Məhkəmə qərarları › İş №1(007)-116/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-116/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-116/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,015 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 26 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində Nizami RPİ-nin 23-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 1,015 qram çəkidə qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 25 sentyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən 20 manat qarşılığında şəxsi istifadəsi üçün 01 büküm narkotik vasitə heroin əldə etmişdir. Həmin bükümdə olan narkotik vasitədən kiçik bir hissəsini istifadə etdikdən sonra həmin bükümü özündə saxlamışdır. 26 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Nizami RPİ-nin 23-cü Polis bölməsinə dəvət etmişlər. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 büküm narkotik vasitə heroin olduğu üçün onlarla getməklə bağlı tərəddüd etsə də, daha sonra bunun mənasız olduğunu düşünüb onlarla 23-cü Polis bölməsinə getmişdir. Yol boyu polis əməkdaşlarının nəzəri onun üzərində olduğundan o, əynində olan narkotik vasitə heroini ata bilməmişdir. Bölməyə çatdıqdan sonra onu təhqiqatçıya təhvil vermişlər. Burada ona öz xahişi əsasında müdafiəçi təyin edilmişdir. Daha sonra hüquq və vəzifələri izah edilmişdir. Üzərinə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif edilmiş, bu zaman o, əynində olan olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, 01 büküm narkotik vasitə heroini təhvil vermişdir. Həmin bükümə baxış keçirilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya, maddə və ya predmet aşkar edilməmişdir. Polisə gətirilərkən və ya araşdırmanın digər mərhələlərində ona qarşı hər-hansı fiziki, psixi və ya digər növ təziqlər edilməmişdir, ifadəsini sərbəst şəkildə olduğu kimi verir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 26 sentyabr 2022- ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinə mütəmadi olaraq gəlib-gedən “Zöhrab” adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməliyyat müvəkkili Şahid1 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmış, keçirilən əməliyyat tədbirləri nəticəsində Zöhrab adlı şəxsin 26 sentyabr 2022-ci il tarixdə gecə radələrində Keşlə qəsəbəsi ərazisində olacağı məlum olmuşdur. Zöhrabın cinayət əməlinin ifşa edilməsi və cinayət başında yaxlanaması üçün Keşlə qəsəbəsinə gedərək onun ətrafında bir qədər müşahidlər apardıqdan sonra 26 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim etmiş, bu zaman həmin şəxs onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib 23-cü Polis bölməsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs ilk öncə tərəddüd etsə də, daha sonra etiraz etməyərək avtomobilə əyləşmiş və onlar birlikdə 23-cü Polis bölməsinə getmişlər. Həmin vaxt raportla müraciət edərək Təqsirləndirilən şəxs 23-cü Polis bölməsinin baş təhqiqatçısı Rəşad Məmmədova təhvil vermişlər. Bir qədər sonra xidməti otaqda onun, Şahid2 iştirakı ilə baş təhqiqatçı X1 Babaşovun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və predmetləri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddəni Yasaml rayonu ərazisindən 20 manat qarşılığında əldə etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol düz olduğu üçün, iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə 27 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən həmin şöbənin əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan büküm təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş, əşya maddə və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 6/5539 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Arayışlar üçün №163” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirakçılar: iki imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 1,015 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.965 qram hissəsi qalıq qalmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 oktyabr 2022-ci il tarixli, 5832 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub. Hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 1,015 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata 0,05 qramı sərf edildikdə sonra qalıq qalan hazırkı çəkisi 0,965 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd “CD” disk maddi sübut kimi tanınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli tutma protokolundan, 28 sentyabr 2022-ci il tarixli cəlb qərarından və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 27 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0.965 qram narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.965 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 90 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar