Məhkəmə qərarları › İş №1(007)-117/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-117/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-117/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xudayar oğlunun, təqsirləndirilən şəxs – Qocayev Elmar Şəmsəddin oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Taqanroq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Qocayev Elmar Şəmsəddin oğlunun Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qocayev Elmar Şəmsəddin oğlu xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 25 saylı binanın 9-cu mərtəbəsinin dəhlizində, 69-cu mənzilin giriş qapısının qarşısında saxlanılan, həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs1 məxsus və sonuncunun azyaşlı övladının istifadəsində olan 550 manat dəyərində, markası istintaqa məlum olmayan velosipedi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 550 manat miqdarında maddi ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 124 saylı binanın 16-cı mərtəbəsinin dəhlizində saxlanılan, həmin binanın 110-cu mənzilində yaşayan Zərərçəkmiş şəxs2 məxsus və sonuncunun azyaşlı övladının istifadəsində olan 600 manat dəyərində “Adidas” markalı velosipedi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 600 manat miqdarında maddi ziyan vurmaqla oğlurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki “Araz” marketin yaxınlığında yerləşən yeni tikilinin 2-ci blokunun açıq olduğunu görüb daxil olmuş, pilləkanlar ilə qalxıb 9-cu mərtəbədə yerləşən mənzillərdən birinin bayır qapısının qarşısında velosipedin nəzarətsiz olduğunu görüb oğurlamış və binanı tərk etmişdir. Həmin gün velosipedi məhəlləsində bir qədər sürmüş, səhərisi gün satmaq məqsədilə 8-ci kilometr bazarında rayonlardan meyvətərəvəz gətirən yük avtomobillərinin sürücülərinə təklif etmişdir. Orada Sabirabad rayonundan qarpız məhsulu gətirmiş “Qazel” markalı avtomobilin şəxsiyyətini tanımadığı, orta yaşlı sürücüsünə həmin velosipedi 100 manata təklif edib sonda 70 manata satmışdır. O, xx.xx.2020-ci il tarixdə səhər saatlarında oğurluq etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, “Q.Qarayev” metrostansiyasının yaxınlığında, T.Abbasov küçəsində yerləşən yeni tikilinin 1-ci blokunun açıq olduğunu görüb daxil olmuş, 16-cı mərtəbənin dəhlizində velosipedin divara söykənmiş vəziyyətdə, hər hansı bir formada qıfılla, yaxud da zəncirlə bərkidilmədiyini görüb velosipedi götürərək binanı tərk etmişdir. O, velosipedi avtomobillərin yuyulma sexində yuduzdurub təkərlərini qaraltdırmışdır ki, təzə kimi görünsün. Bundan sonra həmin velosipedi 8-ci kilometr bazarına aparıb orada araba sürən, üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi bir fəhləyə 35 manata satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saat 16 radələrində azyaşlı oğlu İsmayıl onun təzə aldığı, markasını xatırlamadığı, üç dirəkli disklərlə olan velosipedi yaşadıqları ünvan 2 ünvanında yerləşən yeni tikilinin 9-cu mərtəbəsindəki 69 saylı mənzilin qarşısında saxlayıb evə gəlmişdir. Həmin gün saat 20 radələrində o, mənzildən çıxan zaman velosipedin yerində olmadığını aşkar etmişdir. O, dərhal yaşadığı binanın mühafizəçisinin yanına getmiş, orada müşahidə kameralarını izləyən zaman əvvəllər tanımadığı bir şəxsin velosipedlə binanın blokundan çıxıb uzaqlaşdığını görmüşdür. Hadisə nəticəsində ona 550 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, azyaşlı oğlu Bayram üçün aldığı “Adidas” markalı velosipedi yaşadığı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 124 saylı binanın 110-cu mənzilində yer olmadığı üçün 16-cı mərtəbənin dəhlizində saxlamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında oğlu Bayram həmin velosipedlə binanın həyətində bir qədər oynayıb evə qalxmışdır. Həmin gün saat 17 radələrində evdən çıxan zaman velosipedin yerində olmadığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri ilə bağlı Nizami RPİ-nin 25-ci PŞ-də HK-1395 və HK-1442 nömrəsi ilə qeydiyyata alınmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-173/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir. - xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 7 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 19 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus velosipedləri gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay 27 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 50 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 80 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 (dörd yüz səksən) manat 80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Qocayev Elmar Şəmsəddin oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay 27 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 10 (on) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Qocayev Elmar Şəmsəddin oğluna 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar