Məhkəmə qərarları › İş №1(007)-116/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-116/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-116/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə karantin rejimi dövründə müdiri olduğu ünvan 2 ünvanda fəaliyyət göstərən “Oskar” şadlıq sarayında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli 151 nömrəli qərarı ilə müəyyən edilmiş “şənlik mərasimlərinin orada iştirak edən qonaqların sayının 150 nəfərdən çox olmamaq şərti ilə keçirilməsinə icazə verilməsi" və “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli qərarı ilə müəyyən edilmiş “ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi” barədə tələblərini pozaraq şadlıq sarayının ‘Kübar" adlı zalında 21 noyabr 2021-ci il tarixdə 28 ədəd masada hər birində sosial məsafə gözlənilmədən 10 nəfərin əyləşməsinə şərait yaradaraq ümumilikdə 280 nəfər qonaq qəbul edib şənlik mərasimi təşkil etməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 noyabr 2021-ci il tarixdə saat 21 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı ünvan 2 ünvanda fəaliyyət göstərən "Oskar" şadlıq sarayına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs şadlıq sarayının "Kübar” adlı zalında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini pozaraq 28 ədəd masada hər birindən 10 nəfər əyləşməklə ümumilikdə 280 nəfər qonağın iştirakı lə toy mərasimi keçirilməsini təşkil etdiyi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir restoran sənəsində fəaliyyət göstərir. “Oskar" şadlıq sarayını X1 aylıq 3.000 manat olmaqla icarəyə götürmüşdür. İcarə müqaviləsi şadlıq sarayında inzibatçı işləyən Şahid2 ilə bağlanmışdır. Şadlıq sarayı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Şahid2 adına ********** nömrəli VÖEN olmuşdur. Başqa yerlərdə restoranları olmuş və gün ərzində bütün restoranlara baş çəkmişdir. Ona görə icarə müqaviləsini öz adına bağlamamışdır. Belə ki, müqavilə bağlayan şəxs X3, Vergilər Nazirliyi və Daxili işlər Nazirliyi tərəfindən monitorinq keçirilən zaman şadlıq sarayında olmalıdır. Orxan həmçinin şadlıq sarayında inzibatçı olaraq işləmişdir. Sonuncudan başqa şadlıq sarayında Şahid4 da inzibatçı işləmişdir. Əvvəllər şadlıq sarayında X4 da inzibatçı işləmişdir. Sonuncular əsasən toy zamanı ofisantlara və menyunun hazırlanmasına nəzarət etmişlər. Şahid3 da adminstrator kimi qeydiyyata götürmüşdür. Sonuncu adminstrator olsa da bəy-gəlin masasına nəzarət edən ofisiant kimi işləmişdir. Şadlıq sarayının 3 ədəd zalı olmuş, adətən toy etmək istəyən şəxslərlə özü danışmış, menyu və digər məsələri isə işçilər həll etmişdir. 2021-ci ilin noyabr ayının ortalarında maşınını təmir etdiyi avtosalonda usta işləyən Şahid1 ona müraciət edərək bacısı üçün toy mərasimi keçirmək istədiyini demişdir. Sonuncuya şadlıq sarayına gedib işçilərlə menyu və digər məsələləri danışmağı demiş və bu barədə işçilərə məlumat vermişdir. Bir müddət sonra Elvin onunla əlaqə saxlayaraq Əli adlı şəxslə menyu və sair məsələri danışdığını, lakin Əlinin 150 nəfərdən artıq qonağın iştirak etməyinə icazə verilmədiyini dediyini bildirmişdir. Elvinə heç bir problem olmadığını, artıq qonağı gələrsə yerləşdirə biləcəyini demişdir. Bundan sonar işçilərə ümumi qaydada zalı hazırlamağı və əlavə qonaq gəldikdə onları da masalarda yerləşdirmələri barədə göstəriş vermişdir. Toy üçün nəzərdə tutulan qonaq sayının 150 nəfər olması ilə bağlı Nazirlər Kabinetinin qərarından məlumatı olmuşdur. 21 noyabr 2021-ci il tarixdə '‘Aristokrat" adlı zalda 60 nəfər qonaq, “Zadəgan" adlı zalda isə 80 nəfər qonaq olmuşdur. Həmin tarixdə keçirilən “Kübar" zalındakı toy mərasimində 280 nəfər qonaq iştirak etmişdir. Belə ki, toy zamanı işçilər ona qonaq sayının çox olduğunu bildirsələr də onlara bütün qonaqları yerləşdirmələri barədə göstəriş vermiş, işçilər də onun göstərişi ilə 6 nəfərlik masaya 10 nəfər yerləşdirilmişdir. Toya gələn qonaqların "Covid-19" pasportları girişdə yoxlanılmış və yoxlamanı şadlıq sarayının işçisi polis əməkdaşının iştirakı ilə keçirmişdir. Şadlıq sarayına bir nəfər 24-cü polis bölməsinin əməkdaşı təhkim olunmuşdur. Həmin polis əməkdaşı qonaqların sayının çox olduğu barədə məlumat vermiş və bundan sonra polis əməkdaşları onların portal sistemində adminstrator olaraq qeydiyyatda olan, lakin ofisiant işləyən Şahid3 24-cü bölməyə aparmışlar. Həmçinin xx.xx.2021-ci il tarixdə əvvəllər adminstrator işləmiş Ramal Vəlizadə də 24-cü Polis Bölməsinə aparılmış və şadlıq sarayı cərimə edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının çıxışını və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında ailə həyatı qurmuş bacısına toy mərasimi keçirmək üçün şadlıq sarayı axtarmışdır. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində “Oskar” şadlıq sarayının müdiri Təqsirləndirilən şəxs tanımış və sonuncu onun avtomobil təmiri ustası işlədiyi avtosalonda avtomobilini təmir etdirmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq bacısı üçün toy mərasimi keçirmək istədiyini demiş, sonuncu ona şadlıq sarayına yaxınlaşaraq orada olan işçilərlə danışmağı demişdir. Şadlıq sarayına getmiş və Şahid4 adlı şəxs onu qarşılamışdır. Sonuncuya bacısı üçün toy mərasimi keçirmək istədiyini və Təqsirləndirilən şəxsla danışdığını demişdir. Əli ona bir nəfər üçün 60 manata yer verə biləcəyini və 150 nəfərdən artıq qonaq qəbul etmədiklərini demişdir. Mövcud qadağaları bildiyindən Əli ilə razılaşmışdır. Lakin sonradan qonaqların 150 nəfərdən çox olacağı üçün Təqsirləndirilən şəxsla əlaqə saxlamış və qonağının 150 nəfərdən çox ola biləcəyini demişdir. Sonuncu problem olmadığını və qonaq çox olarsa hər masaya bir iki stul qoymaqla əyləşdirə biləcəyini, toy keçirilən zaman yemək və digər qidaların artıq hazırladığını və gələn qonağa uyğun ondan pul alacağını bildirmişdir. 21 noyabr 2021-ci il tarixdə toy mərasimi başlamış, ilk əvvəl toyda qonaq sayı az olmuş, lakin sonradan əlavə qonaqlar gəldiyindən əlavə masalar və masalara əlavə stullar qoyulmuşdur. Zalda 28 masa olmuş və hər masada 10 nəfər əyləşmişdir. Axşam saat 21 radələrində şadlıq sarayına bir neçə mülki geyimli şəxs gəlmiş və baxış keçirdikdən sonra administratora yaxınlaşmışlar. Həmin şəxslərin polis əməkdaşı olduğunu bilərək, bacısının toy mərasimi olduğunu və məclisin sona qədər davam etməsini xahiş etmişdir. Polis əməkdaşları adminstartoru və ofisiantı polis idarəsinə dəvət etmiş, ona isə növbəti gün izahat vermək üçün idarəyə yaxınlaşmağı demişlər. Növbəti gün polis idarəsinə gedib izahat yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 15-20 il restoran və şadlıq saraylarında ofisant və adminstrator işləmişdir. son 3 ildə Təqsirləndirilən şəxsla işləmiş və sonuncu əvvəllər “Neptun", “Zirvə” və digər restoranları işlətmişdir. Şadlıq saraylarının fəaliyyətinə icazə verildikdən sonra Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində “Oskar” şadlıq sarayını icarəyə götürmüş və oranı işlətmişdir. Şadlıq sarayı rəsmi sənədlərdə Şahid2 adına rəsmləşdirilmişdir. Orxan Şadlıq sarayında ofisant işləmişdir. Şadlıq saryında işçilərin işə qəbul edilməsi, işdən çıxarılması, toyların danışılması və digər təşkilati işləri Təqsirləndirilən şəxs özü həyata keçirmişdir. Menyunun hazırlanmasına, toy zamanı ofisantların fəaliyyətinə, obyektə məhsulların alınmasına özü nəzarət etmişdir. Stabil əmək haqqı almasa da bir toyu üçün 75 manat əmək haqqı almış və rəsmi əmək müqaviləsi əsasında işləmişdir. Ümumiyyətlə şadlıq sarayında çalışan hər bir işçinin əmək müqaviləsi olmuşdur. “Covid-19” qarşı peyvənd olunmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs qabaqcadan dediyi, Şahid1 adlı şəxs şadlıq sarayına gələrək bacısına toy mərasimi keçirmək istədiyini demişdir. Sonuncu Təqsirləndirilən şəxs avtomobilini təmir edən usta olmuşdur. Elvinlə bir nəfər üçün 60 manata razılaşmışdır. Şadlıq sarayında sutulların qiyməti menyudan asılı olaraq 50-80 manat arası dəyişmişdir. Elvin 150 nəfərdən artıq qonaq gələ biləcəyini soruşduqda sonuncuya icazə olmadığını, belə məsələlərə Təqsirləndirilən şəxs baxdığını demişdir. Bundan sonra Elvinlə Təqsirləndirilən şəxs arasında olan danışıqdan xəbəri olmamışdır. Toyun keçirilməsinə bir-iki gün qalmış Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə “Kübar" adlı zalda keçiriləcək toyda qonaq sayının çox ola bilməsi və gələn qonaqların hər birinin masalarda yerləşdirilməsi barədə bütün işçilərə göstəriş vermiş, həmçinin yemək və digər qidaların da qonaq sayına uyğun hazırlanmasına tapşırıq vermişdir. Toyda iştirak edən şəxslərin sayı ilə bağlı məsələyə qarışmamış, yemək və ofisantlara nəzarət etmiş, qonaqların və toy sahibinin narazı getməməsinə cavabdeh olmuşdur. 21 noyabr 2021-ci il tarixdə toy mərasimi başlanılmış, toyda ilk əvvəl qonaq az olsa da sonradan 280 nəfər qonaq iştirak etmişdir. Axşam saat 21 radələrində şadlıq sarayına bir neçə mülki geyimli şəxs gəlib baxış keçirdikdən sonra müdir kimi qeydiyyatdan keçmiş Şahid2 və onu polis idarəsinə aparmışlar. Polis idarəsində izahat yazdıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə istintaqı zamanı şahidlər – Şahid2 və Şahid3 işin faktiki hallarına uyğun ifadə verərək ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1044/KEŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı bir tibbi sənəd olmadığından onun yeni növ virus infeksiyasına (Covid-19) yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs '‘Covid-19’' virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Oskar” Şadlıq sarayında işləyən və şahid qismində dindirilmiş şəxslər barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1044.1/KEŞ, 1044.2/KEŞ və 1044.3/KEŞ nömrəli rəylərində də 1044/KEŞ №-li rəydə qeyd edilmiş xüsusatlar təsdiq edilmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə” 21 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanda fəaliyyət göstərən “Oskar” şadlıq sarayına baxış keçirilmiş, baxış zamanı Şadlıq sarayının ikinci mərtəbəsində yerləşən “Kübar” adlı zalda 150 nəfərdən artıq qonağın iştirakı ilə toy mərasimi keçirildiyi, zalda 28 ədəd masa və hər masa arxasında 10 nəfərin əyləşməsi üçün stul qoyulması, ümumilikdə toy mərasimində 280 nəfər qonağın iştirak etdiyi müəyyən edilmişdir. Baxış zamanı zalda olan qonaqların və masaların sayını özündə əks etdirən bir vərəq siyahı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanda fəaliyyət göstərən “Oskar” şadlıq sarayında aşkar edilmiş zalda olan qonaqların və masaların sayını özündə əks etdirən 01 ədəd A4 formatlı kağız və əməliyyat-axtarış tədbirinin həyata küçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 21 noyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 28 dekabr 2021-ci il tarixli 089- 29392-1221 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda fəaliyyət göstərən “Oskar” şadlıq sarayında 01 iyul 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixdək olan müddət ərzində aşağıda qeyd edilən inzibati xətalar aşkar olunaraq müəyyən tədbirlər görülmüşdür. xx.xx.2021-ci il tarixdə "Oskar” şadlıq sarayında karantin rejimi qaydalarının pozulması (masalarda nəzərdə tutulmuş adam sayından artıq şəxslərin, 12 nəfərin əyləşməsi) aşkar olunmuş, şadlıq sarayının inzibatçısı Şahid4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq 4.000 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə "Oskar" şadlıq sarayında karantin rejimi qaydalarının pozulması (masalarda nəzərdə tutulmuş adam sayından artıq şəxslərin 12 nəfərin əyləşməsi və şadlıq evində 250 nəfər şəxsin toyda iştirak etməsi) aşkar olunmuş, şadlıq sarayının inzibatçısı X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq 5.000 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə "Oskar” şadlıq sarayında karantin rejimi qaydalarının pozulması (masalarda nəzərdə tutulmuş adam sayından artıq şəxslərin, 10 nəfərin əyləşməsi və şadlıq evində 250 nəfər şəxsin toyda iştirak etməsi) aşkar olunmuş, şadlıq sarayının inzibatçısı X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq 4.000 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailəlidir və himayəsində iki azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2022-ci il tarixli qərarının 1.5-11.2-ci bəndindən görünür ki, şənlik mərasimlərinin, (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində, cinayəti tamah məqsədi ilə törətməsinin təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, şənlik mərasimlərinin, (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyətinin ləğv edilməsi iş üzrə cəzanı yüngülləşdirən hal kimi müəyyən edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq hesab edir ki, onun barəsində minimum həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs həbsdə və “ev dustaqlığı”nda saxlanıldığı 03 ay 17 gün müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – 01 ədəd A4 formartlı kağız və 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 17 gün müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar – 01 ədəd A4 formartlı kağız və 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar