Məhkəmə qərarları › İş №1(007)-119/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-119/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-119/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1992-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qaragüvəndikli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, döngə 1-də yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində ictimai yer hesab olunan ünvan 1 saylı ünvanda yerləşən “Xəmsə” şadlıq sarayının həyətində, sərxoş vəziyyətdə, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək digərlərinin gözü qarşısında ünvansız nalayiq küçə söyüşləri söymüş, ictimai qaydaya riayət etməyə dəvət etmək üçün ona yaxınlaşmış Zərərçəkmiş şəxs heç bir səbəb olmadan əvvəlcə sifət nahiyəsindən bir dəfə yumruqla vurub ona burun kökü və boyunun sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən və sonradan təpiklə ayağından vuraraq sonuncuya sağ baldırın yuxarı 1/3-nin qançır və yumşaq toxumalarının əziyi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə tanışı Zülfüqar Həsənovun Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xəmsə” şadlıq sarayında toy mərasimində iştirak etmişdir. Toy məclisində ondan əlavə dostları Əfsər, İbrahim və Orxan da iştirak etmişlər. Toyun sonuna yaxın restoranın dəhlizində dayanıb söhbət edən zaman bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq söyüşlə danışmamalarını xahiş etmişdir. Bundan sonra o, foyedə olanda Zülfüqarın tanımadığı qohumu, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşaraq mübahisə etməmələrini bildirmişdir. Onlar da Azərə bura dostları Zülfüqarın toyuna gəldiklərini, heç kimlə mübahisə və dava etmək fikirlərinin olmadığını bildirmişlər. Bundan sonra onlar toy zalında olan yerlərinə keçmiş və spirtli içki içməyə davam etmişlər. Təxminən 20 dəqiqə sonra toy qurtarmış və onlar restorandan getmək üçün qapıdan çıxmışlar. Restorandan çıxan zaman Orxan, İbrahim və Əfsər qabaqdan getmişlər. O isə, spirtli içkinin təsiri altında olduğu üçün bir az aralıda getmişdir. Restorandan çıxanda hazırda üzünü və adını xatırlamadığı şəxsin ona acıqlı şəkildə baxdığını görmüş və həmin şəxsdən hansı səbəbdən ona acıqlı şəkildə baxdığını soruşmuşdur. Həmin şəxs isə onun sualına cavab verməmiş və üzünü çevirib getmişdir. Spirtli içkinin təsiri altında olduğuna görə həmin şəxsin ona acıqlı baxmağı, həmçinin verdiyi suala cavab verməyib üzünü çevirib getməyi ona pis təsir etmiş, bu səbəbdən o, bərk əsəbləşmiş və qışqırıb həmin şəxsi çağırmağa başlamışdır. Qışqırmağı heç bir nəticə vermədiyinə görə o, həmin şəxsi söyməyə başlamışdır. Bu zaman onun yanına Orxan, İbrahim və Əfsər gəlib onu sakitləşdirmək istəmişlər. Dostları yanında olan zaman Zülfüqarın qohumu Azərin ona yaxınlaşdığını görmüş və Azərin onu vuracağını zənn edib dostlarının arasından çıxıb ona bir yumruq atmışdır. Lakin o, yumruğun Azərə dəyib-dəymədiyini xatırlamır. Dostları onu yenidən oradan uzaqlaşdırıb aparmışlar. Dostları onunla söhbət edib sakitləşdirən zaman Azərin kənarda yerdə uzanmış vəziyyətdə qışqırdığını görmüşdür. Onlar Azərə yaxınlaşaraq qışqırmağının səbəbini öyrənmək istəmişlər. O, Azərin yalandan səs-küy yaratdığını zənn edib, ona yaxınlaşıb təpiklə bir neçə dəfə vurub yerdən qalxmasını tələb etmişdir. Bu zaman Orxan, İbrahim və Əfsər onun qolundan tutub zorla avtomobilə mindirib oradan uzaqlaşdırmış, onu yaşadığı evə aparmışlar. O, evə getdikdən sonra yatmışdır. Hadisədən təxminən iki gün sonra Orxan ona zəng vuraraq toy günü Azərin ayağının sındığını bildirmişdir. O, Azərin yatdığı xəstəxananı öyrənib onun yanına getmiş və etdiyi hərəkətlərə görə üzr istəmişdir. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə xalası oğlu Zülfüqarın Nizami rayonu ərazisində yerləşən “Xəmsə” restoranında toy məclisi olmuşdur. O, həmin toyda ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Saat təxminən 22 radələrində o, toy zalından çıxmış və qonaqların istirahəti üçün nəzərdə tutulan dəhlizdə Zülfüqarın dostlarının qohumu Natiqlə söhbət etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşanda Natiqin həmin şəxslərə toy zalında qadınların olduğunu və bu səbəbdən söyüş söyməmələrini xahiş etdiyini eşitmişdir. Həmin şəxslər Natiqlə razılaşaraq üzrxahlıq etmişlər. Təxminən saat 23:30-da toy qurtardıqdan sonra o, ailə üzvlərini avtomobilə mindirib getmək istəmişdir. Lakin bu zaman restoranın qarşısında tanımadığı şəxsin yüksək səslə söyüş söydüyünü eşitmişdir. Bundan sonra o, restoranın qarşısına yaxınlaşaraq nə məsələ olduğunu soruşmaq istəmişdir. Ora yaxınlaşanda heç kimdən heç nə soruşa bilmədən sonradan adının Simran olduğunu öyrəndiyi şəxs onun üz nahiyəsindən yumruqla vurmuşdur. Simranın yanında olan, sonradan adlarının Əfsər, Orxan və İbrahim olduğunu öyrəndiyi şəxslər Simranı aralaşdırmışlar. O, olduğu yerdə dayanmış və təxminən 5-10 saniyə sonra geri çəkilmişdir. Bu zaman ayağı səkidən sürüşmüş və burxulmuşdur. O, ayaq sümüyünün sınma səsini eşitmişdir. Yerə yıxılıb ağrının şiddətindən qışqırmağa başlamışdır. Yerdə olanda ətrafına adamlar yığışmışdır. Anası Sara da orada olmuşdur. Qohumları təcili tibbi yardım çağırmışdır. Ona yumruq vuran Simran yenidən ona yaxınlaşaraq yerdə uzanmış vəziyyətdə olmasına baxmayaraq sağ ayağından bir neçə dəfə təpiklə vurmuşdur. Simranın yanında olan dostları yenidən onu uzaqlaşdırmışlar. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və onu travmatologiya xəstəxanasına aparmışlar. Xəstəxanaya gedəndə o, şikayət etməmək qərarına gəlmişdir. Belə ki, anası Sara onu vuran şəxsin spritli içkinin təsiri altında olduğunu və yaşının az olduğunu bildirərək şikayət etməməsini xahiş etmişdir. O, anası ilə razılaşmış və şikayət etməyəcəyini bildirmişdir. Lakin bir neçə gün xəstəxanada qalmasına baxmayaraq onu vurub bədən xəsarəti yetirən şəxs və onun yanında olan şəxslər gəlib üzrxahlıq etməmişlər. Bundan sonra o, əsəbləşmiş, onu vuran və yanında olan şəxslər barəsində şikayət etmək qərarına gəlmişdir. O, xəstəxanada təxminən 18 gün qalmışdır. Hadisədən təxminən 4 gün sonra Simran xəstəxanaya gələrək ondan üzrxahlıq etməyə başlamışdır. Sonra isə Orxan, İbrahim və Əfsər də xəstəxanaya gəlmişlər. O, Simrandan hansı səbəbdən onu vurduğunu soruşduqda, o, spirtli içkinin təsiri altında hadisənin baş verdiyini, hazırda peşman olduğunu bildirmişdir. Simran onun yanına gələndə ondan barışıq istəmişlər. O, əvvəl onlarla barışmaq istəməmiş, lakin sonradan valideynlərinin xahişi ilə onlarla barışığa razılıq vermişdir. Zərərçəkmiş şəxs poçt vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə aralarında yaranan problemlə bağlı məsələnin həll olunduğunu, onunla barışdığını, heç bir tələb və şikayətinin olmadığını göstərmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə sinif yoldaşı Zülfüqar Həsənovun Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Xəmsə” şadlıq sarayında toy mərasimində iştirak etmişdir. Toy məclisində ondan əlavə digər tanışları İbrahim, Simran və Əfsər də iştirak etmişlər. Toy mərasiminin sonuna yaxın o, şadlıq sarayının dəhlizində olan zaman Zülfüqarın tanımadığı qohumları, həmçinin sonradan adını bildiyi Zərərçəkmiş şəxslə söhbət edərkən, Azər ona toyda mübahisənin, dava-dalaşın lazım olmadığını bildirmişdir. O, Azərə narahat olmamasını, dostları Zülfüqarın toy mərasiminə gəldiklərini və heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra o, yenidən restorana girib onlar üçün təyin edilmiş yerdə oturub söhbət etməyə və araq içməyə başlamışdır. Təxminən 20 dəqiqə sonra toy mərasimi qurtarmış, İbrahim, Əfsər və o, toydan getmək istəyərkən, restoranın həyətində dostları Simranın yüksək səslə danışdığını və ünvansız söyüş söydüyünü eşitmişlər. Onlar Simranın yanına gedərək onu sakitləşdirmək istəmişlər. Lakin Simran onları eşitmək istəməmişdir. Belə ki, Simran toyda yüksək miqdarda spirtli içki qəbul etmiş və özünü idarə edə bilməmişdir. O, Simranı sakitləşdirmək istəyərkən Zülfiqarın qohumu Azər onlara yaxınlaşmış və nə baş verdiyini öyrənmək istəmişdir. X4 danışmasına imkan vermədən onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Azər bir qədər kənara çəkilmiş, onlar isə Simranı uzaqlaşdırıb sakitləşdirmək istəmişlər. Təxminən 1 dəqiqə sonra Azərin yüksək səslə qışqırdığını eşitmişdir. Onlar, Azərin yanına gedib nə baş verdiyini soruşmaq istədikdə, Azərin yerdə uzandığını, ayağını tutaraq sındığını deyib qışqırdığını görmüşlər. Simran yerdə olan zaman Azərin ayağından bir-iki dəfə təpiklə vurmuşdur. Bundan sonra onlar Simranı avtomobilə mindirərək oradan yaşadığı evə aparmışlar. Bir neçə gün sonra Azərin xəstəxanada olduğunu, polisə şikayət etdiyini öyrənmişlər, Azərin yanına gedərək ondan Simranın hərəkətlərinə görə üzrxahlıq etmişlər. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid3, Şahid2 ifadəsinə uyğun, anoloji ifadələr vermişlər. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə bacısı oğlu Zülfüqarın Bakı şəhəri Nizami rayonunda yerləşən “Xəmsə” şadlıq sarayında toy məclisi olmuşdur. Toy məclisi zamanı Zülfüqarın dostları bir neçə dəfə restoranın dəhlizində yüksək səslə söyüş söydüklərinə görə oğlu Azər bir neçə dəfə onlara irad bildirərək sakit olmalarını demişdir. Lakin həmin şəxslər iradlara fikir verməmiş və öz əməllərini davam etdirmişlər. Dəhlizdə olan zaman qohumları Natiq də həmin şəxslərə öz iradını bildirmişdir. Toy qurtardıqdan sonra Azərlə evə getmək istəyərkən Zülfüqarın dostu, toyda iştirak edən, sonradan adının Simran olduğunu öyrəndiyi şəxsin restoranın həyətində yüksək səslə qışqırıb söyüş söydüyünü eşitmişlər. Buna görə Azər həmin şəxsə tərəf getmişdir. O da Azərin arxası ilə gedib baş verə biləcək hər hansı dava-dalaşın qarşısını almaq istəmişdir. Simranın yanında olan dostları onu sakitləşdirib avtomobilə mindirmək istəyərkən Azər onlara yaxınlaşıb hansı səbəbdən söyüş söydüyünü soruşmaq istəmişdir. Simran isə heç bir söz demədən dostlarının arasından çıxıb Azərin üzündən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Azər bir az geri çəkilmişdir. Geri çəkilən zaman Azərin ayağı səkidən sürüşmüş və o, yerə yıxılmışdır. Azər yerə yıxıldıqdan sonra ayağını tutaraq qışqırmağa başlamışdır. O, Azərin ayağının sındığını görmüş və ona yaxınlaşaraq orada olan qohumlara təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Bu zaman Simran yenidən ora gələrək Azərin digər ayağından bir neçə dəfə təpiklə vurub onun ayağa qalxmasını demişdir. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım gəlmiş və Azəri xəstəxanaya aparmışlar. Xəstəxanaya gedən zaman onu vuran şəxsin yaşının az olduğunu, həmçinin spirtli içkinin təsiri altında olduğunu bildirib Azərdən həmin şəxsdən şikayət etməməsini xahiş etmişdir. Azər əvvəlcə onunla razılaşsa da, sonradan şikayət etmək qərarına gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və X3 rayon şöbəsinin xx xxx 2019-cu il tarixli 304 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs incik sümüyünün topuq nahiyəsinin yerdəyişmiş sınığı, qamış sümüyünün iç topuğunun açıq sınığı, pəncənin aşıq-baldır oynağında yarımçıxığı, sağ baldırın ön səthinin qançırı, boynun arxa səthinin, burun kökünün sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, xəsarətlər müxtəlif şəraitdə yarana bilər, o cümlədən şəxsin göstərdiyi şəraitdə, yəni digər şəxsin Zərərçəkmiş şəxs ayağına zərblə təpik ilə vurması və şəxsin öz boyun hündürlüyündən yıxılması zamanı yaranması inkar olunmur. (i.v. 16-17) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin təkrar məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli T216/2019 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-incik və qamış sümüyünün aşağı 1/3-nin açıq sınığı, iç topuqda əzilmiş yara, sağ pəncənin aşıq-baldır oynağında yarımçıxığı, sağ baldırın ön səthinin qançırı, boyunun, burun kökünün sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu ildə törənmiş və dərəcəsinə görə sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, pəncənin yarımçıxığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ baldırın yuxarı 1/3-nin qançır və yumşaq toxumalarının əziyi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, burun kökü və boynun sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərdən sağ baldır sümüklərinin açıq sınığı və pəncənin yarımçıxığı xarakter və yerləşdiyi nahiyələrə görə zərərçəkmişin öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində yaranmasına, digər xəsarətlər isə bərk küt əşyanın bilavasitə təsirindən törənməsinə uyğun gəlir. (i.v. 62-65) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilməsi qərara alınmış, Şahid2, Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə qiymətləndirilməmiş və barələrində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. (i.v. 73-80) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 53) -Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 106-107) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut tanınmamışdır, məhkəmə məsrəfinin tutuılmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ**********0000001944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar