Məhkəmə qərarları › İş №1(007)-117/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-117/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-117/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1972-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş 7 ay 9 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024cü ildə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün 15 avqust 2024-cü il tarixdə, saat 17:55 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 109 ünvanındakı “Laçın” ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi qızıl alışı-satışı şöbəsinə müştəri qismində yaxınlaşıb sonuncunun diqqətinin yayınmasından istifadə edərək şüşə vitrinin üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus ümumi qiyməti 1320 manat olan 11 qram çəkidə 585 əyarlı iki ədəd qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 48C ünvanında, “Neftçilər” filialında yerləşən telefon mağazasına müştəri kimi daxil olaraq orada olan şəxslərin diqqətinin yayınmasından istifadə edərək qapısı açıq vəziyyətdə olan vitrinin aşağı hissəsindəki şkafdan "xxxx" MMC-yə məxsus 630 manat dəyərində “Samsung Galaxy A25 (SM-A256) 8 GB/256 GB Blue/Black” markalı mobil telefonu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 630 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 avqust 2024-cü il tarixdə tanışı Təranə Abuşovaya qızıl seçmək üçün birlikdə Bakı şəhəri, Nizami rayonunda olan “Laçın” ticarət mərkəzinə getmişlər. Təranə mağazada qızıllara baxan zaman satıcının başının Təranə ilə söhbətə qarışmağından istifadə edərək vitrinin üzərində olan iki ədəd qızıl boyunbağını götürmüşdür. Onun qızılları götürməsini nə satıcı, nə Təranə, nə də başqa biri görməmişdir. Təranə qızıllara baxdıqdan sonra mağazadan çıxıb getmişlər. Növbəti gün Təranə ilə görüşdükdə həmin qızılları ona göstərərək ona borcu olan şəxsin pul əvəzində həmin qızılları ona verdiyini bildirmişdir. Təranəyə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş, həmin qızılları satmasını xahiş etmişdir. Təranə həmin qızılları satıb pulunu ona vermiş, o da həmin puldan ona xərcləməsi üçün 200 manat vermişdir. 18 avqust 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, “Q.Qarayev” metrostansiyası yaxınlığında olarkən iki nəfər özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona yaxınlaşıb oğurluqda şübhəli olduğunu bildirmişlər. Onu 24-cü Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinə getdikdən sonra, orada törətmiş olduğu əməli etiraf etmişdir. X3 iyirmi ilə yaxındır ki, tanıyır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 15 radələrində dostu İlqar ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" mağazasının qarşısından keçən zaman o, İlqara mağazada olan telefonlara baxmaq istədiyini demiş və onlar birlikdə mağazaya daxil olmuşlar. O, vitrində olan telefonlara baxan zaman, vitrinin dolablarından birinin açıq olduğunu görmüş, həmin dolabda olan telefonlardan birini götürmüş, əynində olan gödəkcənin iç cibinə qoymuşdur. Sonra isə İlqara yaxınlaşmış və ona mağazadan çıxmaq istədiyini demişdir. İlqar ilə birlikdə mağazadan çıxmışlar. Mağazadan oğurladığı telefonu özündə saxlamış, təxminən 3-4 gün sonra yenidən İlqarla görüşmüş, İlqara bir ədəd telefon almasını, satmaq istədiyini və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. İlqar ilə birlikdə “M.Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi telefon mağazasına getmişlər. Həmin mağazada İlqar öz şəxsiyyət vəsiqəsi ilə həmin telefonu 250 manata satmışdır. İlqar telefonun oğurluq olmasını bilməmişdir. "xxxx" MMC-yə dəymiş ziyanı tam ödəmişdir, oğurladığı qızıl boyunbağıya görə zərərçəkmiş şəxsə dəymiş 1320 manatdan 800 manat ödəmişdir, qalan məbləği də ödəyəcəkdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yerləşən “Laçın” ticarət mərkəzinin ikinci mərtəbəsində olan “Qızıl alış-satışı” bölməsinin 14 nömrəli şüşə vitrinində qızıl satışı ilə məşğul olur. 15 avqust 2024-cü il tarixdə, saat 19 radələrində işdə olarkən bir kişi, bir qadın vitrinə yaxınlaşaraq vitrindən qızıllara baxmağa başlamışlar. O, yaxınlaşıb maraqlanan zaman onlar qadın üçün qızıla baxdıqlarını demişlər. Qadın qızılları soruşduqca o, qadın daha yaxşı görə bilsin deyə həmin qızılları vitrindən çıxarıb vitrinin üzərinə qoymuşdur. Kişi də həmin vaxt qadının yanında qızıllara baxmışdır. Bir qədər sonra qadın qızıl boyunbağını bəyəndiyini bildirmiş, lakin qızılı sabah gəlib götürəcəyini və həmin qızılı saxlamağı üçün ona beh verməyi təklif etmiş, o da qadınla razılaşmışdır. Qadın onun istifadəsində olan “Kapital Bank” kartına 20 manat pul göndərmişdir. Bir qədər sonra onlar oradan uzaqlaşmışlar. Daha sonra o, kameraya baxdıqda qadının yanında olan kişinin onun qadınla olan söhbəti zamanı vitrinin üzərində olan qızıllardan əvvəlcə birini, daha sonra isə ikincini götürdüyünü görmüşdür. Qızılları yoxlayarkən 585 əyarlıq biri 2,25 qram, digəri isə 8,75 qram olan iki ədəd boyunbağının yerində olmadığını görmüşdür. Ona 1320 manat maddi ziyan dəymişdir, dəymiş ziyandan ona 800 manat ödənilmişdir, qalan məbləğin ödənilməsini tələb edir. İş üzrə zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş 630 manat maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır. Onlar xx.xx.2024-cü il tarixdə, saat təxminən 15 radələrində Pərvin ilə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" mağazasının qarşısından keçərkən Pərvin ona həmin mağazaya daxil olub telefonlara baxmaq istədiyini demişdir. Onlar birlikdə həmin mağazaya daxil olmuşlar. O, vitrində olan telefonlara baxdığı zaman Pərvin onun yanına gələrək mağazadan çıxmalı olduğunu demiş və onlar mağazadan çölə çıxmışlar. Onlar mağazadan çıxdıqdan sonra birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən parka getmişlər. Bir qədər orada gəzişdikdən sonra evlərinə getmişlər. Təxminən üç-dörd gün sonra Pərvin onun yaşadığı evə gəlmiş. Həmin vaxt Pərvin ona bir ədəd “Samsung A 25” modelli mobil telefon hədiyyə olunduğunu və həmin mobil telefonu satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsini itirdiyi üçün həmin telefonu sata bilmədiyini, onun öz şəxsiyyət vəsiqəsi ilə ona mobil telefonu satmaqda köməklik etməyini bildirmişdir. O, Pərvin ilə birlikdə onun yaşadığı evdən çıxıb getmişlər. “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə daxil olmuşlar. Həmin mağazada olan satıcı telefonu haradan aldıqlarını soruşmuş, Pərvin həmin telefonun ona hədiyyə olunduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, şəxsiyyət vəsiqəsini satıcıya təqdim etmiş və telefonu 250 manata satmışlar. Bir müddət keçdikdən sonra polis əməkdaşları yaşadığı evə gələrək onu 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsiyyət vəsiqəsi ilə telefon satdığını və həmin telefonun oğurluq olduğunu bildirmişlər. O, polis əməkdaşlarına həmin mobil telefonun Pərvinin olduğunu, onun şəxsiyyət vəsiqəsi ilə satmaq üçün xahiş etdiyinə görə onunla gedib həmin telefonu satdığını, həmin telefonun oğurluq olduğunu bilmədiyini demişdir. İş üzrə şahid X4 məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid X4 istintaqda Təqsirləndirilən şəxs ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən “Bakcell” adlı mobil telefonların satışı mağazasında satıcı işləyir. O, mağazada ancaq yeni telefonların satışını həyata keçirir. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində onun işlədiyi mağazaya iki nəfər müştəri gəlmişdir. Həmin müştərilərdən biri ona bir ədəd “Samsung A25” model mobil telefonunun olduğunu və həmin telefonu satmaq istədiyini bildirmişdir. Həmin telefon işlənməmiş, təzə telefon olmuş, həmin şəxs isə ona mobil telefonun ona hədiyyə verildiyini, hazırda onun pula ehtiyacı olduğunu, telefonu 300 manata satmaq istədiyini bildirmişdir. O, isə telefona 250 manat pul verə biləcəyini demiş, həmin şəxs razılaşmış, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsində olan şəkilin həmin şəxsə aid olub-olmadığını eyniləşdirdikdən sonra şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, şəxsiyyət vəsiqəsinin surətini çıxardığı vərəqdə həmin şəxsin telefon nömrəsini və mobil telefonun İMEİ kodlarını qeyd etmişdir. Sonra telefonu başqa şəxsə satmışdır. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən “Moskva” univermağının yaxınlığında yerləşən “Jasmin Gold” adlı mağazada qızıl alışı şöbəsində işləyir. 16 avqust 2024-cü il tarixdə səhər saatlarında adı ona sonradan məlum olan X4 mağazaya yaxınlaşıb özünə məxsus olan iki ədəd qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. O, həmin qızıl boyunbağılara baxıb onların qızıl olduğunu dəqiqləşdirdikdən sonra onları elektron tərəzi vasitəsi ilə çəkmişdir. Həmin qızıl boyunbağıların ümumi çəkisinin 8,69 qram olduğunu müəyyən etmiş və Təranə Abuşovaya qızıllar üçün ümumi qiymət olaraq 680 manat pul təklif etmişdir. Təranə qızılları həmin qiymətə satmaq üçün onunla razılaşmış və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Onun şəxsiyyət vəsiqəsinə baxıb, vəsiqənin fotosunu çəkmiş, sonra isə qızıl boyunbağıları götürüb ona pulunu ödəmişdir. Sonra isə Təranə mağazadan çıxıb getmişdir. Həmin qızılları lom kimi qəbul edərək, satmışdır. Ona görə də qızılları istintaqa təqdim edə bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - maddi sübutun təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 bir ədəd üzərində Şahid4 şəxsiyyət vəsiqəsinin surəti, 051 *** ** ** mobil nömrəsi, Samsung A 25 və İMEİ **********03747, **********03749 nömrələri qeyd olunmuş kağızı təqdim etmişdir. - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş şəxs qismində, X1 zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* cinayət işinin nömrəsi ilə davam etdirilmişdir. - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. - təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi iki ədəd qızıl boyunbağının oğurlanması zamanı qeydə alınmış videogörüntülərə baxış zamanı xx.xx.2024-cü il tarixdə bir nəfər üzərində ağ rəngli köynək olan, orta yaşlı, eynəkli qadının çənəsinə çəhrayı rəngli mobil telefonu dirəyib piştaxtaya baxması, qadının yanında əynində qara rəngli köynəyi olan orta yaşlı kişi cinsli şəxsin olması, piştaxtanın arxasında olan açıq yaşıl rəngli qısaqol köynəkdə olan, bığlı şəxsin piştaxtanın qarşısında olan qadınla söhbət etməsi, ona qızılları göstərməsi, həmin vaxt isə qara köynəkdə kişi cinsli şəxsin olması, piştaxtanın üzərində Təqsirləndirilən şəxs qızıl boyunbağıları oğurlamasının videogörüntülərinin qeyd olunduğu “DVD” diski təqdim etmişdir. Həmin videogörüntülərə baxış aparılan zaman Təqsirləndirilən şəxs vitrinin üzərindən iki ədəd qızıl boyunbağını oğurladığı müəyyən edilmişdir. Həmin videogörüntülər olan bir ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qızıl boyunbağıların oğurlanmasının videogörüntüsünün qeyd olunduğu 1 ədəd “DVD” disk, Şahid2 təqdim etdiyi X2 məxsus şəxsiyyət vəsiqəsinin və satdığı qızılların fotoşəkli, Şahid3 təqdim etdiyi bir ədəd üzərində “Şahid4 şəxsiyyət vəsiqəsinin surəti, 051 *** ** ** mobil nömrəsi, Samsung A 25 və İMEİ **********03747, **********03749 nömrələri” məzmunda yazı qeyd olunmuş kağız maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən qohumluq məlumatları haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü uşağı var. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş 7 ay 9 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş "xxxx" MMC-yə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsinin şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs dəymiş 1320 manat ziyandan 800 manat ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” diskin, X2 məxsus şəxsiyyət vəsiqəsinin və onun satdığı qızılların fotoşəkli, Şahid3 təqdim etdiyi bir ədəd üzərində “Şahid4 şəxsiyyət vəsiqəsinin surəti, 051 *** ** ** mobil nömrəsi, Samsung A 25 və İMEİ **********03747, **********03749 nömrələri” məzmunda yazı qeyd olunmuş kağızın maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 (bir yüz altmış iki) manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk, Şahid2 təqdim etdiyi X2 məxsus olan şəxsiyyət vəsiqəsi ilə onun satdığı qızılların şəklini çəkdiyi fotoşəkil, Şahid3 təqdim etdiyi bir ədəd üzərində Şahid4 şəxsiyyət vəsiqəsinin surəti, 051 *** ** ** mobil nömrəsi, Samsung A 25 və İMEİ **********03747, **********03749 nömrələri qeyd olunmuş kağız cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 162 (bir yüz altmış iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar