Məhkəmə qərarları › İş №1(007)-118/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-118/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-118/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Masallı rayonu Əzizabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-47/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə, həmin Məcəllənin 66.5 və 68.2ci maddələri tətbiq edilməklə, qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, Masallı rayonu Əzizabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 oktyabr 2022-ci il tarixdə radələrində ünvan 1 ünvanında yerləşən “Meredian Park” şadlıq evinə qonaq qismində daxil olaraq, şadlıq evində olan masanın üzərində olan, Zərərçəkmiş şəxs1 məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları pul, 200 manat pul, 100 manat dəyərində kosmetik əşyalar, 50 manat dəyərində qadın ətri, üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 20 manat dəyərində “Nokia” markalı mobil telefon olan 35 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 noyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Grand Neon” şadlıq evinə qonaq qismində daxil olaraq, şadlıq evində masanın üzərində olan, Zərərçəkmiş şəxs2 məxsus içərisində 309 manat pul və 20 manat dəyərində optik eynək olan 30 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 359 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmədiyi üçün maddi imkanı zəif olduğundan Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən bir neçə şadlıq saraylarında oğurluq etmişdir. Üzərində pulu olmadığı üçün xx.xx.2022-ci il tarixdə, təxminən saat 19 radələrində sonradan ünvanını bildiyi ünvan 3toranında keçirilən tanımadığı şəxsin toy məclisinə daxil olub qonaq kimi masaların birində əyləşmişdir. Masada əyləşib yemək yeyib spirtli içki qəbul etdikdən sonra nəzarətsiz olan masalara üzərində hər hansı bir əşyaların olub-olmamasına nəzər yetirmişdir. Təxminən masada əyləşdikdən 3 saat sonra masanın birinin üzərində qadın əl çantasının olduğunu və masada heç bir kəsin olmadığını görmüş, oturduğu oturacaqdan qalxıb gizli şəkildə həmin masaya yaxınlaşmış, kənarda olan şəxslərin fikrinin onda olmadığına tam əmin olduqdan sonra, çantanı oradan götürüb əlində saxladığı pencəyin altında gizlədərək restorandan çıxıb getmişdir. Restorandan çıxıb tanımadığı küçədə piyada hərəkət edərkən çantanı ağzını açıb içərisindən 200 manat və təxminən yadımda qalan 600-700 ABŞ dolları, düyməli sadə Nokia mobil telefon və müxtəlif kosmetik əşyaların olduğunu görmüşdür. Çantanın içərisində olan 200 manat nağd pulu və 600-700 ABŞ dolları pulları götürüb və çantanı içərisində olan mobil telefon və kosmetik əşyalarla birlikdə hərəkətdə olduğu tanımadığı küçədə yolun kənarına atmışdır. Oğurluq zamanı əldə etdiyi pulları şəhərin müxtəlif restoranlarında xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 dair epizod üzrə isə özünü təqsirli bilmir. Ona edilmiş təzyiqlər nəticəsində istintaq zamanı etirafedici ifadələr vermişdir. Zərərçəkmiş şəxs2 dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Sonda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 münasibətdə etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və evində xəstə bacısı olduğunu, valideynlərinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 16 oktyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində o, ünvan 1 ünvanında yerləşən "Meridian Park" şadlıq sarayında toy mərasiminə getmişdir. O, şadlıq sarayında 2 oğlu, 1 qızı və yaxın qohumları ilə birlikdə 8-ci masada oturmuşdur. Həmin gün, təxminən saat 23 radələrində onunla eyni masada əyləşən şəxslərlə birlikdə rəqs etmək üçün masadan qalxmışlar. Həmin vaxt onun əyləşdiyi masada heç kəs qalmamış, yəni hamı rəqs etmək üçün masadan qalxmışdır. O, rəqs etməyə gedərkən özünə məxsus əl çantasını masanın üzərinə qoymuşdur. Onun əl çantasının içərisində həmin vaxtı özünə məxsus 1.000 ABŞ dollar pul, 200 manat pul, 100 manat dəyərində kosmetik əşyalar, 50 manat dəyərində qadın ətri, üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 20 manat dəyərində «Nokia» markalı mobil telefon olmuşdur. Onun əl çantasının qiyməti isə 35 manat dəyərində olmuşdur. O, masadan ayrılıb rəqs etdikdən təxminən 10-15 dəqiqədən sonra əl çantasını götürmək üçün masaya yaxınlaşdıqda əl çantasının yerində olmadığını aşkar etmişdir. O, dərhal əl çantasını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, rəqs etməyə getdikdən sonra qeyd olunan əl çantası naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş oğluq nəticəsində ona ümumilikdə 2.110 (iki min yüz on) manat maddi ziyan dəymişdir. Oğurluqda şübhələndiyi şəxs yoxdur. Ona məxsus ***-***-**-** saylı GSM nömrə üzərində danışıq vəsaiti olmamışdır. Həmin vaxtı onun əl çantasında yalnız qeyd etdiyi məbləğdə pullar və əşyalar olmuşdur, bunlardan başqa heç nə olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 11 noyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində o, ünvan 2 ünvanında yerləşən "Grand Neon" şadlıq sarayında toy mərasiminə getmişdir. O, şadlıq sarayında iş yoldaşları ilə birlikdə eyni masada əyləşmişdir. Həmin gün, təxminən saat 20 radələrindən onunla eyni masada əyləşən şəxslərlə birlikdə rəqs etmək üçün masadan qalxmışlar. Həmin vaxt onun əyləşdiyi masada heç kəs qalmamış, yəni hamı rəqs etmək üçün masadan qalxmışdır. O, rəqs etməyə gedərkən özünə məxsus əl çantasını masanın üzərinə qoymuşdur. Onun əl çantasının içərisində həmin vaxtı özünə məxsus 309 manat pul və 20 manat dəyərində olan optik eynək olmuşdur. Onun əl çantasının qiyməti isə 30 manat dəyərində olmuşdur. O, masadan ayrılıb rəqs etdikdən təxminən 2-3 dəqiqədən sonra əl çantasını götürmək üçün masaya yaxınlaşdıqda əl çantasının yerində olmadığını aşkar etmişdir. O, dərhal əl çantasını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, rəqs etməyə getdikdən sonra qeyd olunan əl çantası naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 359 (üç yüz əlli doqquz) manat maddi ziyan dəymişdir. Buna görə o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. 12 noyabr 2022-ci il tarixdə restoranın müşahidə kamerasına baxış keçirən zaman əvvəllər tanımadığı, təxminən 40- 45 yaşlarında bir nəfər kişi cinsli şəxsin onun əyləşmiş olduğu masaya əyləşərək gizli şəkildə masanın üzərində olan, ona məxsus əl çantasını oğurlayaraq əlində saxladığı geyimin arasına gizlədərək şadlıq evini tərk etməsini görmüşdür. Bundan sonra əmin olmuşdur ki, onun əl çantası şadlıq evində masanın üzərindən məhz həmin şəxs tərəfindən oğurlanmışdır. Lakin o, həmin şəxsin oğurluq etməsinin şahidi olmamışdır. Həmin vaxtı onun əl çantasında yalnız qeyd etdiyi məbləğdə pullar və eynək olmuşdur, bunlardan başqa heç nə olmamışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, barışıq ərizəsinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən “Meridian Park” şadlıq sarayının zalında baş vermişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Meridian Park” şadlıq sarayından götürülmüş videogörüntü olan 01 ədəd DVD diskə baxış keçirilmiş, videogörüntüdə orta boylu, orta bədən quruluşlu, təxminən 35-40 yaşlarında bir nəfər şəxsin restoranın zalında gəzişərək masalardan birinə yaxınlaşdığı, həmin masanın ətrafında bir qədər dayndıqdan sonra həmin masanın ətrafında olan stullardan birində əyləşərək digər stulun üzərində olan çantanı götürüb əlində olan gödəkçənin altında gizlədərək masadan uzaqlaşdığı müəyyənləşdirilmişdir. İş materiallarında olan 13 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 5 ünvanında yerləşən “Grand Neon” şadlıq sarayında baş vermişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Grand Neon” sarayından götürülmüş videogörüntü olan 01 ədəd DVD diskə baxış keçirilmiş, videogörüntüdə restoran zalında çox sayda adamın rəqs etməsi, həmin vaxt bir nəfər ayağında qara ayaqqabı, əynində göy rəngli şalvar, açıq boz rəngli köynək olan şəxs rəqs edənləri zalın ortasında əl çalaraq müşahidə etməsi, bir qədər sonra oradan uzaqlaşıb sol qolunda saxlamış olduğu qara rəngli pencəklə nəzarətsiz və ətrafında boş olan oturacaqlar və üzərində qara rəngli əl çantası olan masanın yanına geri qayıtması, qara rəngli əl çantasının yanındakı oturacaqda əyləşməsi və otuz saniyə sonra həmin şəxsin əlində pencəyi qarın nahiyəsinə sıxaraq oturacaqdan qaalxıb zalı tərk etməsi, bu zaman çantanın masanın üzərində olmaması müəyyənləşdirilmişdir. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Grand Neon” şadlıq sarayından götürülmüş, oğurluğu özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman, həmin vaxtı ayağında qara ayaqqabı, əynində göy rəngli şalvar, açıq boz rəngli köynək olan şəxsin rəqs edən şəxslərin arasından zalın ortasından əl çalaraq müşahidə etməsi, bir qədər sonra oradan uzaqlaşıb, ətrafında stulları boş olan masanın yanına gəlib əyləşməsi, stolun üzərində olan qara rəngli qadın əl çantasını götürərək əlində olan pencəyini qarın nahiyəsinə sıxaraq oturacaqdan qalxıb şadlıq evini tərk etməsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özünün olduğunu bildirərək həmin cinayət əməlini törətməsini bildirmişdir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi yerləri əyani şəkildə göstərmiş və hadisə yerinin foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 13 noyabr 2023-cü il tarixli, 20-12/631 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş, baxış zamanı şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər və foto şəkillər olan 02 (iki) ədəd DVD disk sübut növü kimi nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 münasibətdə ifadəsini polis idarəsində ona olunan təyziq nəticəsində verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs2 münasibətdə törətdiyi əməldən səmimi peşman olmasını və sonuncuya dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 noyabr 2022-ci il tarixli tələbnaməsindən və Masallı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-47/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(050)-262/2023 saylı, 26 iyul 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 4000 manat cərimə cəzası və 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 4000 manat cərimə cəzası və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzasının müstəqil icra olunması, cəzaçəkmə müddətinin əvvəlinin 12 aprel 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi ilə əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 1(050)-47/2023 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmiş, həmin müddətdə o, hazırkı iş üzrə məhkəmə istintaqı aparıldığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, buna görə də həmin cəza çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 1(050)-47/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən, ona təyin edilmiş 4000 manat cərimə cəzası ilə tam toplanmaqla, təqsirləndirilən şəxsə çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə növündə cəzalar müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli protokoldan, 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan, 22 noyabr 2022-ci il tarixli vəsatətdən, eyni tarxili təqdimatdan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 22 noyabr 2022-ci il tarixdə barəsində 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 noyabr 2022-ci ildən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında baxılanadək təsdiq edilmiş, məhkəmənin 23 fevral 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkəməyə verilməsi, işin məhkəmə baxışına təyin edilməsi və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Masallı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 1(050)-47/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən, ona təyin edilmiş 4000 manat cərimə cəzası ilə tam toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə növündə cəzalar müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzası müstəqil icra olunsun. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar