avtomaşına yerləşdirmişlər. Onun özü də həkimlərin icazəsi ilə TTYS-na məxsus avtomaşına əyləşərək onlarla birlikdə 3 saylı ŞKX-na getmişdir. Həmin xəstəxanada onun idarə etdiyi avtomaşınla vurduğu piyadanı müayinə etmişlər və piyada oğlanı həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Bundan sonra 3 saylı ŞKX-na polis əməkdaşları gəlmiş və o, özünü bəyan edərək “Baku Mart” şirkətinə məxsus «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü olduğunu və piyadanı vurduqdan sonra dərhal zərərçəkmiş piyadaya ilkin tibbi yardım göstərərək onu TTYS-na məxsus avtomaşınla gətirdiyini bildirmişdir. 3 saylı ŞKX-da ona məlum olmuşdur ki, onun idarə etdiyi «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşınla vurduğu piyada 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxsdur. Hadisə günü o, avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığını, vurulmuş zərəri tamamilə ödədiyini və buna görə də zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır və subaydır. Bakı şəhəri, Nizami rayon 238 saylı tam orta məktəbin Xİ sinifində təhsil almaqla həmin orta məktəbin şagirdidir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:30 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 ünvanında yerləşən “Araz” marketin qarşısındakı yolu piyada sağdan sola tərəf keçməyə başlamışdır. Bu zaman o, həmin yolda üzü A.Manafov küçəsi istiqamətində hərəkət edən «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşının sürətlə ona yaxınlaşdığını görmüşdür. Bu zaman o, qaçaraq yolu keçib başa çatdırmaq istədikdə «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşın qabaq hissəsi ilə onu vurmuş və o, zərbədən qalxaraq avtomaşının ön alın şüşəsinə dəyib yolun sağ tərəfinə düşmüşdür. O, avtomobillə vurulanadək həmin yolun hərəkət hissəsinin yarıdan çoxunu, yəni 3,5 metr məsafəni qət etmişdir. Qaçaraq yolun hərəkət hissəsinin yarıdan çoxunu, yəni 3,5 metr məsafəni qət etmiş, lakin avtomaşının artıq ona yaxınlaşdığını gördükdə o, qorxaraq heç bir hərəkət etmədən həmin yerdə təxminən 2 saniyə dayanmışdır və nəticədə həmin avtomaşın tərəfindən vurulmuşdur. Həmin vaxt onun bədəninin müxtəlif nahiyələrində və baş nahiyəsində güclü ağrılar olmuşdur. Bu zaman onu avtomaşını ilə vuran sürücü, yəni Samir ona yaxınlaşaraq ona ilkin tibbi yardım göstərərək dərhal TTYS-nın həkimlərini telefonu ilə zəng edərək hadisə yerinə çağımış, bir neçə dəqiqədən sonra hadisə yerinə TTYS-nın həkimləri gəlmişdir. Həkimlər onu TTYS-nın avtomaşınına yerləşdirərək Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-na aparmışlar. Sonradan ona məlum olmuşdur ki, onu vuran «Daewoo Damas yük» markalı **-SG-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında zərərçəkmiş şəxsin istintaq zamanı göstərdiyi xüsusatları təsdiq edərək, əlavə olaraq bildirdi ki, o, cinayət işi üzrə Zərərçəkmiş şəxs atasıdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan tamamilə ödənilmişdir. Buna görə də məhkəmədən göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 101.7 və 101.7.2-ci maddələrinə əsasən, məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi göstərilənlərə haqlıdır: cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmaq, verdiyi mülki iddiadan imtina etmək, ona qarşı verilmiş mülki iddianı qəbul etmək, habelə onun hüquq və qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək; İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, hal-hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmış və zərərçəkmişə vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə xərclənmiş 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar